Category: Siyasət

  • Paşinyan İlham Əliyevə təşəkkür edib

    Ermənistan Respublikası AİB-in xarici iqtisadi əlaqələrinin coğrafiyasının genişləndirilməsinə xüsusi əhəmiyyət verir və bu sahəni Birliyin qlobal iqtisadiyyatdakı rolunun daha da gücləndirilməsində əsas amil hesab edir.

    Median.Az Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada keçirilən Avrasiya İqtisad Birliyinin Hökumətlərarası Şurasının iclasında bildirib.

    Onun sözlərinə görə, yeni azad ticarət sazişlərinin bağlanması təkcə dialoqu intensivləşdirməklə yanaşı, həm də AİB-in rəqabət qabiliyyətinin artmasına töhfə verir və regionda iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanlar açır.

    “İqtisadi əməkdaşlığın digər vacib elementi nəqliyyat və logistika sektorudur. Nəqliyyat infrastrukturunun şaxələndirilməsi ticarət dövriyyəsinin artmasına əlavə təkan verə bilər.

    Bu kontekstdə qeyd etmək istərdim ki, regionda baş verən müsbət dəyişikliklər iqtisadi əməkdaşlığın dərinləşməsi üçün yeni imkanlar açır. Regional kommunikasiyaların açılması bölgədə iqtisadi dayanıqlılığın gücləndirilməsi üçün mühüm amilə çevrilə bilər. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan ərazisindən Ermənistana göndərilən yüklərin tranzitinə icazə verilməsinə dair qərarını alqışlamaq istərdim. Bu, regionumuzda sülhün və sabitliyin bərqərar olmasında əldə edilən mühüm nailiyyətlərdən biridir”, – baş nazir qeyd edib.

    Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 21-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə bmətbuata birgə bəyanatda xüsusilə vurğulayıb ki, Azərbaycan işğal dövründən bəri mövcud olan Ermənistan istiqamətində yük tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırıb.

    “Həmçinin deməliyəm ki, Azərbaycan Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranziti məhdudiyyətlərini aradan qaldırıb. Belə bir ilk tranzit Qazaxıstanın Ermənistana taxıl yükü olub. Zənnimcə, bu, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülhün yalnız kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”,- deyə Prezident İlham Əliyev vurğulayıb.

  • Nikol Paşinyan İlham Əliyevin qərarını alqışladı

    “Cənubi Qafqazda kommunikasiyaların açılması Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri ilə əlaqələri gücləndirəcək”.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada Aİİ Hökumətlərarası Şurasının iclasında bildirib.

    “Qeyd etmək istərdim ki, regionda baş verən müsbət dəyişikliklər iqtisadi əməkdaşlığın dərinləşməsi üçün yeni imkanlar açır. Regional kommunikasiyaların açılması bölgədə iqtisadi dayanıqlılığın gücləndirilməsi üçün mühüm amilə çevrilə bilər”, – deyə o qeyd edib.

    Paşinyan həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan ərazisindən Ermənistana göndərilən yüklərin tranzitinə icazə verilməsinə dair qərarını alqışlayıb.

    “Bu, regionumuzda sülhün və sabitliyin bərqərar olmasında mühüm nailiyyətlərdən biridir”, – o əlavə edib.

  • İlham Əliyev Türkmənistan prezidentinə və Qurbanqulu Berdiməhəmmədova təbrik məktubları ünvanlayıb

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:

    “Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü münasibətilə Sizi və qardaş xalqınızı ürəkdən təbrik edirəm.

    1995-ci ilin dekabrın 12-də 185 ölkənin yekdil dəstəyi ilə BMT Baş Assambleyası tərəfindən Türkmənistanın daimi bitərəflik statusunu tanıyan qətnamənin qəbul edilməsi ölkənizin tarixinə qızıl hərflərlə həkk olunan əlamətdar hadisə idi. Bitərəflik siyasətini yürüdən ölkəniz ötən dövr ərzində bütün sahələrdə sürətlə inkişaf edərək əhəmiyyətli uğurlara imza atmışdır.

    Türkmənistanın bitərəflik statusu sülhsevərlik, dialoq və qarşılıqlı hörmət prinsiplərinə söykənən xalqınızın tarixi irsinə və adət-ənənələrinə əsaslanır. Bu gün Türkmənistanın daimi bitərəflik siyasəti regionda və qlobal səviyyədə sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində vacib rol oynayır.

