Month: July 2019

  • Abşeronda evdən oğurluq edən keçmiş məhkum tutulub

    Median.Az xəbər verir ki, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 26-da rayon ərazisindəki evdən noutbuk və qızıl əşyalar oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Karev saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakı polisindən İrlandiya mediasına CAVAB

    Bakı Şəhər Baş Polis İdarəsi İrlandiya mətbuatında dərc olunan “Dandolk” oyunçuları ”Qarabağ”la qarşılaşma öncəsi qanunla üz-üzə gəlirlər” (“Dundalk players in Azerbaijan brush with the law ahead of Qarabag clash”) adlı məqaləyə münasibət bildirib.

    Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”a açıqlamasında deyib ki, “Dandolk” oyunçuları “Qarabağ”la qarşılaşma öncəsi qanunla üz-üzə gəlirlər” (“Dundalk players in Azerbaijan brush with the law ahead of Qarabag clash”) sərlövhəli məqalədə iddia olunan hallar araşdırılır.

    “İrlandiya mətbuatında dərc olunan məqalədən məlumatlıyıq. Müvafiq qorunan yerlər və obyektlər istisna olmaqla, paytaxtın küçə, park, xiyaban və meydanlarında foto-video çəkilişlərlə bağlı məhdudiyyət yoxdur. Polis tərəfindən paytaxtda ictimai asayişin təmin edilməsində qarşıya qoyulan vəzifələr yüksək əzm və peşəkarlıqla həyata keçirilir”, E.Hacıyev bildirib.

  • Azərbaycanda qadın müəllim “rüsvayçı materiallar”la şantaj edildi

    Hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilən Yaqub Zalovun məhkəmə qərarından verdiyi kasasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

    Median.Az teleqraf.com-a istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə baş tutan prosesdə Yaqub Zalovun ərizəsi elan olunub.

    Yaqub Zalov ərizəsində göstərib ki, hazırda kasasiya şikayətinə baxılmasını istəmir. Bu səbəbdən o, kasasiya şikayətinin baxışdan çıxarılmasını və geri qaytarılmasını xahiş edib.

    Hakim heyəti onun xahişini nəzərə alıb və kasasiya şikayəti baxılmamış saxlanılıb.

    Bakı Apelyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

    Daha sonra onların apelyasiya şikayətlərinin dəlilləri müəyyən edilib. Təqsirləndirilən şəxslər barələrində olan cəzanın yüngülləşdirilmələrini istəyiblər.

    Növbəti proses fevralın 11-də davam edəcək.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yaqub Zalov 5 il müddətinə azadlıqdan məhrum edilib.

    Digər təqsirləndirilən Səkinə Hümbətovanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. O, şərti cəza alıb və məhkəmə zalından sərbəst buraxılıb.

    Yaqub Zalov apelyasiya şikayəti verərək, cəzasının yüngülləşdirilməsini xahiş edib.

    Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə onun şikayəti təmin olunmayıb.

    Bundan sonra o, kasasiya şikayəti verib.

    İttihama görə, ötən ilin martında Bakı şəhər sakini Yaqub Zalov paytaxt sakini A.M. barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib, ondan 5100 manat alıb.

    Martın 12-də Suraxanı rayonunun Hovsan qəsəbəsində Yaqub Zalov yenidən həmin qadını hədələyib, 500 manat alarkən Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Araşdırma zamanı məlum olub ki, Yaqub Zalov bu əməli tanışı Səkinə Hümbətova ilə birgə törədib.

    Daha sonra hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla hədə-qorxu gəlmək) maddələri ilə ittiham elan edilib.

    Xatırladaq ki, zərərçəkmiş A.M. Bakı şəhərində məktəblərin birində müəllim işləyir.

  • Meteohəssas insanların diqqətinə: hava əlverişsiz olacaq

    Avqustun 1-2-də Abşeron yarımadasında isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsiz olacaq.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, avqustun 1-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 22-27, gündüz 33-38, Bakıda gecə 24-26, gündüz 35-37 dərəcə isti təşkil edəcək.

    Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz olacaq.

    Abşeron çimərliklərində mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə isti təşkil edəcək.

