Month: April 2020

  • Yaponiyada koronavirusdan ölənlərin sayı 341 nəfərə çatdı

    Yaponiyada ötən gündən etibarən koronavirusdan ölənlər 29 nəfər artaraq 341 nəfərə çatıb.

    “Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə, Əmək və Rifah Nazirliyi məlumat yayıb.

    Bununla da ölkədə gün ərzində koronavirusla bağlı insan ölümünün ən yüksək göstəricisi qeydə alınıb.

    Həmin müddət ərzində ölkədə daha 436 nəfər koronavirusa yoluxub və yoluxanların ümumi sayı 13,1 minə çatıb.

  • Qazanxanaların qazla təminatı müddəti yenidən uzadıldı

    “Azəriqaz” İstehsalat Birliyi ölkə ərazisindəki qazanxanaların qazla təminatını aprelin 30-dək davam etdirəcək.

    Bu barədə “Report”a qurumdan məlumat verilib.

    Beləliklə, 25 aprel tarixində başa çatması nəzərdə tutulan istilik mövsümü daha 5 gün artırılıb. Qeyd edilib ki, müvafiq tədbirlərin görülməsi üçün Birliyin baş direktoru Ruslan Əliyev tərəfindən müvafiq strukturlara dərhal tapşırıqlar verilib.

    Məlum olduğu kimi Koronavirus (COVID-19) infeksiyasının respublika ərazisində geniş yayılmasının qarşısını almaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə xüsusi karantin rejimi may ayının 4-dək uzadılıb. Bu müddət ərzində insanların fərdi yaşayış evləri və mənzillərdən çıxışına məhdudiyyət qoyulub. Eyni zamanda havanın orta sutkalıq temperaturunun aşağı olduğu müşahidə edilməkdədir. Azərbaycan Respublikası Energetika Nazirliyindən “Azəriqaz” İstehsalat Birliyinə daxil olan rəsmi məktubda qeyd edilir ki, bütün yuxarıda sadalanan hallar nəzərə alınaraq vaxtı 15 apreldən 25 aprelədək uzadılan istilik mövsümü daha 5 gün artırılaraq 30 aprel tarixinədək davam edəcək.

  • İtaliyada koronavirusa yoluxanların sayı 190 minə çatır

    İtaliyada son bir gün ərzində daha 464 nəfər koronavirusdan ölüb.

    Median.Az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb.

    Bununla da ölkədə pandemiya qurbanlarının sayı 25 549 nəfərə çatıb.

    Məlumata görə, İtaliyada daha 2 646 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə, infeksiya daşıyıcılarının sayı 189 973-ə yüksəlib.

    Bundan başqa, ölkədə indiyədək 57 576 nəfər koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxılıb.

    Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

    Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 675 000-i ötüb. Bunların 735 327 nəfəri sağalıb, 187 423 nəfəri isə ölüb.

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

  • Saxta polislər həqiqi hüquq mühafizəçiləri tərəfindən həbs olundu – VİDEO

    Saxta polis vəsiqəsi təqdim edərək bir evdə axtarış aparıblar və mənzildən iki ədəd cib telefonu oğurlayıblar.

    “HaberGlobal”ın məlumatına görə, hadisə Türkiyənin Qaziantep şəhərində qeydə alınıb.

    Lakin dələduzların bu hərəkəti cəzasız qalmayıb. Əsl hüquq mühafizəçilərinin keçirdiyi əməliyyat nəticəsində saxta polislər həbs olunublar.

  • Qazaxda dalaşan dostlarını ayırmaq istəyən kişi amansızlıqla qətlə yetirildi

    Qazax şəhərində 34 yaşlı kişini ürəyindən bıçaqlayaraq qətlə yetirən şəxs saxlanılıb.

