Month: February 2020

  • MSK parlament seçkiləri ilə bağlı 300-ə qədər vediogörüntünü araşdırır

    Sosial şəbəkələrdə Milli Məclisə seçkilərlə bağlı 60-a qədər məntəqə üzrə yayılmış 300-ə qədər videogörüntü araşdırılır.

    APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında MSK üzvü Qalib Orucov bildirib.

    MSK üzvü deyib ki, bu araşdırmaların bu gün axşam, ən geci sabah başa çatması nəzərdə tutulur.

  • Bu şirkətlərə süni qida məhsullarını istehsal etmək qadağan olundu – QƏRAR

    Nazirlər Kabineti körpələr və erkən yaşlı uşaqlar üçün qida və ekoloji təmiz qida məhsulları istehsalı və satışının tənzimlənməsini nəzərdə tutan qərara dair izah verib.

    Nazirlər Kabinetinin mətbuat xidmətindən “Yeni Sabah”a daxil olan məlumata görə, bu qərar bir neçə qanuna mühüm dəyişiklikləri nəzərdə tutur.

    Məsələn, qərarda nəzərdə tutulmuş “Körpələrin və erkən yaşlı uşaqların qidalanması və “Yeyinti məhsulları haqqında” qanunda edilmiş dəyişikliklər Azərbaycanda süni qida ilə bağlı istehsal, satış və idxal standartlarını müəyyənləşdirdiyi üçün həm iqtisadi, həm də qida təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir.

    Bu qərar Azərbaycanda süni qidanın istehsalı, idxalı və satışı ilə məşğul olan şirkətlərin fəaliyyətini beynəlxalq standartlara uyğun olaraq tənzimləyən normativ-texniki və hüquqi aspektləri müəyyənləşdirir. Bu qərarla müəyyənləşdirilmiş standartlara uyğun sertifikatı olmayan şirkətlərin süni qida məhsullarını istehsal etməsi, hər hansı şirkət tərəfindən satışı və idxalı qadağan edilir.

    Bu Qərarla müəyyənləşdirilən sağlamlıq sertifikatı olmadan körpələr üçün nəzərdə tutulmuş süni qidalar həmçinin reklam oluna bilməz.

    Bu Qərara əsasən Sağlamlıq sertifikatına süni qidanı istehsal və idxal edən şirkətin haqqında bütün zəruri məlumatlar daxil edilməlidir.

    Bu Qərar imkan verir ki, körpələr üçün nəzərdə tutulan süni qida məhsulları üzərində tam nəzarət formalaşdırılsın və bu istiqamətdə qida təhlükəsizlyi təmin edilsin.

    Qərarda həmçinin “ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanuna da dəyişiklik nəzərdə tutulur. Dəyişikliklərə əsasən ekoloji təmiz qida məhsulları istehsal etmək niyyətində olan şirkətlər bunun üçün quraşdırdıqları avadanlıqlara da müvafiq sertifikatlar almalıdır. Yalnız bu halda həmin şirkətin istehsal etdiyi qida məhsulu ekoloji təmiz məhsul kimi satışa çıxarıla bilər.

    Qərarda “Arıçılıq haqqında” qanuna edilmiş dəyişiklik isə arıçılıq məhsullarının istehsalı zamanı istifadə olunan avadanlıq və vasitələrin ekoloji təmiz standartlara uyğunluğu üçün sertifikat və baytarlıq şəhadətnaməsi alınmasını nəzərdə tutur. Yəni, Qərar arıçılıq sahəsində baytarlıq nəzarətini də tənzimləyəcək. Qərar arıçılıq məhsullarının gigyenik standartlara uyğunluğuna dair normativləri də müəyyənləşdirir.

  • Prezident İlham Əliyev: “Seçkilər Azərbaycan xalqının iradəsini əks etdirir”

    “Ən önəmlisi, bu seçkilərin keçirilməsi Azərbaycan xalqının iradəsidir”.