    Avqustun 1-də Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək, lakin Böyük və Kiçik Qafqazın bəzi yerlərində yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 24-29 dərəcə isti təşkil edəcək.

    Avqustun 1-2-də Abşeron yarımadasında isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

  • Cahangir Hacıyevin cinayət şəbəkəsi haqda sensasion araşdırma

    Amerikanın maliyyə media nəhəngi olan “Bloomberg” Azərbaycan Beynəlxalq Bankının keçmiş başçısı Cahangir Hacıyev, onun arvadı Zamirə Hacıyeva və qızı Leyla Mahmudova, həmçinin onlara Azərbaycandan Böyük Britaniyaya pulları yollayaraq, orada daşınmaz əmlak əldə etməyə yardımçı olmuş şirkətlər haqqında sensasion məqalə dərc edib.

    Məlum olduğu kimi, Cahangir Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 15 il müddətinə azadlıqdan məhrum edilib, arvadı Zamirə Hacıyeva isə pulların yuyulması ittihamı ilə Londonda məhkəmə qarşısına çıxıb.

    “2003-cü ildən 2015-ci ilə qədər Hacıyevlər Böyük Britaniyada tam bir varidat xərcləyiblər, – “Bloomberg” özünün uzun-uzadı hekayəsinə belə başlayır. – Onlar Londonun təmtəraqlı Naytsbric rayonundakı malikanəyə 11,5 milyon funt xərcləyiblər və daha 10,5 milyon funta məşhur Askot cıdırının yaxınlığındakı qolf meydançasını və klubunu alıblar. Onlar 42,5 milyon dollara yeni “Gulfstream” təyyarəsi əldə ediblər. Bundan başqa, 35 kredit kartının sahibi Zamirə Londonun ən məşhur univermağı olan “Harrods”da pullarını sağa-sola səpələyib. Yalnız bir həftə ərzində o, burada zərgərlik məmulatlarına, dizayner paltarlarına və digər mallara 725 min funt xərcləyib. 

    Eyni zamanda, 2008-ci ildə onun ərinin Azərbaycan Beynəlxalq Bankındakı maaşı illik cəmi 70 min 650 dollar təşkil edib, Zamirənin özünün isə ciddi gəlir mənbəyi olmayıb.

    Lakin xərclərlə gəlirlər arasında bu cür nəhəng fərqə baxmayaraq, bir sıra vasitəçilər – hüquqşünaslar, mühasiblər, investisiya məsləhətçiləri və digər mütəxəssislər – cütlüyə varidatlarını və aktivlərini Böyük Britaniyaya köçürməkdə kömək ediblər”.
     

    Daha sonra “Bloomberg” Cahangir Hacıyevə pulları Azərbaycandan yumaqda yardımçı olmuş şirkətlərin adlarını açıqlayır. “Bunların arasında fidusiar xidmətlər təqdim edən “Trident Trust” və multiailə ofisi adlandırılan “WernerCapital” var. Onlar Normand adalarında və Böyük Britaniyada hüquqi şəxslər yaradaraq, qolf-klubun alınmasına dəstək veriblər. Bunu NCA (Cinayətkarlıq mübarizə üzrə milli agentlik) bildirib.

    Londonda yerləşən “Werner Capital” ultravarlı müştərilərə xidmət göstərən hibrid investisiya şirkətlərindən biridir. Adətən, risklər çox yüksək olduğundan, banklar belə müştərilərlə işləməkdən imtina edirlər. Şirkət “Deutsche Bank AG” və “HSBC Holdings Plc”nin keçmiş başçısı Tomas Mateos Verner tərəfindən təsis edilib. “WernerCapital” bir çox xidmət növləri təklif edir – ailələrə malikanələrin alınmasında yardımdan tutmuş, vizaların alınmasına və uşaqların Böyük Britaniyanın ən yaxşı məktəblərinə daxil olmalarına qədər. 

    Zamirə Hacıyevanın işi üzündən bu şirkət NCA-in diqqət mərkəzinə düşüb və burada belə hesab edirlər ki, London bütün dünyadan çirkli pulları özünə cəlb edir, buna görə də, pulların yuyulması ilə mübarizəyə başlayıblar”.

