Month: April 2020

  • Azərbaycanda iki nəfərin öldüyü qəzanın səbəbkarı tutuldu

    Masallıda iki nəfərin ölümü ilə nəticələnən qəzanı törədərək, hadisə yerindən qaçan sürücü müəyyən olunaraq istintaqa cəlb olunub.

    Bu barədə Masallı Rayon Polis Şöbəsi və Prokurorluğunun birgə yaydığı məlumatda qeyd olunub.

    Masallı rayon polis və prokurorluq əməkdaşları tərəfindən aprelin 22-də saat 13 radələrində rayonun Ərkivan qəsəbəsi ərazisində üç avtomobilin toqquşması nəticəsində iki nəfərin vəfat etməsi, iki nəfərin isə yaralandığı hadisə ilə bağlı Masallı Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb.

    Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “Kia Sorento” markalı 90-ZR-590 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Zaman Qasımzadə tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozmaqla törədilməsinə, daha sonra onun hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

    Z.Qasımzadə Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

    Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

  • Səhiyyə Nazirliyi xəbərdarlıq etdi: Peyvəndə cəlb ediləcək uşaqların valideynləri…

    “Aprelin 20-dən başlayan və 26-da başa çatdırılacaq “İmmunlaşdırma həftəsi” çərçivəsində peyvəndə cəlb ediləcək uşaqların valideynləri tibb müəssisələrinə növbə ilə dəvət edilməlidir”.

    Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

    A.Əliyevanın sözlərinə görə, “İmmunlaşdırma həftəsi” çərçivəsində peyvənddən kənarda qalan uşaqlar peyvəndlənməyə cəlb ediləcəklər:

    “Bunun üçün uşaqlar tibb müəssisəsinə gətirilməlidir. Valideynlər SMS-lə icazə alaraq, tibb müəssisəsinə gəlməlidirlər. Tibb müəssisələri də peyvənd otaqlarında tələb olunan şəraiti yaradaraq, valideynləri telefonla dəvət etməlidir”.

    A.Əliyeva qeyd edib ki, tibb müəssisələrinin məsul işçiləri valideynlərlə telefonla əlaqə saxlayaraq, uşaqlarda hərarət və digər xəstəlik əlamətlərinin olub-olmadığını öyrənməlidirlər. Belə uşaqlar olarsa, onların tibb müəssisəsinə dəvət edilməsinə ehtiyac yoxdur.

    Direktor müavini peyvəndə tam sağlam uşaqların cəlb edilməsini də vacib sayıb:

    “Tibb müəssisəsinə dəvət edilən uşağın ailə üzvləri koronavirusa yoluxan şəxslə ünsiyyətdə olmalı deyil. Əgər uşaq sağlamdırsa, ailə üzvləri koronavirusa yoluxan şəxslə ünsiyyətdə olmayıblarsa, onda uşağı peyvənd etdirmək üçün tibb müəssisəsinə gətirmək olar”.

    Mərkəz rəsmisi əlavə edib ki, sıxlıq yaranmasın deyə, valideynlər tibb müəssisələrinə növbə ilə dəvət edilməlidirlər:

    “Eyni saata düşən valideynlərin sayı 10 nəfərdən çox olmamalıdır. Peyvəndə gələn valideynlər də bir uşaqla gəlməlidirlər ki, insanların təması azalsın”.

  • İyun ayına şadlıq evlərində boş yer yoxdur – VİDEO

    Məlum olduğu kimi, Nazirlər Kabineti yanında operativ qərargahın elan etdiyi məhdudiyyətlərlə əlaqədar martın 15-dən etibarən toy, nişan, ad günü kimi kütləvi mərasimlər keçirilmir.

    Bu durğunluq Ramazan ayının başlaması səbəbindən hələ mayın sonuna qədər davam edəcək.

    Restoran sahibləri Baku TV-yə açıqlamalarında bildiriblər ki, Ramazan may ayına təsadüf etdiyi üçün toylarda aktivlik gözlənilmir.

    Eyni zamanda, karantinlə əlaqədar təxirə salınan toylar növbəti aylara keçirilib. Mayın sonundan etibarən şadlıq evlərində, demək olar ki, bütün günlərə sifarişlər qəbul edilib.

    Qiymətlərə gəldikdə, hələlik nə azalma, nə də artım nəzərdə tutulmur. Məbləğ ənənəvi qaydada, menyulara uyğun və adam sayına görə müəyyənləşdirilir.

  • Bakıda karantini pozan kafe sahibi və 9 müştəri cərimələndi

    Səbail rayonu İ.Məmmədov küçəsində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən yeməkxana aşkar edilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

    Belə ki, Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qeyd olunan ünvanda kafenin sahibi Söhrab İsayevin karantin qaydalarını pozaraq müştəri qəbul etdiyi məlum olub. Obyektə baxış zamanı S.İsayev və orada olan 9 müştəri saxlanılaraq Səbail Rayon Polis Şöbəsinin 8-ci Polis Bölməsinə gətirilib.

    Xüsusi karantin qaydalarını pozan obyekt sahibi rayon məhkəməsinin qərarı ilə 200 manat məbləğində cərimə edilib. Müştərilən barəsində Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək onların hər biri 200 manat cərimə olunublar.

