Category: Siyasət

  • Azərbaycana səfəri zamanı ABŞ vitse-prezidentini dövlət katibinin müavini müşayiət edəcək

    ABŞ vitse-prezidenti Cey Di Vensi Azərbaycana səfəri zamanı dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq müşayiət edəcək.

    Bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasında deyili.

    “ABŞ dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq fevralın 9-11-də vitse-prezident Ceyms Devid Venslə birlikdə Milan, İrəvan və Bakıya səfər edəcək”, – açıqlamada deyilir.

    Dövlət Departamentinin açıqlamasında, həmçinin bildirilib ki, Ermənistan və Azərbaycana səfər ABŞ Prezidenti Donald Trampın sülh təşəbbüslərini irəli aparacaq və “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) proqramının təşviqinə töhfə verəcək.
    //oxu.az

  • Ermənistan XİN-də Azərbaycan və Türkiyə ilə münasibətlər müzakirə edilib

    Ermənistan Xarici İşlər Nazirliyində (XİN) baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə iclas keçirilib və 2025-ci ildə görülmüş işlərin yekunlarına dair hesabat təqdim olunub.

    BAKU.WS “Report”a istinadən xəbər verir ki, iclasda Bakı ilə İrəvan arasında müharibə başa çatdıqdan sonra ölkənin xarici siyasət əlaqələrinin inkişafında uğurlu irəliləyiş qeyd edilib.

    “Ermənistan 2025-ci ildə sülhün təmin edilməsi istiqamətində işləməyə davam edib, Azərbaycanla sülhün bərqərar olmasına, möhkəmləndirilməsinə və institusionallaşdırılmasına fəal şəkildə yardım göstərib”, – Ermənistan XİN başçısı Ararat Mirzoyanın təqdim etdiyi hesabatda deyilir.

    İclasda sülh prosesində qeydə alınmış ən mühüm hadisələr, o cümlədən sülh sazişi mətninin razılaşdırılması və imzalanması, ABŞ, Ermənistan və Azərbaycan arasında Vaşinqton sazişləri, ümumilikdə dövlətlər arasında etimadın möhkəmləndirilməsinə yönəlmiş addımlar və təşəbbüslər müzakirə edilib.

    Həmçinin Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesi, inkişafı və gözləntilər, eləcə də ABŞ və Avropa İttifaqı (Aİ) ilə tərəfdaşlığın dərinləşdirilməsi müzakirə olunub. Müzakirə zamanı regional hadisələr, Gürcüstan və İranla strateji tərəfdaşlığın inkişafı məsələlərinə də toxunulub.

    Paşinyan regionda və dünyada yaranan yeni reallıqlar və imkanları nəzərə alaraq xarici siyasət prioritetlərinin ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb.

  • Leyla Əliyeva Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalından videogörüntü paylaşıb – Video

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və “Gilan”ın dəstəyi ilə keçirilən Qəbələ “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalından paylaşım edib.

    Median.Az sözügedən paylaşımı təqdim edir:

  • Pakistan XİN rəhbəri Azərbaycana təşəkkür edib

    “Bu çətin dövrdə Pakistanla həmrəyliyinizə görə təşəkkür edirik. Terrorizmə qarşı qətiyyətimiz sarsılmaz olaraq qalır”.

    Bunu Pakistanın baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycan XİN-in İslamabadda baş vermiş terror aktı ilə bağlı başsağlığı mesajına cavab olaraq öz “X” hesabında yazıb.
    Qeyd edək ki, bu gün Pakistanın paytaxtı İslamabadda yerləşən məscidlərdən birində partlayış olub. Hadisə nəticəsində 31 nəfər həlak olub, 169 nəfər yaralanıb.

  • Norveç şahzadəsi Epşteynlə əlaqələrinə görə üzr istədi

    Norveç şahzadəsi Mette-Marit məşhur maliyyəçi Ceffri Epşteyn ilə əlaqələrinə görə üzr istəyib.

    Median.Az xəbər verir ki, şahzadə açıqlamasında bildirib: “Məyus etdiyim hər kəsdən üzr istəyirəm. Epşteynlə aramızda olan mesajlar mənim əsl kimliyimi əks etdirmir. Həmçinin Kral Sarayına, xüsusən də Kral və Kraliçaya yaratdığım vəziyyətə görə təəssüflənirəm”.

    Norveç şahzadəsinin adı Epşteynin yeni sənədlərində min dəfədən çox xatırlanır. Lakin o, maliyyəçinin cinayətkar fəaliyyətindən xəbərsiz olduğunu bildirib və onunla əlaqələrindən peşmanlığını ifadə edib.

    Norveç Kral Evi şahzadənin 2013-cü ildə Epşteynlə əlaqəsini dayandırdığını bildirib.

    Epşteyn 2002-2005-ci illər arasında onlarla yetkinlik yaşına çatmayan qız üçün Nyu-Yorkdakı evinə və şəxsi adasına səfərlər təşkil etməkdə ittiham olunub.//teleqraf

  • İlham Əliyev onu sədr təyin etdi – SƏRƏNCAM

    Vüsal Zakir oğlu Nəsirli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri təyin edilib.
     
