Category: Siyasət

  • ABŞ generalı Bakıdan sonra İrəvana getdi

    ABŞ-ın Avropa Komandanlığının tərəfdaşlıq, təhlükəsizlik sahəsində əməkdaşlıq və kütləvi qırğın silahlarına qarşı mübarizə üzrə direktor müavini general-mayor Kris Makkininin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistanda səfərdədir.
     
    Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
     
    Bildirilib ki, nümayəndə heyətinin səfərinin məqsədi 8 avqustda Ağ Evdə keçirilmiş sammitdə əldə olunan razılaşmaların dəstəklənməsidir.
     
    Kris Makkini 30 noyabr – 3 dekabr tarixlərində Bakıda səfərdə olub. Səfər çərçivəsində general-mayor Makkini Müdafiə Nazirliyində və Fövqəladə Hallar Nazirliyində görüşlər keçirib.

  • Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edildi – YENİ TƏYİNAT

    Şahin Məhərrəm oğlu Əliyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

    Dövlət başçısının digər sərəncamı ilə Rövşən Rəhim oğlu İsmayılov Ədliyyə Akademiyasının rektoru təyin edilib.

    Hər iki sərəncam imzalandığı gündən qüvvəyə minib.

  • Simonyan: “Yaxın gələcəkdə Ermənistan-Azərbaycan sərhədinin daha bir hissəsi delimitasiya olunacaq”

    Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanın yaxın gələcəkdə Ermənistan-Azərbaycan sərhədinin daha bir hissəsinin delimitasiya olunacağı fikrindədir.

    Median.Az-ın “Armenpress”ə istinadən xəbərinə görə, o, bu açıqlamanı Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbir çərçivəsində keçirilən brifinqdə verib.

    “Deməliyəm ki, bəzi məsələlərdə biz tələsirik, bəzi məsələlərdə Azərbaycan tərəfi tələsir, amma proses davam edir və mən düşünürəm ki, yaxın gələcəkdə biz sərhədin hansısa hissəsini delimitasiya edəcəyik”, – deyə Simonyan bildirib.

    O, məhz hansı hissədən söhbət getdiyini deməyib.

    Müddətlərə gəldikdə, spiker prosesin gələn ilin birinci rübündə baş tuta biləcəyini ehtimal edib.

    Qeyd edək ki, 2024-cü ilin iyun ayında Ermənistan və Azərbaycan delimitasiyanın birinci mərhələsinin başa çatdığını elan ediblər. Birinci mərhələdə Tavuş sektorunda sərhədin 12.6 kilometrlik hissəsi delimitasiya olunub. 2025-ci ilin yanvar ayında Ermənistan və Azərbaycan delimitasiya komissiyaları delimitasiyanın şimal hissədən, Ermənistan Respublikası, Azərbaycan Respublikası və Gürcüstan sərhədlərinin kəsişdiyi nöqtədən, daha sonra cənub istiqamətində, şimaldan cənuba, Ermənistan Respublikası və Azərbaycan Respublikasının İran İslam Respublikası ilə sərhədlərinə qədər davam etdirilməsi barədə razılığa gəliblər.

    Ermənistanın baş naziri Nikol Paşinyan tərəflərin 8 avqustda Vaşinqtonda razılıq əldə edildiyi və Ermənistan və ABŞ-nin üzərində birgə işlədiyi TRIPP marşrutunun keçəcəyi hissələrdə delimitasiya işlərini apara biləcələrini istisna etməyib.

  • Azərbaycanın Almaniyadakı səfiri Paşinyanla erməni dilində danışdı (Video)

    Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Ermənistanın baş naziri Nikol Paşinyanın Berlinə səfəri çərçivəsində onu erməni dilində salamlayıb.

    Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

    Paşinyana ermənicə: “Almaniyaya xoş gəldiniz”, – deyən azərbaycanlı səfir daha sonra ingiliscə danışığa keçib.

    Səfirin sözlərinə görə, regionda bir neçə il əvvəl təsəvvür edilməsi çətin olan böyük dəyişikliklər olub:

    “Bu, münasibətlərimizdə əldə etdiyimiz ən sabit və dinc dövrdür. Biz övladlarımıza və nəvələrimizə bu ağrılı və uzun sürən münaqişəni miras qoymadıq. Ümid edirəm ki, onlar həmişə sülh şəraitində yaşayacaqlar. Əlbəttə ki, Azərbaycan sülh gündəliyinin təşəbbüskarı olub”.

    O, Vaşinqton razılaşmalarının tam şəkildə yerinə yetiriləcəyinə ümid etdiyini də bildirib. Bu razılaşmaya Azərbaycanın əsas hissəsi və Naxçıvan bölgəsi arasında maneəsiz gediş-gəlişi təmin edəcək “Tramp marşrutu” (TRIPP) daxildir.

    Ağayev son maneəni də xatırladıb: Ermənistan konstitusiyasına dəyişiklik edilməsi.

    “Ümid edirik ki, bu da öz həllini tapacaq ki, biz sülh müqaviləsini rəsmən imzalaya bilək”, – deyə Ağayev bildirib.

