Month: April 2020

  • “Dərsdən sonra” teleproqramına start verilir

    Aprelin 25-dən Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Dərsdən sonra” teleproqramına start verilir.

    Bu barədə Nazirlikdən məlumat verilib. Məlumatda deyilir:

    “Əziz şagirdlər, bu həftədən etibarən hər şənbə saat 12:20-də “Mədəniyyət” telekanalında “Dərsdən sonra” teleproqramını izləməyi unutmayın. Burada biliyi əyləncəli öyrənməklə yanaşı, incəsənətin müxtəlif növlərinə aid maraqlı tapşırıqlar sizi gözləyir.

    “Dərsdən sonra” da dərsdən qalmayın”.

  • Uhanda koronaviruslu son ağır xəstə də sağaldı

    Koronavirusun ilk dəfə aşkarlandığı Çinin Uhan şəhərində virusa yoluxan sonuncu ağır xəstə də sağalıb.

    Bu barədə TASS ölkənin Gigiyena və Səhiyyə üzrə dövlət Komitəsinin sözçüsü Mi Fenə istinadla məlumat yayır.

    “Uhanda koronavirusa yoluxan son ağır xəstə də müalicə edildi. Hazırda şəhərdə belə xəstələr, demək olar ki, yoxdur”, – deyə Fen qeyd edib.

  • Lənkəranda qadın quyuya düşərək ölüb

    Lənkəranda yaşlı qadın ehtiyatsızlıqdan boğularaq dünyasını dəyişib.

    APA-nın cənub bürosunun verdiyi məlumata görə, şəhər sakini 1959-cu il təvəllüdlü Mirzadə Mirhəsən qızı Əskərovanın cansız bədəni yaşadığı ünvandakı su quyusundan tapılıb.

    Qadının meyitini ilk olaraq bacısı aşkar edib. Bədbəxt hadisənin ehtiyatsızlıqdan baş verdiyi ehtimal edilir. Meyit müayinə olunmaqdan ötrü Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycan milli komandalarının oyunları ləğv olunub

    Voleybol üzrə kişi və qadınlar arasında Avropa Liqasının oyunları ləğv olunub.

    Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Avropa Voleybol Konfederasiyası (CEV) verib.

    Buna koronavirus pandemiyası səbəb olub. Qurum rəhbərliyi bu gün təşkil olunan videotoplantıda həm Qızıl, həm Gümüş liqalarda 2020-ci il mövsümünün oyunlarının keçirilməməsini məqsədəuyğun sayıb.

    Mayın sonu və iyunda baş tutmalı olan turnirlərdə Azərbaycan milli komandaları da mübarizə aparmalı idi. Qadınlar Qızıl Liqada, kişilər Gümüş Liqada qüvvəsini sınayacaqdı. Lakin komandalarımız turnir ləğv olunduğu üçün heç bir matç keçirə bilməyəcəklər.

    CEV 2021-ci ildə keçiriləcək Avropa çempionatına seçmə turnirini də müzakirə edib. Burada Azərbaycan qadın yığması final mərhələsinə vəsiqə qazanıbsa, kişilər seçmə oyunlar keçirməlidir.

    Qurum koronavirusla bağlı ev və səfər matçlarının keçirilməsinin çətinliyini nəzərə alaraq, hər seçmə qrupun bir şəhərdə münasibətlərini aydınlaşdırmasını daha düzgün hesab edir. Belə olarsa, gələn ilin yanvarına planlaşdırılan bu matçların meydan sahibləri sonradan müəyyənləşdiriləcək. Lakin bununla bağlı yekun qərar iyulun 1-də verilməlidir.

    2020-ci ildə keçirilməli olan qızlardan ibarət U-19 və U-17, oğlanlardan ibarət U-20 və U-18-lər arasında Avropa çempionatlarının seçmə oyunları qeyri-müəyyən müddətə təxirə salınıb. Həmçinin, CEV bu çempionatların final mərhələlərinin ev sahibləri danışıqlar aparıb, yarışı qəbul etmək iqtidarında olmasına aydınlıq gətirəcək, əks halda isə digər variantlar axtaracaq.

