Category: Siyasət

  • Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva fevralın 5-də Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini (“The Abrahamic Family House”) ziyarət edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Leyla Əliyeva Luvr Əbu-Dabi Muzeyində olub.

    Parisdəki məşhur Luvr muzeyinin ilk xarici filialı olan Luvr Əbu-Dabi Saadiyat adasında yerləşir. Fransız memar Jan Nuvel tərəfindən layihələndirilən muzey 2017-ci ilin noyabrında ziyarətçilərə açılıb.

    Muzeyin daimi fondunda müxtəlif dövrləri və sivilizasiyaları əks etdirən çox sayda sənət əsəri nümayiş etdirilir. Bundan əlavə, tərəfdaş muzeylər tərəfindən təqdim olunan əsərlər də ekspozisiyada yer alır.

    Sonra Leyla Əliyeva İbrahim Ailə Evi (“The Abrahamic Family House”) ilə tanış olub.

    2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan İbrahimin ailə evinin yaradıldığını elan edib. Bu unikal kompleks Əhməd Əl-Tayyib məscidini, Müqəddəs Fransisk kilsəsini və Musa bin Maymon sinaqoqunu eyni məkanda birləşdirir. Dini ibadətgahlarla yanaşı, burada ziyarətçilərin müxtəlif dinlərlə daha yaxından tanış ola biləcəkləri təhsil mərkəzi də fəaliyyət göstərir.

  • Tramp: “İlham Əliyev və Paşinyan yaxşı liderlərdir”

    ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanı “yaxşı liderlər” adlandırıb.

    O, bu barədə paytaxt Vaşinqtonda çıxışı zamanı bildirib.

    Ağ Evin rəhbəri bir sıra münaqişələrin tənzimlənməsindəki rolunu yenidən xatırladıb.

    “Mən Kamboca-Tailand, Kosovo-Serbiya, Pakistan-Hindistan, İsrail-İran, Ermənistan-Azərbaycan şiddətli müharibələrini dayandırmışam”, – deyə o bildirib.

    Tramp Bakı və İrəvan arasında sülh prosesindəki irəliləyişdən danışarkən vurğulayıb:

    “Həqiqətən, iki yaxşı lider. Onları uzun illər mübarizə aparıblar. Amma biz hər şeyi olduqca tez həll etdik”.

  • Leyla Əliyeva Əbu-Dabidə əfqanıstanlı qadın hüquqları fəalı və tədqiqatçısı Zarqa Yaftalı ilə görüşüb

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva fevralın 5-də Əbu-Dabidə əfqanıstanlı qadın hüquqları fəalı və tədqiqatçısı Zarqa Yaftalı ilə görüşüb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Heydər Əliyev Fondunun uzun illərdir maarifləndirmə, səhiyyə və sosial dəstək sahələrində əhəmiyyətli layihələr həyata keçirdiyi, həm regionda, həm də beynəlxalq səviyyədə əhalinin həssas təbəqələri üçün bərabər imkanların yaradılmasına kömək etdiyi barədə məlumat verilib.

    Eyni zamanda, Heydər Əliyev Fondu ilə Zərqa Yaftalının rəhbərlik etdiyi Qadınlar və Uşaqlar üzrə Hüquqi Araşdırmalar Fondu arasında əməkdaşlıq imkanlarına toxunulub, bu fondun fəaliyyətinin 100 mindən çox qadın və uşağın təhsilə, həmçinin hüquqi müdafiəyə çıxışını təmin etdiyi qeyd olunub.

