Bütün dünyaya yayılan koronavirusun Çinin sərhəd qonşusu olan Tacikistanda aşkarlanmaması böyük maraq doğurub.
Bu barədə “HaberGlobal” məlumat yayıb.
Qeyd edək ki, epidemiya məhz Çindən bütün dünyaya yayılaraq, 200-ə yaxın ölkəni öz təsiri altına salıb.
Bəzi ekspertlər Tacikistanda yoluxma halının olmamasını rəsmi Düşənbənin idarəçiliyinin qələbəsi kimi qeyd edirlər. Digərləri isə bunu Çinin qonşusu olmasına rəğmən, Tacikistanın əhəmiyyətli yollardan kənarda qalması, tranzit keçidlərə qapalı olması və turistlərin üstünlük verdiyi ölkələr sırasında yer almaması ilə izah edirlər.
Tacikistanda koronavirusa yoluxma halı qeydə alınmasa da, ölkədə pandemiyaya qarşı bir sıra tədbirlər həyata keçirilir. Belə ki, Uhanda koronavirusun yayılmasından sonra Tacikistan yanvarın 30-da Çinlə, daha sonra isə Əfqanıstan, Özbəkistan və Qırğızıstanla sərhədlərini bağlayıb.
Martın 20-dən başlayaraq bütün təyyarə uçuşları dayandırılıb.
Xaricdən təxliyyə olunan vətəndaşlar isə karantinə alınıb. Hazırda 4077 nəfər karantin mərkəzində vaxtlarının bitməsini gözləyir.
Aprelin 9-da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin İnkişaf Proqramı və SUP.VC təşkilatçılığı ilə virtual hakaton işə başlayacaq. “Report”un məlumatına görə, dörd gün davam edəcək forumda məqsəd koronavirus pandemiyası ilə mübarizədə texnoloji həlləri bir araya gətirməkdən ibarətdir.
Azərbaycan Turizm Bürosu və PAŞA Bank COVID-19 koronavirus pandemiyası ilə mübarizəyə yönəldilən virtual hakatona qoşulan və dəstək verən ilk əsas tərəfdaşlardandır. Dünyada koronavirus pandemiyasının yayılması hər bir təşkilatı və qurumu bu virusla mübarizə yollarını axtarmasına, həmçinin texnoloji həlləri yaratmasına keçidi tezləşdirir.
Turizm sənayesi iqtisadiyyatın koronakrizisdən ən çox ziyan çəkmiş sahələrindən biridir və hazırda həm yerli, həm də dünya turizm sənayesində yeni innovativ, o cümlədən, rəgəmsal həllərin meydana gəlməsi olduqca vacibdir. Ümümiyyətlə, koronovirusun təsirini maksimum dərəcədə azaldmaq üçün rəgəmsal keçidin sürətini artırmaq, ölkədə rəgəmsal və distant tətbiqlərin inkişaf etdirilməsi olduqca zəruridir.
Hakatonda iştirak etmək istəyənlər www.hackcov19.com saytında qeydiyatdan keçməli və öz komandası, ideyası və həmin ideyanın yuxarıda sadalanan çətinlikləri necə aradan qaldıracağı haqda məlumatı təqdim etməlidir. İdeyalarını təkmilləşdirmək üçün sizin bir həftə vaxt var. Mentorlarla işləməklə, həmin həll yolları milli və beynəlxalq mütəxəssislərdən ibarət münsiflər heyətinə onlayn formada təqdim ediləcək. Qiymətləndirmədə üstünlük ən tez həyata keçirilə biləcək ideyalara veriləcək. Hakatonun mükafat fondu – 10 000 ABŞ dollarıdır.
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşların tibbi maska və əlcəkdən istifadə etməməsinə görə cərimə olunması barədə yayılan məlumatlara münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovun “Report”a bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.
O qeyd edib ki, vətəndaşlar tibbi maska və əlcəkdən istifadə etməməyə görə cərimə olunmur: “Polis əməkdaşları həmin şəxsləri saxlayıb, onlara tövsiyə edir ki, özlərinin və yaxınlarının sağlamlığı üçün maska və əlcəkdən istifadə etsinlər. Əlcək və maskadan istifadə etməməyə görə cərimə yoxdur.
E.Zahidov deyib ki, vətəndaşlar yalnız karantin qaydalarını pozduğuna görə, zərurət olmadan evdən çıxdığına görə cərimə olunur: “Məişət tullantılarını atarkən icazə almaq lazım deyil. Vətəndaş zibili atıb geri qayıtmalıdır”.
“Əgər koronavirusa yoluxmusunuzsa, həyəcanlanmayın və qorxmayın”.
Bunu “Report”un xüsusi müxbirinə açıqlamasında ABŞ-ın Nyu-York şəhərində yaşayan və koronavirusa yoluxmuş Fatih Yılmaz deyib.
