Category: Siyasət

  • Azərbaycan müdafiə naziri Türkiyəyə başsağlığı verdi

    Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerə başsağlığı verib.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb:

    “Türkiyə Respublikasına məxsus “F-16” qırıcı təyyarəsinin qəzaya uğraması nəticəsində bir hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi.

    Həlak olan hərbi qulluqçuya Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verirəm.

    Allah rəhmət eləsin”.

  • Tramp Ermənistan və Azərbaycan arasında münaqişənin həllindən DANIŞDI

    ABŞ Prezidenti Donald Tramp Konqresdə “State of Union” adlı illik müraciəti zamanı Ermənistan və Azərbaycan arasında münaqişənin həllindən danışıb.

    O, çıxışı zamanı 10 ay ərzində səkkiz müharibəni dayandırdığını bildirib:

    “Bunlar Kamboca və Tayland, Pakistan və Hindistan, Kosovo və Serbiya, İsrail və İran, Misir və Efiopiya, Ermənistan və Azərbaycan, Konqo və Ruanda arasında müharibələrdir”.

    Tramp deyib ki, ABŞ hazırda xaricdə olan amerikalılar üçün də təhlükəsizliyi bərpa edir:

    “Ölkəmiz heç vaxt bu qədər güclü olmayıb”.

  • İlham Əliyev Küveyt əmirini təbrik etdi

    Azərbaycan Prezidenti İlham Əliyev Küveyt Dövlətinin Əmiri Məşəl əl-Əhməd əl-Cabir əl-Sabaha təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:

    “Küveyt Dövlətinin milli bayramı münasibətilə sizə və sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

    Qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edən Azərbaycan-Küveyt dövlətlərarası münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ali səviyyədə qarşılıqlı anlaşmanın və fəal dialoqun mövcudluğu müxtəlif sahələrdə əməkdaşlığımızın genişləndirilməsi üçün əlverişli şərait yaradır.

    Əminəm ki, Azərbaycan ilə Küveyt arasında ənənəvi dostluq əlaqələri, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcək və daha da dərinləşəcəkdir.

    Bu xoş fürsətdən istifadə edərək Sizi və dost xalqınızı mübarək Ramazan ayının başlaması münasibətilə də ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Küveyt Dövlətinə daim əmin-amanlıq və rifah diləyirəm”.

  • Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər – FOTO

    Fevralın 24-də Leyla Əliyeva və Alyona Əliyeva Quba rayonuna səfər ediblər.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, səfər çərçivəsində Leyla Əliyeva və Alyona Əliyeva Quba şəhərində internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər.

    Əvvəlcə Quba şəhər ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbinə baş çəkilib. Bildirilib ki, burada 79-u oğlan, 35-i qız olmaqla 114 məktəbli təhsil alır. Leyla Əliyeva və Alyona Əliyeva internat məktəbində yaradılan şəraitlə tanış olub, uşaqlarla səmimi söhbət edib, onların məşğələ proseslərini izləyib, fotolar çəkdirib və şagirdlərə məktəbli ləvazimatları təqdim ediblər. Məktəbdə şagirdlər tərəfindən hazırlanan mədəni proqram təqdim olunub, şeirlər səsləndirilib, mahnılar ifa olunub.

    Daha sonra Quba STEAM mərkəzi ziyarət olunub. Mərkəzlə tanışlıq zamanı xatırladılıb ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan məktəblərində 2019-cu ildən etibarən STEAM (Science, Technology, Engineering, Art, Mathematics) layihəsinin geniş tətbiqinə başlanılıb. Qeyd olunub ki, STEAM mərkəzi Qubada 2021-ci ildən fəaliyyət göstərir və bütün yaş qrupları üçün nəzərdə tutulub. Leyla Əliyeva və Alyona Əliyeva mərkəzdə yaradılan şəraitlə yaxından tanış olub, şagirdlərlə səmimi söhbət aparıb, onların burada əldə etdikləri bilik və bacarıqların praktiki tətbiqi ilə maraqlanıblar.

    Sonda uşaqlar və məktəbin kollektivi ilə xatirə şəkilləri çəkdirilib.












  • Ombudsman 2025-ci il üzrə məruzəsini Prezidentə təqdim edib

    İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Azərbaycanda insan hüquqlarının qorunması haqqında 2025-ci il üzrə məruzəsini Prezidentə təqdim edib.

