Month: April 2020

  • Koronavirusa görə nəzərdə tutulmuş vergi güzəştləri paketinin ümumi dəyəri açıqlandı

    “Koronavirus pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə nəzərdə tutulmuş vergi güzəştləri paketinin ümumi dəyəri 114 milyon manata yaxındır”.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bunu Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

    S.Məmmədxanov bildirib ki, bununla bağlı Vergi Məcəlləsinə “Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi” adlı yeni on səkkizinci fəsil əlavə edilir.

    Dəyişikliyə görə, pandemiyanın bilavasitə təsir etdiyi, sənəddə nəzərdə tutulan fəaliyyət sahələri üzrə vergi ödəyicilərinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə, əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergi güzəştlərinin verilməsi təklif olunur.

    Bundan başqa, sadələşdirilmiş verginin ödəyicisi olan ictimai iaşə fəaliyyəti və sərnişin daşımaları fəaliyyəti həyata keçirən vergi ödəyicilərinə yuxarıda qeyd edilən əmlak və torpaq vergiləri üzrə güzəştlərlə yanaşı, sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz güzəştin verilməsi nəzərdə tutulur.

    Göstərilənlərlə yanaşı, pandemiyanın mənfi təsir etdiyi yuxarıda qeyd edilən iqtisadi fəaliyyət sahələri üzrə bir sıra digər güzəştlərin də verilməsi planlaşdırılır. Belə ki, fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcəsinin 14 faizdən 7 faizə endirilməsi, 1 il müddətinə cari vergi ödəmələrindən və cari vergi ödəmələri ilə bağlı arayışların verilməsindən azad edilməsi, 2019-cu il üçün son verginin ödənilməsi müddətinin 1 sentyabr 2020-ci il tarixinədək uzadılması, mikro sahibkarlıq subyekti olmayan vergi ödəyicilərinin əvvəlki il üzrə hesablanmış mənfəət (gəlir) və əmlak vergilərinin cari ilin 1 sentyabr tarixinədək uzadılması, ödənilməmiş vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanmasının 2020-ci ilin 1 aprel tarixindən 2021-ci ilin 1 yanvar tarixinədək təxirə salınması da bu güzəştlərə daxildir.

    Qeyd edildi ki, bütün sahibkarlıq subyektlərini əhatə edən vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudiyyət nəzərə alınmadan gəlirdən çıxılması, əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin ƏDV-dən müddətli azad edilməsi kimi vergi güzəştlərinin verilməsi də bu güzəştlər sırasındadır.

  • Nazirdən özəl məktəblərdə tədrislə bağlı RƏSMİ AÇIQLAMA

    “Əksər özəl məktəblər fərqli formata uyğunlaşdırılmaqla xüsusi platformalar üzərindən şagirdlərə məzmunun təqdim edilməsini həyata keçirirlər”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov bildirib.

    O qeyd edib ki, özəl məktəblər də onlayn formatda tədris həyata keçirirlər:

    “Bizə təqdim edilən məlumatlara görə, 100 faizə yaxın əhatəlilik təmin edilib. Özəl sektorda dövlət məktəbləri ilə müqayisədə, şagird sayı azdır.

    O sayda onlayn formada məzmunun çatdırılması asandır. Özəl tədris müəssisəsi çatdırmırsa, valideynlər məsələni qaldırıb özəl məktəb rəhbərliyi ilə məsələni müzakirə etməlidir”.

    Nazir əlavə edib ki, özəl məktəblərdə də xidmət təqdim edilir:

    “Təqdim edilmirsə, bununla bağlı məsələ müzakirə mövzusu ola bilər”.

  • Azərbaycan Premyer Liqasının oyunları bu tarixdə yenidən başlayacaq – RƏSMİ

    Dünyanın əksər ölkələrində geniş yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar Azərbaycan Premyer Liqası, Azərbaycan I Divizionu və Azərbaycan Kuboku yarışlarına müvəqqəti olaraq fasilə verilib. Ölkəmizdə pandemiyaya qarşı aparılan uğurlu mübarizənin nəticəsi olaraq, Nazirlər Kabineti yanında Operativ Qərargah 2020-ci il aprelin 27-dən etibarən xüsusi karantin rejiminin müəyyən qədər yumşaldılması barədə qərar qəbul edib. Daha əvvəl qəbul olunmuş qərara əsasən, xüsusi karantin rejimi 4 may saat 00:00-da başa çatacağı təqdirdə, Peşəkar Futbol Liqasının (PFL) təşkilatçılığı ilə keçirilən yarışların bərpası planlaşdırılır.