    Biz ölkənizin bitərəflik siyasətinə daim hörmətlə yanaşırıq. Məhz bu səbəbdən Azərbaycan Respublikası həm 1995-ci, həm də 2015-ci illərdə BMT Baş Assambleyasının ölkənizin bitərəflik statusu ilə bağlı müvafiq qətnamələrinin həmmüəllifi olmuşdur.

    İnanıram ki, qardaş xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Türkmənistan dövlətlərarası münasibətlərinin xoş ənənələrini yaşatmaq və möhkəmləndirmək, strateji tərəfdaşlığımızı dərinləşdirmək yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

    Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, qardaş Türkmənistan xalqına isə daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

    Dövlətimizin başçısı Türkmən xalqının milli lideri, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədova da təbrik məktubu göndərib.

    Məktubda deyilir:

    “Əlamətdar tarix – Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü münasibətilə Sizi və qardaş xalqınızı səmimi-qəlbdən təbrik etməkdən böyük məmnunluq duyuram.

    Otuz il əvvəl dünya birliyi tərəfindən Türkmənistanın daimi bitərəflik statusunun tanınması ölkənizin dinamik və dayanıqlı inkişafına təkan verən və beynəlxalq aləmdə nüfuzunu gücləndirən mühüm hadisə və böyük tarixi nailiyyət idi.

    Türkmənistanın daimi bitərəflik siyasətinin mahiyyəti xalqınızın çoxəsrlik humanizm, sülhsevərlik və mənəvi-əxlaqi fəlsəfəsindən qaynaqlanır. Bu gün Türkmənistanın geniş beynəlxalq əməkdaşlığa yönəlmiş konstruktiv təşəbbüsləri qlobal sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, humanist dəyərlərin təşviqi kimi nəcib məqsədlərə xidmət edir. Eyni zamanda ölkəniz sülhsevər doktrinasını qlobal səhnədə fəal şəkildə təbliğ edərək qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə beynəlxalq dialoqun güclənməsinə töhfə verir.

    Azərbaycan qardaş və mehriban qonşu olan Türkmənistanın bitərəflik siyasətinə daim hörmətlə yanaşıb. Təsadüfi deyil ki, Azərbaycan Respublikası həm 1995-ci, həm də 2015-ci illərdə BMT Baş Assambleyasının ölkənizin bitərəflik statusu ilə bağlı müvafiq qətnamələrinin həmmüəllifi olmuşdur.

    Azərbaycan ilə Türkmənistan arasında əlaqələrin hazırkı səviyyəsi məmnunluq doğurur. Dövlətlərarası münasibətlərimizin, qardaşlığımızın möhkəmlənməsi istiqamətində şəxsən Sizin davamlı və qətiyyətli səylərinizi xüsusi qeyd etmək istərdim. Fürsətdən istifadə edərək Sizin bu il ərzində Azərbaycana iki səfərinizi, mənim də avqust ayında füsunkar Avazaya səfərimi, Sizinlə səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşlərimizi və söhbətlərimizi ən xoş təəssüratlarla xatırladığımı bildirirəm.

    Əminəm ki, Azərbaycan-Türkmənistan qardaşlıq bağlarını daha da möhkəmləndirmək və çoxşaxəli əməkdaşlığımızı yeni mərhələyə yüksəltmək yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

    Hörmətli Qurbanqulu Məlikquliyeviç, bu bayram günündə bir daha Sizə təbriklərimi çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkmənistan xalqına isə daim əmin-amanlıq və firavanlıq diləyirəm”

  • Paşinyan: “Əminəm ki, Azərbaycan nümayəndə heyətləri yaxın gələcəkdə Ermənistana səfər edəcəklər”

    “Balanslaşdırılmış və tarazlı xarici siyasət reallıqdır”.

    Median.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Hamburqda erməni jurnalistlərlə görüşü zamanı deyib.

    Paşinyan, həmçinin bu yaxınlarda səfər etdiyi ölkələri və paytaxtları sadalayıb – Moskva, Vaşinqton, Pekin, Tokio, İstanbul, Fransa, Almaniya, Qazaxıstan, Şarm əş-Şeyx, Əbu-Dabi, Danimarka və Gürcüstan.

    “2021-ci ilin hökumət proqramında regionallaşmaya həsr olunmuş xüsusi bölmə var. Bu il bizim bütün qonşu ölkələrin liderləri ilə görüşlərim və təmaslarım baş tutub. Həmçinin görüşlər çərçivəsində, eləcə də işgüzar və rəsmi səfərlər zamanı söhbətlər aparılıb. Bu il iki rəsmi nümayəndə heyətimiz artıq Azərbaycanda olub.

