Month: March 2020

  • Maraqla gözlənilən açılış təxirə salındı

    “Dəniz Mall” ticarət mərkəzinin açılışı təxirə salınıb.

    Bu barədə ticarət mərkəzinin “Facebook” səhifəsindən məlumat yayılıb.

    Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargah ictimaiyyət üçün 10 mart tarixli açıqlamasında ayrı-ayrı qurumlar və vətəndaşlara yönəlik çağırış və tövsiyələr edib.

    Bu çağırışdan irəli gələrək, eyni zamanda koronavirusun yayılmasının qarşısının alınması sahəsində dövlətin həyata keçirdiyi tədbirlərə dəstək olaraq “Dəniz Mall”un 12 mart tarixinə planlaşdırılan açılışı qeyri-müəyyən vaxtadək təxirə salınıb. Yeni açılış tarixi barədə əlavə məlumat veriləcək.

    Qeyd edək ki, operativ qərargah koronavirusa yoluxma hallarının qarşısının alınması baxımından ayrı-ayrı qurumları yaxın müddətdə hər-hansı kütləvi tədbir keçirməməyə, artıq təyin olunan tədbirlərin tarixini dəyişdirməyə çağırıb, vətəndaşlara qapalı və adamların sıx toplaşdığı məkanlardan uzaq olmağı tövsiyə edib.

  • COVİD-19-dan qorunmağın yolları – VİDEO

    Koronavirus heç də deyildiyi kimi çarəsi olmayan xəstəlik deyil. Dünyada çox sayda bu virusdan sağalan insanlar var.

    Həkim Adil Qeybulla hesab edir ki, gigiyenik qaydalara düzgün əməl etməklə bu virusdan qorunmaq mümkündür.

    O bildirib ki, yarım saatdan bir dəyişmək şərtilə tibbi maskalardan istifadə etməklə, isti su ilə əllərin ən az yarım dəqiqə ərzində yuyulması ilə bu virusdan uzaq qalmaq olar.

    Həkim onu da qeyd edib ki, müntəzəm idman hər bir virusa qalib gələ bilər.

    Paytaxt sakinləri də normal gigiyenik qaydalara əməl etməklə virusun onlardan uzaq qalacağına inanırlar.

    Ümumdünya Səhiyyə təşkilatının son statistikasına əsasən, dünyada koronavirusa qalib gələn 64 088 insan var. Bu, təbii ki, müsbət haldır, lakin virusun hələ də mövcudluğunu nəzərə alaraq, gigiyena qaydalarına düzgün riayət etmək vacibdir.

  • Bakıda Böyük Britaniya vətəndaşı qarət edildi

    Martın 8-də Böyük Britaniya vətəndaşı T.Aleksandranın Səbail rayonu, Nizami küçəsində gödəkçəsinin yan cibindən “İphone 6” markalı mobil telefonunun cibgirlik yolu ilə talanması ilə bağlı polisə müracət daxil olub.

    Bakı şəhər Baş Polis İdarəsindən Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, ərazidə xidmət aparan Səbail RPİ Post Patrul Xidməti əməkdaşlarının çevikliyi nəticəsində oğurluq əməlində şübhəli bilinən 1993-cü il təvəllüdlü, Gəncə şəhərində qeydiyyatda olan Kamran İsmayılov maddi sübutla birlikdə saxlanılaraq Səbail RPİ 39-cu Polis Bölməsinə təhvil verilib. İlkin araşdırmalar zamanı müəyən olunub ki, o, Türkiyə Respublikasının Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə məhkum olunub.

    Onun barəsində Səbail RPİ İstintaq şöbəsində CM-nin müvafiq maddələri ilə cinayət işi açılıb. Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Fermerlərin elektron sistemlə subsidiya alınmasındakı problemə aydınlıq gətirildi

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev bu gün keçirilən brifinqdə bildirib.