    Bu barədə PFL-dən məlumat verilib.

    Bildirilib ki, UEFA, FİFA, EPFL və digər beynəlxalq futbol qurumlarının tövsiyələrini, AFFA, klublarımızla aparılan müzakirələri və yarışların bitməsi üçün müəyyənləşdirilmiş mümkün tarixləri nəzərə alaraq, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpa olunması nəzərdə tutulur.

    Aparılan müzakirələrə uyğun olaraq, Peşəkar Futbol Liqasının qərarına əsasən, Premyer Liqa oyunları başa çatdıqdan sonra Azərbaycan Kubokunun yarımfinal və final oyunları keçiriləcək.

    Kubokun təqvimində dəyişikliyə əsas səbəb klubları onsuz da sıx olan təqvimdən qorumaq, kubokda iştirak etməyən klubların cari mövsümü erkən bitirərək növbəti mövsümə daha yaxşı hazırlaşmasına şərait yaratmaqdır.

    Azarkeşsiz keçiriləcək Premyer Liqa, I Divizion və Azərbaycan Kubokunun yeni təqvimi ilə bağlı saytımızda məlumat yerləşdiriləcək.

    Qeyd: Xüsusi karantin rejimi ilə bağlı mövcud vəziyyət hər hansı şəkildə dəyişəcəyi təqdirdə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul edəcəyi qərarlara uyğun olaraq Peşəkar Futbol Liqası tərəfindən müvafiq qərarlar qəbul oluna bilər.

  • Bakıda ər arvadını dini baxışlarına görə qətlə yetirdi – TƏFƏRRÜAT

    Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinərək məhkum olunan Hacıyev Müzəffər Zabit oğlu Ali Məhkəməyə müraciət edib.

    Median.Az ölkə.az-a istinadən xəbər verir ki, Müzəffər Hacıyev məhkəmədən barəsindəki işin yenidən araşdırılmasını və hökmün dəyişdirilməsini xahiş edib.

    Onun müraciətinə hakim İnqilab Nəsirovun sədrliyi ilə keçiriləcək məhkəmə iclasında baxılacaq.

    Məhkəmə baxış iclası mayın 12-nə təyin olunub.

    Qeyd edək ki, hadisə 2007-ci ildə baş verib. Saat 21.00 radələrində Sabunçu rayonu Pirşağı qəsəbəsində qəsəbə sakini Müzəffər Hacıyev ailə münaqişəsi zəminində arvadı Bikəxanımı bıçaqla qətlə yetirib. M.Hacıyev könüllü olaraq Sabunçu RPİ 15-ci PB-yə gəlib.
    Araşdırmalar zamanı M.Hacıyevin həyat yoldaşını dini baxışlarına görə öldürməsi müəyyənləşib.

    M.Hacıyev Cinayət Məcəlləsinin 120.2.12-ci, yəni, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə maddəsi ittiham olunub.

  • İsmayıllıda aztəminatlı ailələrin ərzaq payını mənimsəyən icra nümayəndəsi DTX tərəfindən tutuldu – RƏSMİ

    İsmayıllı rayon icra hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədovun qanunsuz hərəkətləri barədə daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

    Bu barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə məlumatında qeyd olunub.

    Bildirilib ki, dövlətin apardığı işlərə kölgə sala biləcək qanunsuz hərəkətlərə qarşı ciddi mübarizə tədbirlərinin görülməsi davam etdirilir.

    Aparılmış tədbirlərlə Məhərrəm Əhmədov tərəfindən qanunsuz ödənişlər müqabilində “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Nazirlər Kabinetinin 2 aprel 2020-ci il tarixli 124 nömrəli Qərarına zidd olaraq rayon ərazisində hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə, eləcə də müvafiq kateqoriyalara aidiyyəti olmayan digər fiziki şəxslərə işləmələri barədə icazə.e-gov.az portalında qeydiyyatdan keçməyən arayışların verilməsi, habelə aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarının mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

    Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasına və Məhərrəm Əhmədovun rayonun Mican kəndində yerləşən yaşadığı evə baxış keçirilərək müxtəlif fiziki şəxslərə məxsus plastik bank kartları aşkar edilmiş və müəyyən edilmişdir ki, sonuncu öz yaxın qohumlarının adlarına formal olaraq rəsmiləşdirməklə müxtəlif sayda plastik bank kartlarının alınmasına nail olmuş, bu yolla ümumilikdə 2016-2020-ci illər ərzində 12.400 manat məbləğində vəsaiti qanunsuz olaraq mənimsəyib.

