Ötən il ərzində respublika ərazisində 7 mindən çox sürücünün sürücülük hüququ məhdudlaşdırılıb. Qeyd edək ki, bunlar cərimə balı 20-ni keçən və sərxoş halda avtomobil idarə edən sürücülərdir.
Sərxoş vəziyyətdə avtomobili idarə etmə, avtoxuliqanlıq və digər inzibati qayda pozuntularına görə 7 mindən çox vətəndaşın sürücülük hüququ məhdudlaşdırılıb.
Bu barədə məlumatı “Xəzər Xəbər”ə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib. O bildirib ki, ötən il ərzində 3,3 milyona yaxın yol hərəkəti qayda pozuntusu aşkarlanıb, onların da 64 faizi xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınıb. Qayda pozuntularına görə 7 min 316 nəfərin sürücülük hüququ məhdudlaşdırılıb.
Qeyd edək ki, həmin sürücülərin bir qismi avtomobili sərxoş halda idarə etdiyi, avtoxuliqanlıq və digər qayda pozuntularına yol verdiyi üçün inzibati xətaya görə 20 cərimə balını keçən sürücülərdir. Həmin şəxslər vaxtından əvvəl sürücülük hüquqlarını bərpa edə bilməzlər. Əgər onlar nəqliyyat vasitəsi idarə edərsə, yol polisi tərəfindən qanuna uyğun şəkildə cərimə olunacaqlar.
Kamran Əliyev onu da bildiriB ki, ötən il ərzində respublika ərazisində 1870 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 821 nəfər həlak olub, 1702 nəfər xəsarət alıb. Bu da 2018-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayının 53 fakt, onların nəticəsində həlak olanların sayının 99 nəfər artması, xəsarət alanların sayının isə 9 nəfər azalması deməkdir. Qeydə alınan ümumi hadisələrin 43,6 faizi piyadaların vurulması ilə bağlı olub ki, nəticədə 329 nəfər dünyasını dəyişib, 527 nəfər xəsarət alıb.
Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Nəsimi rayonu, Moskva prospektində qeydə alınıb.
Belə ki, 159 nömrəli tam orta məktəbin şagirdi Kərimli Vaqif Sənan oğlu anasının əlindən çıxaraq yola qaçıb. Nəticədə “VAZ-2107” markalı avtomobil 10 yaşlı uşağı vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.
Həkim müayinəsindən keçdikdən sonra uşağa ənsə sümüyünün sınığı və qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Paytaxtın Yasamal rayonunda velosiped oğurluqlarında şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb.
Hadisə fevral ayının 19-da Yasamal rayonu D.Bünyadzadə küçəsində qeydə alınıb.
Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.
Müraciət əsasında Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində sözügedən ünvanda yaşayan İ.İsgəndərovun velosipedini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini 1990-ci il təvəllüdlü O.Ələkbərzadə saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir. /oxu.az/
Bakıda toy karvanının yol hərəkəti qaydalarını kobud şəkildə pozması faktı qeydə alınıb.
Avtomobillərdən birinə qoşulmuş kameranın yaddaşa həkk etdiyi görüntüdə toy karvanına daxil olan maşınların qaydalara məhəl qoymadan yol hərəkətinin əksi istiqamətində şütüdüyü görünür.
Azərbaycan cüdoçusu Rüstəm Orucov Almaniyanın Düsseldorf şəhərində keçirilən Böyük Dəbilqədə 3-cü yer uğrunda görüşə çıxıb.
Median.Az modern.az-a istinadən bildirir ki, rəqib sloveniyalı Martin Hojak olub. Görüşün gedişində Hojakın burnundan bir neçə dəfə qan açılıb. Sona doğru Orucov vaza-ari xalı ilə qələbəyə nail olub.
Bu, Azərbaycanın hazırkı yarışda ilk medalı olub. İlk yarış günündə Orxan Səfərov 66 kq çəkidə 7-ci yerlə kifayətlənib.
Qeyd edək ki, Rüstəm Orucov Böyük Dəbilqədə mübarizəyə 1/32 final mərhələsindən başlayıb. 29 yaşlı idmançı ardıcıl olaraq, ispaniyalı Salvador Cases Roka, ABŞ təmsilçisi Aleksander Törner, misirli Məhəmməd Mohyeldin və monqolustanlı Tsonqbaatar Tsend-Oçirə qalib gəlib. Yarımfinalda isə Orucov cənubi koreyalı An Çanqrimə uduzub.
İranın Qum və Mərkəzi vilayətlərində yeni koronavirusa görə məktəb və universitetlərin fəaliyyəti dayandırılıb.
Median.Az modern.az-a istinadən bildirir ki, İranın Mərkəzi vilayətində məktəb və universitetlərin fəaliyyəti bir həftəliyə, Qum vilayətində isə 2 günlüyə dayandırılıb.
Bundan əlavə Tehran şəhərində soyuqdəyməsi və ya qripi olan şəxslərin idman zallarındakı hovuzlara buraxılması qadağan olunub.
Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi İranda indiyədək 28 nəfərin yeni koronavirusa yoluxduğunu və 5 nəfərin dünyasını dəyişdiyini təsdiqləyib.
Gədəbəy rayonunun Arıqdam kəndində ümumi sahəsi 390 kvadratmetr olan ikimərtəbəli evdə yanğın baş verib
Median.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində evin ikinci mərtəbəsi və dam örtüyü 195 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.