    Görüşdə, həmçinin qlobal humanitar təşəbbüslərin həyata keçirilməsində ortaq məqsədlərin olduğu vurğulanıb, qadın hüquqlarının qorunması və davamlı təhsilin təmin edilməsinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

  • İlham Əliyevin sosial şəbəkə hesablarında Əbu-Dabi səfərindən görüntülər paylaşılıb – Video

    Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarında Əbu-Dabiyə səfərindən görüntülər paylaşılıb.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • İlham Əliyev: “Azərbaycan-Türkiyə münasibətlərinin əsasında duran sarsılmaz qardaşlıq çətin məqamda real mahiyyətini nümayiş etdirib”

    “Bu fəlakət Türkiyə üçün ciddi humanitar sınaq oldu. Bir gecədə minlərlə insan həyatını itirdi, bir çox şəhər və yaşayış məntəqələri dağıntıya məruz qaldı. Həmin günlərdə Azərbaycan xalqı baş verənləri dərin ağrı hissi ilə izləyərək qardaş Türkiyənin kədərini öz kədəri kimi qəbul etdi, onun dərdinə şərik çıxdı”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qardaş ölkəni dərindən sarsıdan zəlzələdən üç il ötməsi ilə əlaqədar ünvanladığı məktubda yer alıb.

    Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətlərinin əsasında duran sarsılmaz qardaşlıq məhz belə çətin məqamda öz real mahiyyətini nümayiş etdirib. Faciənin ilk anlarından etibarən Azərbaycan dövləti və cəmiyyəti birlik və həmrəylik prinsiplərinə sadiq qalaraq Türkiyənin yanında olub, dəstək və yardım əlini uzadıb.

  • Prezident: “Qardaş ölkənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir”

    “Qardaşlıq borcumuzun təzahürü olaraq Azərbaycan Kahramanmaraş vilayətində aparılan yenidənqurma və bərpa işlərinə töhfə vermiş, burada “Azərbaycan” məhəlləsinin salınmasında yaxından iştirak etmişdir. Qardaş ölkənin bərpa və quruculuq səylərinə Azərbaycanın dəstəyi dostluq və müttəfiqlik münasibətlərimizin əyani ifadəsidir”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qardaş ölkəni dərindən sarsıdan zəlzələdən üç il ötməsi ilə əlaqədar ünvanladığı məktubda yer alıb.

    Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, “Bir millət iki dövlət” fəlsəfəsinə əsaslanan Azərbaycan-Türkiyə güclü birliyi və strateji müttəfiqliyi bundan sonra da xalqlarımızın firavanlığına töhfə verməklə yanaşı, regional sabitliyin, təhlükəsizliyin və davamlı inkişafın təmin olunmasına xidmət edəcək.

  • İlham Əliyev Ərdoğana məktub göndərdi

    Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb.

    Məktubda deyilir:

    “Hörmətli cənab Prezident,

    Əziz Qardaşım,

    Qardaş Türkiyə Respublikasını dərindən sarsıdan zəlzələdən üç il ötür. Dəhşətli faciə nəticəsində həlak olmuş insanların əziz xatirəsini böyük ehtiram və hörmətlə yad edirəm.

    Bu fəlakət Türkiyə üçün ciddi humanitar sınaq oldu. Bir gecədə minlərlə insan həyatını itirdi, bir çox şəhər və yaşayış məntəqələri dağıntıya məruz qaldı. Həmin günlərdə Azərbaycan xalqı baş verənləri dərin ağrı hissi ilə izləyərək qardaş Türkiyənin kədərini öz kədəri kimi qəbul etdi, onun dərdinə şərik çıxdı.

    Azərbaycan-Türkiyə münasibətlərinin əsasında duran sarsılmaz qardaşlıq məhz belə çətin məqamda öz real mahiyyətini nümayiş etdirdi. Faciənin ilk anlarından etibarən Azərbaycan dövləti və cəmiyyəti birlik və həmrəylik prinsiplərinə sadiq qalaraq Türkiyənin yanında oldu, dəstək və yardım əlini uzatdı.

    Sizin müdrik rəhbərliyiniz altında aparılan güclü dövlət idarəçiliyi və xalqın birliyi sayəsində hazırda Türkiyə zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində mühüm nəticələr əldə etmişdir. Zərər çəkmiş bölgələrdə genişmiqyaslı yenidənqurma işlərinin aparılması, müasir yaşayış infrastrukturunun yaradılması və sosial rifahın bərpası Türkiyənin uzunmüddətli inkişaf strategiyasının bariz göstəricisidir.

