Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli ilə təkbətək görüşü olub.
Median.Az bununla bağlı AZƏRTAC məlumat yayıb.


Xocalıda törədilən qətliam beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qınanıb və insanlıq əleyhinə cinayət, soyqırımı aktı kimi dəyərləndirilib.
Median.Az xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin “X”dəki hesabında qeyd olunub.
Bildirilib ki, məsuliyyət qaçılmazdır. Azərbaycan ədalətin bərqərar edilməsi, regionda sülh və sabitliyin qurulması, möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirəcək.
Qeyd edək ki, Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin yaydığı pres-relizdə Ermənistanın törətdiyi vəhşiliklər barədə ətraflı məlumat verilib.//azxeber.com

Ermənistan-Türkiyə sərhədində yerləşən “Axurik” sərhəd-keçid məntəqəsində rusiyalı sərhədçilər erməni hərbçilərlə əvəz olunub.
Median.Az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Ermənistan hökumətinin 2021–2026-cı illər proqramının icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən qəbul edilən hesabatda bildirilir ki, 1 mart 2025-ci il tarixindən etibarən Türkiyə ilə sərhəddə yerləşən “Marqara” keçid məntəqəsində xidməti yalnız Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) Sərhəd Qoşunlarının hərbi qulluqçuları həyata keçirir.
Sənəddə qeyd olunur ki, 2026-cı ilin əvvəlindən “Axurik” sərhəd-keçid məntəqəsində də xidmət tam şəkildə Ermənistan MTX-nin Sərhəd Qoşunları tərəfindən icra edilir. Hazırda Ermənistan sərhədlərində fəaliyyət göstərən bütün keçid məntəqələri ölkənin sərhəd qoşunlarının tam nəzarəti altındadır./modern.az
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İndoneziyanın Bakıdakı səfiri Berlian Helmi ilə görüşüb.
Median.Az xəbər verir ki, bu barədə İndoneziyanın Bakıdakı səfirliyi “Instagram” sosial şəbəkə hesabında məlumat yayıb.
“Görüş zamanı tərəflər İndoneziya və Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi strategiyalarını, əməkdaşlıq mexanizmlərinin infrastrukturunu, eləcə də gələcək əməkdaşlıq proqramları üzrə təklifləri müzakirə ediblər”, – deyə səfirliyin paylaşımında vurğulanır.
Tbilisi şəhərində yerləşən M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Unutmadıq, Unutdurmarıq” adlı anım sərgisi təşkil olunub.
Median.Az “Report”a istinadən xəbər verir ki, tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilib.
Sərgidə 1992-ci ilin fevralında baş vermiş faciə zamanı çəkilmiş real fotoşəkillər nümayiş etdirilib. Tədbir çərçivəsində Xocalı faciəsini əks etdirən sənədli film də nümayiş olunub.
Muzeyin direktor müavini Leyla Əliyeva bildirib ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş ağır cinayətdir:
“Faciə həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və qurbanların xatirəsinin yaşadılması hər bir azərbaycanlının mənəvi borcudur”.
Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Sənan Baxşıyev çıxışında Xocalı faciəsinin tarixi-siyasi mahiyyətindən danışıb.
Qeyd edilib ki, Dağlıq Qarabağ bölgəsində baş verən hadisələr minlərlə ailəni doğma torpaqlarından didərgin salıb. Xocalı ağrısı uzun illər Azərbaycan xalqının yaddaşında yaşayaraq ədalət çağırışına çevrilib.
Bu gün həmçinin Azərbaycanın Batumi şəhərindəki Baş Konsulluğunda da anım mərasimi keçirilib.
Baş konsul Fuad Əzizov çıxış edərək Xocalı faciəsinin tarixi-siyasi mahiyyəti, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması və mülki əhaliyə qarşı törədilmiş vəhşiliklər barədə ətraflı məlumat verib.
Çıxış zamanı faciənin canlı şahidi olmuş Xocalı sakini mərhum İlham Quliyevin xatirəsi ehtiramla yad edilib, onun 2026-cı ilin yanvar ayında vəfat etdiyi bildirilib.
Anım mərasimi çərçivəsində Baş Konsulluğun inzibati binasında Azərbaycanın Dövlət Bayrağı yarıya qədər endirilib, Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Eyni zamanda bölgədə geniş oxucu auditoriyasına malik TV12.ge informasiya agentliyində “Xocalı soyqırımı – 34 il ötür” sərlövhəli məqalə dərc edilib.
Polşanın Baş naziri Donald Tusk ermənistanlı həmkarı Nikol Paşinyan ilə Ermənistan və Azərbaycan arasında sülh prosesinin təsdiqlənməsini müzakirə ediblər.
Median.Az “Armenpress” agentliyinə istinadən xəbər verir ki, müzakirə N.Paşinyanın Polşaya rəsmi səfəri çərçivəsində Varşavada baş tutub.
Bildirilir ki, iki ölkənin baş nazirləri görüş zamanı TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) təşəbbüsünün reallaşdırılmasına, həmçinin Ermənistan və Avropa İttifaqı arasında əməkdaşlığın gələcək inkişafına dair məsələlərə toxunublar.
