Month: February 2020

  • Bakını iflic edən problem – Artıq məsələ ən yüksək səviyyədə nəzarətə götürülüb

    Bakıda nəqliyyatın problemləri o yerə çatıb ki, buna artıq ən yüksək səviyyədə reaksiya verilir. Ölkə başçısının bir neçə gün öncə Bakı Nəqliyyat Agentliyinin (BNA) rəhbəri Vüsal Kərimlini qəbul edərkən paytaxtda sürücülərin ən çox narazı qaldığı parkinq probleminə toxunması da vəziyyətin necə ciddi olduğunu göstərir.

    Qeyd edək ki, V.Kərimli prezidentin qəbulunda olarkən avtomobillərin qeyri-qanuni parklanmasının ictimai nəqliyyatın hərəkətinə mane olduğunu söyləyib: “Avtomobillər yolda qeyri-qanuni park etdiyinə görə, avtobusların hərəkəti üçün çətinliklər yaradır. Son zamanlar parkinqlə bağlı cərimələrə görə insanların müəyyən narazılıqları olur. Amma Bakı paytaxt şəhərimizdir. Bütün ölkələrin paytaxt şəhərlərində olduğu kimi, bizdə də insanlar avtomobillərini istədikləri yerlərdə park edə bilməzlər. Çünki əsas ictimai nəqliyyatdır. Biz gün ərzində 2 milyon 200 sərnişin daşıyırıq. Sakinlər, əsasən, ictimai nəqliyyatdan istifadə edirlər. Ona görə, sizin tapşırığınıza əsasən, biz ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin rahatlığını təmin etməyə çalışırıq”.

    Prezident İlham Əliyev isə bildirib ki, burada da hər şeyə ədalətli yanaşılmalıdır: “Parkinq imkanları olmalıdır ki, sonra biz vətəndaşlardan bu qaydalara riayət etmələrini tələb edək. Ona görə, bəzi hallarda sürücülər bu qaydaları kobudcasına pozurlar. Parkinq olan yerdə maşınları münasib olmayan yerlərdə saxlayıb, həm piyadalara maneə törədirlər, həm də nəqliyyata problem yaradırlar. Ancaq kifayət qədər böyük imkanlar, yəni, parkinq yerləri olmalıdır ki, biz sürücülərə bu tələbləri irəli sürək. Burada da heç bir qanun pozuntusu olmamalıdır. Qanun qarşısında hamı bərabərdir. Hamı bilməlidir ki, şəhər nəqliyyatı həm insanların rahatlığıdır, həm bizim sağlamlığımızdır, həm də havanın təmiz olmasıdır”.
    Sputnik Azərbaycan da paytaxtda parkinq probleminin aradan qaldırılması yollarını arayıb.

    Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Bakıda parkinq probleminin müxtəlif səbəblərdən qaynaqlandığını söyləyib. Ekspert bildirir ki, bu problemi qısa zamanda həll etməyə mane olan çox ciddi çətinliklər var: “Prezidentimiz sağ olsun ki, bu məsələyə toxunaraq obyektiv fikir söylədi. Doğrudan da Bakıda parkinq problemi sürücülərin ən ağrılı yeridir. BNA qanunsuz parklanmaya görə sürücüləri cərimə edir, sürücülər isə parklanma üçün Bakının əksər hissələrində yer olmadığını əsas gətirirlər. Sürücülərə ötən il qanunsuz parklanmaya görə xeyli cərimə yazılıb. Burada düşünülməli olan məqamlar var.

    Bu sürücülərin hər biri qanunu məqsədli şəkildə poza bilməz. Düzdür, onların arasında pulu olduğu üçün qanuna məhəl qoymayan, qanunsuz avtomobil park edənlər də var. Amma belə sürücülər cərimələnənlərin çox cüzi hissəsini təşkil edir. Ona görə də, düşünmək lazımdır ki, bu qədər sürücü qaydanı niyə pozub? Təbii ki, burada əsas problem paytaxtda parklanma yerlərinin az olmasıdır”.
    E.Muradlı deyir ki, Bakı şəhərində inşa edilən yeni binaların 80 faizinin parkinqi yoxdur: “Çünki yeni tikililərin mütləq əksəriyyətində binanı inşa edən MTK-lar parklanma yerlərini qaraj adı ilə satırlar. Harada təzə bina istifadəyə verilirsə, orada parklanma ilə bağlı problemlər yaranır. Həmin binaların bir və ikinci mərtəbəsində ofis götürən sahibkarlar, yaşamaq üçün gələnlər avtomobillərini yolların kənarında saxlamaq məcburiyyətində qalırlar. Halbuki, 200 mənzilli yaşayış binasının 300 avtomobil tutumu olan parkı olmalıdır. Çox təəssüf ki, şadlıq evlərinin, restoran və digər iaşə obyektlərinin, ofislərin də parkinq üçün cəmi 5 avtomobil tutumu olan parkinq yeri var. Bu çox ciddi problemdir”.

