Category: Siyasət

  • Paşinyan: Ermənistan və Azərbaycanın enerji sistemləri TRIPP çərçivəsində birləşdiriləcək

    Ermənistan və Azərbaycanın enerji sistemləri “Tramp Marşrutu” (TRIPP) layihəsi çərçivəsində birləşdiriləcək və bərabər şərtlərlə ixrac-idxal əməliyyatları üçün mümkün şəraitdən qarşılıqlı fayda əldə edəcək.

    “Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.

    O, Ermənistanın artıq qarşılıqlı faydanın bir hissəsini əldə etdiyini, benzinin 20 % ucuzlaşdığını söyləyib.

    “Ermənistana buğda idxal edirlər, bu qarşılıqlı fayda deyilmi? Hazırda Azərbaycanda bunu izləyirlər, amma Ermənistan parlamentində kimsə qarşılıqlı faydanın bir hissəsinin artıq əldə edildiyini görəcəkmi”, – o qeyd edib.

  • Ukrayna Azərbaycana təşəkkür etdi

    Ukrayna Xarici İşlər Nazirliyi növbəti humanitar yardıma görə Azərbaycana təşəkkür edib.

    Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilib.

    Bildirilib ki, Rusiya qış aylarında mülki enerji infrastrukturunu hədəf almağa davam etdiyindən, enerji dəstəyi Ukrayna vətəndaşları üçün olduqca vacib olaraq qalır.

    Rəsmi Kiyev Ukraynaya enerji infrastrukturu məsələsind yardım elan edən bütün ölkələrə, o cümlədən Azərbaycana təşəkkür edib.

    “Azərbaycan Rusiya hücumlarından təsirlənən bölgələrdə elektrik təchizatının bərpasına kömək etmək üçün enerji avadanlığı – 12 aşağı gərginlikli panel, 11 generator, 5 transformator və 27 000 metr kabel göndərib”, – məlumatda deyilir.

    Qeyd edilib ki, bundan əlavə, Niderland və Slovakiyadan da enerji və tibbi avadanlıqların Ukraynaya çatdırılması gözlənilir.

    “Həm hərfi, həm də məcazi mənada istilik verən dəstəyə görə tərəfdaşlarımıza minnətdarıq. Bu dəstək tək olmadığımızı sübut edir”, – Ukraynanın xarici işlər naziri Andrey Sibiqa vurğulayıb.

    Qeyd edək ki, yanvarın 20-də Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib.

  • Azərbaycan Sülh Şurasına üzvlük dəvətini qəbul etdi

    Azərbaycan ABŞ Prezidenti Donald Trampın Sülh Şurasına təsisçi üzv olması dəvətini qəbul edib.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Qeyd olunub ki, yanvarın 16-da Tramp Sülh Şurası adlı beynəlxalq təşkilat yaratmaq qərarını elan edərək, Azərbaycanı təşkilata təsisçi üzv dövlət olmağa dəvət edib:

    “Azərbaycan həmin dəvəti qəbul edərək, Sülh Şurasına təsisçi üzv dövlət olmaq niyyətini ABŞ tərəfinin diqqətinə çatdırıb. Azərbaycanın Sülh Şurasına üzvlüyü ilə bağlı rəsmi təsdiq məktubu ABŞ tərəfinə ünvanlanacaq və tələb olunan prosedurlar çərçivəsində müvafiq tədbirlər həyata keçiriləcək. Azərbaycan hər zaman olduğu kimi beynəlxalq əməkdaşlıq, sülh və sabitliyə fəal töhfə verməyə hazırdır”.

  • Qazaxıstan mediası Azərbaycan Prezidentinin Davosda çıxışları barədə materiallar dərc edir – FOTO

    Qazaxıstan mediası Azərbaycan Prezidenti İlham Əliyevin Davosda Ümumdünya İqtisadi Forumu çərçivəsində çıxışlarını işıqlandırır.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, “Kazinform” agentliyi Prezident İlham Əliyevin Bakı və İrəvanın çoxillik münaqişə səhifəsini bağlamaq və dayanıqlı sülhə keçmək üzrə tarixi qərar qəbul etdikləri barədə sözlərini sitat gətirir.