    Bununla yanaşı baxış zamanı nağd pul, ayrı-ayrı şəxslərin adlarına guya işləmələri barədə verilmiş qanunsuz arayışlar və onlara dair qeydlər, habelə aztəminatlı ailələrə yardım məqsədilə nəzərdə tutulmuş ərzaq bağlamaları və digər əhəmiyyətli sənəd və əşyalar aşkar edilərək götürülüb. İstintaq zamanı toplanmış ilkin sübutlar əsasında fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanmış, M.Əhmədov şübhəli şəxs qismində tutulub.

    Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların, o cümlədən Nazirlər Kabinetinin müvafiq qərarına zidd olaraq fiziki şəxslərə işləmələri barədə icazə.e-gov.az portalında qeydiyyatdan keçməyən arayışların verilməsi və aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarının mənimsənilməsi faktları hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və həmin şəxslərin qanuni mənafelərini pozmuş olduqları vətəndaşların dairəsinin tam müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
    Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara müraciət edərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir.

    Koronovirus (COVİD-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və onun neqativ təsirlərinin aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə geniş miqyaslı kompleks siyasi, iqtisadi və sosial tədbirlər həyata keçirilir.

  • Dərs ilinin müddəti artırıla və yay tətili ləğv oluna bilərmi? – RƏSMİ

    “Mövcud real vəziyyət, yerli şərait, insanların təhlükəsizliyi, şagirdlərin marağı, bütün prioritetlər nəzərə alınaraq, dərslərin başlanması müddətləri ilə bağlı qərar veriləcək”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov bildirib.

    O qeyd edib ki, dərs ili müddətinin artırılması və yay tətilinin ləğvi ilə bağlı məsələ real vəziyyət göz önünə gətirilərək, öz həllini tapa bilər.

    “Bir məqam aydındır ki, bir sıra yeniliklər, mövcud reallıqlar nəzərə alınacaq, ancaq konkret vaxtla bağlı indi danışmaq düzgün olmaz”, – deyə C.Bayramov əlavə edib.
    //oxu.az

  • Azərbaycanda “Son zəng” tədbirləri onlayn keçirilə bilər

    “Son zəng” tədbirləri onlayn keçirilə bilər.

    Median.Az Trend-ə istinadən bildirir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə deyib.

    O bildirib:

    “Hər bir şagirdin həyatında “Son zəng” tədbiri xüsusi yer tutur. Bunu hər birimiz başa düşürük. Amma priotetlərimizi də düzgün müəyyən etməliyik. 11-ci sinif şagirdləri kifayət qədər yetkin şəxslərdir. İnanıram ki, onlar da mövcud vəziyyəti düzgün dəyərləndirəcək və məntiqli qərarlar qəbul edəcəklər. Bu tədbiri sonrakı zamanlarda da keçirmək olar. İstisna etmirəm ki, bəzi şagirdlərimiz kreativlik nümayiş etdirərək “Son zəng”i onlayn rejimdə də keçirə bilərlər. Nəzərə almaq lazımdır ki, bu, xüsusi haldır. Bu müddət ərzində hər birimiz məsuliyyətimizi ortaya qoymalı və kütləvi tədbirlərdən çəkinməliyik”.

  • Əcnəbilərə göstərilən xidmət sahələri üzrə işin təşkilində bəzi dəyişikliklər edildi

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə bağlı həyata keçirilmiş məhdudiyyətlərin bir qisminin aprelin 27-də yumşaldılması ilə əlaqədar Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən vətəndaşlara göstərilən xidmət sahələri üzrə işin təşkilində bəzi dəyişikliklər edilib.

    Bu barədə DMX-dən məlumat verilib.

