Category: Siyasət

  • Nyu-Yorkda Xocalı soyqırımı ilə bağlı aksiya təşkil olunub

    Hər il olduğu kimi, bu il də Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının təşkilatçılığı ilə ABŞ-nin Nyu-York şəhərində Xocalı soyqırımı haqqında genişmiqyaslı məlumatlandırma aksiyası keçirilib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, aksiya zamanı Xocalı faciəsinin dəhşətlərini əks etdirən fotoşəkillərin və soyqırımı qurbanları barədə məlumatların nümayiş olunduğu LED ekranlı avtomobillər Nyu-Yorkun mərkəzi küçələrində hərəkət edib.

    Əhalinin sıx toplaşdığı məkanlarda, rəsmi qurumların binaları qarşısında dayanaraq tarixin ən dəhşətli və amansız qətliamı ilə bağlı vacib məlumatları ictimaiyyətin diqqətinə çatdırıb. Avtomobillər Tayms meydanından, BMT-nin Baş Qərargah binası önündən, Uoll Strit küçəsindən, Bruklin körpüsündən, Azadlıq heykəli ətrafından, Mərkəzi park və meydanlardan keçərək “New York Times” nəşrinin binasının qarşısında dayanıb.

    LED ekranlarda “Xatırla, hörmət et, düşün – Xocalı 1992”, “34 il sonra, biz hər bir ruhu xatırlayırıq”, “Xocalı 1992-ci il faciəsi – dünya bunu unutmamalıdır”, “Xocalı – onların cəsarəti və ağrısı bizimlədir”, “Xocalı qurbanlarını anır, xatirələrini əziz tuturuq”, “Xocalı soyqırımını unutma”, “Maarifləndir, ədalət tələb et və həmrəylik göstər”, “Birlikdə xatırlayırıq, birlikdə yas tuturuq, birlikdə müdafiə edirik”, “Xocalı üçün ədalət”, “Faciədən xatirəyə – Xocalı yaşayır”, “Günahsızlar üçün xatırla, ədalət üçün danış”, “Bir soyuq gecə – minlərlə itki”, “34 il sonra da Xocalı danışır” kimi şüarlar nümayiş olunub. Tarixi faktlara və daha ətraflı məlumatlara keçid imkanı yaradan QR kodlar vasitəsilə şəhər sakinləri məlumatlandırılıblar.

    Qeyd edək ki, eyni vaxtda ABŞ-nin paytaxtı Vaşinqtonda və Boston şəhərində də bu cür məlumatlandırma aksiyaları keçirilib.

  • İlham Əliyev Xocavənd kəndində görülmüş işlərlə tanış olub – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd rayonunun Xocavənd kəndində görülmüş işlərlə tanış olublar.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma kənddə həyata keçirilmiş sosial layihələr barədə məlumat verib.

    Bildirilib ki, Xocavənd rayonunun eyniadlı inzibati ərazi dairəsinə daxil olan bu kənd 2023-cü ilin sentyabrında Silahlı Qüvvələrimizin antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.

    Burada ümumilikdə 278 fərdi ev var. Onlardan 128-i yararsız, 150-si isə qismən yararlıdır. Qismən yararlı evlərin 20-si artıq təmir olunub, bu il daha 130 evdə təmir işləri aparılacaq.

    Bu ilin fevralında Xocavənd kəndinə 20 ailə – 94 nəfər qayıdıb. Cari ilin mart-dekabr aylarında kəndə daha 130 ailə – 533 nəfərin qayıtması planlaşdırılır.

    Ötən müddət ərzində kənddə bir sıra sosialyönümlü işlər görülüb. Belə ki, 5 kilometr uzunluğunda daşıyıcı qaz xətti çəkilib, 1500 metr uzunluğunda mövcud xətt bərpa edilib. Bundan başqa, 2100 metr uzunluğunda 0,4 kV-luq mövcud xətlər və 2 transformator məntəqəsi bərpa olunub.

    Kənddaxili yollar asfaltlanıb, piyada yolları çəkilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

    Görülmüş işlərlə tanışlıqdan sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva kəndə köçmüş sakin Rizvan İbrahimovun evində yaradılmış şəraitlə tanış oldular və söhbət etdilər.