    Gizlilik haqqına istinad edərək, Tomas Verner firmasının Hacıyevlər cütlüyü ilə münasibətlərini şərh etməkdən imtina edib. O yalnız qeyd edib ki, şirkətinin Böyük Britaniyanın maliyyə tənzimlənməsi və nəzarət idarəsi ilə heç vaxt problemləri olmayıb və NCA tərəfindən şübhələr üçün heç bir əsas yoxdur.

    “Trident Trust”ın Londondakı və Hernsi adasındakı ofisləri, Zamirə Hacıyevanın vəkilləri kimi, “Bloomberg”in sorğularına cavab verməyiblər. Amerika KİV-i xatırladır ki, Cahangir Hacıyev Londonda ilk daşınmaz əmlakını 2003-cü ildə əldə edib.
     

    “O, Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş şirkət vasitəsilə 2,5 milyon funt sterlinqə Naytsbricdə ev alıb. Halbuki, o vaxt onun maaşı 36 min dollardan da az idi.

    Hacıyevlərin ikinci mülkü Belqreyviya adlı elit rayonda qiyməti 3,2 milyon funt olan mənzil olub. 2006-cı ildə Zamirə Hacıyeva “Harrods” univermağının loyallıq proqramına qoşulub və sonrakı 90 gün ərzində orada “Louis Vuitton” və digər firmaların mallarına 15 min funtdan çox pul xərcləyib.

    2009-cu ilin dekabrında Cahangir Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş “Vicksburg Global” adlı şirkətdən istifadə edərək, Naytsbricdəki iqamətgahını taunhausa (ayrı-ayrı girişləri olan bir neçə çoxmərtəbəli mənzilli ev – red.) çevirib. İsveçrədəki özəl “Barclays” bank şöbəsi Hacıyevə evin alışı üçün 7,5 milyon funt sterlinq məbləğində ipoteka krediti təqdim edib və bu kredit bir neçə ildən sonra tamamilə qapanıb. Sənədləşdirmə ilə “Mishcon de Reya LLP.” şirkəti məşğul olub.

    2011-ci ildə “WernerCapital” İsveçrənin “EFGInternational” bank qrupu üçün Cahangir Hacıyevin kapitalı haqqında hesabat hazırlayıb. Həmin hesabata görə, Hacıyevin aktivləri 72,6 milyon dollar təşkil edib ki, bu məbləğə digər İsveçrə bankı olan “BordierCie”də qorunan 4,5 milyon və Azərbaycanda iki iqamətgah, Sardiniyada 15 milyon dollarlıq villa daxil edilib. 

    Eyni zamanda, siyahıda Londonun cənub-qərbində yerləşən Sent-Corces-Hill adlı nüfuzlu yaşayış məntəqəsində Uorreners adı altında 1,5 akrlıq (1 akr = 0,405 hektar) torpaq sahəsi olub. Bunun qiyməti 3,7 milyon funtdur”.
     

    2013-cü ildə “WernerCapital” Cahangir Hacıyevə daha mürəkkəb bir sövdələşməni həyata keçirməyə kömək edib – Berkşirin kənd yerində, yaşıllıq ərazidə yerləşən, 170 akr ərazisi olan “Mill Ride Country Club” qolf-klubunun alışı.

    “Bu məqsədlə “MRGC 2013” və “NaturaLtd.” şirkətləri yaradılıb ki, bunlar sənədlərə əsasən, Hernsidə yerləşirlər. Öz növbəsində “Natura” şirkəti “Western House Nominees” adlı hüquqi şəxsə məxsusdur, – “Bloomberg” davam edir. – Bunlar hamısı isə “Trident Trust” şirkətinin hissələri olub. Elə həmin ilin sentyabr ayının 9-da “Natura” qolf-klubu 10,5 milyon funt sterlinqə alıb.

    2016-cı ildə Cahangir Hacıyev həbs edildikdən sonra Zamirə “Christie’s” hərrac evi vasitəsilə özünə aid “Cartier”, “Boucheron” və “Van Cleef Arpels” kolleksiyalarından olan zinət əşyalarını satmağa başlayıb. 2016-cı ilin iyun ayına qədər o, 1,5 milyon funt toplayıb.