    “Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

    “O ki qaldı bəzi beynəlxalq müşahidə missiyalarının rəyinə, biz onların mənfi rəyinə çoxdan öyrəşmişik. Onların bəzi hallarda rəyi seçkilərdən öncə yazılır, özü də onlar tərəfindən yazılmır, başqa yerlərdə yazılır, onlara ötürülür. Biz bunu dəfələrlə müşahidə etmişik. Siz də Avropa Şurasının bizə qarşı olan mənfi münasibətini qeyd etdiniz. Bunun da son təzahürü qəbul edilmiş, yalan üzərində qurulmuş son qətnamədir. Yəni, bu qətnamənin qəbul edilməsi, əslində, parlament seçkilərinə kobudcasına müdaxilədir. Birincisi, bu qətnamə saxtadır və biz bunu qəbul etmirik. Orada bizə qarşı irəli sürülən ittihamları rədd edirik və bizə qarşı ünvanlanmış dırnaqarası tələblərin heç birini icra etməyəcəyik. Bu, bir. İkincisi, bu qətnamənin qəbul edilmə vaxtı. Parlament seçkilərinə az vaxt qalmış bu qətnamənin qəbul edilməsi Azərbaycana qarşı olan mənfi və ədalətsiz yanaşmanın təzahürüdür.

    Mən bu yaxınlarda yaxın dostumuz olan Mövlud Çavuşoğlu ilə görüş əsnasında bu barədə öz fikirlərimi bildirdim. O da eyni mövqedədir və biz yaxşı bilirik ki, Türkiyəyə və Azərbaycana Avropa Şurasında ikili standartlar tətbiq olunur. Bizdə gedən müsbət proseslər qeydə alınmır, bizim artan gücümüz sanki qıcıq, paxıllıq yaradır. Ancaq buna rəğmən, Türkiyə və Azərbaycan iki dost, qardaş ölkə kimi irəli gedir. Biz çox önəmli layihələri icra edirik, öz gücümüzü artırırıq. Hesab edirəm ki, həm beynəlxalq müstəvidə, həm ölkə daxilində gedən işlərdə bizim düzgün siyasətimiz artıq reallıqdır. Ən önəmlisi, bu seçkilərin keçirilməsi Azərbaycan xalqının iradəsidir. Əgər Azərbaycan xalqı bu seçkilərin keçirilməsindən narazı olsa, öz səsini ucaldardı. Bu gün siz də gördünüz, Azərbaycanda tam demokratik ab-hava mövcuddur. Seçki və seçkilərin keçirilməsi demokratiyanın təzahürlərindən biridir. Əgər namizədlər bu seçki kampaniyası ərzində belə fəal, mübariz olublarsa, – bu, əslində, belədir, siz də bunu qeyd etdiniz,- seçicilərə öz fikrini çatdırmaq üçün qapı-qapı gəziblərsə, əlbəttə ki, əgər onlar seçkilərdən narazı olsalar, öz səslərini ucaldardılar. Ancaq indiyə qədər biz belə hallara rast gəlmirik. Bu, bir daha onu göstərir ki, bu seçkilər Azərbaycan xalqının iradəsini əks etdirir və əsas odur”, – dövlət başçısı qeyd edib.

  • Azərbaycan XİN beynəlxalq seçki müşahidə missiyasına cavab verdi

    “ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının nümayəndələrindən ibarət Beynəlxalq Seçki Müşahidə Missiyasının (BSMM) 9 fevral 2020-ci il tarixində keçirilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə bağlı ilkin qənaətləri barədə bəyanatı ilə tanış olduq”.

    “Report” xəbər verir ki, bu Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

    “Azərbaycan Hökuməti məmnuniyyətlə qeyd edir ki, növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün dəvət olunan bütün beynəlxalq təşkilatlar, o cümlədən BSMM-nin tərkibində birləşən təsisatlar dəvəti qəbul edərək seçkilərdə müşahidə missiyası ilə iştirak ediblər. Azərbaycan tərəfinin dəvətini qəbul edərək seçki prosesində müşahidə missiyaları ilə təmsil olunan və bu dövrdə Azərbaycanın aidiyyəti qurumları ilə əməkdaşlıq edən bütün beynəlxalq təşkilatlara öz təşəkkürümüzü bildiririk.

    BSMM-in ilkin qənaətlər bəyanatında namizədlərin qeydiyyatı prosesinin əhatəliliyi, seçki prosesinin yaxşı idarə olunması, Mərkəzi Seçki Komissiyasının fəaliyyətində şəffaflıq kimi müsbət məqamların, eləcə də çoxsaylı məcburi köçkünlərin ortaya çıxmasına səbəb olmuş Ermənistan ilə münaqişə ilə əlaqədar, Azərbaycanın nəzarətindən tam və qismən kənar olan 10 seçki dairəsində seçkilərin təşkilinin mümkünsüzlüyünün, məcburi köçkünlərin seçki hüququnun təmin olunması sahəsində əhəmiyyətli addımların atılmasının təsbit olunmasını təqdir edirik.

    BSMM-in bəyanatında çatışmazlıqlar kimi təqdim edilən məqamların bəziləri ilə razı olmasaq da, onların əsasən prosedur və təşkilati səciyyəli olduğundan qeyd götürürük. Mərkəzi Seçki Komissiyasının sədrinin artıq bəyan etdiyi kimi, iddia olunan və özünü biruzə verən pozuntular müfəssəl şəkildə araşdırılacaq və qanun çərçivəsində bütün zəruri tədbirlər həyata keçiriləcəkdir.

    Habelə qeyd edirik ki, BSMM-in bəyanatında öz əksini tapmış məsələlər, eləcə də 2 ay sonra ATƏT/DTİHB tərəfindən dərc ediləcək yekun hesabat Azərbaycan hakimiyyət qurumları tərəfindən ətraflı şəkildə təhlil ediləcəkdir.

    Bir daha bəyan edirik ki, bu seçkilər Azərbaycan xalqının iradəsini ifadə edir və ölkəmizin demokratik inkişafı yolunda növbəti uğurlu addımdır.

    Azərbaycan Respublikası ədalətli və konstruktiv əsasda beynəlxalq tərəfdaşlar, o cümlədən ATƏT/DTİHB ilə əməkdaşlığını davam etdirməyə hazırdır”, – XİN-dən bildirilib.

  • Dövlət başçısı: “Bu seçkilərin Azərbaycanın gələcək inkişafında çox önəmli rolu olacaq”

    “Doğrudan da bu seçkilər çox önəmli idi: Çünki bu seçkilər Azərbaycanda aparılan islahatlara dəstək verməlidir və seçkilərin növbədənkənar keçirilməsinin əsas məqsədi də o idi ki, vaxt itirmədən islahatlar davam etdirilsin. Çünki həm struktur islahatları aparıldı, həm hökumət, həm Prezident Administrasiyası yenidən formalaşdırıldı və əlbəttə ki, Milli Məclis bu işlərdən kənarda qala bilməzdi. Ona görə əminəm ki, bu seçkilərin Azərbaycanın gələcək inkişafında çox önəmli rolu olacaq. Çünki bizim qanunvericiliyimiz ölkəmizin artan sürətinə uyğun olmalıdır. Eyni zamanda, bizim beynəlxalq əlaqələrimiz də genişlənir və Azərbaycanın millət vəkilləri ölkəmizi bundan sonra da beynəlxalq təşkilatlarda ləyaqətlə təmsil etməlidirlər”.

    “Report” xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

    Dövlət başçısı bildirib ki, indi bütövlükdə ölkəmizdə gəncləşmə siyasəti aparılır: “Ancaq bu da çox düşünülmüş formada olmalıdır. Yaşlı nəslin təcrübəsi, gənclərin innovasiyaya meyilli olması, onların bilikləri, müasir proseslərə diqqətin yetirilməsi – bax, biz bu vəhdətin təşkil edilməsi üçün çalışırıq. Hesab edirəm ki, buna nail olmuşuq. Mənə verilən məlumata görə, seçkilər ölkə ərazisində çox sakit keçdi, qanunvericilik çərçivəsində, hər hansı bir narahatedici məqam olmadı. Bu seçkilərə çox böyük maraq var idi. Çünki mən xatırlamıram ki, Azərbaycanda keçirilmiş hansısa parlament seçkisində 1300-dən çox namizəd olsun. Yəni, bu, özlüyündə onu göstərir ki, seçkilər rəqabət şəraitində keçirildi və bütün namizədlərin qeydə alınması prosesində ədalətli mövqe nümayiş etdirildi. Bu qədər namizədin olması seçkilərə inamın təzahürüdür. Çünki əgər inam olmasaydı, bu adamlar bəlkə də seçkilərə qatılmazdılar. Ona görə bu seçkilərin xüsusi rolu var”.

  • Hökumət ümumtəhsil müəssisəsinin maliyyələşdirilməsi qərarını izah edib

    Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisəsini maliyyələşdirmə Normativləri”nin təsdiq edilməsi barədə” qərarın izahını verib.

    Bu barədə “Report”a Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, bu normativlər Azərbaycan Respublikasının dövlət ümumi təhsil müəssisələrinin cari fəaliyyətini həyata keçirmək üçün büdcə vəsaitlərinə olan tələbatın proqnozlaşdırılması qaydasını özündə təsbit edir.