    Mən, həmçinin əminəm ki, yaxın gələcəkdə Azərbaycan nümayəndə heyətləri Ermənistana gələcək. Bu il qatar Ermənistan Respublikasına Azərbaycan ərazisindən daxil olub. Həmçinin neft məhsullarının idxalı məsələsi də müzakirə olunur. Yəni bu, nəhayət ki, uğur əldə etdiyimiz balanslaşdırılmış xarici siyasətdir. Biz bu uğurdan niyə imtina etməliyik? Biz bu uğuru inkişaf etdirməliyik. Əvvəllər biz deyirdik ki, Rusiyaya və ya Avrasiya İqtisadi İttifaqına zidd olaraq Avropa İttifaqı ilə münasibətləri inkişaf etdirmirik. Onlar isə cavab verirdilər ki, bu necə ola bilər? Məhz belə”, – deyə Paşinyan vurğulayıb.

  • Azərbaycanı Türkmənistanın bitərəfliyinin tanınmasının ildönümü ilə bağlı tədbirlərdə Baş nazir təmsil edəcək

    Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü ilə bağlı tədbirlərdə Azərbaycanı Baş nazir Əli Əsədov təmsil edəcək.

    Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla telefon söhbəti zamanı deyib.

    Prezident dekabrın 12-də Azərbaycanda ümummilli lider Heydər Əliyevin anım gününün keçirildiyini deyərək, Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü ilə bağlı keçirilən tədbirlərdə iştirak edə bilməyəcəyini bildirib, həmin tədbirlərdə Azərbaycanın Baş nazirinin iştirak edəcəyini vurğulayıb.

  • Ramil Usubov Viktor Mahmudovla görüşüb

    Dekabrın 10-da Təhlükəsizlik Şurasının katibi Ramil Usubov ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudovla görüşüb.

    Bu barədə Azərbaycan Təhlükəsizlik Şurası məlumat yayıb.

    Bildirilib ki, görüş zamanı dünyada baş verən qarşıdurmaların, hərbi-siyasi çağırış və təhdidlərin artdığı müasir dövrdə əməkdaşlığın və birgə səylərin vacibliyi, dövlətlərimizin başçıları İlham Əliyevin və Şavkat Mirziyoyevin siyasi iradələrinə uyğun olaraq, iki qardaş ölkə arasında strateji tərəfdaşlığın, səmərəli işbirliyinin ən müxtəlif sahələr üzrə inkişaf etdiyi diqqətə çatdırılıb.

    Söhbət zamanı hərbi və hərbi-texniki sahədə əlaqələrın daha da möhkəmləndirilməsinin, genişləndirilməsinin, o cümlədən qarşılıqlı təcrübə mübadiləsinin vacibliyi, bunun da təkcə Cənubi Qafqazda deyil, bütövlükdə Mərkəzi Asiyada sabitliyin və təhlükəsizliyin qorunması istiqamətində yeni imkanlar açacağına əminlik ifadə edilib.

  • İlham Əliyev keniyalı həmkarını təbrik etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Keniya Respublikasının Prezidenti Uillyam Samoei Rutoya təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:

    “Keniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

    Azərbaycan-Keniya münasibətlərinin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur. Biz böyük potensiala malik dövlətlərarası əlaqələrimizin inkişafına, müxtəlif sahələrdə, xüsusilə də energetika, kənd təsərrüfatı, sənaye və digər sahələrdə əməkdaşlığımızın genişlənməsinə böyük önəm veririk.

    Sentyabr ayında Nyu-Yorkda Sizinlə səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşümüzü ən xoş təəssüratlarla xatırlayıram. İnanıram ki, xalqlarımızın maraqlarına uyğun olaraq və mövcud imkanlardan istifadə edərək birgə səylərimizlə dostluq əlaqələrimizin möhkəmlənməsinə, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı səmərəli əməkdaşlığımızın dərinləşməsinə nail olacağıq.

    Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm”.

  • Bakıda Azərbaycan-Rusiya siyasi məsləhətləşmələri keçirildi

    Bakıda Azərbaycan-Rusiya siyasi məsləhətləşmələri keçirilib.

    APA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, 8-10 dekabr tarixlərində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin Bakıda Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Samir Şərifovla məsləhətləşmələr aparıb və Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən qəbul edilib.

    Bildirilib ki, məsləhətləşmələr zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında 9 oktyabrda Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində keçirilən görüşdən sonra çoxşaxəli Azərbaycan-Rusiya münasibətlərinin mövcud vəziyyəti və perspektivləri müzakirə edilib. İkitərəfli gündəlikdəki cari məsələlərə və onların həyata keçirilməsi planlarına xüsusi diqqət yetirilib. Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr də daxil olmaqla, 2026-cı il üçün təmaslar cədvəli nəzərdən keçirilib.