    2016-cı ilin aprelində Böyük Britaniyada yerli şirkətləri sxemə neçə vasitəçi şirkətin daxil olmasından asılı olmayaraq, son sahibkarlar barədə informasiyanı publik açıqlamağa məcbur edən qanun qəbul edilib.

    Elə həmin il “MRGC 2013” şirkəti 6 səhifəlik sənəd təqdim edib ki, həmin sənədə görə, Zamirə Hacıyeva trast vasitəsilə şirkətin azı 75 faizinə nəzarət edir. Lakin qanun qüvvəyə mindiyi gün Zamirəni Kiprdə yerləşən hüquq firmasının başçısı Andreas Georgiu əvəz edib”.

    2017-ci ildə Hacıyevlərin adından “Mill Ride” qolf klubunun sahibi olan “Natura” şirkəti Londonun “Savills” firmasından daşınmaz əmlakı 14,5 milyon funta satmağı xahiş edib. Lakin kompleks yoxlama aparıldıqdan sonra “Savills” bu işlə məşğul olmaqdan imtina edib.

    Ötən ilin payızında Zamirə Hacıyevanın qızı Leyla Mahmudova  “Christie’s”ə zərgərlik məmulatlarının növbəti partiyasının qiymətləndirilməsi xahişi ilə müraciət edib. “Boucheron” markalı sapfir boyunbağı 100 min funt, “Van CleefArpels” markalı mirvari boyunbağı 20 min funt həcmində qiymətləndirilib. Bu məbləğ onun ilkin qiymətindən (250 min funt) xeyli aşağıdır. 
     

    Cahangir həmin boyunbağını 10 il əvvəl İsveçrədən almışdı. NCA zinət əşyalarını müsadirə edib. “Christie’s”, Leyla Mahmudovanın vəkili kimi, şərh verməkdən boyun qaçırıb.

    “Lakin Zamirə Hacıyevanı daha çox Azərbaycana ekstradisiya olunması ehtimalı qorxudur ki, burada onu ərinin aqibəti gözləyir. İyun ayında məhkəmə iclasının gedişində Azərbaycanın maraqlarını təmsil edən vəkil Hacıyevanı pulların yuyulmasında ittiham edərək, onu mütəşəkkil cinayətkar qrupun üzvü adlandırıb. Zamirə məhkəmənin qərarını Naytsbricdəki evində gözləyir”, – Amerika KİV-i məqaləsini yekunlaşdırır.

    Xatırladaq ki, Zamirə Hacıyeva Böyük Britaniyada pulların yuyulmasına qarşı yeni qanunun tətbiq edildiyi ilk əcnəbi olub. O, Böyük Britaniyanın cinayətkarlıqla mübarizə üzrə milli agentliyi (NCA) tərəfindən qanunsuz əldə olunmuş vəsaitlərin leqallaşdırıklması ilə mübariqə üzrə qanun çərçivəsində həbs olunub.

    Z.Hacıyeveya qarşı vəsaitlərin mənimsənilməsi üzrə iki ittiham irəli sürülüb və o, istintaq təcridxanasına salınıb. Lakin sonradan onu 500 min funt sterlinq məbləğidə zamin müqabilində azadlığa buraxıblar. Hacıyevlərin Londondakı əmlaklarına həbs qoyulub.
     
    ///virtualaz.org

  • Avqust ayında qeyri-iş günlərinin sayı açıqlandı

    Avqust ayında 2 gün qeyri-iş günü olacaq.

    Median.Az xəbər verir ki, ayın 12-i və 13-ü Qurban bayramı münasibətilə qeyri-iş günüdür.

  • Həccə gedən azərbaycanlıların ilk qrupu avqustun 2-də yola düşəcək

    Azərbaycandan Həcc ziyarətinə gedən ilk zəvvar qrupu avqustun 2-də Səudiyyə Ərəbistanına yola düşəcək.

    Median.Az report-a istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin məlumatında avqustun 5-nə qədər 8 təyyarə reysi həyata keçiriləcəyi bildirilir.