“Ədaləti biz özümüz təmin etdik, xalqımız bir yumruq kimi birləşərək həm 2020-ci, həm 2023-cü illərdə böyük qəhrəmanlıq göstərdi.
Biz ədaləti Silahlı Qüvvələrimizin peşəkarlığı, fədakarlığı, rəşadəti hesabına özümüz təmin etdik. Əlbəttə ki, hərbi cinayətkarları ədalət məhkəməsinə gətirmək və ədalətli məhkəməni təşkil etmək, yenə də deyirəm, bizim ədalətimizin son nöqtəsi idi”.
Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə söyləyib.
O qeyd edib ki, dünyada nadir halda ölkələr tapılar ki, həm ədalətli müharibədə tam və mütləq qələbə qazansın, həm öz ərazi bütövlüyünü və suverenliyini hər qarış torpağı azad edərək özü təmin etsin və müharibə cinayətkarlarını məhkəmə qarşısına gətirsin:
“Bunu biz etdik – Azərbaycan dövləti. Bizim iradəmiz, deyə bilərəm ki, əyilməz iradəmiz bunu təmin etdi. İşğal dövründə bizə nə qədər təzyiqlər olub, təhdidlər olub, bunu Azərbaycan ictimaiyyəti yaxşı bilir. İşğal dövründə bizə tez-tez belə siqnallar ünvanlanırdı ki, reallıqla barışmaq lazımdır, Azərbaycan öz torpaqlarını azad edə bilməyəcək, böyük dövlətlər, Ermənistanın havadarları buna imkan verməyəcək, Azərbaycan Ordusu döyüş meydanında qələbə qazana bilməyəcək. Bu kimi uydurulmuş şayiələr həm geniş informasiya məkanında yayılır, həm də müxtəlif kanallar vasitəsilə Azərbaycan rəhbərliyinə çatdırılırdı. Amma bizim iradəmizə təsir edə biləcək heç bir qüvvə yox idi və bunu biz dəfələrlə bəyan etmişdik. İşğal dövründə həm mötəbər beynəlxalq kürsülərdən, eyni zamanda, ovaxtkı köçkünlərlə keçirdiyim çoxsaylı görüşlər əsnasında bildirirdim ki, biz işğalla barışmayacağıq və məsələ danışıqlar yolu ilə həll olunmazsa, ərazi bütövlüyümüzü hərbi yolla bərpa edəcəyik və belə də oldu”.
“Əfsuslar olsun ki, Vətən müharibəsi Ermənistan dövlətinə dərs olmadı. Halbuki 2020-ci ilin Zəfərindən sonra dəfələrlə müxtəlif yollarla Ermənistan rəhbərliyinə biz öz mövqeyimizi çatdırmışdıq – heç kimə güvənməsin, heç kimə bel bağlamasın. Xarici ölkələrin hərbçiləri bizim torpağımızda bizim icazəmizlə müvəqqəti olaraq yerləşiblər. Əgər kimsə hesab edir ki, bu bizi nədənsə çəkindirəcək, səhv edir”.
Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə söyləyib.
Prezident qeyd edib ki, dəfələrlə Ermənistan tərəfinə xəbər göndərmişdik ki, separatçılığa son qoyulsun, qanunsuz xunta rejimi fəaliyyətini dayandırsın, Qarabağ torpağında yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etsinlər:
“Bunu dəfələrlə bildirmişdik. Hətta internet vasitəsilə reinteqrasiya proqramını təqdim etmişik, amma biz adekvat cavab almamışıq. Əksinə, separatçılar və onların arxasında duran qüvvələr daha da azğınlaşmışdılar. 2020-ci ilin Zəfərindən 2023-cü ilin antiterror əməliyyatına qədər buraya dəfələrlə xarici dövlətlərin nümayəndələri qanunsuz gəlmişdilər. Bugünkü mərasimdə o ölkələrin heç adlarını çəkmək istəmirəm. Separatçılara ürək-dirək vermək üçün, onları bizə qarşı yenə də təhrik etmək üçün, Azərbaycan dövlətini, dövlətçiliyini saymamaq üçün tövsiyələr verilirdi, silahlar göndərilirdi, minalar göndərilirdi. Hesab edirdilər ki, xarici dövlətin burada məskunlaşan kontingenti bizi nədənsə çəkindirəcək. Bizi heç nədən çəkindirə bilməzdi və bir neçə saat ərzində davam edən antiterror əməliyyatı bunu bütün dünyaya göstərdi. Bizim iradəmizə qarşı çıxanın başı əziləcək”.
“Bu gün bu Memorial Kompleksin açılışında Xocalı sakinləri iştirak edirlər. Onların, demək olar ki, hər biri öz yaxınlarını, qohumlarını, doğmalarını itirmişlər, uzun illər ərzində bu ağrı ilə, bu kədərlə yaşamışlar. Öz yaxınlarını itirən, öz torpağını itirən, öz doğma diyarından didərgin salınan insanlarda gör nə qədər iradə olmalı idi ki, bütün bunlara dözə bilsinlər və dözdülər də. Çünki onları saxlayan inam idi, ədalətə inam, dövlətə inam, Ordumuza inam”, – İlham Əliyev əlavə edib.