    Prezident İlham Əliyev: Salamaleyküm.

    Qadın sakin: Salam, xoş gəlmisiniz.

    Birinci xanım Mehriban Əliyeva: Xoş gördük.

    Digər qadın sakin: Xoş gəlmisiniz.

    Prezident İlham Əliyev: Salam.

    Birinci xanım Mehriban Əliyeva: Xoş gördük, salam, gözəl.

    Prezident İlham Əliyev: Necə yerləşmisiniz?

    Kişi sakin: Çox əla, hər şey əladır. Allah sizdən razı olsun.

    Prezident İlham Əliyev: Sağ olun.

    Qadın sakin: Keçin içəri.

    Prezident İlham Əliyev: Ev şəraiti necədir?

    Kişi sakin: Çox əladır, hər şey əladır.

    Prezident İlham Əliyev: Yaxşı, razısınızmı?

    Kişi sakin: Allah sizdən razı olsun. Allah sizi qorusun.

    Prezident İlham Əliyev: Sağ olun, təbrik edirəm sizi, doğma Vətənə qayıtmaq münasibətilə.

    Kişi sakin: Çox sağ olun, Allah Sizi var eləsin.

    Prezident İlham Əliyev: Siz özünüz buralısınız?

    Kişi sakin: Bəli.

    Prezident İlham Əliyev: Bu kənddə yaşamısınız?

    Kişi sakin: Bəli. O vaxt rəhmətlik Ulu Öndər də gəlmişdi buraya.

    Prezident İlham Əliyev: Bu kəndə gəlmişdi?

    Kişi sakin: Bəli. Səhv etmirəmsə, 1979-cu ildə.

    Prezident İlham Əliyev: İşğal dövründə harada yaşamısınız?

    Kişi sakin: Bakıda.

    Prezident İlham Əliyev: Şərait necə idi?

    Kişi sakin: Belə də, şükür. Amma burada olsaydıq, daha yaxşı olardı.

    Prezident İlham Əliyev: İndi 35 ildən sonra buradasınız. Sizi neçənci ildə buradan çıxardıblar, 1991-də?

    Kişi sakin: Vertolyot partlayan gün, həmin gün bizi çıxartmışdılar. Sonra vertolyotla gələndə onları da şəhid etdilər.

    Prezident İlham Əliyev: Buraya yaxınlıqda idi?

    Kişi sakin: Bəli, Qarakənddə idi.

    Prezident İlham Əliyev: Buradan oraya məsafə nə qədərdir?

    Kişi sakin: 17 kilometrdir.

    Prezident İlham Əliyev: Təbrik edirəm sizi. Xoşbəxt yaşayın doğma Qarabağ torpağında, doğma kəndinizdə.

    Qadın sakin: Çox sağ olun, minnətdarıq.

    Kişi sakin: Çox sağ olun, hamısı Sizin sayənizdə. Allah Sizi var eləsin. Allah şəhidlərimizə rəhmət eləsin.

    Qadın sakin: Çox sevinirik, sevincimizin həddi-hüdudu yoxdur.

    Kişi sakin: Siz bizə dünyanı bəxş etmisiniz, Quran haqqı. Nə deyiriksə, ürəkdən deyirik, elə-belə yox. Siz bizə yeni həyat vermisiniz.

    Qadın sakin: Sizin, Mehriban xanımın bizim ailənin qonağı olmağınız bizim sevincimizi ikiqat artırıb. Bu qayğıya görə Sizə minnətdarıq, çox sağ olun.

    Prezident İlham Əliyev: Sağ olun, siz buna layiqsiniz. Uzun illər köçkün həyatı yaşamısınız əzab-əziyyət içində. Artıq o dövr tarixdə qaldı.

    Kişi sakin: Allah köməyiniz olsun, Allah Sizi var eləsin.

    Birinci xanım Mehriban Əliyeva: Gəlin, birlikdə şəkil çəkdirək.

    Prezident İlham Əliyev: Bəli, gedək.

    Burada maldarlıq üçün yaxşı şərait var. Su necə?

    Kişi sakin: Var, buranın hər yeri münbitdir. Allah Sizdən razı olsun.

    Prezident İlham Əliyev: Həyətyanı sahə də var?