    Materialda qeyd olunur ki, Azərbaycanın dövlət başçısı beynəlxalq institutların uzun illər ərzində qəbul olunmuş qərarların yerinə yetirilməsini təmin edə bilmədiyini vurğulayıb. Xüsusilə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmasını tələb edən BMT-nin dörd qətnaməsini reallaşdırmaq mümkün olmayıb. Agentlik Prezident İlham Əliyevin sözlərini sitat gətirir:

    “Biz kiminsə gəlib bizim üçün hər bir şeyi düzəldəcəyinə inanmağı dayandırdıq. Beynəlxalq vasitəçiliklə bağlı bütün ümidlərimiz tam alt-üst oldu… Onların heç biri biz vəziyyəti öz əlimizə alanadək həyata keçirilmədi. Biz özümüz bunu etdik. Biz ədaləti, beynəlxalq hüququ, suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdik, sonra isə sülhə nail olduq”.

    Nur.kz saytı Azərbaycan Prezidentinin “Euronews” telekanalına verdiyi müsahibədən sitatlar dərc edib. Müsahibədə dövlətimizin başçısı Cənubi Qafqazın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edir. Azərbaycan Prezidentinin sözləri təqdim olunur:

    “Biz beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir”.

    Inbusiness.kz saytı Prezidentin Qazaxıstandan Ermənistana yük tranzitinə qoyulan bütün məhdudiyyətlərin artıq aradan qaldırıldığı barədə bəyanatını təqdim edir. Nəşr Azərbaycanın dövlət başçısının sözlərini sitat gətirir:

    “Biz Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri aradan qaldırdıq. Bundan əlavə, biz Ermənistanın böyük dərəcədə asılı olduğu əsas malların, ilk növbədə neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq”.

    Ulysmedia.kz qeyd edir ki, Prezident İlham Əliyevin sözlərinə görə, beynəlxalq enerji şirkətləri tərəfindən həyata keçirilən kəşfiyyat layihələri müsbət nəticələr verərsə, Azərbaycanda ikinci əhəmiyyətli neft bumunun başvermə ehtimalına dair əsaslı ümidlər var.



  • İlham Əliyev Davosda “Brookfield Asset Management” şirkətinin prezidenti ilə görüşüb – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda “Brookfield Asset Management” şirkətinin prezidenti Konnor Teski ilə görüşüb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı “Brookfield Asset Management”in real aktivlərə yönəlmiş qlobal investisiya fəaliyyəti nəzərə alınmaqla, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə investisiya baxımından maraq doğuran sahələr və mümkün layihələr barədə fikir mübadiləsi aparılıb.

    Görüş çərçivəsində ARDNF ilə “Brookfield Asset Management” arasında uzunmüddətli strateji əməkdaşlığa dair niyyət protokolu imzalanıb.

    Sənəd mövcud strateji münasibətlərin institusional əsasda daha da dərinləşdirilməsini, Fondun qlobal miqyasda nüfuzlu investisiya platformalarına çıxış imkanlarının genişləndirilməsini nəzərdə tutur. Bununla yanaşı ARDNF-nin “Brookfield” tərəfindən idarə olunan fondlara və birgə investisiya layihələrinə 3-4 il müddətində ümumilikdə 1,4 milyard ABŞ dollarınadək kapital qoyuluşu imkanlarının dəyərləndirilməsi planlaşdırılır.

    Əməkdaşlıq çərçivəsində Azərbaycanda investisiya potensialı olan əsas sahələr, o cümlədən enerji keçidi və saxlancı, bərpaolunan enerji, rəqəmsal infrastruktur və digər sahələr üzrə imkanların araşdırılması nəzərdə tutulur.





  • İlham Əliyev: “Sülhə nail olmaq üçün güclü siyasi iradə lazımdır”

    “Sülh şəraitində yaşamağa öyrəşirik. İnanın mənə, bu, xoş hissdir. Hiss edirsiniz ki, müharibə artıq yoxdur, əlavə qurbanlar yoxdur, qan artıq tökülmür”.

    Bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 9-da Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər heyətinin üzvləri – Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişeli və Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Fakini qəbul edərkən deyib.