    Ekspert deyir ki, Bakıda son illər parklanma yerləri yaradılsa da, azlıq edir: “Məmurlar paytaxtda torpaqları elə satıblar ki, parklanma yerləri üçün yer qalmayıb. İndi gərək şəhərdə parklanma yerləri olmayan yerlərdə yeni parkinqlər yaratmaq üçün həmin ərazidə bəzi yaşayış və qeyri-yaşayış yerləri sökülə. Bunun üçün isə kompensasiyanın ödənilməsinə xeyli vəsait tələb olunur”.

    Qeyd edək ki, sürücülər qanunsuz parklanmaya qarşı mübarizə tədbirlərindən əksər hallarda narazı olsalar da, sərnişinlərin əksəriyyəti qanunsuz parklanmaya qarşı mübarizəni dəstəkləyirlər. Sərnişin Rasim Bayramov deyir ki, 88 saylı avtobus indiyədək axşam pik saatlarda Azadlıq prospektində tıxacda qalırmış: “Səbəb, prospekt boyunca yolun hər iki tərəfində qanunsuz parklanma idi. Biz problemlə bağlı BNA-a müraciət etdik. Həmin prospektdə qanunsuz parklanma yığışdırılandan, biz evimizə rahat gedə bilirik. Sürücülər narazılıq edirlər ki, parklanma üçün yer yoxdur. Amma biz sərnişinləri nəzərə almırlar ki, onların yolların kənarlarını zəbt etməsi üzündən saatlarla tıxacda qalırıq”.
    V.Kərimli prezidentin qəbulunda olarkən parkinqlərlə bağlı daha bir məsələni diqqətə çatdırıb. O bildirib ki, Bakı şəhərində parkinq məsələsi nəinki infrastruktur cəhətdən, eyni zamanda, iqtisadi baxımdan analiz olunmalıdır. BNA sədri bunun üçün beynəlxalq məsləhət xidmətlərinin cəlb edildiyini bildirib: “Şəhər zonalara bölünməlidir. Bunun gecə vaxtları var”. Onun sözlərinə görə, şəhərdə tıxac olan vaxtlarda yollar analiz edilməli, harada neçə yeraltı və küçə parkinqinin olduğu öyrənilməlidir. Bunlar da olmayan ərazilərdə, xüsusilə iri ticarət mərkəzlərinin olduğu, əhalinin sıx məskunlaşdığı ərazilərdə modul parkinqlərin tikilməsi və onların tariflərinin müəyyənləşdirilməsi istiqamətində iş aparılmalıdır:

    “Şəhər mərkəzinin tarifi fərqli qiymətdə olmalıdır. “B” zonası fərqli qiymətdə olmalıdır. Bununla əlaqədar biz ilin ilk yarısının yekununda görülmüş işlərin nəticələrinə dair digər müvafiq qurumlarla birgə hesabat hazırlayıb sizə təqdim edəcəyik”.
    E.Muradlı bunun çox vacib məqam olduğunu söyləyir. O deyir ki, fərqli tarif dünya praktikasında da var: “Öncə qeyd edim ki, bütün parklanma yerlərinin pullu olması düzgün deyil. Məsələn, Xəzər rayonunda hansısa məhəllədə parklanma yerlərinin pullu olması düzgün deyil. Bundan əlavə, Bakının Nizami küçəsi ilə Sabunçu rayonunda parkinqlərin qiyməti eyni ola bilməz. Pullu dayanacaqların da qiyməti ərazilərə görə fərqli olmalıdır”.

    BNA-dan isə ölkə başçısının parklanma yerləri ilə bağlı tapşırıqlarına uyğun olaraq işlərin davam etdiyini bildirdilər.

  • На автомагистралях Баку снижена скорость движения

    В связи с дождливой погодой на всех полосах автомагистралей проспект Гейдара Алиева-Ааэропорт-Бильгя и Зыхский круг-Аэропорт допустимая скорость движения снижена на 20 км/час, передает Trend.

    Цель данных мер – обеспечить безопасность движения.

    Водителей просят соблюдать скоростной режим на дорогах и учитывать метеорологические факторы.

