Category: Siyasət

  • Azərbaycan və BƏƏ hərbi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər

    Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) işgüzar səfər edib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Səfər çərçivəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənov ilə BƏƏ-nin müdafiə işləri üzrə dövlət naziri Məhəmməd Bin Mübarək Əl-Fadhel Əl-Məzrui arasında ikitərəfli görüş keçirilib.

    Görüşdə Azərbaycan-BƏƏ arasında hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Birgə təlimlərin və qarşılıqlı səfərlərin ölkələrimiz arasında hərbi əlaqələrin genişlənməsinə töhfə verdiyi qeyd edilib. Tərəflər hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

    Həmçinin, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev BƏƏ-nin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant İsa Səif bin Ablan əl-Məzrui ilə görüşüb.

    Baş Qərargah rəisləri, hər iki ölkənin hərbi qulluqçularının iştirakı ilə keçirilən “Sülh Qalxanı – 2026” birgə təliminin təcrübə mübadiləsinin artırılması baxımından vacibliyini qeyd edib, eləcə də bir sıra digər məsələlər ətrafında danışıblar.

    Daha sonra, Müdafiə Nazirliyinin rəhbər heyəti “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak edib.

    Qeyd edək ki, fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan iki ölkənin silahlı qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə Əbu-Dabidə keçirilən birgə əməliyyat-taktiki təlimini izləyiblər.

  • Hindistanın Azərbaycandakı yeni səfiri Bakıya gəldi

    Hindistanın Azərbaycandakı yeni səfiri Abhay Kumar Bakıya gəlib.

    Bu barədə Hindistan səfirliyinin “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində deyilir.

    “Səfir Abhay Kumar bu gün Bakıya gəlib və vəzifəsinin icrasına başlayır”, – diplomatik nümayəndəliyin məlumatında qeyd olunur.

  • Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimini izləyiblər (FOTO)

    Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan iki ölkənin Silahlı qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə Əbu-Dabidə keçirilən “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimini izləyiblər.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, yaşayış məntəqəsi, dağlıq ərazi və dəniz mühitində keçirilən birgə təlimdə qanunsuz silahlı dəstələrin aşkarlanaraq zərərsizləşdirilməsi, ələ keçirilmiş gəmi üzərində nəzarətin bərpası, terrorçu ünsürlərin zərərsizləşdirilməsi və girovların azad edilməsi, yaralıların təxliyəsi, yaşayış məntəqəsində ictimai təhlükəsizliyə təhdid yaradan iğtişaş və sabotaj xarakterli fəaliyyətlərin qarşısının alınması, eləcə də yanğınsöndürmə fəaliyyətləri üzrə tapşırıqlar yerinə yetirilib.

    Qeyd edək ki, təlimin əsas məqsədi ölkələrimizin hərbi kontingentinin antiterror əməliyyatları üzrə peşə bacarıqlarını təkmilləşdirmək, dayanıqlı sülhün təmin olunmasına töhfə vermək və qarşılıqlı təcrübə mübadiləsi aparmaqdır.


























  • İlham Əliyevin Əbu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşü olub

    Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əbu-Dabi şəhərində Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam ilə görüşü olub.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Məhəmməd Əbdülsalam Azərbaycana səfərlərini və dövlətimizin başçısı ilə görüşlərini böyük məmnunluqla xatırlayıb. O, Prezident İlham Əliyevi “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi münasibətilə bir daha təbrik ediv.

    Prezident İlham Əliyev təbrikə və yüksək mükafata görə minnətdarlığını bildirərək, Zayed Fondunun fəaliyyətini, xüsusilə Birləşmiş Ərəb Əmirliklərinin qurucusu Şeyx Zayed bin Sultan Al Nəhyanın humanitar irsinin və bəşəri dəyərlərinin dünyada təşviq edilməsində oynadığı mühüm rolu yüksək qiymətləndiriv.

    Azərbaycan Prezidentinin bu mükafata layiq görülməsi, həmçinin Roma Papası XIV Leonun və Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Əl-Tayyibin Azərbaycan Prezidentinin sülhün bərqərar olunması istiqamətində fəaliyyətinə verdikləri qiymətin təcəssümü kimi dəyərləndiriliv.

  • Azərbaycanla BƏƏ arasında enerji və müdafiə sahələrində sənədlər imzalanıb

    “Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG Şirkətinə satışı ilə bağlı alqı-satqı müqaviləsinə dair sənəd imzalanıb.

    İmzalanma mərasimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 2-də Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın iştirakı ilə baş tutub.

    Bundan başqa, Azərbaycan və BƏƏ Müdafiə nazirlikləri arasında müdafiə əməkdaşlığı razılaşması barədə niyyət məktubu da imzalanıb.

    Dövlət başçıları bu sənədlərin iki ölkə arasında əlaqələrin daha da inkişafına təkan verəcəyinə əminliklərini bildiriblər.

  • Prezidenti aeroportda simvolik içki ilə qarşıladılar – Video

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfər edib.

    Hava limanında Prezident üçün xüsusi qarşılanma mərasimi təşkil edilib.