    “Siz xalq, ölkə və inkişaf, rifah, sabitlik üçün daha çox işlər görə bilərsiniz. Yenə də düşünürəm ki, Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş razılaşma və bu cür mötəbər şəxslərdən ibarət qrupun verdiyi qiymət həqiqətən göstərir ki, sülhə nail olmaq üçün sizdə güclü siyasi iradə lazımdır. Bunu ürəkdən arzulamalısınız. Bunu sözdə yox, əməldə etməlisiniz. Bu cür səylər dəyərləndirildiyi halda siz daha da həvəslənirsiniz və qlobal xəritədə insanların hələ də müharibədə öldüyü digər yerlərə də sülh mesajını verirsiniz”.

  • Vaaqn Xaçatryan: Ümid edirəm ki, Azərbaycandan mallar birbaşa Ermənistana daxil olacaq

    Ermənistan Prezidenti Vaaqn Xaçatryan Azərbaycandan malların birbaşa Ermənistana daxil olacağına ümid etdiyini bildirib.

    Report xəbər verir ki, o, bu barədə Dünya İqtisadi Forumunun illik iclası çərçivəsində panel müzakirəsində çıxışı zamanı danışıb.
    Xaçatryanın sözlərinə görə, Azərbaycan və Ermənistan liderləri artıq sülhə nail olmaq üçün siyasi iradə və cəsarət nümayiş etdiriblər. O qeyd edib ki, bir-iki il əvvəl belə bir vəziyyət inanılmaz görünsə də, bu gün tərəflər münasibətlərin tamamilə yeni mərhələsindədirlər.
    Ermənistan Prezidenti vurğulayıb ki, hazırda Azərbaycandan yüklər Gürcüstan ərazisindən keçməklə tranzit olaraq Ermənistana daxil olur, lakin perspektivdə Bakı və İrəvan arasında birbaşa daşımalar mümkün ola bilər. Onun sözlərinə görə, bu, 1990-cı illərdə yaranmış problemləri aradan qaldırmağa və gələcəyə diqqət yetirməyə imkan verəcək.

    V.Xaçatryan həmçinin bildirib ki, əldə edilmiş razılaşmalar konkret prinsiplərə – ərazi bütövlüyünə, suverenliyə və yurisdiksiyaya qarşılıqlı hörmətə əsaslanır. O, sərhədlərin açılmasının münasibətlərin inkişafında növbəti məntiqi addım olacağına əminliyini ifadə edib.

    Regionun perspektivlərindən danışan Ermənistan Prezidenti qeyd edib ki, əməkdaşlıq nəticəsində Cənubi Qafqaz həm siyasi, həm də iqtisadi baxımdan, o cümlədən Avropa və Asiya arasında əlaqələr kontekstində əlverişli regiona çevrilə bilər.

    Xaçatryan göstərilən siyasi iradəyə görə Azərbaycan rəhbərliyinə və şəxsən Prezident İlham Əliyevə, eləcə də sülh prosesinə sadiqliyinə görə Ermənistanın Baş naziri Nikol Paşinyana təşəkkür edib. Bundan əlavə, o, 8 avqust 2025-ci ildə tarixi sənədin imzalanmasının təşkilinə kömək etmiş ABŞ Prezidenti Donald Trampın rolunu qeyd edib.

  • “Euronews”: Sovet qətliamının xatirəsi Azərbaycanın müstəqillik arzularında əsas amilə çevrilib

    Hər il yanvarın 20-da Azərbaycanda keçmiş SSRİ-nin milli-azadlıq hərəkatını boğmaq məqsədilə dinc əhaliyə qarşı törətdiyi qanlı qırğının qurbanlarının xatirəsi anılır.

    Median.Az xəbər verir ki, bu barədə “Euronews”un materialında qeyd olunub.

    Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 18-də 1990-cı ilin faciəli hadisələrinin xatirəsinə Şəhidlər xiyabanını ziyarət edib.

    Dövlət başçısı SSRİ-nin süqutu ərəfəsində hərbi müdaxilə nəticəsində həlak olmuş dinc sakinlərin xatirəsini simvolizə edən “Əbədi məşəl” kompleksinə gül dəstələri qoyub.

    Faciənin rəsmi ildönümü Azərbaycanın Ümummilli matəm günü – 20 yanvar tarixində qeyd olunur və hər il bütün ölkə üzrə hüzn və milli düşüncə günü kimi anılır.