  • Ölkəyə gətirilən qida əlavələrində nöqsanlar aşkarlandı – Diqqətli olun

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Agentlikdən Spunik Azərbaycan-a verilən məlumata görə, idxal olunan bioloji fəallığa malik qida əlavələri üzərində Agentlik tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı bir sıra məhsulların tərkib analizləri həyata keçirilib.

    Sınaq nəticələrinə əsasən bu məhsulların tərkib göstəricilərinin etiket məlumatlarına uyğun olmadığı aşkar edilib. Belə ki, Rusiya Federasiyasından idxal olunmuş “Siberian Super Natural Sport” Mega Essentials / “Siberian Super Natural Sport” Meqavitaminlərdə, “Vertex plus”, “Supradin Coenzim Q10, Türkiyə Cümhuriyyətindən idxal olunmuş “Mikroflorid” və “Gamino Forte”, “El Prodep”, “Chonzamin” və “Parametabol, şərbət”, “Optimin”, “Lipadrom” adlı bioloji fəallığa malik qida əlavələrində müxtəlif mineral maddələrin və vitaminlərin miqdarı qablaşdırma üzərində və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin rəyində göstərilən miqdarlardan dəfələrlə aşağı olduğu aşkarlanıb. Bununla da istehlakçıların aldadılması hallarının baş verməsinin qarşısının alınması məqsədilə həmin qida əlavələrinin satış şəbəkələrinə daxil olunmasının qarşısı alınıb və ölkə ərazisində istifadəsi qadağan edilib.

    Hazırda aşkar olunmuş faktlar əsasında Agentliyin mütəxəssisləri tərəfindən qanunvericiliyin tələblərinə uyğun araşdırmalar aparılır.

    Qida Təhlükəsizliyi Agentliyi bir daha vətəndaşlardan satış şəbəkələrində sözügedən əmtəə nişanlı bioloji fəallığa malik qida əlavələrinin satışı ilə rastlaşsalar və ya bununla bağlı hər hansı şübhəli məqam müşahidə etsələr, bu barədə Agentliyin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat vermələrini xahiş edir.

    AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.

  • Bəzi xəstəliklərə görə həkim göndərişi ləğv edilir

    “Apardığımız araşdırmalara görə, vətəndaş bəzi ixtisaslar üzrə ailə həkiminin göndərişi olmadan birbaşa ixtisas həkiminə müraciət edə bilər”

    Median.Az-ın Sputnik Azərbaycan-a istinadən məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Yeni Azərbaycan Partiyasında (YAP) keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, həmin ailə həkiminin bu sahə üzrə yetəri qədər bilik və bacarıqları olmaya bilər: “Vətəndaşı buna görə əziyyətə salmamaq üçün o, birbaşa olaraq müştərək maliyyələşmə məbləği ödəmədən ixtisas həkiminə müraciət edə bilər. Biz bununla bağlı yaxın zamanlarda məlumat verəcəyik ki, vətəndaş hansı ixtisaslar üzrə ailə həkiminə müraciət etmədən həkimə birbaşa müraciət edə bilər”.

    Qeyd edək ki, müştərək maliyyələşmə məbləği tibbi xidmətin tarifinin sığorta hadisəsi zamanı sığortaolunan tərəfindən ödənilməli olan müəyyən hissəsidir. Vətəndaş ailə həkiminin göndərişi olmadan yaşayış yeri üzrə qeydiyyatda olduğu inzibati ərazidə yerləşən tibb müəssisəsinə ambulator şəraitdə göstərilən tibbi xidmətə görə müraciət etdikdə hər bir sığorta hadisəsi üzrə 5 manat, tibbi ərazi bölməsi daxilində digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə müraciət etdikdə hər bir sığorta hadisəsinə görə 5 manat, qeydiyyatda olduğu tibbi ərazi bölməsindən kənarda, yəni icbari tibbi sığorta tətbiq olunan digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə ambulator şəraitdə göstərilən tibbi xidmətə müraciət etdikdə hər bir sığorta hadisəsinə görə 15 manat müştərək maliyyələşmə məbləği ödəməli olacaq.

  • Çirkli pulları “yuyurlar” – rəsmi icazə verildi

    Çinin Mərkəzi Bankından yayılan açıqlamada ölkədəki koronavirus təhlükəsi ilə əlaqədar olaraq dövriyyəyə təzə əskinaslar buraxaraq, istifadə olunmuş kağız pulları yığıb 7-14 günlük karantinə yerləşdiriləcəyi bildirilib.

