Category: Siyasət

  • Prezident İlham Əliyev: “Ölkəmizdə səhiyyə sistemi öz inkişafının yeni mərhələsinə qədəm qoyub”

    “Ölkəmizdə səhiyyə sistemi öz inkişafının yeni mərhələsinə qədəm qoyub”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konqresin iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.

    Ölkə Prezidenti bildirib ki, dövlətin səhiyyə siyasətinin hədəflərinə uyğun olaraq tibb ocaqları ən müasir standartlar səviyyəsində yenidən qurulur, araşdırmaların son tibbi texnoloji nailiyyətlərin tətbiqi ilə elm və təcrübənin vəhdətində aparılması təşviq edilir. Bu istiqamətdə üzərinə düşən vəzifələrin öhdəsindən bacarıqla gələn Həkimləri Təkmilləşdirmə İnstitutunun özünəməxsus xidmətləri var.

  • Prezident Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illiyinə həsr olunan beynəlxalq konqresin iştirakçılarına müraciət edib

    Prezident İlham Əliyev Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illiyinə həsr olunan beynəlxalq elmi-praktiki konqresin iştirakçılarına müraciət edib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, müraciətdə deyilir:

    “Hörmətli konqres iştirakçıları!

    Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konqresin öz işinə başlaması münasibətilə salamlayır, hər birinizə məsuliyyətli və şərəfli fəaliyyətinizdə yeni müvəffəqiyyətlər arzulayıram.

    Dünyanın mötəbər tibb qurumlarını təmsil edən tanınmış alim və mütəxəssislərin iştirak etdiyi bu konqresdə tibb elminin və səhiyyənin müxtəlif aspektlərinə dair ətraflı fikir mübadiləsi aparılacaqdır. Beynəlxalq praktikadan qarşılıqlı surətdə faydalanmaqla aktual məsələlərin müzakirəsinə və həllinə yönəlmiş birgə səylərinizin səmərəli olacağına inanıram.

    Ölkəmizdə səhiyyə sistemi öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Dövlətin səhiyyə siyasətinin hədəflərinə uyğun olaraq tibb ocaqları ən müasir standartlar səviyyəsində yenidən qurulur, araşdırmaların son tibbi texnoloji nailiyyətlərin tətbiqi ilə elm və təcrübənin vəhdətində aparılması təşviq edilir. Bu istiqamətdə üzərinə düşən vəzifələrin öhdəsindən bacarıqla gələn Həkimləri Təkmilləşdirmə İnstitutunun özünəməxsus xidmətləri vardır.

    İnstitut yarandığı vaxtdan etibarən zəngin bir yol keçmişdir. Tarixinin parlaq səhifələri görkəmli dövlət və elm xadimi Əziz Əliyevin adı ilə bağlı olan bu qocaman elm-tədris müəssisəsində məşhur alimlər nəslinin vaxtilə formalaşdırdığı peşəkar mühit indi də lazımınca qorunur. İnstitut öz bazasında topladığı yüksək hazırlıqlı professor-müəllim heyəti ilə həkimlərin təkmilləşdirilməsi və ixtisaslarının artırılması sahəsində uğurlar əldə edən, mütərəqqi təcrübənin öyrənilərək elmi-praktiki müstəvidə tətbiqinə böyük diqqət yetirən və beynəlxalq əlaqələrini davamlı genişləndirən mərkəz kimi nüfuz qazanmışdır.

    Bu baxımdan beynəlxalq miqyaslı belə mühüm bir tədbirin məhz İnstitutun 90 illik yubileyinə həsr olunması rəmzi məna daşıyır. Əminəm ki, konqres azərbaycanlı mütəxəssislərin öz xarici həmkarları ilə əməkdaşlığını daha da möhkəmləndirəcək, insanlara göstərilən tibbi yardımın keyfiyyətinin yüksəldilməsi və ümumilikdə tibb elminin inkişafı işinə töhfəsini verəcəkdir”.

  • Vilayət Eyvazov bu vəzifəyə seçildi

    Azərbaycan Atıcılıq Federasiyasının ümumi yığıncağı keçirilib.
     
    Median.Az-ın məlumatına görə, Federasiyanın baş katibi Emin Cəfərov 2022–2025-ci illər ərzində Azərbaycan Atıcılıq Federasiyasının fəaliyyəti, keçirilən yarışlar, əldə olunan nəticələr barədə hesabat verib.
     