    Ombudsman Aparatından verilən məlumata əsasən, həmin məruzə ilə Ombudsman Milli Məclis qarşısında çıxış edəcək.

    İllik məruzə, eyni zamanda, Nazirlər Kabinetinə, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə və Baş prokurora göndərilib.

  • Azərbaycan XİN Estoniyanı təbrik edib

    Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Estoniyanı Milli Günü münasibətilə təbrik edib.

    Bu barədə nazirliyin “X” sosial media hesabında paylaşım edilib.

    “Estoniya Respublikasının Milli Günü münasibətilə Estoniya hökumətini və xalqını səmimi qəlbdən təbrik edirik.

    Milli Günün mübarək olsun, Estoniya!”, – postda qeyd olunub.

  • Azərbaycan və Ermənistan XİN rəhbərlərinin müavinləri Cenevrədə görüşdü

    24 fevral tarixində Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və Ermənistanın xarici işlər nazirinin müavini Robert Abisoğomonyan Cenevrədə BMT İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində görüşüblər.

    Azərbaycan Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, görüş daha yüksək siyasi səviyyədə aparılmış təmasların davamı olaraq baş tutub.

    Nazir müavinləri çoxtərəfli platformalar və beynəlxalq təşkilatlar çərçivəsində mümkün etimad quruculuğu tədbirlərini müzakirə ediblər.

  • KOBİA və AZPROMO yenidən təşkil olunur – FƏRMAN

    Prezident İlham Əliyev Mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb.

    Median.Az bununla bağlı President.az-a istinadən xəbər verir.

    Fərmana əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” publik hüquqi şəxs və “Azərbaycan Respublikası İnvestisiyaların və İxracın Təşviqi Agentliyi – AZPROMO” publik hüquqi şəxs əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi yaradılır.

    Müəyyən edilir ki, Agentlik mikro, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, qeyri-neft (qaz) sektoru üzrə investisiyaların və ixracın təşviqi istiqamətində fəaliyyət göstərən, sahibkarlıq subyektlərinin maraqlarının qorunmasında iştirak edən, dövlət orqanlarının (qurumlarının) və sahibkarların bu sahədə xidmətlərini əlaqələndirən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur.

    Agentliyin işçilərinin say həddi cəmi 370 ştat vahidi, o cümlədən onun Aparatının işçilərinin say həddi 291 ştat vahidi, regional bölmələrinin işçilərinin say həddi 79 ştat vahidi müəyyən edilir.

  • Nəriman Həsənzadəyə “Heydər Əliyev” ordeni təqdim edildi

    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev dövlətimizin başçısının tapşırığına uyğun olaraq, mədəniyyətimizin inkişafında müstəsna xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilmiş Xalq şairi Nəriman Həsənzadəni evində ziyarət edib və ali mükafatı ona təqdim edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Samir Nuriyev 95 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın salamlarını və səmimi təbriklərini Nəriman Həsənzadəyə çatdırıb.

    Görüş zamanı Nəriman Həsənzadənin Azərbaycan ədəbiyyatına verdiyi töhfələr, milli-mənəvi dəyərlərin təbliği istiqamətində uzun illər ərzində göstərdiyi xidmətlər xüsusi vurğulanıb. Bildirilib ki, onun çoxşaxəli yaradıcılığı və ictimai fəaliyyəti Azərbaycan ədəbiyyatının, mədəniyyətinin zənginləşməsinə mühüm töhfə verib, gənc nəsillərin vətənpərvərlik ruhunda formalaşmasında əhəmiyyətli rol oynayıb.

    Xalq şairi göstərilən yüksək diqqətə və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığını ifadə edib, milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin qorunub saxlanmasına, mədəniyyət, incəsənət və digər sahələrin inkişafında xidməti olan şəxslərə dövlət dəstəyini yüksək qiymətləndirib.

  • Naxçıvan sakinlərinə ŞAD XƏBƏR – Sərəncam imzalandı

    Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

    Median.Az bununla bağlı President.az-a istinadən xəbər verir.

    Sərəncama əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi ilə razılaşdırmaqla bu Sərəncamın əlavəsində göstərilən əhalisi 80 min nəfərdən çox olan 38 yaşayış məntəqəsində 40 ədəd subartezian quyusunun layihə-smeta sənədlərinin hazırlanması, qazılması və əhalinin içməli su ilə təmin olunması üçün müvafiq tədbirlər görməlidir.

    Bundan başqa, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiya bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsi məsələlərini həll etməlidir.