    “İki ölkə liderləri tərəfindən 22 fevral 2022-ci ildə imzalanmış Müttəfiq Əməkdaşlığı Bəyannaməsinin müddəalarına uyğun olaraq, bütün istiqamətlərdə siyasi dialoqu daha da gücləndirmək, ticarət, iqtisadi, mədəni və humanitar əməkdaşlığı genişləndirmək öhdəliklərini bir daha təsdiqlənib. Rusiya tərəfi iyunun sonu və iyulun əvvəlində Bakıda saxlanılan 11 Rusiya vətəndaşının tezliklə azad edilməsinin vacibliyini vurğulayıb.

    Bir sıra regional məsələlər, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və Rusiyanın 2020-2022-ci illərdə ən yüksək səviyyədə əldə edilmiş bir sıra üçtərəfli razılaşmalar əsasında bu prosesi asanlaşdırması ətraflı müzakirə edilib.

    Xəzər beşliyi çərçivəsində çoxtərəfli əməkdaşlığın gücləndirilməsinin vacibliyi təsdiqlənib.

    Cənubi Qafqazın problemlərinin region ölkələri və onların yaxın qonşuları tərəfindən həll edilməsini təmin etmək kontekstində 3+3 Regional Əməkdaşlıq Platformasının (Rusiya-İran-Türkiyə + Azərbaycan-Ermənistan-Gürcüstan) ritmik fəaliyyətinin qorunmasında qarşılıqlı maraq ifadə edilib.

    MDB və Avrasiya qitəsində fəaliyyət göstərən digər təşkilatlarla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qarşılıqlı maraq doğuran bir sıra beynəlxalq mövzular müzakirə edilib. Danışıqlar Rusiya-Azərbaycan münasibətləri üçün ənənəvi olan dostluq və etimad atmosferində keçib”, – Rusiya XİN-nin məlumatında qeyd olunub.

  • Leyla Əliyeva Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə görüşüb (FOTO)

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda keçirilən “Müasir cəmiyyətdə qadınların rolu: Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq əməkdaşlığın inkişafı” mövzusundakı beynəlxalq konfrans çərçivəsində dekabrın 10-da Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva ilə görüşüb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, görüş zamanı Azərbaycanla Özbəkistan arasında qarşılıqlı münasibətlər, o cümlədən Heydər Əliyev Fondu ilə Özbəkistanın “Zamin” Beynəlxalq İctimai Fondunun birgə əməkdaşlığının dövlətlərimizin yüksəksəviyyəli əlaqələrinə verdiyi töhfə vurğulanıb.

    Türkmənistanda keçirilən beynəlxalq konfransın qadınların siyasi və iqtisadi həyata fəal cəlb olunmaları, çoxtərəfli dialoqun və tərəfdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb. Qadınların həyatımızın müxtəlif sahələrində, o cümlədən təhsil və səhiyyə sahələrindəki mövqelərinin gücləndirilməsinin davamlı inkişafın təmin edilməsi üçün vacibliyi qeyd olunub.



  • İlham Əliyev Donald Trampa təşəkkür edib

    Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa məktub ünvanlayıb.

    Median.Az President.az-a istinadla xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli cənab Prezident.

    Səmimi məktubunuza görə Sizə dərin təşəkkürümü bildirirəm. Xoş sözlərinizi, sülh və sabitlik naminə səylərimizə dair fikirlərinizi yüksək qiymətləndirirəm.

    Münaqişələrin həllinə davamlı sadiqliyiniz, dialoqun irəlilədilməsində şəxsi iştirakınız və dünyanın müxtəlif bölgələrində gərginliyin azalmasına verdiyiniz töhfələr qəti inamıma görə, Nobel Sülh Mükafatı da daxil olmaqla, ən yüksək beynəlxalq tanınmaya tam layiqdir. Sizin qətiyyəti və məsuliyyəti rəhbər tutan liderliyiniz qlobal sülhün təşviqi uğrunda əsl xidmətin nümunəsidir.

    Əminəm ki, davamlı dialoq və əməkdaşlıq vasitəsilə tərəfdaşlığımız ölkələrimizdə və onun hüdudlarından kənarda da sülhün, təhlükəsizliyin və rifahın möhkəmlənməsinə xidmət edəcəkdir.

    Məktubunuzda ifadə olunan qarşılıqlı hörmət ruhuna və diqqətinizə görə səmimi minnətdarlığımı qəbul etməyinizi xahiş edirəm”.