    Hesabatda vurğulanıb ki, beynəlxalq yarışlarda iştirak etmək üçün ümumilikdə 66 idmançı cəlb edilib, onlardan 27-si müxtəlif əyarlı medallar qazanması göstəriciləri 80 faiz artırıb. Güllə və stend atıcılığı növü üzrə idmançılar beynəlxalq yarışlarda 21 qızıl, 33 gümüş, 31 bürünc olmaqla 85 medal əldə ediblər. Milli yığma komandanın üzvü Nigar Nəsirova 2025-ci il Dünya Çempionatında 50 metr məsafəyə tapançadan güllə atıcılığı üzrə dünya rekordunu yeniləyib.
     
    Daha sonra Azərbaycan Atıcılıq Federasiyasının Nizamnaməsi səsvermə yolu ilə yeni redaksiyada qəbul olunub. Ardınca federasiyanın rəhbərliyinə seçkilər keçirilib.
     
    Səsvermənin nəticələrinə əsasən, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov növbəti 4 il müddətinə yenidən Azərbaycan Atıcılıq Federasiyasının prezidenti seçilib.
     
    İsmət Əliyev, Zemfira Meftaxetdinova, Tofiq Bəylərov vitse-prezident, Tamirlan Hacıyev, Aynur Cəfərova və Nigar Nəsirova İdarə Heyətinin üzvü seçiliblər.
     
    Sonda federasiya prezidenti Vilayət Eyvazov çıxış edib, göstərilən etimada görə təşəkkürünü bildirib və federasiyanın qarşıdakı fəaliyyət planları barədə danışıb.


  • “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası” təsdiqlənib

    “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası” təsdiq edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.

    Fərmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay müddətində aşağıdakıları müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğlərini, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə fiziki və hüquqi şəxslər arasında su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə dair müqavilənin formasını, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

  • Paşinyan Azərbaycandan Ermənistana neft məhsullarının tədarükündən danışdı

    Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan neft məhsullarının ilk partiyasının Ermənistana göndərilməsini yüksək qiymətləndirib.

    Median.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə N.Paşinyan bu gün keçirdiyi brifinqdə bildirib.

    “Bilirəm ki, Azərbaycanda istehsal olunan neft məhsullarını daşıyan ilk qatar artıq Ermənistana yollanıb. Mən bu inkişafı yüksək qiymətləndirirəm”, – deyə o bildirib.

    Onun sözlərinə görə, ticarət özəl şirkətlər arasında aparılır, lakin bunun üçün siyasi şərait Bakı ilə İrəvan arasında bərqərar olan sülh sayəsində yaradılıb.

    “Həmçinin siyasi razılaşmalar da var idi. İlk razılaşma artıq reallıqdır”, – deyə Paşinyan əlavə edib.

    Qeyd edək ki, bu gün Biləcəri stansiyasından Azərbaycan neft məhsullarının ilk partiyası Ermənistana göndərilib.

  • Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları təltif ediliblər

    Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər.

    Median.Az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

    Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illiyi münasibətilə instiututun aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər:

    Cavad-zadə Mir-Riad Mir-Məmməd oğlu

    Eyvazov Təyyar Haşım oğlu

    Əfəndiyev Akif Zahid oğlu

    Meybəliyev Məmmədəli Tələt oğlu

    Məmmədova Nailə Yusif qızı

    Mirzə-zadə Valeh Ağasafa oğlu.

  • Prezident Qətər əmirini təbrik edib

    Azərbaycan Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Əlahəzrət,

    Qətər Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

    Ortaq dini-mədəni dəyərlərə, qardaşlığa, İslam həmrəyliyinə əsaslanan Azərbaycan-Qətər münasibətlərinin səviyyəsi bizi sevindirir.

    Əminəm ki, qarşılıqlı etimad və dəstək üzərində qurulmuş dövlətlərarası münasibətlərimizi möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.

    Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, qardaş Qətər xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

  • Ombudsman: Əfv və amnistiya institutları humanizm prinsiplərinin hüquqi ifadəsidir

    Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu siyasətin mühüm tərkib hissəsini cəza siyasətində humanizm, mərhəmət və fərdi yanaşma prinsiplərinin tətbiqi təşkil edir. Əfv və amnistiya institutları məhz bu prinsiplərin hüquqi mexanizmləri kimi çıxış edərək, cəzanın tərbiyəvi mahiyyətinin gücləndirilməsinə və məhkumların cəmiyyətə yenidən islah olunmuş şəxs kimi qayıdışına xidmət edir.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva deyib.

    Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin insan hüquq və azadlıqlarının qorunması sahəsində həyata keçirdiyi hüquqi islahatlardan biri də cəza siyasətinin humanistləşdirilməsi, beynəlxalq hüquqi aktlarda və milli qanunvericilikdə təsbit olunmuş əsas təbii hüquqlardan biri olan yaşamaq hüququnun təmini ilə bağlı olmuşdur.

    Məlum olduğu kimi, 1993-cü ilin iyun ayından ölkəmizdə ölüm cəzasının tətbiqinə faktiki moratorium qoyulmuş və sonrakı beş il ərzində müxtəlif ağır cinayətlərə görə ölüm cəzasına məhkum edilmiş 120-dən çox şəxs barəsində ölüm hökmü icra olunmamışdır. Bunun ardınca isə Azərbaycan Respublikasında ölüm cəzasının ləğv olunması ilə əlaqədar Cinayət, Cinayət-Prosessual və İslah-Əmək Məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında 1998-ci il 10 fevral tarixli Qanuna əsasən, ölüm cəzasına məhkum olunmuş bütün məhkumların cəzası ömürlük azadlıqdan məhrum etmə ilə əvəz edilmişdir.

    Bir sıra ölkələrdə ölüm cəzasının ləğvi barədə hələ də qəti qərar qəbul edilmədiyi halda, cəza-icra siyasətinin humanistləşdirilməsi nəticəsində ən ağır cəza növü olan ölüm cəzasının Şərqdə ilk dəfə məhz bizim ölkədə cinayət qanunvericiliyindən çıxarılması humanizm prinsiplərinə əsaslanan dövlət siyasətinin parlaq təzahürü kimi qiymətləndirilərək dünyada böyük əks-səda yaratmışdır.

    Əfv və amnistiya aktları yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüquqlarının təmini baxımından xüsusi əhəmiyyətə malikdir. Buna görə də cəzanın humanistliyini, adekvatlığını və tərbiyəvi əhəmiyyətini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev 1995-ci ildə müstəqil dövlətimizin tarixində ilk əfv fərmanını imzalamaqla ölkəmizdə əfv institutunun bərpa edilməsinə nail olmuşdur. Beləliklə, 1995-2003-cü illər ərzində imzalanmış 32 əfv fərmanı və sərəncamı ilə ümumilikdə 3104 məhkum cəzanın çəkilməmiş hissəsindən azad olunmuşdur.

    Ombudsman vurğulayıb ki, Azərbaycanda amnistiya aktlarının qəbulunu müsbət bir ənənəyə çevirmiş Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş 7 amnistiya aktı nəticəsində 77 mindən artıq məhkum həbsdən azad edilərək ailələrinə və cəmiyyətə qovuşmuşdur.

    Əsası Ümummilli Lider tərəfindən qoyulmuş humanizm siyasətinə sadiq qalan ölkə Prezidenti İlham Əliyevin də hazırkı rəhbərliyi dövründə əfv sərəncamlarının imzalanması və amnistiya aktlarının qəbulu təşəbbüsünun irəli sürülməsi təcrübəsi uğurla davam etdirilir.

    Qeyd etmək lazımdır ki, 1995-2025-ci illər ərzində əvvəlcə Ulu Öndər Heydər Əliyevin, sonra isə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzalamış olduqları ümumilikdə 71 əfv fərman və sərəncamları, 1996-cı ildən başlayaraq qəbul olunmuş 12 amnistiya aktı minlərlə məhkumun cəzanın çəkilməyən hissəsindən azad edilməsi ilə nəticələnmişdir.

    Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən hələ Milli Məclisin deputatı olduğu dövrdə irəli sürülmüş təşəbbüs əsasında 4 amnistiya aktının qəbul olunması, sonuncu akt əsasında isə 10 min məhkumun azadlığa qovuşması ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

    Təbii ki, dövlətin mütəmadi olaraq davam etdirdiyi humanizm siyasəti məhkumlarda, onların ailə üzvləri və digər yaxınlarında böyük sevinc hissi doğurmuş, eyni zamanda cəmiyyətdə ciddi tərbiyəvi məzmun kəsb etmişdir.

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) öz mandatına uyğun olaraq, ötən il ərzində də azadlıqdan məhrumetmə yerlərində saxlanılan şəxslərin hüquqlarının müdafiəsi, onların müraciətlərinə baxılması və fərdi yanaşmanın təmin edilməsi istiqamətində ardıcıl fəaliyyət göstərmişdir. Bu çərçivədə Ombudsman tərəfindən təqdim edilən müraciətlər əsasında bir sıra hallarda əfv institutundan istifadə edilmiş, humanizm prinsiplərinin real hüquqi nəticələr doğurması təmin olunmuşdur.