    Sözügedən təhsil müəssisələrinin növbəti maliyyə ili üçün xərc növləri üzrə maliyyələşdirmə normativlərinin həddinin formalaşması cari ildə bu sahəyə ayrılan faktiki büdcə təxsisatlarının (vəsaitlərinin) həddindən asılı olaraq müəyyənləşdiriləcək.

  • Экс-мэра Тбилиси приговорили к очередному тюремному сроку

    Бывший мэр Тбилиси и оппозиционер Гиги Угулава приговорен к 3 годам 2 месяцам лишения свободы.

    Как сообщает грузинское бюро Report, решение принял Верховный суд Грузии.

    Бывший мэр обвиняется в растрате почти 48 млн лари (около 16 млн долларов).

    Г.Угулава назвал решение суда политическим.

    Ранее Угулава уже отбывал тюремное наказание, Тбилисский горсуд признал его виновным в растрате бюджетных средств в 2009–2010 годах. В 2017 году по решению Тбилисского апелляционного суда он вышел на свободу.

  • Tbilisinin sabiq meri həbs olunur

    Tbilisinin sabiq meri, müxalif Avropalı Gürcüstan Partiyasının liderlərindən biri Gigi Uqulava üç il iki ay müddətinə həbs olunub.

    “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Ali Məhkəməsi qərar qəbul edib.

    Sabiq mer 2009-2010-cu illərdə 48 milyon lari (təxminən, 16 milyon dollar) vəsaitin israf edilməsi ilə bağlı vəzifə səlahiyyətlərini aşmaqda günahkar bilinib.

    G.Uqulava məhkəmənin qərarını siyasi qərar adlandırıb. O, hüquq-mühafizə orqanları əməkdaşlarını Avropalı Gürcüstan Partiyasının ofisində gözləyəcəyini və həbsxanaya getməyə hazır olduğunu deyib.

    Müxalifətçinin bu günün sonuna qədər həbs olunacağı gözlənilir.

    Qeyd edək ki, Tbilisi Şəhər Məhkəməsi G.Uqulavanı 2015-ci ilin sentyabrında vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə dörd il altı ay müddətinə azadlıqdan məhrum edib. 2018-ci ilin fevralında məhkəmənin qərarı ilə müxalifətçi bir il üç ay müddətinə həbs edilib. Lakin o zaman G.Uqulava digər cinayət işi üzrə 1 il 3 ay 22 gün həbs cəzası çəkdiyindən həbsxanaya göndərilməyib.

    Gürcüstanın Baş Prokurorluğu keçmiş merlə bağlı cinayət işini seçki islahatları tələbi ilə müxalifətin keçirdiyi etiraz aksiyalarından sonra bərpa edib.

  • İlham Əliyev: “Parlamentin bir çox keçmiş üzvü dairələrdə işləmədikləri üçün seçkilərdə iştirak etmədi”

    “Bu, əlbəttə, bizim 2018-ci ildə prezident seçkilərindən sonra elan etdiyimiz islahatların davamıdır və onları ardıcıl olaraq həyata keçiririk. Hər şey Azərbaycanın dayanıqlı inkişafının təmin olunmasına və demokratik proseslərin genişlənməsinə yönəlmiş ümumi inkişaf strategiyası çərçivəsində gedir. Buna görə də həyata keçirilən struktur islahatları, o cümlədən kadr islahatları da bir məqsədə xidmət edir: biz yerimizdə saymayaq. Çünki müvəffəqiyyətlərdən arxayınlaşmaq olmaz”.

    “Report” xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da MDB İcraiyyə Komitəsi müşahidə missiyasının rəhbəri, Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

    Dövlət başçısı bildirib ki, ötən illər ərzində böyük nailiyyətlər əldə olunub: “Lakin həyat öz şərtlərini diktə edir. Dünyada, bizim regionda, iqtisadi sahədə şərait dəyişir, yeni çağırışlar meydana çıxır. Ona görə biz buna hazır olmalıyıq və vaxt itirməməliyik. Bu səbəbdən hökumətin, Prezident Administrasiyasının, mərkəzi və yerli hakimiyyət orqanlarının yenilənməsi, kadr islahatları parlamentdən yan keçə bilməzdi. Xüsusən də mahiyyətcə, seçkiləri bir neçə ay irəli çəkməklə biz vaxta qənaət etdik. Çünki onsuz da yay aylarında parlament tətildə olur, sonra qayıtdıqda yenidən seçkilər başlayır. Çalışdıq ki, maksimum açıq seçkilər keçirək və ona görə də müşahidəçiləri, o cümlədən, düzünü desək, obyektiv qiymət gözləmədiyimiz müşahidəçiləri də dəvət etdik”.