    Gün ərzində iki təyyarə reysinin uçuşu nəzərdə tutulub.

    Qeyd olunub ki, 180 nəfərlik ilk qrup avqustun 2-də saat 03.34-də, ikinci qrup isə saat 14.50-də yola düşəcək.

    Bütün kvota dolub və viza sistemi bağlanıb.

    Səfər müddətində zəvvarları ümumilikdə 40 bələdçi müşayiət edəcək.

    Həcc ziyarətinin proqramına gəlincə, zəvvarlar ilk olaraq Ciddə şəhərinə yola düşəcəklər. Oradan da 90 km yol qət edib Məkkəyə gedəcəklər. Məkkədə əvvəl Ümrə əməli icra ediləcək və bir neçə gün sonra Həcc başlayacaq. Hicri Qəmər təqvimi ilə Zilhiccə ayının 9-da Ərəfat dağına çıxılacaq, 10-u qurban kəsiləcək. Zəbvvarlar iki gün Minada gecələyib Məkkəyə qayıdacaqlar. Orada digər Həcc əməlləri ediləcək. Məkkədən çıxan zəvvarlar Mədinəyə daşınacaq.

    Azərbaycana geri dönüş avqustun 22-dən başlayacaq.

    Qeyd edək ki, bu il üçün Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 (ötən il 1440) nəfərlik kvota ayrılıb. Qiymətlərdə 75 dollar artım var. Yəni bu il Həcc ziyarətinin qiyməti 4225 ABŞ dolları (ötən il 4150 dollar) təşkil edir.

    Avqustun 2-dən 5-nə qədər gediş, avqustun 22-dən 26-a qədər isə Azərbaycana dönüş olacaq. Zəvvarlar üçün AZAL milli aviaşirkətinin 6 təyyarəsi ayrılıb.

  • “Toy çadırını sökməmiş, yas çadırını qurduq…” – Xəzərin udduğu 4 dostun acı hekayəsi

    Əməkdaşımızın faciənin yaşandığı məkanla bağlı ilginc qeydləri; burada heç bir təhlükəsizlik tədbiri nəzərə alınmayıb…

    Çimərlik mövsümü başlayandan statistikaya nəzər salsaq görərik ki, orta hesabla Xəzər dənizi Bakıda hər gün bir can alıb. Bəzi günlər var ki, Xəzər bir canla da kifayətlənməyib, bir neçə ailəyə faciə yaşadıb. İyulun 28-i də həmin günlərdən biridir.

    Artıq neçə gündür ki, sosial şəbəkələrdə, cəmiyyətdə Xəzər dənizində batan 4 dostdan danışılır. Onların gənc, nişanlı olduqları halda vaxtsız ölümləri eşidənləri xeyli məyus edir.

    Qısaca xatırladaq ki,  iyulun 28-də Pirşağı çimərliyindən bir qədər yuxarıda 4 nəfər eyni anda batıb. Onlar Sabunçu rayonu Kürdəxanı kənd sakinləri – 1992-ci il təvəllüdlü Əli Cavadov, 1991-ci il təvəllüdlü Murad Əzizov, 1991-ci il təvəllüdlü Kamran Hacıquliyev və Balababa Babayevdir. Məlumatlarda bildirilir ki, sahildə futbol oynayan 8 gənc daha sonra çimmək üçün dənizə girib. Bu zaman dənizdə baş verən burulğan gəncləri sahildən uzaqlaşdırmağa başlayıb.

    Yuxarıda qeyd etdiyimiz şəxslər burulğandan qurtula bilməyiblər. Digər 4 nəfər isə xilas edilib. Mərhumlardan ikisi nişanlı olub, bir nəfərin isə 2 gün əvvəl toyu olubmuş. Həmin şəxslərin nəzarətsiz çimərlikdə boğulduğu bildirildi. Qeyd edildi ki, həmin ərazi çimmək üçün uyğun deyil və buna görə də orada hansısa nəzarət təşkil edilməyib.

    AZXEBER.COM xəbər verir ki, “Yeni Müsavat”ın reportyor qrupu gənclərin batdığı əraziyə yollanıb, oradakı mənzərənin əyani şahidi olduq.