Hazırda ərzaq məhsullarının topdansatış mərkəzində işləyən 30 yaşlı türk infeksiyanın daşıyıcısına necə çevrildiyini bilmir: “Bu günlərdə övladım dünyaya gəldi və mən də üç gün xəstəxanada həyat yoldaşımın yanında qaldım. Bəlkə də orada koronavirusa yoluxdum. Özümü çox halsız hiss edirdim və hərarətim vardı. Ona görə də təcili tibbi yardıma zəng etdim. Məndən analiz götürüldü və testin nəticəsi pozitiv çıxdı. Ancaq yoluxma yeni baş verdiyindən xəstəxanaya aparmadılar. Evdə müalicə almağı məsləhət gördülər. Əvvəlcə qrip əleyhinə bir neçə dərman qəbul etdim və temperaturum düşdü. Ümumiyyətlə, koronavirusa yoluxduğumu bildikdən sonra özümü tamamilə təcrid etdim və evə qapatdım. Artıq 12 gün keçib və səhhətimdə azca irəliləyiş müşahidə olunur”.
F.Yılmaz koronavirusa yoluxduğunu düşünən insanlara ilk öncə sakitləşməyi məsləhət görür: “Sanki çətin imtahana hazırlaşdığınızı hesab edin. Çox çətin dövrdən keçirik. Hər birimiz bu infeksiya ilə mübarizəyə hazır olmalıyıq. Sizə məsləhət görürəm ki, qəti həyəcan keçirməyin. Əgər koronavirusa yoluxmağınızdan şübhələnirsinizsə, ilk öncə soyuqqanlı olmalısınız. Mən bir neçə simptomlarına görə koronavurusa yoluxduğumu anladım. Belə ki, nəfəs almağım çətinləşmişdi və bədənimin hərarəti yüksək idi. Hətta hərarətim gün ərzində bir neçə dəfə qalxıb düşürdü. Ən əsası da halsızlıq və əzələ ağrıları var idi. Sanki bütün bədənim ağrıyırdı. Həkimlər sağalmaq üçün mənə yaxşı qidalanmağı məsləhət gördülər. Mən də məsləhətə qulaq asdım, limon, sarımsaq və zəncəfili ilıq suya qatıb gündə bir neçə dəfə içməyə başladım. Hazırda bu prosesi hələ də davam etdirirəm. Xüsusilə də bol-bol su, çay, alma sirkəsi və C vitamini qəbul edirəm. Həyat yoldaşım belə hazırladığı yeməkləri qidalanmağım üçün qapının qarşısına qoyur. Artıq ağrılarım bir qədər azalıb”.
O, Nyu-Yorkda tanıdığı bir çox insanın koronavirusa yoluxduğunu söyləyib: “Həyat yoldaşımın atası da infeksiyaya yoluxub və xəstəxanadadır. Vəziyyətinin yaxşı olduğunu desə də, ancaq səsi telefonda çox yaxşı gəlmir. Nəfəs almaqda çətinlik çəkir, yaşlı insandır. İnşallah, tezliklə sağalacağına ümid edirik”.
F.Yıllar bir neçə il öncə Bakıda işlədiyini deyərək Azərbaycandakı dostlarına və həmvətənlərimizə müraciət edib: “Sizləri koronavirusun nə qədər ciddi olduğuna inanmağa çağırıram. Gördüyünüz kimi, yaşlı deyiləm. Ancaq günlərdir bu xəstəliklə mübarizə aparıram. Sanki yenidən doğuluram. Əgər yaxşı qidalanmasam, ölə də bilərəm. Çünki Nyu-Yorkda çox gənc insan koranvirusdan öldü. Əgər yaşamaq istəyirsinizsə, evdən bayıra çıxmayın. Evdə qalın. İnanın kı, bu qrip deyil, ağır xəstəlikdir. Heç nəyə güvənməyin. Bu xəstəlik sizi tez bir zamanda öldürə bilər. Ailənizi və sizi sevənləri düşünün”.
ABŞ-da koronavirusla bağlı qan müayinəsinin nəticəsini 15 dəqiqəyə verən testdən istifadə təsdiqlənib.
“Report” “Haber7”yə istinadən xəbər verir ki, testi ABŞ-ın Qida və Farmakologiya İdarəsi təsdiqləyib.
Qanda koronavirusa qarşı istehsal olunan antitellərin səviyyəsini təyin etməyə imkan verən test burun və burun ətrafında RNT izlərini aşkar edən PCR testlərindən daha geniş istifadə üçün daha uyğundur.
Bu testin təcili istifadəsinə icazə verilib.
Mütəxəssislər bildirib ki, bu, hazırda 6-7 saata nəticə verən RCR-dən daha məhsuldar sayılır.
Azərbaycan millisinin voleybolçusu Yuliya Kərimova karantindən evə buraxılıb.