    “Azərbaycanda keçirilən seçki kampaniyalarının təcrübəsinə əsasən deyə bilərəm ki, biz həmişə qərəzli münasibət görmüşük. Bununla belə, hesab edirik ki, bizim gizlədəcəyimiz heç nə yoxdur. Biz çoxlu sayda müşahidəçi dəvət etdik, gələnlərin hamısına minnətdarıq. Ona görə də son nəticədə nə yazılacağından və onları hansısa fikirləri səsləndirməyə məcbur edəcəklərindən asılı olmayaraq, hər halda onların hər birində həm ölkəmiz, həm insanlarımız, həm də seçki prosesi haqqında rəy formalaşacaq. Bu baxımdan Dövlət Dumasının nümayəndə heyətinin bu tərkibdə prosesdə iştirak etməsi bizim üçün çox qiymətlidir. Əlbəttə, MDB və digər beynəlxalq təşkilatların nümayəndə heyətləri də var. Ona görə də düşünürəm ki, başlıcası Azərbaycan xalqının nəticələrdən razı qalmasıdır. Çünki bizim üçün əsas məsələ bu idi ki, insanlar kimə səs verəcəklərini və kimə etimad göstərəcəklərini seçə bilsinlər. Bu etimadın səviyyəsi çox yüksəkdir”, – Prezident İlham Əliyev qeyd edib.

    Dövlət başçısı vurğulayıb ki, ümumilikdə, 1300-dən çox namizədin olması seçkilərə etimadın göstəricisidir: “Bu isə görünməmiş saydır. Əgər onlar seçkilərə inanmasaydılar, öz namizədliklərini verməzdilər və bu qədər vaxt sərf etməzdilər. Mənə həm dünən, həm də bu gün məruzə etdilər ki, proses, ümumilikdə, sakit keçib və heç bir gözlənilməz hal olmayıb. Ona görə də kimsə qalib gəlir, kimsə məğlub olur. Hər kəs reallıqla barışmalıdır. Reallıqlar belədir ki, şərait yaradılıb, maksimum şəffaflıq təmin edilib. Həm də gözlənilməz çətin hava şəraitinə baxmayaraq, Azərbaycan vətəndaşları səs verdilər. Düşünürəm ki, seçki fəallığı da yaxşı olub. Hərçənd başlıca olan bu deyil, əsas odur ki, xalqın seçəcəyi insanlar məsuliyyət hiss etsinlər. Bilsinlər ki, əgər yenə də seçilmək istəyirlərsə, onda dairələrdə iş aparmalıdırlar. Bax bu, keçmiş parlamentdə çatışmırdı. Buna görə də parlamentin bir çox keçmiş üzvü dairələrdə işləmədikləri üçün seçkilərdə iştirak etmədi. Bu, yeni parlamentin qarşısında duran əsas vəzifələrdən biri olacaq. Çünki bütün ölkənin dayanıqlı inkişafının təmin edilməsi üçün deputat korpusu regionların problemlərini dərk etməlidir, onları üzə çıxarmalıdır və hökumətə, ictimaiyyətə çatdırmaqla onların həllinə kömək etməlidir”.

  • Ötən ay Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlandı

    Bu ilin yanvar ayında Azərbaycanda uşaqlara ən çox qoyulan adların siyahısı açıqlanıb.

    Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, siyahıda uşaqlara ən çox qoyulmuş 10 ad yer alıb.

    İlk beşlikdə oğlan uşaqlarına qoyulan Yusif, Uğur, Hüseyn, Əli və Raul, qız uşaqlarına qoyulan Zəhra, Məryəm, Fatimə, Mələk və Zeynəb adları yer alıb.

    Həmçinin qeyd olunub ki, 2020-ci ildə yeni doğulmuş körpələrdən oğlan uşaqlarına Murad, Ömər, Ayxan, Məhəmməd, Tunar, qız uşaqlarına isə Ayan, Aylin, Nuray, Dəniz və Nilay kimi adların verilməsi də üstünlük təşkil edib.