Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva “Nine Senses” incəsənət mərkəzində uşaqların da qatıldığı tədbirdən video paylaşıb.
Median.Az həmin paylaşımı təqdim edir:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında iştirak edən Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Dan Yorgensen dövlətimizin başçısının Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının açılışındakı çıxışının onlarda dərin təəssürat hissi yaratdığını deyib.
Dan Yorgensen bugünkü tədbirin çox mühüm əhəmiyyət daşıdığını qeyd edərək, ölkəmizlə tərəfdaşlığın onlar üçün önəm kəsb etdiyini bildirib və onu genişləndirməkdə maraqlı olduqlarını vurğulayıb. O, həyata keçirilən əməkdaşlığa görə minnətdarlığını bildirib.
Dövlətimizin başçısı Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın və Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosun ötən il ölkəmizə səfərlərinə toxunaraq, heyətlərimizin fəal işləməsini enerji və bağlılıq məsələlərində əməkdaşlığı dərinləşdirmək üçün hər iki tərəfdə olan iradənin göstəricisi kimi qiymətləndirib.
Söhbət zamanı Azərbaycanın, xüsusən hazırkı dövrdə Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə toxunulub, enerji sahəsində ölkəmizin Avropa bazarında ixrac coğrafiyasının genişləndirilməsi və təbii qaz, yaşıl enerji ilə bağlı əməkdaşlığın perspektivlərinə dair məsələlər müzakirə olunub.
Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotovaya təbrik məktubu göndərib.
Median.Az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:
“Bolqarıstan Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Bolqarıstan arasında ənənəvi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin bugünkü səviyyəsi bizi sevindirir. İkitərəfli münasibətlərimiz qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edir, müxtəlif sahələri əhatə edən əməkdaşlığımız gündən-günə genişlənir və yeni məzmunla zənginləşir.
Yüksək səviyyəli siyasi əlaqələrimiz iqtisadi-ticari, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığımız üçün yaxşı zəmin yaradır. Əməkdaşlığımızın prioritet istiqamətlərindən olan enerji sektorunda nümayiş etdirdiyimiz fəal işbirliyi təqdirəlayiqdir.
Bu yaxınlarda Münxendə Sizinlə görüşümüzü və Azərbaycan-Bolqarıstan əlaqələrinin inkişaf perspektivlərinə dair apardığımız fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram.
İnanıram ki, mövcud imkanlardan yararlanaraq dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Bolqarıstan xalqına daim rifah və firavanlıq arzulayıram”.
Martın 3-də Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları keçirilir.
Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.
Sonra Avropa İttifaqının energetika və mənzil tikintisi komissarı Dan Yorgensen çıxış edib.
Toplantıya Azərbaycan və Avropa daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, həmçinin 49 enerji şirkəti qatılıb. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak edirlər.
Açılış sessiyasından sonra toplantı Nazirlər sessiyası, “Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizində davamlı uğur və yeni inkişaf mərhələsi” və “Yaşıl Enerji Layihələri” üzrə plenar sessiyalarla davam edir.
Məşvərət Şurası çərçivəsində Azərbaycan-Avropa İttifaqı Yaşıl Bağlantı üzrə İnvestisiya Dəyirmi Masası keçiriləcək.
Tədbirin sonunda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının yekunlarına dair mətbuat konfransı təşkil olunacaq.
Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından keçirilir.
* * * * *
Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları keçirilir.
Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.




2 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər naziri Ayman Əl-Səfadi arasında telefon danışığı aparılıb.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı Yaxın Şərq regionunda mövcud hərbi-siyasi vəziyyət və artan gərginlik müzakirə olunub.
Tərəflər regional təhlükəsizlik mühitinin daha da pisləşməsinin yolverilməz olduğunu qeyd edərək, mövcud fikir ayrılıqlarının beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik vasitələrlə aradan qaldırılmasının vacibliyini vurğulayıblar.
Nazirlər mülki əhalinin təhlükəsizliyinin təmin olunmasının və humanitar vəziyyətin ağırlaşmasının qarşısının alınmasının prioritet əhəmiyyət daşıdığını bildirib, regionda sabitliyin və təhlükəsizliyin bərqərar olunması istiqamətində beynəlxalq səylərin gücləndirilməsinin zəruriliyini diqqətə çatdırıblar.
Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Fransanın Azərbaycandakı səfiri Sofi Laqutt İrandan təxliyələrdə köməyinə görə rəsmi Bakıya təşəkkür edib.
Diplomat bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
“Vətəndaşımız üçün göstərdikləri çox səmərəli və operativ yardıma görə Azərbaycan Xarici İşlər Nazirliyinə təşəkkür edirik”, – deyə o bildirib.
Qeyd edək ki, martın 1-dən bu gün saat 17:00-a qədər Astara Sərhəd Gömrük keçid məntəqəsindən bir Fransa, 13 Tacikistan, 21 Azərbaycan, 50-yə yaxın Rusiya, 35 Pakistan, 65-ə yaxın Çin vətəndaşının keçidi təmin olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Rusiya Federasiyası hökuməti sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuku qəbul edib.
Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, görüş əsnasında Rusiya tərəfi regionda mürəkkəb və gərgin şərait fonunda Rusiya vətəndaşlarının İran İslam Respublikasından təxliyəsində operativ köməyə görə Azərbaycan rəhbərliyinə səmimi təşəkkürünü bildirib.
Azərbaycan-Rusiya münasibətlərinin gündəliyi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Söhbət zamanı qeyd edilib ki, Azərbaycan və Rusiya liderlərinin 2025-ci il oktyabrın 9-da Düşənbədə keçirilən görüşündə əldə etdikləri razılaşmalara uyğun olaraq, tərəflər 2024-cü il dekabrın 25-də “AZAL” təyyarəsinin qəzaya uğraması nəticəsində yaranan problemlərin həlli üzrə yaxın vaxtlarda kompleks praktik addımlar atacaqlar.
Azərbaycan ilə Rusiya arasında qarşılıqlı faydalı iqtisadi-ticari, investisiya, sənaye və nəqliyyat-logistika əməkdaşlığının gələcəkdə daha da inkişaf etdirilməsinə dair ortaq niyyətə diqqət yetirilib.
Görüşdə regionda nəqliyyat əlaqələrinin inkişafı perspektivləri müzakirə edilib.
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə işləri davam etdirmək üçün ortaq niyyət təsdiqlənib.
Söhbət əsnasında bir sıra humanitar məsələlər də müzakirə edilib.
Dunkan Norman Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri təyin olunub.
Diplomat bu barədə sosial şəbəkədə paylaşım edib.
D.Norman ölkəsinin Azərbaycandakı növbəti səfiri təyin olunmasından şərəf hissi duyduğunu bildirib.
O, Britaniya-Azərbaycan tərəfdaşlığını daha da gücləndirmək, ikitərəfli münasibətlərin möhkəm əsasları üzərində irəliləmək və ortaq prioritetlər üzrə vacib əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözlədiyini vurğulayıb.