    Kişi sakin: Var, 15 sot torpaq var.

    Prezident İlham Əliyev: Torpaq yəqin ki, ayrılacaq.

    Kişi (rəsmi şəxs): Həyətyanı sahə 20 sotdan çoxdur.

    Prezident İlham Əliyev: Mal-qaran da var, yoxsa yox?

    Kişi sakin: İnşallah, olacaq.

    Prezident İlham Əliyev: Əlbəttə, olmalıdır.

    Kişi (rəsmi şəxs): Burada heyvandarlıq kompleksləri, fermalar var.

    Prezident İlham Əliyev: Yəni dolanışıq burada yaxşı olacaq.

    Qadın sakin: İnşallah.

    Prezident İlham Əliyev: Artıq sizdən asılıdır, dövlət nə lazımdırsa edib.

    Kişi sakin: Əlbəttə, Allah dövlətimizi qorusun, Sizi qorusun, ailənizi qorusun, nəvələrinizi qorusun.

    Prezident İlham Əliyev: Sağ olun, cansağlığı arzulayıram. Xoşbəxt yaşayın.
















  • İlham Əliyev Xocavənd kəndində görülmüş işlərlə tanış olub

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd rayonunun Xocavənd kəndində görülmüş işlərlə tanış olublar.

    Median.Az bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir.

  • Əli Əsədov Fuat Oktayla görüşdü

    Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 25-də Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay ilə görüşüb.

    Median.Az xəbər verir ki, görüşdə Bakıda keçirilən Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclasının əhəmiyyəti vurğulanıb.

    Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, xüsusilə parlamentlərarası əməkdaşlığın yüksək səviyyəsi təqdir edilib.

    Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin müxtəlif sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

  • İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib – FOTO

    Fevralın 25-də Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzin açılışında iştirak edib.

    Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına mərkəzdə yaradılmış şərait barədə məlumat verib.

    Bildirilib ki, bu mərkəzin təməli 1969-cu ildə Lənkəran Texniki Peşə Məktəbi kimi qoyulub. 2018-ci ildə Lerik Peşə Məktəbi və Lənkəran Peşə Liseyi birləşdirilərək onların bazasında Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Mərkəz 2024-cü ildən etibarən Publik Hüquqi Şəxs kimi fəaliyyət göstərir.

    Müasir infrastrukturla təmin olunan mərkəzdə tədris, idman, yataqxana, kulinariya təlim korpusları, təlim-qonaq evi, əkinçilik və emalatxana laboratoriyaları, istixana, həmçinin avtotəmir və CNC (dəzgahların kompüterləşdirilmiş idarəetmə sistemi) emalatxanaları yaradılıb. Burada, eyni zamanda, informatika kabinetləri, müasir sinif otaqları, hərbi hazırlıq kabineti, kitabxana, 300 nəfərlik akt zalı və yeməkxana fəaliyyət göstərir. Ərazidə 53 nəfərlik yataqxana binası inşa edilib və yenidənqurmadan sonra korpusların sayı 7-yə çatdırılıb.

    2025/2026-cı tədris ilində mərkəzdə 42 ixtisas üzrə 55 qrupda 962 tələbə təhsil alır. Onların 385-i qadındır. Müəssisədə turizm, kənd təsərrüfatı, sənaye, xidmət, İT texnologiyaları və alternativ enerji istiqamətləri üzrə kadr hazırlığı həyata keçirilir.

    Mərkəzdə yeni maddi-texniki baza formalaşdırılandan sonra bir çox müasir ixtisaslar, o cümlədən elektrik və hibrid avtomobillərinin texniki qulluğu və təmiri üzrə texnik, kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, proqramla idarə edilən sənaye avadanlıqlarının texniki istismarı, kibertəhlükəsizlik, kompüter sistemlərində proqramlaşdırma, binaların tikintisi və istismarı, elektrik xətlərinin, günəş panellərinin quraşdırılması və təmiri üzrə mütəxəssis və texnik ixtisasları tədris olunur.

    Burada tələbələrə ilk peşə, texniki peşə və yüksək texniki peşə təhsili pillələri üzrə biliklər verilir. Hazırda mərkəzdə 138 nəfər çalışır.

    Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi kadr hazırlığı istiqamətində dövlət və özəl sektoru təmsil edən 30-a yaxın müəssisə ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlığa özəl sektorla birgə kadr hazırlığı, mütəxəssislərin tədrisə cəlb olunması, istehsalat təlimləri, ustad dərsləri, həmçinin sosial və innovativ layihələrin icrası daxildir.
























  • “Azərxalça” ASC-nin Şuşa məscidi üçün hazırladığı növbəti xalçalarının kəsim mərasimi keçirilib – FOTO

    Fevralın 24-də Heydər Əliyev Fondunun, “PASHA Holding”in və “PMD Projects”in təşkilatçılığı ilə “Azərxalça” ASC-nin yaradıcı heyəti və usta toxucularının birgə zəhməti nəticəsində Şuşa məscidi üçün hazırlanan növbəti xalçaların kəsim mərasimi “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şabran filialında keçirilib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, xalçaların kəsim mərasimi Leyla Əliyevanın iştirakı ilə olub.

    Leyla Əliyeva emalatxananın fəaliyyəti ilə tanış olub, toxucularla söhbət edib, xalçalara son ilmələri atdıqdan sonra Şuşa məscidi üçün hazırlanan xalçaların kəsim mərasimində iştirak edib.

    Qeyd edək ki, Şuşa məscidinin ikinci mərtəbəsinin interyeri üçün nəzərdə tutulan xalçalar milli xalçaçılıq ənənələrinə uyğun olaraq xüsusi dizayn əsasında hazırlanıb. Hər birinin eni 12, uzunluğu 19 metr olan iki xalçanın ümumi uzunluğu 38 metrdir. Məscidin qadınların ibadəti üçün nəzərdə tutulan hissəsindən ötrü hazırlanan bu iki xalçanın toxunmasına 2025-ci il yanvarın 21-də başlanılıb. Şabranda toxunan iki xalçanın ərsəyə gəlməsində 50-yə yaxın toxucu qadın iştirak edib, onlar 50 milyona yaxın ilmə atıblar. Xalçalar Azərbaycan xalçaçılıq sənətinin yüksək peşəkarlığını və zəngin bədii irsini özündə əks etdirir. Xalçanın tam şəkildə toxunması üçün xüsusi olaraq yeni və fərqli üslubda iki dəzgah sifariş edilib. Dəzgahlar xaricdən dəvət olunmuş mütəxəssis qrupu tərəfindən məhz “Azərxalça” ASC üçün hazırlanıb.

    Xatırladaq ki, Şuşa məscidinin birinci mərtəbəsi üçün hazırlanmış, diametri 22.17 metr olan və ümumdünya xalçaçılıq tarixində analoqu olmayan dairəvi əl xalçasının kəsilməsi mərasimi bu ay Leyla Əliyevanın iştirakı ilə keçirilmişdi. “Qarabağ” xalça qrupuna aid motivlər və “Xətai” ornamentləri əsasında hazırlanan həmin nadir sənət əsərinin toxunma prosesində 150 toxucu xanım iştirak edib, xalçaya təxminən 60 milyon ilmə vurulub.







  • Leyla Əliyeva Qubada iftar məclisində iştirak edib – FOTO

    Fevralın 24-də Leyla Əliyeva Qubada şəhid ailələri və rayon ictimaiyyəti ilə birlikdə iftar məclisinə qatılıb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Leyla Əliyeva “Bizim Mətbəx” layihəsinin könüllüləri ilə birlikdə yeməklərin iftar süfrəsi üçün hazırlanmasında yaxından iştirak edib. Müqəddəs Ramazan ayının mənəvi dəyərlərinin paylaşıldığı məclisdə sakinlərlə birlikdə iftar edilib, dualar oxunub.

    Sakinlər təşkil olunan iftar süfrəsinə və göstərilən diqqətə görə səmimi minnətdarlıqlarını bildiriblər.









  • Leyla Əliyeva və Alyona Əliyeva Cümə məscidini ziyarət ediblər – FOTO

    Fevralın 24-də Leyla Əliyeva və Alyona Əliyeva Quba rayonuna səfər çərçivəsində şəhərin əhəmiyyətli tarixi-memarlıq abidələrindən olan Cümə məscidini ziyarət ediblər.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, ziyarət zamanı məscidin imamı Seyran Fərəczadə və məscidin dini icmasının sədri İlqar Bayramov Quba Cümə məscidi barədə ətraflı məlumat verib.