    Məlumata əsasən, 2020-ci il aprelin 27-dən etibarən bu dəyişikliklər edilib:

    – Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəmizdə olduğu yer üzrə qeydiyyatı, müvəqqəti və daimi yaşama, iş icazələrinin alınması, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar müraciətlər “ASAN xidmət” mərkəzlərində qəbul ediləcək. Bu zaman “ASAN xidmət” mərkəzlərində əcnəbilərin qəbulu “ASAN xidmət” mobil tətbiqi, www.asan.gov.az saytı və “108” Çağrı Mərkəzi vasitəsilə əvvəlcədən növbə tutmaqla həyata keçiriləcək;

    – Hazır icazə vəsiqələrinin fiziki olaraq götürülməsi zamanı (elektron qaydada göndərilmədikdə) notarial təsdiq olunmalı sənədlərin, müvafiq tibbi arayışların təqdim edilməsi zəruridir. İcazə vəsiqələri paytaxt üzrə Bakı şəhər regional miqrasiya idarəsindən, digər regionlar üzrə regional miqrasiya idarələrindən əldə edilə bilər. Vəsiqələri müvafiq “ASAN xidmət” mərkəzlərindən əldə etmək istəyən şəxslər xidmətin (012) “919” Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilər;

    – Karantin rejimi dövründə ölkədə müvəqqəti olma müddəti uzadılmış əcnəbilərin qəbul şöbələrinə (bölmələrinə) yaxınlaşması zəruri deyil. Belə şəxslər bu barədə qərarı Xidmətin internet səhifəsi (https://eservice.migration.gov.az/public/application-track) vasitəsilə əldə edə bilərlər. Elektron qaydada Hökumət Ödəniş Portalı, “ASAN ödəniş” sistemi və ya “Expresspay” terminalları vasitəsilə dövlət rüsumunu ödəməklə belə şəxslər ölkədə qanuni qala biləcək;

    – Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa, xitamla bağlı müraciətlər regional miqrasiya idarələrində qəbul ediləcək;
    – Bakı şəhər regional miqrasiya idarəsində əcnəbilərin qəbulu əvvəlcədən onlayn növbə tutmaqla, “MigAZ” mobil tətbiqi və ya Xidmətin internet səhifəsi (https://onlinequeue.migration.gov.az) vasitəsilə, digər regional miqrasiya idarələrində isə fərdi qaydada həyata keçiriləcək;
    – Miqrasiya qaydalarının pozulması halları ilə bağlı əcnəbilərin Dövlət Miqrasiya Xidmətinə müraciətləri qəbul ediləcək.

    Dövlət Miqrasiya Xidməti bir daha bildirir ki, göstərilən xidmətlərdən yararlanmaq üçün DMX-yə elektron qaydada müraciət etmək olar. Xüsusi zərurət yarandıqda şəxsən qəbul şöbələrinə (bölmələrinə) yaxınlaşmaq tövsiyə olunur.

  • Hərbi xidmətə çağırış vaxtı çatan tələbələrin aqibəti necə olacaq?

    “Son kursda təhsil alan tələbələrin böyük hissəsi istehsalat təcrübəsində olurdu. Karantin rejimi ilə bağlı həmin yerlərdə xidmət göstərilməsi dayandırılmışdı”.

    Bu fikirləri Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

    Onun sözlərinə görə, istehsalat təcrübəsi müddəti ilə bağlı bir sıra güzəştlər tətbiq edilə bilər: “Bunun üçün də beynəlxalq təcrübəyə baxılır və yekun olaraq bəzi qərarlar qəbul edilə bilər”.

    C.Bayramov bildirib ki, hərbi xidmətə növbəti çağırışın iyul ayında olması planlaşdırılır: “Bəzi oğlan tələbələr təhsilini müəyyən səbəblərdən bitirə bilmədiyindən bununla bağlı hökumət qarşısında məsələ qaldırıla bilər”.

  • Nazirdən buraxılış və qəbul imtahanları ilə bağlı MÜHÜM AÇIQLAMA

    “Doqquzuncu sinif buraxılış və qəbul imtahanlarının keçirilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzi ilə sıx əməkdaşlıq edirik”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov bildirib.

    O qeyd edib ki, əlavə tarixlərlə bağlı məlumat müvafiq zamanda təqdim ediləcək:

    “Bu da mövcud şəraitdən asılı olacaq. Hər hansı çeviklik tələb olunsa, ali təhsil müəssisələri ilə bağlı təkliflər hazırlanacaq”.

    Nazir qeyd edib ki, mövcud şəraitə uyğun olaraq çevik modellərdən istifadə olunacaq.