Category: Siyasət

  • Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

    Dekabrın 8-də Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini mətbuata bəyanatlarla çıxış ediblər.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

  • Prezident İlham Əliyevin Bratislavada rəsmi qarşılanma mərasimi olub – FOTO

    Dekabrın 8-də Slovakiyanın paytaxtı Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident Sarayında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

    Azərbaycanın və Slovakiyanın Dövlət himnləri səsləndirilib.

    Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

    Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

    Azərbaycanın nümayəndə heyətinin üzvləri Prezident Peter Pelleqriniyə, Slovakiyanın nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim edilib.

    Dövlət başçıları birgə foto çəkdiriblər.

    Prezident İlham Əliyev xatirə kitabını imzalayıb.










  • Şahin Mustafayev Abbas Əraqçı ilə görüşüb

    Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev İranın xarici işlər naziri Abbas Əraqçı ilə görüşüb.

    Bu barədə iranlı nazir özünün “Telegram” kanalında paylaşım edib.

  • DSK yanında Statistika Şurasının yeni tərkibi təsdiqlənib

    Dövlət Statistika Komitəsi (DSK) yanında Statistika Şurasının yeni tərkibi təsdiqlənib.

    Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Belə ki, şuraya İqtisadiyyat Nazirliyi Aparatının Makroiqtisadi proqnozlaşdırma və təhlil şöbəsi müdirinin müavini, statistika sektorunun müdiri Ceyhun Rafiq oğlu Həsənov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş katibinin müavini, Hüquq və sosial tərəfdaşlıq şöbəsinin müdiri Samir Allahverən oğlu Hüseynzadə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin hüquq məsələləri üzrə meneceri Cəlal Rövşən oğlu Abdullayev üzv kimi qəbul ediliblər.

  • Gürcüstan Azərbaycandan Ermənistana neft məhsullarının birdəfəlik ödənişsiz tranzitinə razılıq verib

    Gürcüstan Azərbaycandan Ermənistana neft məhsullarının ilk tranzitini ödənişsiz (pulsuz) həyata keçirəcək.

    Median.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyindən məlumat verilib.

    Bildirilir ki, bu, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin qərarıdır və tərəflər bununla bağlı məlumatlandırılıblar.

    Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi açıqlayıb ki, ölkə Azərbaycan neft məhsullarının Ermənistana ilk tranzitinə görə rüsum almayacaq.

    “Bu il dekabrın 5-də Tbilisi tərəfdaşlarından Gürcüstan ərazisindən keçməklə Azərbaycandan Ermənistana birdəfəlik yanacaq tranzitinin reallaşdırılması üçün müraciət alıb. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin qərarı ilə Gürcüstan Dəmir Yollarına göstəriş verilib ki, dərhal birdəfəlik əsasda yüklərin dəmiryolu ilə tamamilə pulsuz daşınması həyata keçirilsin”, – deyə nazirlik qeyd edib.

    Nazirlik əlavə edib ki, Gürcüstan Azərbaycanın və Ermənistanın strateji və etibarlı tərəfdaşı olub və belə olaraq da qalır, eləcə də regionda sülhü və sabitliyi dəstəkləyir.

    Qeyd edək ki, bir müddət əvvəl Gürcüstanın Azərbaycandan Ermənistana mümkün neft tranzitinə hər ton üçün 92 dollar rüsum tələb etdiyi ilə bağlı xəbərlər yayılmışdı.

    Xatırladaq ki, Rusiya buğdasının partiyası Ermənistanın “Ayrum” sərhəd dəmiryolu stansiyasına (Ermənistan-Gürcüstan sərhədi) noyabrın 5-də axşam, Qazaxıstan buğdası isə noyabrın 8-də çatıb. Bunlar Rusiyadan Azərbaycan və ya onun ərazisindən keçməklə Gürcüstana, daha sonra isə Ermənistana 35 il ərzində ilk birbaşa dəmiryolu daşınmaları idi (çünki Qazaxıstandan gələn buğda da Rusiya ərazisindən keçirdi).

  • Ceyhun Bayramovla Abbas Əraqçı mətbuata bəyanatlarla çıxış ediblər

    Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və iranlı həmkarı Seyid Abbas Əraqçı mətbuata bəyanatlarla çıxış ediblər.

    Mətbuat konfransı Azərbaycan XİN-də keçirilib.

  • Gürcüstanda Rusiya dizeli tam şəkildə Azərbaycan yanacağı ilə əvəzlənə bilər

    “Azərbaycanın dizel yanacağı Gürcüstanda Rusiyadan idxal olunan həcmi tamamilə əvəz edəcək”.

    Median.Az-ın Gürcüstanın “Business Press News” nəşrinə istinadən xəbərinə görə, bu barədə ölkənin Neft İdxalçıları Birliyinin rəhbəri Vaxtanq İobaşvili məlumat verib.