    Öyrəndik ki, gənclərin batdıqları ərazi Pirşağı çimərliyi ilə Kürdəxanı çimərliyinin arasında yerləşir. Əraziyə çatana qədər Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən nəzarət edilən bir neçə çimərliyə rast gəldik. Həmin çimərliklərdə xüsusi nişanlar vurulub, əraziyə nəzarət edilir. Lakin Pirşağı çimərliyindən üzü Kürdəxanı tərəfə getdikcə nəzarət zəifləyir və sonda nəzarətsiz ərazilərə rast gəlinir.

    Daha çox Kürdəxanıya yaxın olan bu ərazidə elə qeyd etdiyimiz kəndin camaatı istirahət edir. Ərazi nəzarətsiz olsa da, yiyəsiz də deyil. Belə ki, 4 dostun batdığı yerin adı “Əkbər” ailəvi istirahət mərkəzidir. Ərazidə sınıq-sökük taxtalardan yerlər düzəldilib. Obyektə nəzarəti isə Valeh adlı şəxs edir.

    Valehlə söhbətimiz zamanı o bildirdi ki, obyekt Nəsimi müəllim deyilən şəxsə aiddir. Nəsimi müəllim öz atası Əkbərin adını bu obyektə verib. Hadisə gününə gəlincə isə Valeh aşağıdakıları söylədi: “Hadisədən öncə bura 8 nəfər gəldi. Yemək sifariş verib, obyektin arxa hissəsində futbol oynamağa başladılar. Bir qədər futbol oynadıqdan sonra hay-küy qalxdı ki, dənizdə batan var. Baxdım ki, az öncə gələn gənclərdən 4-ü çıxarılıb, digərləri isə batıblar. Burada gördüyünüz kimi, hansısa təhlükəsizlik tədbiri görülməyib. Yalandan deyə bilmərəm ki, əraziyə nəzarət olunur. Mən də 4 aydır ki, bu obyekti icarə götürmüşəm. Ancaq müştəri zəif olduğu üçün geri qaytarmağı düşünürəm. Ümumiyyətlə, burada əslində sahilə yaxın ərazilər dərin deyil. Sadəcə olaraq, həmin günü külək idi. Ola bilər gənclər sualtı burulğana düşüblər. Onlar içkili deyildilər. Çünki sifariş verdikləri yeməkləri hələ heç yeməmişdilər”.

    4 dostun batdığı ərazi iki hissəyə bölünüb. Digər hissəyə isə Qafar adlı şəxs nəzarət edir. Qafar orada olmadığı üçün onunla görüşə bilmədik.

    Velehlə söhbət etdikdən sonra gənclərin batdığı yerə qədər getdik. Sahildə bir qayıq var idi. Lakin qayığın nə motoru, nə də avarları mövcud idi. Yəni əgər kimsə batırsa, bu qayıqla kömək etmək istəyən olarsa, onun dənizdə hərəkət etməsi üçün heç bir imkan yoxdur. Bundan əlavə, obyektin ərazisində natəmizlik də hökm sürür. Əraziyə gedən yol da bərbad vəziyyətdə olduğu üçün çox az adam “Əkbər” ailəvi istirahət mərkəzinə qədər gedib çıxa bilir…

    Ərazidən bir qədər kənarda söhbət etdiyimiz Kürdəxanı sakinləri bildirdilər ki, bu yerlərin satılmasının günahkarı bələdiyyədir: “Bələdiyyə bu əraziləri obyekt halında insanlara paylayıb. Ancaq heç bir nəzarət yoxdur. Camaat bura əlacsızlıqdan gəlir. Çünki digər yerlərin hamısı hasarlanıb, stolun da qiyməti 15-20 manatdan başlayır. Burada isə pul almırlar. Çay gətirib, yalnız onun pulunu istəyirlər. Ona görə də maddi imkanı zəif olanlar məcburiyyətdən bu əraziyə yollanırlar”.