    “Qara Yanvar” Azərbaycanın müstəqillik yolunda dönüş nöqtəsi kimi geniş qəbul edilir və xalqın suverenliyə olan istəyini gücləndirib. Prezidentin ziyarəti ümummilli anım tədbirləri proqramının bir hissəsidir.

    1990-cı il 20 yanvar kütləvi qətliamının qurbanlarının xatirəsi hər il minlərlə insan tərəfindən yad edilir. Paytaxt sakinləri səhər tezdən faciə qurbanlarının dəfn olunduğu Bakıdakı Şəhidlər xiyabanına üz tutur.

    Sovet hakimiyyəti həmin vaxt əməliyyatı “respublikada konstitusiya qaydasının bərpası” kimi təqdim etmişdi.

    Əhali xəbərdar edilmədən qoşunlar şəhərə yeridilmiş, əsas qurbanlar isə dinc insanlar olmuşdu. Əməliyyat nəticəsində günahsız uşaqlar, qadınlar və yaşlılar da daxil olmaqla azı 140 nəfər həlak olub, 700-dən çox insan yaralanıb.

  • Vəziyyəti nəzarət altına alsaq, uğur mümkündür – Prezident

    Artıq beynəlxalq təsisatlara etibar etməməliyik. Aleksandrla (Vuçiç – red.) razıyam ki, bu gün vəziyyətimiz ola bilsin əvvəlki illərlə müqayisədə daha kəskindir.
     
    Median.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Davosda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında çıxışı zamanı bildirib.
     
    “Amma mən onun müəyyən, yəni bədbin fikirlərini bölüşmürəm. Çünki vəziyyəti nəzarət altına alsaq, milli maraqlarımızla bağlı öhdəlikləri kifayət qədər götürsək, o zaman xalqların uğur qazanması mümkündür”, – Prezident bildirib.

  • Vaaqn Xaçatryan: Ümid edirəm ki, Azərbaycandan mallar birbaşa Ermənistana daxil olacaq

    Ermənistan Prezidenti Vaaqn Xaçatryan Azərbaycandan malların birbaşa Ermənistana daxil olacağına ümid etdiyini bildirib.

    Median.Az xəbər verir ki, o, bu barədə Dünya İqtisadi Forumunun illik iclası çərçivəsində panel müzakirəsində çıxışı zamanı danışıb.

    Xaçatryanın sözlərinə görə, Azərbaycan və Ermənistan liderləri artıq sülhə nail olmaq üçün siyasi iradə və cəsarət nümayiş etdiriblər. O qeyd edib ki, bir-iki il əvvəl belə bir vəziyyət inanılmaz görünsə də, bu gün tərəflər münasibətlərin tamamilə yeni mərhələsindədirlər.

    Ermənistan Prezidenti vurğulayıb ki, hazırda Azərbaycandan yüklər Gürcüstan ərazisindən keçməklə tranzit olaraq Ermənistana daxil olur, lakin perspektivdə Bakı və İrəvan arasında birbaşa daşımalar mümkün ola bilər. Onun sözlərinə görə, bu, 1990-cı illərdə yaranmış problemləri aradan qaldırmağa və gələcəyə diqqət yetirməyə imkan verəcək.

    V.Xaçatryan həmçinin bildirib ki, əldə edilmiş razılaşmalar konkret prinsiplərə – ərazi bütövlüyünə, suverenliyə və yurisdiksiyaya qarşılıqlı hörmətə əsaslanır. O, sərhədlərin açılmasının münasibətlərin inkişafında növbəti məntiqi addım olacağına əminliyini ifadə edib.

    Regionun perspektivlərindən danışan Ermənistan Prezidenti qeyd edib ki, əməkdaşlıq nəticəsində Cənubi Qafqaz həm siyasi, həm də iqtisadi baxımdan, o cümlədən Avropa və Asiya arasında əlaqələr kontekstində əlverişli regiona çevrilə bilər.

    Xaçatryan göstərilən siyasi iradəyə görə Azərbaycan rəhbərliyinə və şəxsən Prezident İlham Əliyevə, eləcə də sülh prosesinə sadiqliyinə görə Ermənistanın Baş naziri Nikol Paşinyana təşəkkür edib. Bundan əlavə, o, 8 avqust 2025-ci ildə tarixi sənədin imzalanmasının təşkilinə kömək etmiş ABŞ Prezidenti Donald Trampın rolunu qeyd edib.
     
    /report