    Onun sözlərinə görə, görülmüş böyük işlərə baxmayaraq, fermerlərin bəzi məsələlərdə məlumatsızlıqları hələ də mövcuddur. Fermerləri çaşdıran əsas məsələlərdən biri təchizatçı bazarının liberallaşdırılmasıdır:

    “Biz fermerlər kimi, təchizatçıların da EKTİS-də qeydiyyatdan keçməsinə şərait yaratsaq da, rayonlarda fəaliyyətlərini qurmalı və fermerlərin onları tanımaları üçün təbliğatlarını aparmalıdırlar. Doğrudur, biz saytımızda bu təchizatçıların siyahısını, əlaqə nömrələrini yerləşdirmişik, amma təchizatçılar logistika və fermerlə əlaqələri yaxşılaşdırmalıdırlar. Fermerlər kartla alış-verişə alışmayıblar. Bildiyiniz kimi, Qaydalara uyğun olaraq, subsidiya vəsaitinin yalnız 25%-i nağdlaşdırıla bilər. Fermerin kart balansında da nağdlaşdırıla və nağdlaşdırıla bilinməyən balanslar ayrıca görünür. Gübrə almaq istəyən fermer almaq istədiyi həcmdə məhsulun qiymətinin 70%-ni kartındakı nağdlaşdırılmayan vəsaitdən ödəyə bilər. Qalan 30%-i isə özü nağd və ya nağdsız vəsaiti ilə ödəməlidir. Bu ilədək gübrə satışındakı mövcud olmuş qaydalara görə qiymətin 70%-ni dövlət təchizatçıya birbaşa ödəyirdi, fermer yalnız ödədiyi 30%-i qiymət kimi görürdü. İndi isə həmin vəsait fermerə subsidiya kimi köçürülür və fermerlər gübrə-pestisidlərin satışında dövlətin güzəşt etmədiyini düşünürlər”.

    AKİA sədri analoji halla əkin bəyanı etməyənlərin də rastlaşdığını qeyd edib. Subsidiya üçün müraciət etməyənlər gübrə qiymətlərindəki güzəşti görə bilmirlər. “Fermerləri EKTİS-də qeydiyyatdan keçməyə, əkin bəyanı etməyə çağıranda biz məhz bu yeniliklərə görə onların bu addımı atmalarını istəyirdik”, deyən AKİA sədri əlavə edib ki, əkin bəyanı üçün fermerin sənədləri qaydasında olmalıdır. Kooperativ yaradanlar, başqa şəxslərə məxsus torpaqlarda əkin aparanlar yaratdıqları qurumun hüquqi statusunu təsdiqləyən sənədləri, müqavilələri qaydasında hazırlamalı, kooperativlər fərdin deyil, hüquqi şəxsin adına bank hesabı açdırmalıdırlar.

    Qeyd edək ki, yeni subsidiya qaydaları Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 759 nömrəli Fərmanı ilə təsdiq olunub. Fərmanın icrası və subsidiyaların yeni qaydalarla verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi və tabeli qurumları fermerlərin EKTİS-də qeydiyyatı üçün mobil qruplar yaradıb, fermerləri məlumatlandırmaq üçün təlimçilər hazırlayıb və həmin təlimçilər fermerlərlə görüşlərdə yeni subsidiya mexanizmini fermerlərə izah ediblər.

  • Azərbaycanda COVID-19-a görə karantinə alınan yüzlərlə şəxs evə buraxıldı – RƏSMİ

    Azərbaycan Respublikasında koronavirus (COVİD – 19) infeksiyasının yayılmasının qarşısının alınması və infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif xəstəxanalarda yaradılmış karantin zonalarına daxil olan şəxslərin müayinəsi davam etdirilir.

    Nazirlər Kabinetindən Oxu.Az-a verilən məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq, karantinə alınan şəxslər müvafiq müayinədən keçirilir, o cümlədən onlardan laborator analizlər götürülür, səhhətləri nəzarət altında saxlanılır. İnfeksiyaya yoluxma faktı təsdiq olunan şəxslər dərhal xüsusi rejimli xəstəxanalara köçürülür, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər görülür.

    Martın 10-na olan məlumata görə, müayinə və laborator analizlər vasitəsilə infeksiyaya yoluxma faktı təsdiq olunmamış və səhhəti şübhə doğurmayan 312 nəfər karantin müddətini başa vuraraq sərbəst buraxılıb.