    Qeyd edək ki, CEV avrokubokların, o cümlədən Çempionlar Liqasının koronavirus pandemiyası üzündən dayandırılan 2019/20 mövsümünü ləğvinə də qərar verib. Mövsüm başa çatmasa da, avrokuboklarda çıxış edən komandalar gözlənilən mükafat fondunu 80 faizdən artığını alacaq. Həmçinin 2020/21 mövsümünün mükafat fondu təsdiqlənib və klublara qarşıdakı il üçün dəstək göstərilməsi qərara alınıb.

  • Koronavirusdan ölən şəxslərin daşınma qaydaları açıqlandı

    COVID-19 infeksiyası nəticəsində ölən şəxslərin ölkədaxili və beynəlxalq daşınma qaydaları müəyyənləşib.

    “Report” xəbər verir ki, bu barədə məlumat tibb işçiləri üçün COVID-19 xəstəliyinə dair yenilənən müvəqqəti rəhbərlikdə öz əksini tapıb.

    Qeyd olunub ki, COVID-19 infeksiyası nəticəsində ölən şəxslərin ölkədaxili və beynəlxalq daşınma qaydaları hava yolları, avtomobil yolları və dəmir yolları vasitəsilə ölkə daxilində və xaricdə cənazənin nəqli tabut içərisində həyata keçirilməli və cənazə tabutla birlikdə dəfn edilməlidir.

    COVID-19 səbəbilə ölənlərin cənazələrinin ölkə xaricində və ölkə daxilində daşınması əsnasında milli və beynəlxalq hava yollarının cənazə nəqli qaydaları qüvvədədir. Ölüm səbəbi yoluxucu xəstəlik olan cənazələrə aid olan tabutların qəbul mərhələsində tabutun mütləq lehimlənmiş, möhkəm bağlanmış və sızmalara imkan verməyəcək şəkildə olmasına diqqət yetirilməlidir. Müvafiq qaydalara uyğun prosedurlar həyata keçirilməli, COVID-19 xəstəliyindən ölənlərin ölüm səbəbi yoluxucu xəstəlik olduğundan cənazələrinin ölkə xaricində və ölkə daxilində hava yolları ilə nəqli bu meyara uyğun olmalıdır.

    Hər növ quru yol və dəmir yolu ilə cənazələrin nəqli, hava yolları ilə cənazə nəqlində olduğu kimi, nəqliyyat vasitələrinə qəbul mərhələsində tabutların ciddi bir şəkildə lehimlənmiş, möhkəm bağlanmış və sızmalara imkan verməyəcək şəkildə olmasına diqqət yetirilməlidir.

    Şübhəli/təsdiqlənmiş COVID-19 infeksiyası olmadan digər səbəblərdən ölən insanlara tətbiq olunan metod və qaydalar:

    Dəfn prosedurları, şübhəli/təsdiqlənmiş COVID-19 istisna edilərək digər səbəblərdən baş vermiş ölüm hallarında standart prosedurlarla davam etdirilməlidir. Bununla birlikdə, COVID-19 şübhəsi ölünün müayinəsini həyata keçirən həkim tərəfindən qiymətləndirilir. COVID-19 pandemiyası səbəbindən bütün ölüm hallarında ölünün müayinəsi əsnasında fərdi qoruyucu tədbirlərin görülməsi vacibdir.

  • Lənkəranda müəllimənin meyiti quyuda tapıldı

    Lənkəran sakini bədbəxt hadisə nəticəsində boğularaq ölüb.

    “Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, 1959-cu il təvəllüdlü Lənkəran şəhər sakini Mirzadə Mirhəsən qızı Əsgərova su quyusuna yıxılaraq ölüb.

    Bədbəxt hadisədən onun bacısı xəbər tutub. M.Əsgərovanın evdə olmadığını görən qadın onu axtarıb. O, bacısına məxsus ayaqqabının bir tayını həyətdəki quyunun kənarında tapıb. Bundan sonra quyuda M.Əsgərovanın meyiti aşkarlanıb.

    Onun yıxılaraq xəsarət aldığı və suda boğulduğu bildirilir. M.Əsgərovanın meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

    Qeyd edək ki, M.Əskərova Lənkəranda 40 ildən çox bədən tərbiyəsi müəlliməsi işləyib.

    Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Rotterdam “Eurovision-2021”lə bağlı qərarını açıqladı

    Rotterdamın Şəhər Şurasının üzvləri 2021-ci ildə “Eurovision”u qəbul etməyə səs veriblər.