    Onun sözlərinə görə, bu, Azərbaycanın həmçinin Avropaya tədarük etdiyi yüksək keyfiyyətli “Avro-5” dizel yanacağıdır.

    Nəşr qeyd edir ki, oktyabr ayında Azərbaycandan yanacaq idxalı artaraq rekord 35.129%-ə çatıb:

    “Azərbaycandan dizel yanacağına tələbat artıq 40% artıb və artmaqda davam edəcək. Azərbaycanın dizel yanacağı Rusiyadan idxal edilən həcmləri tam şəkildə əvəzləyəcək. Bu, çox yaxşıdır. İlk növbədə, Bakı və Tbilisi logistik nöqteyi-nəzərdən bir-birinə yaxın yerləşirlər. Bu, şübhəsiz ki, qiymətlərdə müsbət yöndə əksini tapacaq. Rusiya çox böyük bir ölkədir və bu qədər böyük məsafədə dəmiryolu daşınmaları, digər logistik xidmətləri təbii ki, daha baha başa gəlir. Bakı 400 kilometr məsafədədir”.

    O, Gürcüstan üçün Azərbaycanın dizel yanacağının nə qədər ucuz başa gəldiyinə dair suala cavabında qeyd edib:

    “Azərbaycanın logistik xidmətləri Rusiya və ya digər uzaq ölkələr tərəfindən təqdim edilən xidmətlərə nisbətən daha ucuzdur, lakin qiymət “Plats”a əsasən formalaşır, buna görə də onlar bizə daha aşağı qiymətə təklif edə bilməzlər. Logistikanın nə qədər ucuz başa gəldiyi də nəzərə alınmalıdır. Bu istiqamətdə daim yeniliklər baş verir və hər şey həm bizim, həm də onların dəmir yollarında, eləcə də digər xidmətlərdə tariflərin necə olacağından asılıdır. Əslində, qiymətlər hər il dəyişir”.

  • İlham Əliyev “Global Infrastructure Partners” şirkətinin baş icraçı direktorunu qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 8-də qlobal infrastruktur investisiya idarəetmə şirkəti “Global Infrastructure Partners”in (GIP) təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesini qəbul edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) ilə “Global Infrastructure Partners” şirkəti arasında formalaşan tərəfdaşlığı yüksək qiymətləndirərək, Fondun şirkətlə birgə “Italo” sürətli dəmir yolu operatoru və London Qatvik hava limanı üzrə həyata keçirdiyi investisiyaların uğurlu əməkdaşlıq nümunələri olduğunu deyib. Ölkəmizin uzunmüddətli inkişaf strategiyasına toxunan dövlətimizin başçısı bu xüsusda “Global Infrastructure Partners” ilə tərəfdaşlığın əhəmiyyətini vurğulayıb.

    Adebayo Oqunlesi ARDNF ilə əməkdaşlığın səmərəli nəticələr verdiyini deyərək, şirkətin idarə etdiyi fondlara yatırdığı sərmayələrin iki qurum arasında etibarlı tərəfdaşlıq modeli formalaşdırdığını bildirib.

    Qonaq rəhbərlik etdiyi şirkətin hava limanlarının, logistika və nəqliyyat dəhlizlərinin optimallaşdırılması, enerji, o cümlədən bərpaolunan enerji üzrə beynəlxalq təcrübəyə malik olduğunu vurğulayaraq, enerji keçidi, nəqliyyat və rəqəmsal infrastruktur sahələrində Azərbaycanla əməkdaşlıqda marağını ifadə edib.

    Görüşdə şirkətin müxtəlif infrastruktur istiqamətlərində həyata keçirdiyi layihələr, qlobal enerji keçidi fonunda formalaşan yeni tendensiyalarla bağlı fikir mübadiləsi aparıldı, süni intellekt texnologiyalarının tətbiqi üzrə beynəlxalq təşəbbüslərdə əməkdaşlıq məsələləri müzakirə olunub.

    Qeyd edək ki, 2006-cı ildə yaradılan və 2024-cü ildə dünyanın ən böyük fəal idarəetmə şirkəti olan “BlackRock” tərəfindən satın alınan “Global Infrastructure Partners” hazırda təxminən 189 milyard ABŞ dolları məbləğində aktivləri idarə edir. “BlackRock” isə hazırda təxminən 14 trilyon ABŞ dollarına yaxın həcmdə aktivləri idarə etməklə, qlobal investisiya bazarında aparıcı mövqeyini qoruyur.

  • Seyid Abbas Əraqçı Şəhidlər xiyabanını ziyarət edib

    Ölkəmizdə səfərdə olan İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçının rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 8-də Bakıda Şəhidlər xiyabanını ziyarət edib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

  • Prezident görkəmli bəstəkarı TƏLTİF ETDİ

    Azərbaycanın görkəmli bəstəkarı Tofiq Bakıxanov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Sərəncama əsasən, Tofiq Əhməd Ağa oğlu Bakıxanov Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.