    Hazırda karantində olan digər şəxslərin müayinəsi davam etdirilir.

  • Operativ qərargah: Koronavirusla bağlı 312 nəfər karantin müddətini başa vuraraq sərbəst buraxılıb

    Azərbaycan Respublikasında koronavirus (COVİD – 19) infeksiyasının yayılmasının qarşısının alınması və infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif xəstəxanalarda yaradılmış karantin zonalarına daxil olan şəxslərin müayinəsi davam etdirilir.

    Nazirlər Kabineti yanında operativ qərargahdan bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq, karantinə alınan şəxslər müvafiq müayinədən keçirilir, o cümlədən onlardan laborator analizlər götürülür, səhhətləri nəzarət altında saxlanılır. İnfeksiyaya yoluxma faktı təsdiq olunan şəxslər dərhal xüsusi rejimli xəstəxanalara köçürülür, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər görülür.

    Martın 10-na olan məlumata görə, müayinə və laborator analizlər vasitəsilə infeksiyaya yoluxma faktı təsdiq olunmamış və səhhəti şübhə doğurmayan 312 nəfər karantin müddətini başa vuraraq sərbəst buraxılmışdır.

    Hazırda karantində olan digər şəxslərin müayinəsi davam etdirilir.

  • Məhkəmə hakimləri barəsində intizam icraatları başlanıldı

    Lerik Rayon Məhkəməsinin hakimi Atabəy Kiçibəyova töhmət verilib.

    Median.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı Məhkəmə-Hüquq Şurasının növbəti iclasında qərar qəbul edilib.

    Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda, həmçinin Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Nağıyevaya və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Ayaz Məmmədova irad tutulub, bir neçə hakim barədə intizam icraatları başlanılıb.

  • Putin növbəti seçkilərdə namizədliyini verəcəyini istisna etmir

    Rusiya prezidenti Vladimir Putin növbəti prezident seçkilərində iştirak edəcək.

    “RİA Novosti”nin xəbərinə görə, bu barədə o, Dövlət Dumasında Konstitusiyaya düzəlişlərlə bağlı çıxışı zamanı deyib.

    Rusiya lideri həmçinin bildirib ki, Konstitusiya məhkəməsinin qanunvericiliyə zidd hesab etmədiyi və müvafiq qərarı təsdiqlədiyi təqdirdə düzəliş mümkündür.

    Eyni zamanda, prezident vurğulayıb ki, bundan əvvəl Rusiya vətəndaşları düzəlişlərin qəbulu ilə bağlı fikirlərini bildirməlidirlər.

    Daha öncə Putin prezidentlik müddətlərinin sayına qoyulan məhdudiyyətin aradan qaldırılması fikrini dəstəkləmədiyini demişdi.

    Qeyd edək ki, bu gün Rusiya Dövlət Dumasının deputatı, dünyada ilk kosmonavt qadın Valentina Tereşkova Konstitusiyaya əlavə və dəyişikliklər qəbul edildikdən sonra prezidentlik müddətinin sayına limitin ləğv edilməsi ilə bağlı təklif irəli sürüb.

  • Azərbaycan Premyer Liqası və I divizionunda oyunlar azarkeşsiz keçiriləcək

    Azərbaycan Premyer Liqasının növbəti iki turunun oyunları azarkeşsiz keçiriləcək.

    Bu barədə əmri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev imzalayıb.

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son günlərdə koronavirus xəstəliyinə yoluxma hallarının artmasını, virusun coğrafiyasının genişlənməsini nəzərə alaraq dövlətlər tərəfindən müvafiq preventiv tədbirlərin gücləndirilməsi, eləcə də kütləvi tədbirlərin təxirə salınması təşəbbüsü ilə çıxış edib. Virusun dünya üzrə əhatə dairəsi genişləndiyindən ölkəmizdə də müvafiq profilaktik tədbirlər gücləndirilib.

    Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılan Operativ qərargah mütəxəssislər ilə aparılan məsləhətləşmələr və ÜST-ün tövsiyələrindən irəli gələrək ayrı-ayrı qurumları yaxın müddətdə hər hansı kütləvi tədbir keçirməməyə, artıq təyin olunan tədbirlərin tarixini isə dəyişdirməyə çağırıb.