    “Report”un məlumatına görə, 1986-cı il təvəllüdlü Zaur Vaqif oğlu Hüseynovu qətlə yetirən şəxs, Qazax rayon sakini, 1994-cü il təvəllüdlü Əhmədov Əhməd Əbdürrəhman oğludur. O, könüllü olaraq polisə təslim olub.

    Qeyd edək ki, hadisə Qazax şəhər Səməd Vurğun küçəsində, Qazax şəhər İdman Sağlamlıq Kompleksinin yaxınlığında qeydə alınıb.

    Z.Hüseynov ürəyindən bir bıçaq zərbəsi alaraq qətlə yetirilib.

    Hadisəninin şəxsi münaqişə zəminində törədildiyi bildirilir. Belə ki, Ə.Əhmədovun Z.Hüseynovun tanışı ilə münaqişəsi olub. O, tərəfləri barışdırmaq və arada yaranmış münaqişəni sakitləşdirmək istəyib. Lakin görüş zamanı Z.Hüseynovla Ə.Əhmədov arasında da münaqişə yaranıb. Bu zaman sonuncu soyuq silahdan istifadə edərək qətli törədib.

    Faktla bağlı Qazax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

  • İşdən çıxarıldığını iddia edən kitabxanaçı ilə bağlı RƏSMİ AÇIQLAMA

    Bakı şəhəri 286 nömrəli məktəbin kitabxana fondunun inventarizasiyası zamanı 1779,31 manat dəyərində dərs vəsaiti olan kitabların əskik gəlməsi faktı aşkarlanıb.

    Bakı şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-a verilən məlumatda belə deyilir.

    Faktla əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən olunub ki, qeyd olunan çatışmazlıq məktəbin kitabxana müdiri Mahmudova Təranə Əyyub qızının kitabxana işinin təşkili, kitabların uçotunun aparılması, saxlanması və qorunması ilə bağlı nöqsanlara yol verərək, əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini keyfiyyətsiz yerinə yetirməsi nəticəsində yaranıb.

    Bununla əlaqədar, Bakı şəhəri 286 nömrəli tam orta məktəbin 05 mart 2018-ci il tarixli əmri əsasında məktəbin kitabxana müdiri Mahmudova Təranə Əyyub qızı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilib. Təranə Mahmudova işə bərpa tələbi ilə məhkəməyə müraciət etsə də, onun iddiası təmin edilməyib.

    Bununla bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08.05.2018-ci il tarixli, 2(004)-4015/2018 saylı, Bakı Apelyasiya Məhkəməsinin 26.09.2018-ci il tarixli, 2(103)-8249/2018 saylı qətnamələri və Azərbaycan Respublikası Ali Məhkəməsinin 06.02.2019-cu il tarixli, 2(102)-959/19 saylı qərarı mövcuddur.

    Onu da qeyd edək ki, Təranə Mahmudovanın bu məsələ ilə bağlı ünvanladığı müraciətlərə dəfələrlə aydın və əhatəli cavablar verilib.

  • Gürcüstanda 20-yə yaxın həkim koronavirusa yoluxdu

    Gürcüstanda 20-yə yaxın həkim və bir neçə polis koronavirusa yoluxub.

    Bu barədə “RİA Novosti” Gürcüstan Səhiyyə Nazirliyinə istinadla xəbər verib.

    Qurumdan bildirilib ki, ölkədə polis və tibb işçilərinin koronavirusa yoluxmasının yoxlanılması üçün xüsusi alqoritm hazırlanıb.

    Qeyd edək ki, Gürcüstanda 420 nəfər koronavirusa yoluxub. Onlardan 111-i sağalıb, beşi isə ölüb.