    “Report”un məlumatına görə, bu barədə NL “Times” portalı bildirib.

    Qeyd edilir ki, müsabiqənin bu il planlaşdırıldığı həmin yerdə – “Ahoy” konsert zalında keçirilməsi planlaşdırılır. Təşkilatçılar zalın icarəsinə, əlavə mühafizəyə və reklam lövhələrinin xərclərinə əlavə 6,7 milyon avro xərcləmək niyyətindədir.

    Nəşr qeyd edib ki, Rotterdam 2020-ci ildə planlaşdırılmış müsabiqəyə təxminən 15 milyon avro xərcləyib.

    ““Eurovision”un təşkilatçıları koronavirusun yayılması təhlükəsi ilə əlaqədar müsabiqənin bu il keçirilməsini ləğv ediblər. Daha sonra iştirakçıların yeni mahnılarla 2021-ci ildə çıxış etmələri barədə qərar qəbul edilib.

    Bir neçə gün əvvəl isə “Eurovision Planet Magazine” Azərbaycanın yarışmanın qalibi olacağını açıqlayıb.

  • ABŞ-da koronavirus qurbanlarının sayı 47 mini ötdü

    ABŞ-da koronavirusa yoluxanların sayı 947 985 min nəfərdir.

    Median.Az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatlarda federal və yerli hakimiyyət orqanlarının statistikası əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.

    Universitetin məlumatına görə, ABŞ-da COVID-19 infeksiyasından ölənlərin sayı 47 034 nəfərə çatıb.

  • Şamaxıda körpə nənəsinin ehtiyatsızlığı nəticəsində ölüb

    Şamaxı rayonunda 1 yaşlı körpə nənəsinin ehtiyatsızlığının qurbanı olub.

    “Report”un məlumatına görə, hadisə rayonun Çorhan kəndində qeydə alınıb.

    Belə ki, 2019-cu il təvəllüdlü Abbasov Ayxan Abbas oğlu yaşadığı ikimərtəbəli evin eyvanından nənəsinin qucağından yerə yıxılıb. Ağır kəllə-beyin xəsarəti alan körpə əvvəlcə rayonun mərkəzi xəstəxanasına, sonra isə vəziyyətinin ağırlaşması səbəbindən Bakının xəstəxanalarının birinə göndərilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

  • Koronavirusdan ölən şəxslərin Azərbaycanda dəfn proseduru açıqlanıb

    Koronavirusdan ölən şəxslərin dəfn proseduru açıqlanıb.

    APA xəbər verir ki, bu barədə məlumat TƏBİB-in tibb işçiləri üçün Müvəqqəti Rəhbərlikdə yer alıb.

    Bildirilib ki, morq işçilərinə və cənazədən məsul şəxslərə ölünün şübhəli/təsdiqlənmiş COVID-19 diaqnozu ilə öldüyü barədə məlumat verilməlidir. Ölünü yuyan işçilər fərdi qoruyucu vasitələrdən (uzunboğaz əlcək, N95 maska, eynək və uzun önlük) istifadə etməli və istifadə olunan vasitələr tibbi tullantı qabına atılmalıdır.

    Qaydaya əsasən, cənazənin qəbrə yerləşdirilməsi əsnasında əlcək istifadə olunmalıdır. Koronavirus diaqnozlu xəstələr öldüyü təqdirdə cənazə qəbrə qoyulduqdan sonra normal dəfn prosedurları tətbiq olunur.

    Məlumata əsasən, ölən insanların şəxsi əşyaları ikiqat neylon torbaya qoyularaq verilir. Həmin əşyanın təkrar istifadəsi nəzərdə tutulursa, 60-90 dərəcədə yuyulmaqla istifadə edilə bilər.

    Qeyd olunub ki, digər məsələlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fikirlərinə əsasən həyata keçirilir.

    COVID-19 infeksiyası nəticəsində ölən şəxslərin ölkədaxili və beynəlxalq daşınma qaydaları da açıqlanıb.

    “Hava yolları, avtomobil yolları və dəmir yolları vasitəsilə ölkə daxilində və xaricində cənazənin nəqli tabut içərisində həyata keçirilməli və cənazə tabutla birlikdə dəfn edilməlidir”, – deyə Rəhbərlikdə qeyd olunub.