    Həmçinin adamların sıx toplaşdığı məkanlarda virusa yoluxma riski yüksək olduğundan və ölkəmizdə virusa qarşı aparılan mübarizəni rəhbər tutaraq belə bir qərar verilib.

    Bu üzdən I Divizionun XIX, XX, Premyer Liqanın XXI, XXII turları azarkeşsiz keçiriləcək. Oyunun keçirilməsinə cavabdeh olan şəxslərin, eləcə də KİV nümayəndələrinin PFL vəsiqələrini təqdim etdikləri halda stadiona buraxılması təmin olunacaq.

    Əmrdən irəli gələnlərin həyata keçirilməsini meydan sahibi komanda təmin etməlidir.

  • Azərbaycan hökuməti manatın məzənnəsinə dair məlumat yayıb

    “Azərbaycan hökuməti dünya iqtisadiyyatında gedən prosesləri diqqət mərkəzində saxlayaraq baş verə biləcək neqativ iqtisadi tendensiyaların ölkə iqtisadiyyatına mənfi təsirlərinin neytrallaşdırılması üçün preventiv tədbirlər planlarına malikdir”.

    Bu barədə Nazirlər Kabinetinin yaydığı məlumatda deyilir.

    Azərbaycan hökuməti dünya iqtisadiyyatında gedən prosesləri diqqət mərkəzində saxlayaraq baş verə biləcək neqativ iqtisadi tendensiyaların ölkə iqtisadiyyatına mənfi təsirlərinin neytrallaşdırılması üçün preventiv tədbirlər planlarına malikdir. Belə ki, neftin qiymətinin kəskin ucuzlaşmasının tədiyə balansına təsirlərinin proqnoz ssenariləri hazırlanmışdır. Bu ssenarilərə uyğun olaraq, zərurət yarandığı hallarda müvafiq sabitləşdirici tədbirlər paketi həyata keçiriləcəkdir.

    Dünyada baş verən neqativ iqtisadi meyillər fonunda belə Azərbaycan iqtisadiyyatı dayanıqlıq nümayış etdirir. Bu gün ölkə iqtisadiyyatı 2014-cü ildən başlanan qlobal maliyyə-iqtisadi böhranı dövründən daha dayanıqlıdır. Əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə də müsbət inkişaf dinamikası davam edir. Belə ki, yanvar-fevral aylarında qeyri-neft ÜDM-i 6,7%, ÜDM isə 2,8% artıb.

    VALYUTA EHTİYATLARIMIZ XARİCİ DÖVLƏT BORCUNU 6 DƏFƏ ÜSTƏLƏYİR

    Neft bazarında və qlobal iqtisadiyyatda baş verən hadisələrə qarşı ölkə iqtisadiyyatının kifayət qədər yüksək maliyyə immuniteti və təhlükəsizlik “yastığı” mövcuddur. 2019-cu ilin yekunlarına görə, strateji valyuta ehtiyatlarımız ÜDM-in 100%-ni ötür, valyuta ehtiyatları xarici dövlət borcunu 6 dəfə üstələyir.

    Valyuta bazarında sabitliyin və manatın məzənnəsinin qorunması məqsədilə zəruri tədbirlər görülməsi üçün bütün imkanlar vardır. Həm monetar, həm də iqtisadi siyasətin digər istiqamətləri üzrə nəzərdə tutulan tədbirlər inflyasiyanın hədəflənən səviyyədə saxlanılmasını təmin edəcəkdir.

    Eyni zamanda, dövlət büdcəsinin maliyyə dayanıqlığının daha da gücləndirilməsi üçün əlavə tədbirlər görüləcək, xərclərin optimallaşdırılması və səmərəli istifadəsi üzərində ciddi nəzarət davam etdiriləcəkdir.

    2020-ci il üçün qəbul edilmiş dövlət büdcəsinin xərcləri, o cümlədən bütün sosial layihə və öhdəliklər nəzərdə tutulan qrafik üzrə tam həcmdə və vaxtında icra olunur, heç bir sosial layihənin təxirə salınması nəzərdə tutulmur.