  • Peyvənd koronavirusdan qoruyurmu? – VİDEO

    20-26 aprel tarixləri ümumdünya səhiyyə təşkilatı tərəfindən Avropa immunlaşdırma həftəsi kimi elan olunub. Layihədən kənarda qalmayan Azərbaycanda da vaxtında peyvənddən kənarda qalmış uşaqlar peyvəndlərə dəvət olunur. Lakin ölkəmizdə əhali arasında peyvəndə münasibət birmənalı deyil. Bəziləri ölkəyə gətirilən vaksinlərin aşağı keyfiyyətli olduğunu hesab edir, bir qismi isə nə olursa olsun, peyvəndi vacib sayır.

    Həkim pediatr Səbinə Nurəliyeva hesab edir ki, peyvənd vacibdir və bir sıra xəstəliklərdən qorunmağın yeganə yoludur. Koronavirus infeksiyasının bizə bir dərs olduğunu deyən həkim-pediatr, bundan sonra valideynlərin bu məsələyə daha həssas yanaşacaqlarını düşünür. Onun sözlərinə görə, uşaqların sağlam olması o demək deyil ki, onlara peyvənd vurulmamalıdır. Koronavirusa qarşı peyvənd çıxsa, hər kəs uşağına bu peyvəndi vurduracaq. Çünki, hər kəs ölümləri görür. Pediatr qeyd edir ki, bu pandemiya hər kəsə dərs olmalıdır ki, uşaqlar peyvənd vasitəsilə qorunur.

    Hazırda ölkəmizdə 11 infeksiyaya qarşı peyvənd olunur və anadan olandan altı yaşadək hər bir uşağa bu peyvəndlər vurulmalıdır. Lakin ölkədə peyvəndləşməni icbari edən qanun yoxdur – bu, valideynin seçiminə buraxılır.

  • Rusiya axtarışda olan cinayətkarları Azərbaycana təhvil verdi – VİDEO

    Axtarışda olan iki narkotik satıcısı Azərbaycandan Rusiyaya təhvil verilib.

    REN TV xəbər verir ki, Aleksey Tubis və Ceyhun Nuriyev adlı şəxslər Rusiyaya ekstradisiya edilib.

    A.Tubis 2018-ci ilin 21 noyabrında Xabarovskda narkotik maddə satıb, həmçinin şəxsi istifadəsi üçün satın alıb. Nuriyev isə narkotik alverinə cəhddə ittiham olunur.

    Rusiya da öz növbəsində axtarışda olan beş cinayətkarı Azərbaycana təhvil verib. Onlar pul mənimsəmə, qadın alveri, qaçaqlıq, qəsb və zorakılıqda ittiham olunurlar.

    Rusiya Federasiyası Baş Prokurorluğu ekstradisiya olunanların təhvil verilməsi və qəbulunun koronavirusla bağlı təhlükəsizlik tədbirlərinə uyğun şəkildə həyata keçirildiyini vurğulayıb.

  • Çin səfirliyi məlumat yaydı: “Tibbi ləvazimatlar yaxın vaxtlarda Bakıya gətiriləcək”

    Koronavirus pandemiyası başlayandan bəri Çin və Azərbaycan qarşılıqlı olaraq bir-birini dəstəkləyir.

    Bu barədə Çinin Azərbaycandakı səfirliyindən daxil olan bəyanatda bildirilir.

    Qeyd olunur ki, Çin Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verir və Azərbaycanın pandemiya ilə mübarizə səylərini qətiyyətlə dəstəkləyir. Çin səfirliyi bəyan edir ki, Çin Azərbaycana öz imkanları daxilində yardım göstərməyə, çətinlikləri birgə dəf etməyə hazırdır.

    “Tam inanırıq ki, Prezident İlham Əliyevin güclü rəhbərliyi ilə Azərbaycan xalqı ən qısa zamanda epidemiya üzərində qələbə çalacaq”, – deyə bildirilib.

    Məlumata görə, Çin Azərbaycana ikinci və üçüncü dəst tibbi ləvazimat tədarükünü davam etdirəcək.

    “Həmin vasitələr hazırlanır və yaxın vaxtlarda Bakıya gətiriləcək”, – deyə bildirilir.//oxu.az