Azərbaycan Voleybol Federasiyasının (AVF) Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, İsrailin “Makkabi” (Hayfa) klubunda çıxış edən və ölkəyə qayıdarkən koronavirus pandemiyası səbəbindən təcrid olunan 35 yaşlı liberonun analizində hansısa yoluxma halı qeydə alınmayıb.
Artıq evinə qayıdan voleybolçu hər şeyin qaydasında olduğunu və hansısa problemin olmadığını bildirib: “Əziz dostlar, artıq evdəyəm. Bakıya qayıtdıqda Heydər Əliyev Hava Limanına çatan kimi bizdən analiz götürdülər və hazırkı duruma uyğun olaraq, karantinə alınacağımızı bildirdilər. Artıq karantin günlərim sona çatdı, hər şey qaydasında olduğuna görə məni evə buraxdılar. İsraildən Bakıya qayıtmağımda və bu çətin günlərdə məni tək qoymayan AVF-yə təşəkkür edirəm. Məlum səbəblərdən uçuşların dayandırılmasına və karantinə alınacağıma baxmayaraq, Bakıya gəlməyi qərar verdim. Azərbaycan mənim vətənimdir. Bu gün çox şadam ki, Bakıdayam və artıq öz evimdəyəm”.
Kərimova Azərbaycan xalqına və idmançılara da səslənib. O, hamını “Evdə qal, sağlam qal” kompaniyasına qoşulmağa dəvət edib: “Evdə olmağıma baxmayaraq, ölkəmizdə karantin davam edir. Bir vətəndaş kimi, mən də hökumətimizin verdiyi bütün qərarlara riayət etməyə çalışıram. Komanda yoldaşlarım başda olmaqla, hər kəsə səslənirəm: evdə qalın. Çünki bu virusa yalnız belə qalib gələ bilərik”.
Qeyd edək ki, Polşa “Radomka”sın çıxış edən yığmanın digət voleybolçusu Marqarita Əzizova da Bakıya gələndən sonra karantinə alınıb.
Ölkəmizdə koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə kompleks tədbirlər həyata keçirilməkdədir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, vətəndaşlardan bu infeksiyadan həm özlərini, həm də yaxınlarını qorumaq üçün mütləq qaydada xüsusi karantin qaydalarına əməl etmək tələb olunur.
Bu məqsədlə Sumqayıt şəhəri və Abşeron rayonunda yerləşən stasionar postlarda Bakıya giriş-çıxışa nəzarət daha da gücləndirilib.
Bu postlarda sürücülər və nəqliyyat vasitələrində olan sərnişinlər ciddi yoxlamalardan keçirilir. Səbəbsiz yerə yaşayış məkanlarını tərk edən sürücü və sərnişinlər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə 100 manat miqdarında cərimə edilirlər. Polisin qanuni tələblərinə tabe olmayanlar və eyni əməli təkrar törədənlər barəsində daha ciddi intizam tədbiri görülür, həmin şəxslər saxlanılaraq məhkəmələrin qərarı ilə həbs olunurlar.
Həmçinin Bakıya girişə nəzarətin gücləndirilməsi məqsədi ilə Binəqədi Rayon Dövlət Yol Polis Şöbəsi tərəfindən Novxanı qəsəbəsində əlavə polis postu yaradılıb. Bu postda Sumqayıt şəhərindən paytaxta və əksinə hərəkət edən vətəndaşlara məhdudiyyətlər qoyulur. Mövcud vəziyyət nəzərə alınaraq vətəndaşlar arasında səhhətində nasazlıq hiss edənlər üçün postun ərazisində ehtiyat tədbirlər çərçivəsində xüsusi otaqlar da qurulub. Həmçinin postda xidmət aparan polis və daxili qoşunların hərbi qulluqçularının normal qidalanması və istirahət etməsi üçün də yerlər müəyyən edilib.
Qeyd edək ki, koronavirus təhlükəsinin yayılmasına qarşı görülən qabaqlayıcı tədbirlər daha da sərtləşdirilib. Qoyulan qaydalara əməl etməyən vətəndaşlara qarşı ciddi cəza tədbirləri həyata keçirilir.
İspaniyanın “Barselona” klubunun kapitanı Lionel Messiyə məxsus təyyarə texniki problemlərə görə Belçikanın paytaxtı Brüsselə məcburi eniş edib.
Median.Az Britaniyanın “The Sun” nəşrinə istinadən xəbər verir ki, argentinalı futbolçu və ailəsinin hava gəmisində olub-olmaması barədə məlumat yoxdur.
İddiaya görə, ötən gün Argentinadan havaya qalxan təyyarə Braziliyada fasilə verdikdən sonra bu gün Brüsseldəki hava limanına enib. Ardınca təyyarə İspaniyanın Tenerife şəhərinə yola düşməli olsa da, texniki səbəblərdən aeroporta təcili eniş edib.
Qeyd edək ki, Lionel Messi təyyarəni 2018-ci ildə 12,5 milyon avroya alıb.