    Kürdəxanı sakini Sənubər Ağayeva bildirdi ki, 2 gündür kənd yas içərisindədir:“Balababa Babayevin hadisədən 2 gün öncə toyu olmuşdu. Toyda bütün kənd camaatı iştirak etmişdi. Gözəl də toy keçdi. Onun üçün iki çadır qurmuşdular. Heç toy çadırını söküb qurtarmamış, eyni yerdə yas çadırı quruldu. Çox ağrılı hadisədir. Kənd camaatı hələ də hadisənin təsrindən çıxmayıb. Hadisə günü külək güclü idi. Ancaq gilavar əsmirdi. Adətən burada gilavar olanda camaat dənizə gəlmir. Həmin günü isə güclü xəzri əsirdi. Dostların hamısı kasıb ailənin övladları idi. Muradın anası toylarda qab yuyub, onu böyüdüb boya-başa çatdırmışdı. Atası da kasıb adamdır.  Özündən başqa bir qardaşı, bir də bacısı var. Əlinin isə atası rəhmətə gedib. Anası min bir  əziyyətlə onu böyütmüşdü. Özündən başqa bir bacısı var. Kamranın da atası taksi sürücüsüdür. Ailəsini halal zəhməti ilə dolandırır. Bu gün Muradla Kamranın meyitləri tapıldı. İkisinin də valideyni ayın 28-dən dənizin qırağından getmirdilər. Elə burada oturub ağlayırdılar”.

    Xəzər sahillərində istirahətdə olanlar deyirlər ki, hadisə baş verən gün dənizdə güclü axın müşahidə ediblər. Suya girən hər kəs ayaqlarının sanki dənizin içərilərinə tərəf çəkildiyini hiss edib. Yay mövsümü ərzində, xüsusən şərq küləyinin cənub küləyi ilə əvəzləndiyi saatlarda belə güclü axınlar müşahidə edilir. Belə axınlar zamanı suda hətta üzmək bacarıqları olanlar üçün də təhlükəli vəziyyət yaranır. Adi günlərdə Xəzərdə normal üzə bilənlər küləyin istiqamətinin əks tərəfə dəyişməsi ilə müşahidə edilən güclü axınlar zamanı daha çox səy göstərməli olurlar. Biz reportajı hazırlayan zaman da dənizdə gilavar küləyi əsirdi. Lakin buna baxmayaraq, “Əkbər” ailəvi istirahət mərkəzi adlanan yerdə 3 dost dənizdə çimirdi. Onlara isə nəzarət edən yox idi…

  • İçərisində KVN-in aktyoru olan maşın Qarabağ əlilini vurub öldürdü

    Bakı-Sumqayıt şossesinin Yasamal rayonu ərazisindən keçən hissəsində baş verən yol qəzasında ölən şəxsin kimliyi məlum olub.

    Median.Az “BakuTV”yə istinadən xəbər verir ki, Bəşirov Mirzə İlqar oğlu idarə etdiyi “Silverado” markalı minik avtomobili ilə hərəkətdə olan zaman anidən onun qarşısına piyada çıxıb.

    Nəticədə o, piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçmək istəyən Qarabağ əlili, 1975-ci il təvəllüdlü Məmmədov Azər Vaqif oğlunu vurub. A.Məmmədov aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

    Hadisə şahidləri bildiriblər ki, həmin maşında “Parni iz Baku” KVN komandasının üzvü, “Planet Parni iz Baku” KVN Teatrının aktyoru Emil Abbasov da olub.

    Əraziyə DYP əməkdaşları cəlb olunub. Sürücü saxlanılaraq istintaqa cəlb edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Özünü “Azəriqaz” işçisi kimi təqdim etdi – qadının evinə basqın etdi

    Nizami rayonunda quldurluq hadisəsi baş verib.

    Median.Az apa-ya istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

    Belə ki, naməlum şəxs 1957-ci il təvəllüdlü Şəhrayə Qocasıyeva məxsus mənzilin qapısını döyüb. Özünü qaz idarəsinin işçisi kimi təqdim edib. Qapını açan Ş.Qoçasıyeva naməlum şəxsin hücumuna məruz qalıb. Naməlum şəxs qadını döyüb. Sonra evdə olan 180 manat pulunu götürərək hadisə yerindən uzaqlaşıb.

    Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsində İstintaq araşdırmaları aparılır.