    “Müsbət haldır ki, humanist cəza siyasətinin davamı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən amnistiya aktı barədə qərar layihəsinin Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilməsi təşəbbüsü irəli sürülmüşdür. Növbəti amnistiya ilə bağlı qanun layihəsinin Milli Məclisə təqdim olunması dövlətin ardıcıl və sistemli humanist siyasətinin davamı kimi qiymətləndirilə bilər. Amnistiya aktları yalnız hüquqi mexanizm deyil, eyni zamanda sosial ədalətin, mərhəmətin və insan ləyaqətinə hörmətin təzahürüdür. Azərbaycan suverenliyinin tam bərpa olunduğu, Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazilərində təmin edildiyi tarixi bir mərhələdə bu təşəbbüs dövlətin gücünü və hüquqi yetkinliyini nümayiş etdirir.

    Həmçinin qeyd edək ki, son illərdə Azərbaycan Respublikasında bir sıra əməllərin dekriminallaşdırılması, alternativ cəzaların tətbiqinin genişləndirilməsi və azadlıqdan məhrumetmənin son çarə kimi nəzərdə tutulması hüquqi islahatların əsas istiqamətlərindəndir. Bu yanaşma beynəlxalq hüquq normalarına uyğun olmaqla yanaşı, insan hüquqlarının müdafiəsi baxımından da mühüm əhəmiyyət daşıyır.

    Ombudsman tərəfindən həyata keçirilən monitorinqlər, qəbul edilmiş müraciətlərin araşdırılması və aidiyyəti dövlət orqanları ilə aparılan yazışmalar nəticəsində əfv olunmuş şəxslərin ailə mühitinə qovuşması, sosial adaptasiya imkanlarının genişlənməsi və onların cəmiyyətə reinteqrasiyası baxımından mühüm nəticələr əldə edilmişdir. Bu fəaliyyət eyni zamanda penitensiar sistemdə hüquqi nəzarətin və şəffaflığın gücləndirilməsinə xidmət etmişdir.

    Ombudsman institutu amnistiya aktının qəbul edilməsi və icrası prosesində də öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarının təmin olunması, cəzadan azad edilən şəxslərin hüquqlarının qorunması və onların cəmiyyətə uğurlu reinteqrasiyası istiqamətində fəaliyyətini gücləndirəcək.

    Beləliklə, növbəti amnistiya ilə bağlı qanun layihəsinin Milli Məclisə təqdim olunması Azərbaycan dövlətinin insan hüquqlarına sadiqliyinin, hüquqi islahatlara və humanist dəyərlərə əsaslanan siyasətinin bariz nümunəsidir.

    Azərbaycan Ombudsmanı olaraq ölkə başçısının bu təşəbbüsünü insan hüquq və azadlıqlarının təmin edilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətin sağlam inkişafı baxımından mühüm addım kimi dəyərləndirirəm.

    Bu istiqamətdə atılan addımlar bir daha göstərir ki, Azərbaycan Respublikasında hüquq sistemi yalnız qanunun aliliyini deyil, insan ləyaqətinin qorunmasını da əsas məqsəd kimi qarşıya qoyur”, – deyə Səbinə Əliyeva qeyd edib.

  • Nazirlər Kabineti yanacaqdoldurma və qaz təchizatı obyektləri ilə bağlı qərar verib

    Nazirlər Kabineti “Yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılması və istismarına ümumi lisenziya”, “Yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılmasına xüsusi lisenziya” və “Yanacaqdoldurma və qaz təchizatı obyektlərinin istismarına xüsusi lisenziya” blanklarının formalarını təsdiq edib.

    Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

    Yeni formalar hökumətin “Lisenziya blanklarının və əlavələrinin hazırlanmasına sifarişin verilməsi, onların bölgüsünün həyata keçirilməsi, blanklardan istifadənin uçotunun və hesabatının aparılması Qaydası”nın və lisenziya, ümumi lisenziya, xüsusi lisenziya blanklarının və əlavələrinin formalarının təsdiq edilməsi haqqında” 5 avqust 2016-cı il tarixli qərarına əlavə edilib.

  • Əbu-Dabidə İlham Əliyevin BƏƏ Prezidenti ilə görüşü olub (FOTO)

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkədə səfərdədir.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dekabrın 17-də Əbu-Dabidə Prezident İlham Əliyevin Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olub.

    Sonra Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin dövlət başçıları “Gələcəyin oyunları 2025” adlı illik qlobal idman turnirinin açılış mərasimində iştirak ediblər.