  • İlham Əliyev “John Deere” şirkətinin Mərkəzi Asiya və MDB ölkələri üzrə prezidentini qəbul edib (FOTO)

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da “John Deere” şirkətinin Mərkəzi Asiya və MDB ölkələri üzrə prezidenti, “John Deere Walldorf International” MMC-nin baş icraçı direktoru Ksaba Leykonu qəbul edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Azərbaycanda kənd təsərrüfatının geniş potensialının olduğu vurğulanaraq, bu sahənin inkişafı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən işlər qeyd olunub.

    “John Deere” şirkətinin ölkəmizdə uğurla fəaliyyət göstərdiyini deyən qonaq əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını bildirib, Azərbaycanda pambıqçılıq sənayesi ilə bağlı irəli sürdükləri layihə barədə məlumat verib.

    Ksaba Leykon Bakıda şahidi olduğu inkişafın onda dərin təəssürat yaratdığını deyib.

    Görüşdə Azərbaycanla şirkət arasında əməkdaşlığın perspektivləri müzakirə olunub, təhsil və təlim mərkəzinin yaradılması, qarşılıqlı təcrübə, suvarma, logistika, pambıq və taxıl istehsalı dəyər zəncirinin rəqəmsallaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

    Qeyd edək ki, 1837-ci ildə ABŞ-də qurulmuş “John Deere” kənd təsərrüfatı, tikinti və meşəçilik avadanlıqlarının istehsalı ilə məşğul olan qlobal miqyasda aparıcı şirkətlərdən biridir. Şirkətin əsas fəaliyyət sahələrinə traktor, kombayn, pambıqyığan maşınların istehsalı daxildir. Ötən il ümumi gəliri 52 milyard ABŞ dollarına yaxın olan “John Deere”in 30-dan çox ölkədə zavodları və ofisləri fəaliyyət göstərir.


  • Bratislavada Prezident İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib (FOTO)

    Dekabrın 8-də Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin adından rəsmi ziyafət verilib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət başçıları ziyafətdə çıxış ediblər.



  • Leyla Əliyeva Bakıdakı beynəlxalq konfransdan paylaşım etdi – Video

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva rəsmi “Instagram” hesabında Heydər Əliyev Mərkəzində keçirilən “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” adlı beynəlxalq konfransdan paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • Baş nazir Milli Məclisin iclasında iştirak edir

    Milli Məclisin növbəti plenar iclası başlayıb.

    Parlamentdə növbəti ilin büdcə zərfi müzakirə edilir.

    İclasda Baş nazir Əli Əsədov da iştirak edir.
    //oxu.az

  • İlham Əliyev və Peter Pelleqrini Bratislavada Devin qəsrində olublar – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini dekabrın 8-də Bratislavada Devin qəsrində olublar.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, dövlətimizin başçısına Morava və Dunay çaylarının qovuşduğu məkanda yerləşən qədim qəsr barədə məlumat verildi.

    Bildirildi ki, Slovakiyanın rəmzlərindən biri olan Devin qəsri bu ölkənin milli mədəniyyət abidələri siyahısına daxildir. Yazılı mənbələrdə Devin adına ilk dəfə 864-cü ilə təsadüf edən salnamələrdə rast gəlinir. Qəsr 822-907-ci illərdə mövcud olmuş Böyük Moraviyanın tarixində mühüm rol oynayıb. XXIII əsrdə Devin macarların kral və sərhəd qalası olub. 1809-cu ildə Napoleonun ordusu qalanı minalayaraq, partladıb. 1896-cı ildə qalanın dağılmasının rəmzi olaraq burada abidə ucaldılıb. Birinci Dünya müharibəsindən sonra qala qalıqlarının üzərində olan dağ massivində ilk mağaralar aşkarlanıb. Ərazidə ümumilikdə fasilələrlə bir əsrdən artıqdır ki, arxeoloji araşdırmalar aparılıb. Minilliklər boyunca Devin qalası qədim insanların məskəni, eyni zamanda, tacirlər və döyüşçülər üçün toplanış yeri olub.










  • Heydər Əliyev Fondu ilə Həmdan Bin Rəşid Əl Maktum Fondu arasında əməkdaşlıq müzakirə edilib – FOTO

    Dekabrın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Həmdan Bin Rəşid Əl Maktum Fondunun ali sədri Şeyx Rəşid bin Həmdan bin Rəşid Əl Maktum arasında görüş keçirilib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Bakıda keçirilən “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” konfransında iştirakdan məmnunluğunu bildirən Şeyx Rəşid bin Həmdan bin Rəşid Əl Maktum süni intellekt üzrə tədbirlərin, bu sahədə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb, təhsil və sosial sahədə icra edilən proqram və layihələrin önəmindən danışıb.

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva hər iki qurum arasında əməkdaşlıq perspektivlərinin vacibliyini diqqətə çatdırıb.

    Şeyx Rəşid bin Həmdan bin Rəşid Əl Maktum Heydər Əliyev Fondunun İslam dünyasında və digər ölkələrdə təhsil, sosial dəstək layihələri üzrə “Həmdan-ICESCO” mükafatına layiq görülməsi münasibətilə bir daha təbriklərini çatdırıb.

    Leyla Əliyeva Heydər Əliyev Fondunun fəaliyyəti dövründə təhsil və sosial sahələrə hər zaman önəm verdiyini qeyd edib, Fondun “Həmdan-ICESCO” mükafatı ilə təltif olunmasına görə minnətdarlığını ifadə edib.