Month: April 2020

  • Xəzər dənizində zəlzələ olub

    Aprelin 1-də Xəzər dənizində maqnitudası 3.1 olan zəlzələ baş verib.

    Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 14:20-də qeydə alınıb.

    Zəlzələnin ocağı 28 kilometr dərinlikdə yerləşib.

  • Türkiyədə yüzlərlə həkim koronavirusa yoluxdu

    Türkiyədə 601 səhiyyə işçisində COVID-19 aşkarlanıb.

    Median.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.

    O, tibb işçilərini qorumaq üçün əllərindən gələni etdiklərini bildirib.

    “Ümumdünya Səhiyyə Təşkilatı aşkarlanan halların 10%-nin səhiyyə işçilərində qeydə alındığını açıqlayıb. Bizdə belə faiz yoxdur. Ölkəmizdəki sayı demək heç ürəyimcə olmasa da, bildirməliyəm ki, 601 tibb işçisi koronavirusa yoluxub. Səhiyyə işçilərimizi qorumaq üçün əlimizdən gələni edirik”,- nazir bildirib.

    Qeyd edək ki, Türkiyədə koronavirus qurbanlarının sayı 277 nəfərə çatıb. Ölkədə virusun qeydə alındığı insanların sayı isə 15,6 mini ötüb.

  • Koronavirusla əlaqədar bu şəxslərə əlavə, könüllülərə isə 250 manat ödəniləcək

    Nazirlər Kabineti “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan işçilərin və könüllülərin əməyinin ödənilməsi barədə” sərəncam verib.

    Sərəncama əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələri işçilərinin və könüllülərin əməyinin ödənilməsini təmin etmək məqsədilə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl və təsərrüfathesablı tibb müəssisələri işçilərinə dövlət tibb müəssisələrində çalışan müvafiq vəzifəyə və staja malik işçilər üçün “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli qərarı ilə müəyyən edilmiş məbləğlərdə 2020-ci il aprelin 1-dən müddətli əlavə ödəniləcək.

    Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən könüllülərə 2020-ci il aprelin 1-dən aylıq 250 manat məbləğində mükafat ödəniləcək.

    Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə Maliyyə Nazirliyi ilə birlikdə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

  • Koronavirusu sürətlə yayan vasitə BƏLLİ OLDU

    Yeni növ koronavirus həmçinin nəcis vasitəsilə yoluxdurula bilər.

    Median.Az publika.az-a istinadən xəbər verir ki, COVID-19-un artıq nəcis və sidik ifrazatı ilə də yayılması haqda fərziyələr dəqiqləşib.

    Amerika Səhiyyə Assosiasiyasının jurnalında yayımlanan məqalədə deyilir ki, bəzi xəstələrdə ilk mərhələdə ishal və qusma halları müşahidə olunub. Qızdırma və öskürək qeydə alınmayıb.

    Diareya (ishal) koronavirusu sürətlə yayan ikinci vasitədir. Hətta Çinin Uhan şəhərində ilk yoluxanların 10 faizi bu yolla daşıyıcıya çevrilmişdi. Lakin mütəxəssislər bu durumdan xəbərsiz olduqları üçün əsas diqqəti nəfəs və tüpürcəklə keçən koronavirusa yönəltmişdilər. Hətta Amerikada ilk yoluxan şəxs də virusu nəcis vasitəsilə yayıb.

    Sauthempton Universitetinin mütəxəssisi Uilyam Kivil bildirib ki, COVID-19 nəcis və sidik ifrazatı ilə yoluxdurulur. Odur ki, tualet və hamamı maksimal şəkildə təmiz saxlamaq, havanı tez-tez təravətləndirmək vacibdir.

    “Virusun orqanizmdən xaric olandan sonra nə qədər aktiv qalacağı haqda bilgimiz yoxdur. Həmçinin hansı temperaturda məhv olduğu məlumatına sahib deyilik. Odur ki, gigiyenik qaydalara əməl edin, tualetinizi təmiz saxlayın”, – Toronto Universitetinin professoru Devid Fisman deyib.

  • Koronavirusun yeni simptomları aşkarlanıb

    İybilmə və dadbilmə hisslərinin yoxa çıxması koronavirusa yoluxmanın başlıca simptomlarındandır.

    Median.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu qənaətə London Kral Kollecinin alimləri gəlib.

    Mütəxəssislərin fikrincə, bu simptomlara malik pasiyentlərin 59%-ində koronavirus testinin nəticəsi pozitiv çıxıb. Üstəlik, bu, qızdırmadan fərqli olaraq daha dəqiq göstərici olub.

    Araşdırmaçılar bildiriblər ki, bu iybilmə və dadbilmənin yoxa çıxması ilə digər simptomların uyuşması koronavirusa yoluxma ehtimalını 3 dəfə artırır. Alimlər bu cür simptomların ortaya çıxdığı andan 7 günlük özünütəcridetməyə çağırırlar.

    Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 203 ölkə və bölgədə qeydə alınıb.

    Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 885 200-ü ötüb. Bunların 185 208 nəfəri sağalıb, 44 210 nəfəri isə ölüb.

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVİD-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan olunub.

  • Zərurət olmadığı halda evdən çıxanlar cərimələndi – VİDEO

    Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminin qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, gücləndirilmiş iş rejimində xidmət aparan polis əməkdaşları mütəmadi olaraq şəhər ərazisində həm xidməti avtobillərlə şəhər əhalisinə səslənərək, həm də fərdi qaydada sahibkarlar və vətəndaşlarla maarifləndirici söhbətlər apararaq xüsusi karantin rejiminin tələblərinə riayət etməyə dəvət edir.

    Gün ərzində aparılan reydlər zamanı 10-a yaxın vətəndaş zərurət olmadan evdən çıxdığına görə, İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə ediliblər. 100-dən çox vətəndaşa xüsusi karantin rejiminin tələbləri xatırladılaraq xəbərdarlıq ediliblər.

    Xəbərdarlıq edilən sakinlər polis əməkdaşlarının müşaiyəti ilə evlərinə yola salınıblar.

  • Dövlət dili normalarını pozanlar cərimələnəcək – MƏBLƏĞ

    Kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə cərimələr nəzərdə tutulur.

    Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə “Kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulması” adlı yeni 533-cü maddəsinə əlavə təklif edilir.

    Əlavəyə əsasən, kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə, fiziki şəxslər yüz manatdan iki yüz manatadək, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək, hüquqi şəxslər isə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

    Layihə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

  • Çində vəhşi heyvan əti yeyənlər cərimələnəcək

    Çinin Huandonq əyalətində vəhşi heyvan əti yeyənlər cərimə ediləcək.

    “Anadolu” agentliyi xəbər verir ki, Çində koronavirusun yayılmağının qarşısının alınması üçün vəhşi heyvan əti ticarətinə qadağa qoyulub.

    Bu qadağanı pozan Huandonq sakinləri cərimə ediləcəklər.

    Qaydalar mayın 1-dən qüvvəyə minəcək, vəhşi heyvanları istehlak edənlər heyvanların və ya ət məhsullarının bazar dəyərinin maksimum 20 misli qədər cərimə olunacaq.

    Qadağaya bəzi quşların və sürünənlərin, insanların sağlamlığına və ya ekoloji tarazlığa təhlükə yaradan heyvanların da aid olunduğu qeyd edilir.

  • Ağdaşda karantin rejimini pozan 2 şəxs həbs edildi

    Ağdaş rayonunda karantin rejim qaydalarını pozaraq polisin qanuni əmrinə tabe olmayan 2 şəxs həbs edilib, 11 obyekt sahibi cərimələnib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ölkədə tətbiq olunan xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

    Rayon ərazisində karantin rejimi ilə əlaqədar giriş-çıxışı məhdudlaşdırmaq üçün yaradılan postlarda polis əməkdaşları tərəfindən karantin rejim qaydaları izah olunmasına, eləcə də dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, polisin qanuni əmrinə tabe olmayaraq postu keçməyə cəhd göstərmiş 2 nəfər Ağdaş rayon sakini – Firdovsi Dosməmmədov və Toğrul Həsənov saxlanılıblar.

    Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub və baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilib. Həmin şəxslər məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunublar.

    Həmçinin polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində xidmət aparılan zaman karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən 8 kafe, 1 kompüter oyunları zalı və 2 geyim əşyaları satışı edən mağaza aşkar edilib.

    Həmin obyekt sahibləri barəsində karantin rejim qaydalarını pozduqlarına görə, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub.

    RPŞ əməkdaşları tərəfindən keçirilmiş digər bir tədbir nəticəsində sosial şəbəkələrdə koronavirus pandemiyası ilə bağlı heç bir dövlət qurumunun rəsmi məlumatlarına istinad etmədən, reallığı əks etdirməyən və cəmiyyətdə çaşqınlıq yarada biləcək yalan məlumatlar yayan Ağdaş şəhər sakini Nurlan Rəhimli saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub və cərimə edilib.

    Bu istiqamətdə tədbirlər karantin rejimi müddətində davam etdiriləcək.

  • Gürcüstanda vətəndaşların kommunal xərclərini hökumət ödəyəcək

    Gürcüstan hökuməti mart, aprel və may ayları üçün vətəndaşlara göstərilən kommunal xidmətlərin müəyyən hissəsinin ödənişlərini öz üzərinə götürəcək.

    İşsiz qalan gürcüstanlılar isə ünvanlı sosial yardım alacaq.

    TASS xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri Giorgi Qaxaria söyləyib.

    Gürcüstan hökumətinin mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, ayda 200 kilovatt elektrik enerjisi və 200 kubmetrədək təbii qazın pulsuz verilməsinə dair qərar qəbul olunub.