Category: Siyasət

  • Ərdoğan: Azərbaycanla Ermənistan arasında sülh sazişinə doğru mühüm mərhələ yaxınlaşır

    Azərbaycan və Ermənistan arasında uzun illərdir gözlənilən sülh sazişinin imzalanması real mərhələyə daxil olub. Tərəflər bu məqsədə indiyədək olmadıqları qədər yaxınlaşıblar.

    Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Beştəpədə keçirilən Türkiyə səfirlərinin 16-cı toplantısında çıxışı zamanı danışıb.

    Türkiyə lideri bildirib ki, uzun müddət münaqişə və gərginliklə yadda qalan Cənubi Qafqaz regionu hazırda tarixi dönüş nöqtəsini yaşayır. Onun sözlərinə görə, Azərbaycanla mövcud dialoq mühiti fonunda Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində addımlar atmaqdadır.

    “Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına heç vaxt bu qədər yaxın olmamışıq. Biz də Azərbaycanla qarşılıqlı anlaşma çərçivəsində Ermənistanla normallaşma prosesini davam etdiririk. Ümid edirik ki, gələn ilin əvvəlindən etibarən bu prosesdə rəmzi, lakin əhəmiyyətli addımların şahidi olacağıq”, – deyə Ərdoğan vurğulayıb.

  • İlham Əliyev Bəhreyn kralını təbrik edib

    Azərbaycan Prezidenti İlham Əliyev Bəhreynin Kralı Şeyx Həməd bin İsa Al Xəlifəyə təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən məktubun mətnini təqdim edir:

    “Bəhreyn Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

    Bu il Azərbaycanın Bəhreyndə Səfirliyinin təsis edilməsi ikitərəfli münasibətlərimizin yeni müstəviyə keçməsinin bariz nümunəsi, böyük potensiala malik əlaqələrimizin bütün sahələrdə inkişaf etdirilməsinə verdiyimiz önəmin təzahürüdür.

    İnanıram ki, xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğun olaraq qarşılıqlı etimad və hörmət üzərində qurulmuş Azərbaycan-Bəhreyn ənənəvi dostluq əlaqələrinin və əməkdaşlığının dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

    Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, dost Bəhreyn xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

  • Prezident: “Azərbaycan dövləti həmkarlar ittifaqlarının azad fəaliyyəti üçün geniş imkanlar yaradıb”

    “Azərbaycan dövləti həmkarlar ittifaqlarının müstəqil və sərbəst fəaliyyət hüququnu qanunvericilik çərçivəsində tam təmin edir və bu sahədə onların azad fəaliyyəti üçün geniş imkanlar yaradıb”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayının iştirakçılarına müraciətində yer alıb.

    Dövlətimizin başçısı, həmçinin qeyd edib ki, sahə həmkarlar ittifaqlarının sosial tərəfdaşlarla səmərəli əməkdaşlığın dərinləşdirilməsinə və qarşılıqlı etimad mühitinin formalaşdırılmasına, kollektiv məsuliyyətin artırılmasına xüsusi diqqət yetirilməlidir.

  • Prezident: “Azərbaycan həmkarlar ittifaqları respublikanın ictimai və sosial həyatında önəmli yer tutur”

    “Azərbaycan həmkarlar ittifaqları çoxşaxəli fəaliyyəti, əmək münasibətlərinin inkişafında rolu və vətəndaş cəmiyyətinin möhkəmlənməsinə verdiyi töhfələrlə respublikanın ictimai və sosial həyatında önəmli yer tutur”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayının iştirakçılarına müraciətində yer alıb.

    Dövlətimizin başçısı qeyd edib ki, ölkəmizdə işçilərin əmək və sosial-iqtisadi hüquqlarının qorunması, layiqli iş şəraitinin yaradılması, sosial tərəfdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi sahəsində əhəmiyyətli addımlar atılır. Müasir dövrün çağırışlarına çevik uyğunlaşmaq, həmkarlar ittifaqları üzvləri ilə sıx əlaqələr qurmaq, xidmətləri rəqəmsallaşdırmaq, müvafiq sahələrdə süni intellektin tətbiqi imkanlarını genişləndirmək, xidmət keyfiyyətini və məmnunluq səviyyəsini yüksəltmək xüsusi əhəmiyyət daşıyır.

  • İlham Əliyev AHİK-in qurultayının iştirakçılarına müraciət ünvanlayıb

    Prezident İlham Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayının iştirakçılarına müraciət ünvanlayıb.

    Median.Az President.az-a istinadən müraciətin tam mətnini təqdim edir:

    “Hörmətli Qurultay iştirakçıları!

    Sizi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayında salamlayıram.

    Azərbaycan həmkarlar ittifaqları çoxşaxəli fəaliyyəti, əmək münasibətlərinin inkişafında rolu və vətəndaş cəmiyyətinin möhkəmlənməsinə verdiyi töhfələrlə respublikanın ictimai və sosial həyatında önəmli yer tutur.

    Ölkəmizdə işçilərin əmək və sosial-iqtisadi hüquqlarının qorunması, layiqli iş şəraitinin yaradılması, sosial tərəfdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi sahəsində əhəmiyyətli addımlar atılır. Müasir dövrün çağırışlarına çevik uyğunlaşmaq, həmkarlar ittifaqları üzvləri ilə sıx əlaqələr qurmaq, xidmətləri rəqəmsallaşdırmaq, müvafiq sahələrdə süni intellektin tətbiqi imkanlarını genişləndirmək, xidmət keyfiyyətini və məmnunluq səviyyəsini yüksəltmək xüsusi əhəmiyyət daşıyır. Beynəlxalq əmək standartlarına uyğun fəaliyyət, dünya həmkarlar hərəkatı ilə əməkdaşlıq və qarşılıqlı təcrübə mübadiləsi həmkarlar ittifaqlarının nüfuzunun daha da artırılmasına xidmət edir. Güclü və sağlam vətəndaş cəmiyyətinin inkişafında, həmrəyliyin möhkəmlənməsində həmkarlar ittifaqları mühüm işlər görür.

    Respublikamızın dinamik sosial-iqtisadi inkişafı, “yaşıl iqtisadiyyat”a ədalətli keçid, süni intellektin əmək bazarına təsiri həmkarlar ittifaqlarının qarşısında məsuliyyətli və strateji vəzifələr qoyur, onları daha fəal olmağa sövq edir. İşçilərlə işəgötürənlər arasında sosial dialoqun əsas tərəfdaşı və əmək dəyərlərinin qoruyucusu kimi çıxış edən həmkarlar ittifaqları peşə birliklərinin möhkəmləndirilməsi, işçilərin maarifləndirilməsi, əmək hüquqları sahəsində onların bilik və bacarıqlarının artırılması prosesində yaxından iştirak etməlidir. Bütün bunlar əmək münasibətlərinin düzgün tənzimlənməsinə, sosial ədalətin və qarşılıqlı məsuliyyətin təmin olunmasına xidmət edir.

    Azərbaycan dövləti həmkarlar ittifaqlarının müstəqil və sərbəst fəaliyyət hüququnu qanunvericilik çərçivəsində tam təmin edir və bu sahədə onların azad fəaliyyəti üçün geniş imkanlar yaradıbdır.

    Sahə həmkarlar ittifaqlarının sosial tərəfdaşlarla səmərəli əməkdaşlığın dərinləşdirilməsinə və qarşılıqlı etimad mühitinin formalaşdırılmasına, kollektiv məsuliyyətin artırılmasına xüsusi diqqət yetirilməlidir.

    Hörmətli Qurultay iştirakçıları!

    Əminəm ki, Azərbaycan həmkarlar ittifaqları bundan sonra da üzvlərinin hüquq və maraqlarını əzmlə müdafiə edəcək, əmək münasibətlərinin müasir və sivil əsaslarla tənzimlənməsinə, bütünlükdə ölkəmizin sosial-iqtisadi inkişafına töhfələr verəcəkdir.

    Hesab edirəm ki, bu Qurultay həmkarlar hərəkatının yeni çağırışlara uyğun inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və təkmil fəaliyyət strategiyasının formalaşması baxımından böyük önəm daşıyacaqdır.

    Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayının işinə uğurlar arzulayıram”.

  • Leyla Əliyeva şamaxılı ailənin qonağı olub (Video)

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva şamaxılı ailənin qonağı olub.

    Leyla Əliyeva bu barədə “Instagram” hesabında paylaşım edib.

    “Şamaxı rayonunun Şirvan kənd sakini İxtiyar Qocayevin və Meysəri kənd sakini Vəli Şahverdiyevin evlərində qonaq olduq.

    Səmimi qonaqpərvərliyə görə təşəkkür edirəm”, – deyə Leyla Əliyeva qeyd edib.

  • Prezidentdən amnistiya təşəbbüsü – 20 mindən çox şəxsə şamil olunacaq

    Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası sayəsində müstəqil Azərbaycan dövləti qurulub möhkəmlənib, Ulu Öndərin rəhbərliyi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini yaradıb.

    Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və uzaqgörən strategiyası, sarsılmaz liderliyi və Silahlı Qüvvələrimizin misilsiz qəhrəmanlığı sayəsində Vətən müharibəsində qazandığımız Zəfər və lokal xarakterli antiterror əməliyyatı nəticəsində suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa edilib.
    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb.
    Amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.
    Bununla yanaşı, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaq.

    Azərbaycan Prezidenti tərəfindən Azərbaycan Milli Məclisinə təqdim olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.

  • Türkiyə Prezidenti: Naxçıvan Sazişi Türk dünyası üçün bir dönüş nöqtəsi idi

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişinin əhəmiyyətindən danışıb.

    APA-nın xəbərinə görə, Ərdoğan deyib ki, Naxçıvan Sazişi Türk dünyası üçün bir dönüş nöqtəsi olub.

    Onun sözlərinə görə, 2021-ci ildə TDT-nin İstanbul zirvəsində əməkdaşlığı daha bir üst səviyyəyə qaldırıblar, Türk dövlətləri arasında hər sahədə keçmişlə müqayisə olunmayacaq dərəcədə sıx əmədaşlıq qurulub.

  • Azərbaycanla Qazaxıstan arasında imzalanmış dörd sənəd təsdiq olundu

    Prezident İlham Əliyev Azərbaycanla Qazaxıstan arasında imzalanmış dörd sənədi təsdiqləyib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı dövlət başçısı müvafiq qanununla imzalayıb.

    Sənədə əsasən,

    – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş;

    – Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qazaxıstan Respublikasının Strateji Planlaşdırma və İslahatlar Agentliyi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu;

    – Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş;

    – Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Saziş təsdiq olunub.

    Qeyd edək ki, sənədlər 2025-ci il oktyabrın 21-də Astana şəhərində imzalanıb.

  • Azərbaycanla Əlcəzair arasında saziş TƏSDİQLƏNDİ

    Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

    Qeyd edək ki, saziş 2025-ci il noyabrın 4-də Əlcəzair şəhərində imzalanıb.