    Median.Az bildirir ki, prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

  • Azərbaycan Rusiyaya nota verdi

    6 fevral 2026-cı il tarixində Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.

    Median.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Rusiya səfiri ilə görüş zamanı, 5 fevral tarixində Rusiya Federasiyası Dövlət Dumasının MDB, Avrasiya inteqrasiya məsələləri və həmvətənlərlə əlaqələr Komitəsinin sədrinin birinci müavini, hakim “Vahid Rusiya” Partiyasının üzvü Konstantin Zatulinin ölkəmizdə Ermənistan Respublikası vətəndaşlarının məhkum olunması ilə bağlı bəyanatı ilə əlaqədar kəskin etiraz bildirilib və Rusiya tərəfinə müvafiq nota təqdim edilib.

    K.Zatulinin uzun müddətdir Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü əleyhinə çıxışlar etməsi, separatizmə açıq dəstək nümayiş etdirməsi, habelə Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, eləcə də hərbi cinayətlər törətməkdə təqsirli bilinərək məhkum olunmuş Ermənistan Respublikası vətəndaşları ilə bağlı məhkəmə qərarlarını təhrif etməyə cəhd göstərməsi və qəbuledilməz ifadələr işlətməsi qətiyyətlə pislənib.

    Görüşdə Rusiya tərəfi bölgədə sülh və sabitliyə, eləcə də Azərbaycanla Rusiya arasında münasibətlərə zərbə vurmağa çalışan Zatulin kimi şəxslərin destruktiv fəaliyyətinə son qoyulması üçün müvafiq tədbirlər görməyə çağırılıb.//oxu.az

  • İki milli park haqqında əsasnamə təsdiqləndi

    “Azərbaycan Respublikasının Axar-Baxar Milli Parkı haqqında Əsasnamə” təsdiq edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

    Fərmanla, həmçinin “Azərbaycan Respublikasının İlisu Milli Parkı haqqında Əsasnamə” təsdiq edilib.

  • Prezident: “Biz istəyirik ki, bütün dünyada sülh olsun, qan tökülməsin, müharibələr olmasın”

    “Biz istəyirik ki, bütün dünyada sülh olsun, qan tökülməsin, müharibələr olmasın”.

    Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev fevralın 6-da İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

    Azərbaycan Prezidenti ölkəmizin timsalında müharibədən sülhə keçid modelinin nümayiş olunduğunu vurğulayıb.

    Dövlətimizin başçısı hazırda dünyanın bir çox yerində müharibə və münaqişələrin davam etdiyini vurğulayaraq, Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda artıq sülhün bərqərar olduğunu dedi, bunun həm Azərbaycan, həm də Ermənistanla həmsərhəd olan İran üçün böyük əhəmiyyət daşıdığına əminliyini bildirib.

    Dövlətimizin başçısı deyib ki, İran prezidenti ilə telefon danışığı zamanı qeyd etdiyi kimi Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır və bu gərginliyin aradan qaldırılması üçün öz dəstəyini göstərməyə hazırdır.

  • Prezident İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bir neçə gün əvvəl İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla telefon danışığını xatırladaraq, yüksək səviyyələrdə müxtəlif təmasların ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi.

    Məsud Pezeşkianın ötən il Azərbaycana rəsmi səfərinin uğurlu keçdiyini və yaxşı nəticələrin əldə olunduğunu vurğulayan Prezident İlham Əliyev bu səfərdən sonra əlaqələrimizin inkişaf etdiyini bildirdi.

    Dövlətimizin başçısı hazırda dünyanın bir çox yerində müharibə və münaqişələrin davam etdiyini vurğulayaraq, Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda artıq sülhün bərqərar olduğunu dedi, bunun həm Azərbaycan, həm də Ermənistanla həmsərhəd olan İran üçün böyük əhəmiyyət daşıdığına əminliyini bildirdi. “Biz istəyirik ki, bütün dünyada sülh olsun, qan tökülməsin, müharibələr olmasın” deyən Azərbaycan Prezidenti ölkəmizin timsalında müharibədən sülhə keçid modelinin nümayiş olunduğunu vurğuladı.

    Dövlətimizin başçısı bildirdi ki, İran Prezidenti ilə telefon danışığı zamanı qeyd etdiyi kimi Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır və bu gərginliyin aradan qaldırılması üçün öz dəstəyini göstərməyə hazırdır.

    Qəbula görə minnətdarlığını bildirən Əziz Nəsirzadə ilk növbədə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın salamlarını dövlətimizin başçısına çatdırdı. Ölkəmizə İranın dövlət başçısının göstərişi ilə səfərə gəldiyini deyən qonaq Məsud Pezeşkianın Azərbaycana böyük təəssübkeşlik nümayiş etdirdiyini vurğuladı. O, həmçinin qeyd etdi ki, İran Prezidenti ölkəmizə, o cümlədən Xankəndiyə səfərlərini böyük məmnunluq hissi ilə xatırlayır.

    Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş etdi.

    Söhbət zamanı ölkələrimiz arasında dostluq, qardaşlıq və mehriban qonşuluq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərimizin inkişafı qeyd olundu, müdafiə sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.