    Mərasimdə ona krallığın ənənəvi qonaqpərvərliyinin bir hissəsi olaraq kiçik fincanda ərəb qəhvəsi də təqdim edilib.

    Prezident qəhvədən içərək öz səmimiyyətini ifadə edib, dostluq jestinə müsbət qarşılıq verib.

    Qeyd edək ki, ərəb qəhvəsi BƏƏ mədəniyyətində istilik, hörmət və dostluq simvolu daşıyır. Bunu nəzakətlə də olsa, geri çevirmək hörmətsizlik kimi başa düşülə bilər.

  • İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfərə gedib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan qarşılayıb.




  • İlham Əliyev Gənclər Günü münasibətilə Azərbaycan gənclərini təbrik edib

    Prezident İlham Əliyev 2 Fevral – Gənclər Günü münasibətilə Azərbaycan gənclərini təbrik edib.

    Median.Az President.az-a istinadən həmin təbrikin tam mətnini təqdim edir:

    “Əziz gənclər!

    Sizi 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, yüksək əhvali-ruhiyyə və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

    Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 30 il əvvəl gənclərimizin geniş və açıq müzakirə tribunasına çevrilmiş ilk ümumrespublika gənclər forumunun keçirildiyi günün ölkəmizdə Gənclər Günü kimi qeyd olunması ənənəsi və bu cür forumların müntəzəm təşkili sübut edir ki, gənclər siyasəti dövlətimizin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biridir. Ötən onilliklər ərzində icra olunan dövlət proqramları nəticəsində gənclərin fərdi inkişafı və ictimai-siyasi fəallığının artması üçün əlverişli zəmin yaranmış və dövlət quruculuğunda onların rolu daha da güclənmişdir.

    Sevindirici haldır ki, bu gün Azərbaycanda milli-mənəvi dəyərlərimizə dərindən bağlı olmaqla yanaşı, həm də müasir dünyanın inkişaf tendensiyası ilə ayaqlaşa bilən intellektual gənc nəsil formalaşmışdır. Sizlər bu gün iqtisadiyyatdan elm və mədəniyyətə qədər bütün sahələrdə dövlətimizin qüdrətini artıran bir qüvvəsiniz. Vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi, zəngin mədəni irsimizin qorunması və beynəlxalq aləmdə tanıdılması yolunda atdığınız hər addım xalqımızın ümumbəşəri ideallara sadiqliyinin ifadəsidir.

    Dövlətimizin yaratdığı hərtərəfli şəraitin və aşıladığı vətənpərvərlik ruhunun nəticəsidir ki, Azərbaycan gəncliyi üçün böyük imtahan olan 44 günlük Vətən müharibəsində gənclərimiz misilsiz rəşadət göstərdilər. 30 illik işğala son qoyaraq xalqımızın Qələbə əzmini bütün dünyaya nümayiş etdirən qəhrəmanlarımızın əksəriyyətini məhz gənclər təşkil etmişdir. Bu Zəfər salnaməsi Azərbaycan gəncinin Vətənə sonsuz sevgisinin və sarsılmaz iradəsinin əbədi rəmzidir.

    Əminəm ki, müasir tariximizin yeni intibah dövründə də Azərbaycan gəncliyi öz innovativ potensialı və yaradıcı enerjisi ilə dövlətimizin gələcək inkişafına layiqli töhfələr verəcək”.

  • İlham Əliyev Məsud Pezeşkiana zəng edib

    Yanvarın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib.

    Median.Az xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə İran arasında münasibətlərin dostluq, qardaşlıq və mehriban qonşuluq prinsiplərinə əsaslandığı və xalqlarımız arasında tarixi, etnik və dini bağların olduğu bir daha qeyd edilib.

    Telefon danışığı əsnasında İran Prezidentinin Azərbaycana səfərləri, dövlət başçılarının görüşləri və apardıqları səmərəli danışıqlar məmnunluqla xatırlanıb, bunların ikitərəfli əlaqələrimizin inkişafına mühüm töhfə verdiyi qeyd olunub. Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün tikintisi üzrə işlərin qrafikə uyğun aparıldığı vurğulanıb.

    Dövlətimizin başçısı bölgədə yaranmış vəziyyətin narahatlıq doğurduğunu ifadə edərək, Azərbaycanın gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazır olduğunu bildirib və ölkəmizin bu kimi məsələlərin danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb.

    Prezident Məsud Pezeşkian öz tərəfindən Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
    Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin müxtəlif aspektləri və gələcək birgə addımlar barəsində fikir mübadiləsi aparılıb, təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.

  • Azərbaycan bölgədəki gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır – İlham Əliyev

    Azərbaycan bölgədəki gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır.

    Median.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkianla telefon danışığı zamanı bildirib.

    Dövlət başçısı bölgədə yaranmış vəziyyətin narahatlıq doğurduğunu ifadə edərək, Azərbaycanın bu kimi məsələlərin danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb.

    Prezident Məsud Pezeşkian öz tərəfindən Prezident İlham Əliyevə təşəkkürünü bildirib.