    Bildirilib ki, məscid XIX əsrin unikal memarlıq nümunələrindən biri olmaqla bölgənin dini-mədəni həyatında mühüm yer tutur. Məsciddə Quran kursunun fəaliyyət göstərdiyi qeyd olunub. Leyla Əliyeva və Alyona Əliyeva həmin otağa da baş çəkiblər.

    Sonda Leyla Əliyeva və Alyona Əliyevaya Qurani-Kərim hədiyyə olunub.






  • Leyla Əliyeva Qubada arıçı ailəsinin qonağı olub – FOTO

    Fevralın 24-də Leyla Əliyeva Quba rayonuna səfəri çərçivəsində arıçı Zəfər Əzizovu evində ziyarət edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, görüş zamanı Leyla Əliyeva arıçı ailəsi ilə səmimi söhbət edib, təsərrüfatın gündəlik fəaliyyəti ilə yaxından maraqlanıb.

    Zəfər Əzizov arıçılıq sahəsindəki təcrübəsi və ailəsinin təsərrüfatı olan “Ballı Pətək” brendi haqqında ətraflı məlumat verib. 1997-ci ildən peşəkar arıçılıqla məşğul olmağa 2 arı ailəsi ilə başladığını bildirən Z.Əzizov hazırda onların sayının 200-ü ötdüyünü deyib. Qeyd edib ki, ailə təsərrüfatı 2010-cu ildən “Ballı Pətək” brendi ilə fəaliyyətini genişləndirərək bazara may, meşə və dağ balları təqdim edir.

    Z.Əzizov bal və digər arı məhsullarını əldə etmək üçün arı ailələrini Xaçmaz, Şabran, Qusar, Quba və başqa rayonlara apardığını vurğulayıb. Bildirilib ki, illik istehsal gücü 2-3 ton olan təsərrüfatda, həmçinin arı südü, çiçək tozu və güləm kimi faydalı məhsullar əldə edilir. Bununla yanaşı, Z.Əzizov cins ana arı yetişdirməklə də məşğuldur.

    Səmimi mühitdə keçən görüşün davamında Leyla Əliyeva ev sahibləri ilə birgə arı mumundan təbii şamların hazırlanmasında yaxından iştirak edib.

    Arıçı Zəfər Əzizov və ailəsi Leyla Əliyevaya səmimi ziyarətə və diqqətə görə minnətdarlığını ifadə edib, ona hədiyyə təqdim edib.






  • Leyla Əliyeva Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarovun ailəsini ziyarət edib – Video

    Fevralın 24-də Leyla Əliyeva Vətən Müharibəsi Qəhrəmanı, Dövlət Sərhəd Xidmətinin şəhid baş giziri Şahin Allahyarovun ailəsini ziyarət edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Leyla Əliyeva şəhidin xatirə guşəsi ilə tanış olub.

    Daha sonra şəhidin anası Nərgiz Allahyarova ilə söhbət edib, onun oğlu haqqında xatirələrini dinləyib, şəhidin həyatının müxtəlif dövrlərini əks etdirən şəkillərinə baxıb, Vətən müharibəsi dövründə ailə üzvlərinə göndərdiyi videoçarxı izləyib. N.Allahyarova şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnunluq ifadə edib, dövlətimizin başçısına və ailə üzvlərinə minnətdarlığını bildirib, ölkəmizə sülh, əmin-amanlıq arzulayıb.

    Leyla Əliyeva şəhidin ailə üzvlərinə hədiyyələr təqdim edib, onlarla şəkil çəkdirib.

    Qeyd edək ki, Azərbaycan Ordusunun baş giziri Şahin Allahyarov 2020-ci ildə 44 günlük Vətən müharibəsində Füzulinin, Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Noyabrın 1-də Şuşa uğrunda döyüşlər zamanı şəhid olub. Quba rayonunda dəfn edilib.

    Döyüşlər zamanı göstərdiyi igidliyə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən Şahin Allahyarov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə təltif olunub.