    Qardaşlıq borcumuzun təzahürü olaraq Azərbaycan Kahramanmaraş vilayətində aparılan yenidənqurma və bərpa işlərinə töhfə vermiş, burada “Azərbaycan” məhəlləsinin salınmasında yaxından iştirak etmişdir. Qardaş ölkənin bərpa və quruculuq səylərinə Azərbaycanın dəstəyi dostluq və müttəfiqlik münasibətlərimizin əyani ifadəsidir.

    Əminəm ki, “Bir millət iki dövlət” fəlsəfəsinə əsaslanan Azərbaycan-Türkiyə güclü birliyi və strateji müttəfiqliyi bundan sonra da xalqlarımızın firavanlığına töhfə verməklə yanaşı regional sabitliyin, təhlükəsizliyin və davamlı inkişafın təmin olunmasına xidmət edəcəkdir.

    Bu anım günündə Sizə, həlak olanların ailələrinə və bütün qardaş Türkiyə xalqına bir daha dərin hüznlə başsağlığı verir, həyatlarını itirmiş bacı-qardaşlarımıza uca Allahdan rəhmət diləyirəm”.

  • Lavrov üçtərəfli razılaşmalardan danışdı

    “Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əvvəllər əldə edilmiş üçtərəfli razılaşmalar aktuallığını qoruyub saxlayır”.

    “Unikal” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan Parlamentinin sədri Alen Simonyanla görüşündə deyib.

    Onun sözlərinə görə, bu üçtərəfli razılaşmalar Cənubi Qafqazdakı bütün iqtisadi, nəqliyyat və logistika məsələlərinin həllinə imkan verir: “2020-2022-ci illərdə Rusiya və Azərbaycan prezidentləri və Ermənistanın Baş naziri səviyyəsində razılaşdırılmış bütün məsələlər, fikrimizcə, ilk növbədə Cənubi Qafqazdakı bütün iqtisadi, nəqliyyat və logistika problemlərinin həlli üçün öz aktuallığını qoruyub saxlayır.

    Ermənistan bu qərarlardan əhəmiyyətli dərəcədə faydalanmalıdır. Bütövlükdə bütün regionun normal fəaliyyətinə mane olan bütün maneələr aradan qaldırılmalıdır. Biz buna hazırıq”.

    Rusiyanın xarici işlər naziri xatırladıb ki, Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri üçtərəfli işçi qrupu çərçivəsində liderlərin razılaşmaları əsasında qəbul edilmiş qərarlar çərçivəsində müntəzəm əlaqə saxlayırlar.

  • ABŞ-nin nümayəndə heyəti TRIPP layihəsinin icrası üçün Ermənistana gəlib

    ABŞ-nin “AECOM” mühəndis-konsaltinq şirkətinin komandası ABŞ Dövlət Departamentinin Qlobal İnfrastruktur və İnvestisiya Tərəfdaşlığı Fondu adından TRIPP (“Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu”) layihəsi üzrə ərazi araşdırmalarına başlamaq məqsədilə Ermənistana səfər edib.

    Bu barədə məlumat ABŞ-nin Ermənistandakı səfirliyinin “Facebook” səhifəsində açıqlanıb.

    Qeyd edilib ki, nəzərdə tutulan işlər texniki-iqtisadi əsaslandırma, dəmiryolu və digər infrastrukturun tikintisi üzrə təkliflərin hazırlanmasını əhatə edəcək:

    “Bu, Ermənistanın uzunmüddətli iqtisadi artımına, nəqliyyat infrastrukturunun inkişafına və regional inteqrasiyaya töhfə verəcək”.

  • İlham Əliyevin sosial şəbəkə hesablarında Əbu-Dabidəki mərasimdən görüntülər paylaşılıb (Video)

    Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarında Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimindən görüntülər paylaşılıb.

    Median.Az həmin paylaşımı təqdim edir: