Category: Siyasət

  • Azərbaycan və Ermənistan Kəlbəcərdə demarkasiyaya başladı

    Azərbaycan və Ermənistan tərəfləri bir neçə gün öncə Geqarkunik bölgəsindəki Zod mədənində demarkasiya işlərinə başlayıb.

    Bu barədə Erməni KİV yazıb.

    Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın ofisi məlumatı təsdiqləyib: “Zod mədəninin sərhəd hissəsində Ermənistan və Azərbaycan Respublikasının nümayəndələri tərəfindən birgə sahə tədqiqat işləri aparılmışdır.

    Sərhəd demarkasiyası ilə bağlı işlər Ermənistan Respublikasının qanunvericiliyi və parlament tərəfindən təsdiq edilmiş “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında Dövlət sərhədinin demarkasiyası və Sərhəd Təhlükəsizliyi Məsələləri üzrə Komissiyanın və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Dövlət sərhədinin demarkasiyası üzrə Dövlət Komissiyasının birgə fəaliyyəti haqqında” Əsasnamə ilə tənzimlənir”.

    Qeyd edək ki, Zod qızıl yatağnın bir hissəsi Kəlbəcər rayonunun ərazisinə düşür.
    //unikal.az

  • Əli Əsədov Aşqabadda Neytrallıq Abidəsini ziyarət edib

    Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Aşqabadda keçirilən Beynəlxalq Neytrallıq Günü və Türkmənistanın daimi neytrallığının 30 illiyinə həsr olunmuş beynəlxalq forumda iştirak edib.

    Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

    Bildirilib ki, Baş nazir Əli Əsədov Aşqabadda Neytrallıq Abidəsinin önünə gül dəstəsi qoyub.

  • Azərbaycanın Baş naziri: “Bakı Türkmənistanın Neytrallıq Universitetinin yaradılması təşəbbüsünü dəstəkləyir”

    “Azərbaycan Türkmənistanın BMT-nin himayəsi altında Neytrallıq Universitetinin yaradılması təşəbbüsünü dəstəkləyir”.

    Bu barədə Azərbaycanın Baş naziri Əli Əsədov Türkmənistanın neytrallığının 30 illiyinə həsr olunmuş “Beynəlxalq sülh və etimad forumu”nda çıxışı zamanı bildirib.

    “Türkmənistanda BMT-nin himayəsi altında Neytrallıq Universiteti yaradılır. Azərbaycan Respublikası Türkmənistanın onun yaradılması üzrə təşəbbüsünü yüksək qiymətləndirir və universitetin fəaliyyətində fəal şəkildə iştirak etməyə hazır olduğunu ifadə edir”, – deyə Əsədov bildirib.

    Baş nazir vurğulayıb ki, Azərbaycan BMT-də Türkmənistan tərəfindən irəli sürülən neytrallıqla bağlı qətnamələri ardıcıl olaraq dəstəkləyib və “Beynəlxalq sülh və etimad ili – 2025” qətnaməsinə həmmüəllif kimi qoşulub.

    “Biz qardaş Türkmənistanın bu təşəbbüslərini qlobal sülh və təhlükəsizlik arxitekturasına mühüm töhfə kimi nəzərdən keçiririk”, – deyə hökumət başçısı vurğulayıb.

  • İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

    Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 22 il ötür.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

    Prezident İlham Əliyev ulu öndərin məzarı önünə əklil qoyub.

    Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

    Dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla anıblar, məzarı üzərinə gül dəstələri qoyublar.

    Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

    Azərbaycanın dövlətçilik tarixində xalqımızın ümummilli lideri Heydər Əliyevin xidmətləri bütöv bir epoxanı özündə ehtiva edir. Onun dahiyanə siyasi uzaqgörənliyi, dövlət quruculuğu sahəsində atdığı addımlar, müstəqil Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edən qərarları xalqımızın yaddaşında silinməz iz buraxıb. Ulu öndərin hakimiyyəti illərində ölkəmizin sabitliyə qovuşması, iqtisadiyyatın dirçəldilməsi, ordu quruculuğunun möhkəmləndirilməsi Azərbaycanın gələcək yüksəlişini təmin edən əsas dayaqlara çevrildi.

    Xalqımız ağır və taleyüklü dönəmlərdə ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasını dərin minnətdarlıqla xatırlayır. Məhz onun rəhbərliyi illərində Azərbaycan qarşılaşdığı təhlükələrdən xilas oldu, milli özünüdərk gücləndi, müstəqilliyimizin əbədiliyi üçün möhkəm təməllər qoyuldu. Hər il dekabrın 12-də və mayın 10-da minlərlə insanın Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət etməsi xalqın dahi övladının xatirəsinə əbədi ehtiramının və sədaqətinin bariz ifadəsidir.

    Ulu öndər Heydər Əliyevin ən böyük arzularından biri Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, Qarabağın azad edilməsi idi. Onun bu arzusu illər sonra öz layiqli davamçısı tərəfindən həyata keçirildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi və əzmkarlığı nəticəsində Ordumuz tarixi Zəfər qazandı, ölkəmizin ərazi bütövlüyü, suverenliyi bərpa olundu, üçrəngli bayrağımız işğaldan azad edilmiş şəhər və kəndlərimizdə ucaldıldı.

    Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın gücünü, həmçinin gələcəyə olan inamını əks etdirir. Azad olunan torpaqlarda yeni həyatın başlanması ümummilli lider Heydər Əliyevin dövlətçilik ideyalarının davamlılığının və uğurla həyata keçirilməsinin göstəricisidir.

    Ulu öndərin müəyyənləşdirdiyi inkişaf yolu bu gün də ölkəmizin siyasi və iqtisadi tərəqqisinin əsasını təşkil edir. Prezident İlham Əliyevin apardığı siyasət Azərbaycanın beynəlxalq arenada nüfuzunu artırıb, ölkəmizi bölgədə mühüm tərəfdaş və güclü dövlətə çevirib. Dövlətimizin milli maraqlarının qətiyyətlə müdafiə olunması, təhlükəsizlik və inkişaf strategiyasının ardıcıl şəkildə davam etdirilməsi dahi Heydər Əliyev idealarının yaşayaraq inkişaf etdiyini göstərir.

    Qəti şəkildə demək olar ki, Azərbaycan xalqı ümummilli Lider Heydər Əliyevin ideyalarına daim sadiq olacaq, onun müəyyənləşdirdiyi inkişaf yolu ölkəmizi daha böyük uğurlara doğru aparmaqda davam edəcək.

  • Arzu Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi – FOTO

    Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva rəsmi “Instagram” hesabında ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • Alyona Əliyeva: “Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik” – FOTO

    Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar paylaşım edib.

    Paylaşımda deyilir:

    “Ulu öndər Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik”.

  • Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib.

    Median.Az paylaşımı təqdim edir:

  • Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür

    Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümüdür.

    Azərbaycan xalqı bu gün Ümumilli Liderin xatirəsini hörmətlə anır.

    Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Memarlıq fakültəsində təhsil alıb. Müharibənin başlaması ona təhsilini başa çatdırmağa imkan verməyib. 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib. 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib.

    Təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib.

    1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olub.

    1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olub.

    Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verib.

    O, 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək xalqımıza qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

    1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.

    Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.

    1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zaman rəhbərliyində təmsil olunan şəxslər Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Prezidenti seçilib.

    1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Prezidenti seçilib.

    2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib və namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb. Həmin il dekabrın 12-də Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib.

    Heydər Əliyev dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını alıb, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunub. O, Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının professoru və həqiqi üzvü seçilib, Y.V.Andropov adına mükafata layiq görülüb. Rusiyanın yüksək mükafatı – Müqəddəs Apostol Andrey Pervozvannı ordeni ilə təltif olunması barədə Fərman imzalanıb. 20 yanvar 2001-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevə Moskva Dövlət Universitetinin “Fəxri professoru” adı verilib. 13 aprel 1999-cu ildə Prezident Heydər Əliyev Türkiyənin ən nüfuzlu – “Atatürk Sülh Mükafatı”na layiq görülüb. 27 mart 1997-ci ildə isə Kiyevdə H. Əliyevə Ukraynanın ali mükafatı “Yaroslav Mudrı” ordeni təqdim edilib.

    Ulu Öndər Azərbaycanda sosial rifahın bərbad vəziyyətdə olduğu, iqtisadiyyatın tənəzzülə uğradığı, vətəndaş qarşıdurmasının, eləcə də ermənilərlə müharibə şəraitinin hökm sürdüyü bir dövrdə hakimiyyətə gəlib. Bununla yanaşı, dünyada Azərbaycana qarşı yürüdülən ikili standartlar ölkənin az qala müvazinətinin itirilməsinə səbəb olmuşdu. Bütün bunların fonunda Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəlməklə ölkədə sabitlik və əmin-amanlıq bərpa edildi.

    Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə gələn zaman başlıca amalı Azərbaycanın işğal olunmuş torpaqlarını düşmən tapdağından azad etmək olub. O, ölkə rəhbəri olduğu müddətdə müasir Azərbaycanın qurucusuna çevrildi və gördüyü işlərlə, yürütdüyü siyasətlə xalqın əbədi rəğbətini qazandı. Qarabağın, Şərqi Zəngəzurun azad olunması üçün səylərini əsirgəməyən mərhum lider Azərbaycanda davamlı siyasətin əsasını qoydu. Ömrünün 80-ci ilində dünyasını dəyişsə də, onun adı, siyasəti və dəsti xətti əbədiyaşar ideologiyaya çevrildi. Məhz Ulu Öndərin əsasını qoyduğu siyasətin davamı olaraq bu gün Qarabağ da, Şərqi Zəngəzur da azaddır.

  • Məhkəmədə təqsirləndirilən şəxslərə son söz verilib – FOTO

    Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası dekabrın 11-də davam etdirilib.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

    İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

    Məhkəmə iclasında tərəflərə replika hüququndan istifadə etmək imkanı yaradılıb.

    Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev replikasında əvvəlcə təqsirləndirilən şəxslərin cinayətkar birlikdə rollarının mübahisələndirilməsinə dair hissə barədə danışıb.

    Xatırladıb ki, müdafiə tərəfinin fikrincə, cinayətkar birlik dünya təcrübəsinə əsasən, kriminal cinayətlərin törədilməsi üçün yaradılır.

    Dövlət ittihamını müdafiə edən prokurorun sözlərinə görə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla da təsdiqlənib ki, Birinci Qarabağ müharibəsi başlanmazdan bir neçə il əvvəl qeyd edilən cinayətkar dəstələr Ermənistan tərəfindən formalaşdırılmağa başlanmışdı: “Doğrudur, tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, həmin dəstələr həqiqətən də Ermənistan rəhbərliyi tərəfindən dəstəklənib və silahlandırılıb. Lakin sonradan biz gördük ki, həmin silahlı dəstələrin rəhbərləri və üzvləri Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma qurumda və Ermənistanda mühüm siyasi və hərbi postlar tutdular. Yəni, həmin dəstələr təsadüfi, özbaşına birliklər deyildi və sonradan da Azərbaycan ərazilərini işğal edən cinayətkar ordunun tərkib hissələrinə çevrildilər.

    Təqsirləndirilən şəxslərə gəldikdə, onlardan məsələn, David Manukyan Şuşa batalyonunun üzvü, Davit İşxanyan “28-ci Martuni” batalyonunun komandiri olub. Hansı ki, bu və digər batalyonlar məhz qeyd edilən qanunsuz dəstələrin adının dəyişmiş, daha mütəşəkkil və hərbiləşdirilmiş forması olub”.

    Dövlət ittihamını müdafiə edən prokuror bildirib ki, Azərbaycan Respublikasının ərazilərinin Ermənistan tərəfindən işğalı danılmaz həqiqət olmaqla məhkəmə iclasında təqdim edilmiş çoxsaylı sübutlar təsdiq edilsə də, bu fakt onun formalaşdırdığı cinayətkar birliyin əsas fiqurlarından olan hazırkı təqsirləndirilən şəxslərin məsuliyyətini azaltmır, onları məsuliyyətdən azad etmir.

    “Çünki qeyd edilən çoxsaylı cinayətlər məhz Ermənistanın hərbi və siyasi rəhbərliyinin təşkilatçılığı və dəstəyi ilə törədilsə də, hazırkı təqsirləndirilən şəxslərin müxtəlif vaxtlarda qoşulduğu cinayətkar birliyin də iştirakı ilə törədilib. Müəyyən vaxtlarda isə hazırda ittiham edilən şəxslərin bir qismi formal olaraq da Ermənistan dövlətinin hərbi və ya siyasi rəhbərliyində yer tutublar. Yəni, bu mənada, işğalın təşkilatçılığı, həyata keçirilməsi və saxlanması kontekstində Ermənistan dövləti və qondarma qurum vahid orqanizm kimi fəaliyyət göstərib”, – deyə dövlət ittihamçısı əlavə edib.

    O, daha sonra bildirib: “Məhkəmə istintaqında tədqiq olunan Davit İşxanyanın döyüş yolundan bəhs edən videomaterialdan görünür ki, Şuşaya hücum zamanı ona verilən tapşırıq köməyə gələn Azərbaycan Ordusunun qarşısını almaq idi. Yəni, o özü bilavasitə Şuşaya hücumda fiziki iştirak etməsə də, hərəkətləri ilə həmin hücuma zəmin yaradıb, yaxud hücumun qarşısının alınması ilə bağlı tədbirlərə imkan verməyib. Bu, tipik cinayətkar birliyin xüsusiyyətidir. Eynilə, Kəlbəcərdə hansısa kəndin işğalında iştirak edən, yolun bağlanması üçün post quran David Manukyan, Ağdamın kəndlərində qurulan postlarda əlində silah duran Melikset Paşayan, Qubadlı, Zəngilan və Ağdam rayonlarının işğalı zamanı artilleriya dəstəyi göstərmiş Lyova Mnatsakanyan, Ağdərə, Kəlbəcər və Tərtər rayonlarının işğalı zamanı, eləcə də Xocalının işğalında iştirak etmiş Madat Babayan və digərləri müvafiq olaraq ərazilərin işğalında təqsirlidirlər”.

    Dövlət ittihamçısı vurğulayıb ki, bütün hüquqi gerçəkliklərə bələd olmalarına baxmayaraq hazırkı təqsirləndirilən şəxslər cinayətkar birliyin qeyd edilən vahid məqsədlərinə (Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərinin Ermənistana birləşdirilməsinə – red.) çatmaq uğrunda öz üzərlərinə götürdükləri “funksiyalarını” icra ediblər.

    V.Əliyev çıxışının davamında Arkadi Qukasyanın müdafiəçisinin çıxışı ilə bağlı da ittiham tərəfinin mövqeyini bildirib: “Arkadi Qukasyanın müdafiəçisinin qeyd etdiyi kimi, onun jurnalist olması avtomatik şəkildə cinayətkar olması demək deyil, onun jurnalist fəaliyyəti siyasi tramplin olmayıb. O, məhz cinayətkar birliyin qeyd edilən məqsədlərinə çatmaq üçün üzərinə düşən “funksiyaları” icra etməklə cinayətkar birliyin digər üzvləri tərəfindən digər zorakı cinayətlərin törədilməsini asanlaşdırdığına görə, hakimiyyəti zorla ələ keçirmə cinayət əməlini törətdiyinə və sair əməllərinə görə məsuliyyətə cəlb edilib”.

    V.Əliyev daha sonra deyib: “Davit Allahverdiyan, David Babayan və digər təqsirləndirilən şəxslərin Birinci Qarabağ müharibəsi dövründə yaşlarının az olması ilə bağlı və sair fikirlər səsləndirilsə də, nəzərə alınmalıdır ki, qeyd olunan dövrə dair həmin şəxslərə ittiham elan edilməyib”.

    Zərərçəkmiş şəxslərin nümayəndəsi Şaiq Hüseynov çıxışında deyib ki, müdafiəçilərin mütləq əksəriyyətinin müdafiə nitqi formal mülahizələrə əsaslanıb: “Təkcə təkzibedilməz bir faktı qeyd etmək yetərlidir ki, iş üzrə təqsirləndirilən şəxslərin istisnasız olaraq hamısı tərk-silah edilməklə saxlanıldığı zaman ya onların üzərində, ya da yaşayış yerində aparılmış axtarış zamanı müxtəlif növ silah və döyüş sursatı aşkar edilərək götürülüb”.

    Vəkil bildirib ki, həm ibtidai, həm də məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin, demək olar hamısının törətdikləri əməldən səmimi peşmanlıq hissi keçirmədiyini nümayiş etdirmələri də nəzərə alınmalıdır.

    Ş.Hüseynov dövlət ittihamçılarının təklifi nəzərə alınmaqla, təqsirləndirilən şəxslərin barəsində ittiham hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

    Zərərçəkmişlərin digər nümayəndələri Aydın Hacıyev çıxışında təqsirləndirilən şəxslərə ədalətli cəza verilməsini məhkəmədən xahiş edib: “Təqsirləndirilən şəxslərə ədalətli cəza təyin etməklə, eyni zamanda, zərərçəkmiş şəxslərin hüquqları qismən də olsa bərpa edilmiş olar. Çünki onların konstitusion hüquqları, yaşamaq hüququ, təhlükəsizlik hüququ, mülkiyyət hüququ, mənzil hüququ, təhlükəsiz yaşamaq hüququ kimi hüquqları Ermənistan silahlı qüvvələrinin və təqsirləndirilən şəxslərin birbaşa fəaliyyətinin nəticəsi olaraq pozulub”.

    Zərərçəkmişlərin digər nümayəndəsi Rauf Abdullayev çıxışında təqsirləndirilən şəxslərin layiqli cəzaya məhkum olunmalarını məhkəmədən xahiş edib.

    Daha sonra replika hüququndan istifadə etmək üçün söz müdafiə tərəfinə verilib.

    Təqsirləndirilən şəxs Vasili Beqlaryanın müdafiəçisi Vüqar Heydərov beynəlxalq məhkəmə qərarlarına istinad edərək deyib ki, əgər şəxsin istintaqda verdiyi ifadə ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında ziddiyyət varsa, məhkəmə istintaqı zamanı verdiyi ifadə üstün götürülməlidir: “İbtidai istintaq zamanı verilmiş ifadə müstəntiq tərəfindən sübut toplama prosesidir. Ona görə də məhkəmə istintaqı üstün götürülməlidir”.

    O, müşavirə otağında qərar qəbul edərkən müdafiə etdiyi şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini əsas götürməyi məhkəmədən xahiş edib.

    Təqsirləndirilən Vasili Beqlaryanın müdafiəçisi Əzizağa Qafarov bildirib ki, ittiham tərəfi iştirakçılıqla bağlı halları düzgün qiymətləndirməyib, tövsif düzgün edilməyib.

    Təqsirləndirilən Arkadi Qukasyanın müdafiəçisi Pərvanə Qasımova məhkəmənin qanunçuluq, ədalət prinsiplərini əsas tutacağına inandığını deyib. O, A.Qukasyan barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

    Təqsirləndirilən David Manukyanın müdafiəçisi Dmitriy Zinçenko müdafiə etdiyi şəxsin vaxtilə hərbi qulluqçu olduğunu, əmrləri icra etdiyini deyib. O, D.Manukyan barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

    Təqsirləndirilən şəxs Davit İşxanyanın müdafiəçisi Aqşin Məmmədli, təqsirləndirilən şəxs Arayik Harutyunyanın müdafiəçisi Anar Məmmədov, təqsirləndirilən şəxs Bako Sahakyanın müdafiəçisi Nigar Mirbabayeva da replikalarında ittiham tərəfinin replikaları ilə bağlı öz arqumentlərini səsləndiriblər.

    Replikalar qurtardıqdan sonra təqsirləndirilən şəxslərə son söz verilib.

    Sədrlik edən Z.Ağayev bildirib ki, təqsirləndirilən şəxs son sözünü söyləyərkən onlara suallar verilməsinə yol verilmir.

    Təqsirləndirilən Levon Balayan çıxışında təqsirli olmadığını deyib və əlavə edib: “Mənim üstümdə silah olub, amma adamlara atəş açmamışam, atəşlər havaya açılıb”.

    Təqsirləndirilən şəxs Madat Babayan adam öldürmədiyini, təkcə havaya atəş açdığını bildirib.

    Təqsirləndirilən şəxs Qarik Martirosyan özünü təqsirli hesab etmədiyini bildirib.

    Təqsirləndirilən Melikset Paşayan qeyd edib ki, əvvəllər də dediyi kimi, Ağdamın kəndlərində olub, lakin orada döyüş əməliyyatlarında iştirak etməyib. Əlavə edib ki, 2023-cü ildə üç ay postda olub.

    Təqsirləndirilən Davit Allahverdiyan heç bir cinayət törətmədiyini, qanunlara tabe olduğunu söyləyib.

    Təqsirləndirilən şəxs Qurgen Stepanyan özünü təqsirli hesab etmədiyini bildirib.

    Təqsirləndirilən Erik Qazaryan 2021-2023-cü illərdə Ermənistan silahlı qüvvələrinin əsgəri olduğunu, xidmət dövründə hərbi xidmət borcunu yerinə yetirdiyini, ona qarşı irəli sürülmüş ittihamlarla bağlı özünü təqsirli bilmədiyini deyib.

    Təqsirləndirilən Vasili Beqlaryan heç bir cinayət törətmədiyini, cinayətkar qrupun üzvü olmadığını, özünü təqsirli hesab etmədiyini söyləyib.

    Təqsirləndirilən David Manukyan çıxışında ittiham tərəfinin bildirdikləri ilə bağlı özünün əks arqumentlərini səsləndirib.

    Məhkəmədə fasilə elan olunduğundan, onun son söz çıxışı növbəti məhkəmə iclasında davam etdiriləcək.

    Məhkəmə prosesi dekabrın 19-da davam etdiriləcək.

    Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

    Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

  • XİN: Macarıstan və Azərbaycan arasında əldə olunan razılaşmalar ikitərəfli əməkdaşlığı daha da gücləndirəcək

    Macarıstan və Azərbaycan arasında əldə olunan razılaşmalar ikitərəfli əməkdaşlığı daha da gücləndirəcək və bütün regionda sabitlik, qarşılıqlı əlaqə və dayanıqlı inkişaf təşəbbüslərinə töhfə verəcək.

    APA xəbər verir ki, bu barədə Budapeştdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun həmsədrliyi ilə Azərbaycan-Macarıstan strateji dialoqunun 3-cü iclasından sonra keçirilən brifinqdə bildirilib.

    Tərəflər siyasi, iqtisadi, enerji, nəqliyyat, ekoloji və humanitar əməkdaşlıq sahəsində irəliləyişləri nəzərdən keçirərək Azərbaycan və Macarıstan arasında strateji tərəfdaşlığın davamlı gücləndiyini vurğulayıblar.