    Sputnik Azərbaycan TRT-yə istinadla xəbər verir ki, Çin Xalq Bankının sədr müavini Fan İfey keçirdiyi mətbuat konfransında vurğulayıb ki, koronavirusun yayılmağa başlamasından sonra əhalinin nağd pullardan istifadəsi ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib: “Yeni əskinasların əhali tərəfindən rahat əldə edildiyinə əmin olduqdan sonra 17 yanvar tarixinədək Çin Xalq Bankı ölkə boyu 600 milyard yuanadək yeni pulların yayılmasını təmin edib”.

    O, həmçinin qeyd edib ki, Çində Yeni il bayramının başlamasından əvvəl (24 yanvar) Uhan şəhərinə 4 milyard yuanadək yeni əskinas göndərilib.

    Banklara daxil olan nağd pullar isə ultrabənövşəyi şüalarla işıqlandırılır, spirtlə dezinfeksiya edilir, 14 günlük karantinə yerləşdirilir.

  • Bakıda yaşayış binasının dam örtüyü yanır

    Bakıda yanğın hadisəsi baş verib.

    “Report” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Nəsimi rayonu, Rəşid Behbudov küçəsində beşmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə məlumat daxil olub.

    Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

    Əlavə məlumat veriləcək.

  • Qubad İbadoğlunun döyülən qızına cinayət işi açıldı (VİDEO)

    Tanınmış iqtisadçı-alim, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlunun qızı Jalə Bayramovaya cinayət işi açılıb.

    Qaynarinfo xəbər verir ki, bu barədə Q.İbadoğlu məlumat yayıb.

    “Bu da “Ədalət”in zəfər çaldığı Azərbaycan. Gözləntilərimiz özünü doğrultmaqdadır. Azadəyə deyil, Jaləyə qarşı cinayət işi açılıb. Jalənin seçki məntəqəsində döyülməsinə MSK sədrinin münasibətini təqdim edirəm: “Digər xanım müşahidəçiyə xəbərdarlıq edir ki, onu çəkməsin, bu xanım isə çəkməyə davam edib. Belə olan halda mübahisə düşüb və həmin görüntü yayılıb. Sonra bütün dünyaya yayıblar ki, həmin xanımı döyüblər, şikayət ediblər. Bu da bütün dünyaya dezinformasiya yaymaqdır. Çünki vətəndaşın hüququ var ki, kiminsə onu çəkməsini istəməsin. Çəkilən qadın hüquq-mühafizə orqanlarına müraciət edib. Onu çəkən xanımı qanunla cəzalanadıracaqlar. Buna görə də qarşı tərəf qabaqdan gəlmişlik edir, müxtəlif görüntülər yayır ki, guya xanımı döyüblər”.

    Əvvala, MSK sədrinin digər xanım adlandırdığı Azadə Kərimovanın həmin məntəqədə seçici deyil, ümumiyyətlə onun məntəqədə mövcudluğu faktı qanunsuzdur. İkincisi, Jaləni DSK sədri Mübariz Əmirov bunu çək onu çək deyə çəkməyə dəvət edib. Çəkiliş isə küçədə deyil, seçki məntəqəsində olub. Nəhayət, Jalə vəhşicəsinə döyülüb, fiziki zor faktı göz qabağındadır, bu videoları izləyənləri də hiddətləndirib, amma döyənə qarşı işi bağlayıb, döyülənə qarşı iş açmaq onu göstərir ki, bu siyasi sifarişlidir. Odur ki, bu iş qanunla deyil, şəxsi göstərişlə icra olunur” – Q.İbadoğlu qeyd edib.

  • Cəbhə bölgəsində 40 yaşlı qadın itkin düşdü

    Ağdamda qadın itkin düşüb.

    Median.Az modern.az-a istinadən xəbər verir ki, Ağdamın Quzanlı qəsəbəsində yaşayan 40 yaşlı Tapdıqova Naibə səhər saatlarında itkin düşüb.

    Qohumları Ağdam Polis Şöbəsinə məlumat verdikdən sonra axtarışa başlanılıb.

    Araşdırma davam edir.

  • Президент Ильхам Алиев и Первая леди Мехрибан Алиева посетили памятник неизвестному солдату в Риме – ФОТО

    Находящийся с государственным визитом в Италии Президент Азербайджана Ильхам Алиев и Первая леди Мехрибан Алиева 20 февраля посетили памятник неизвестному солдату в мемориальном комплексе Altare della Patria.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • Bakının bəzi magistral yollarında sürət həddi endirildi

    Yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi müvafiq olaraq endirilib.

    “Report” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

    O, qeyd edib ki, məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir: “Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələri və meteoroloji amilləri nəzərə almaları tövsiyə edirik”.