  • 190 manata görə SMS almayanların nəzərinə! Bu sayta daxil olun

    Hazırda işsiz statusunun verilməsi və işsiz vətəndaşlara birdəfəlik müavinətin ödənilməsi ilə bağlı fəaliyyət göstərən sistemdə heç bir yüklənmə yoxdur.

    Median.Az Trend-ə istinadla xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.

    İşsiz statusunun verilməsi və vətəndaşlara müavinət almaqdan ötrü daha çox e-sosial.az portalı vasitəsilə qeydiyyatdan keçməyi tövsiyə edən B.Hüseynov qeyd edib ki, müraciət edən vətəndaşa işsiz statusu bir gün ərzində verilir.

    Bəzi vətəndaşlara müraciətləri ilə bağlı SMS-in gec gəlməsi və ya gəlməməsi məsələsində də münasibət bildirən B.Hüseynov qeyd edib ki, SMS-in göndərilməsi ilə bağlı xüsusi bir tarix müəyyən edilməyib:

    “Vətəndaşa SMS elektron bazaya daxil olan məlumat əsasında göndərilir. Vətəndaşlar
    “Azərpoçt”un rəsmi intrenet ünvanından ödəniş alıb-almadıqları, vəsaitin köçürülüb-köçürülmədiyi barədə informasiya ala bilərlər. Bunun çox asan yolu var. Vətəndaş sayta daxil olduqda elə ilk interfeysdə sorğu bölməsi açılır.

    Orada şəxsiyyət vəsiqəsinin FİN kodunu qeyd edib “mən robot deyiləm” düyməsini seçirlər. Bundan sonra onlara məlumat təqdim edilir və burada qeyd edilir ki, sizə ödəniş verilib, gedib ala bilərsiniz, yaxud sizin haqqınızda heç bir məlumat tapılmadı. Əgər “heç bir məlumat tapılmadı” infromasiyası verilirsə, deməli, hələ onun müraciətinə baxılmayıb.

    Ər və arvadın müraciəti 4-5 elektron baza əsasında araşdırılır. Araşdırma zamanı müraciətlə bağlı hansısa dövlət qurumunun bazasından məlumat daha tez üzə çıxır. Bu halda, həmin vətəndaşa da SMS daha tez göndərilir”.

  • Azərbaycanda son günlər koronavirus yalnız bu yolla yayılır

    Azərbaycanda son günlər ərzində yalnız xəstələrlə təmasda olan insanlar arasında koronavirusa yoluxma halı aşkarlanır.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

    Onun sözlərinə görə, son günlər ərzində ölkədə koronavirusa yoluxma halları azalır.

    A.Əliyeva mayın 4-dək xüsusi karantin rejiminin olduğunu xatırladaraq qaydalara əməl edilməsini olduqca vacib sayıb:

    “Əsas məsələ odur ki, insanlar tibbi maskalardan istifadə etsinlər. İnsanlarla çox təmasda olmamağa çalışsınlar”.

  • Bakının əsas magistral yollarında sürət həddi endirildi

    Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi endirilib. Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.

    Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

    “Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyyatlı olmağı tövsiyə edirik. Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik.

    Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir”, – qurum bəyan edib.

  • Azərbaycanda əksər məhkəmə prosesləri mayın 4-dək təxirə salındı

    Ali Məhkəmənin Plenumu ölkədə koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında qərar verib.

    Bu barədə Ali Məhkəmədən məlumat verilib.

    Qərara əsasən, Azərbaycanın bütün məhkəmələrinə tövsiyə edilib ki, təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, iddianın təmin tədbirlərinin görülməsi, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və sair) baxılması istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq 4 may 2020-ci il tarixinədək təxirə salınsın.

    Məhkəmələrə həmçinin İnzibati-Prosessual Məcəllənin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından, eləcə də Mülki Prosessual Məcəllənin tələbləri nəzərə alınmaqla mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması imkanlarından istifadə edilməsi tövsiyə olunub. Koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsi tam aradan qaldırılmadığından Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 mart 2020-ci il tarixli Qərarı qüvvədən düşmüş hesab edilib, hazırki Plenum qərarının 23 aprel 2020-ci il tarixdən 04 may 2020-ci il tarixədək qüvvədə olması təsbit edilib.

  • Azərbaycanlı gənc ABŞ-da dəm qazından zəhərlənərək öldü

    ABŞ-ın Florida ştatında yaşayan azərbaycanlı gənc Seymur Hüseynov dəm qazından zəhərlənərək dünyasını dəyişib.

    Bu barədə “Report”un xüsusi müxbirinə Florida-Azərbaycan Cəmiyyətinin rəhbəri Esmira Bayramova məlumat verib.

    O, Seymur Hüseynovun ölümünün Azərbaycan icmasına ağır itki olduğunu bildirib: “Həmyerlimiz avtomobildə yuxuya gedərək dəm qazından zəhərlənib. Hazırda mərhumun nəşinin Vətənə, ailəsinə göndərmək üçün “GoFundMe” yardım fondundan dəstək gözləyirik. 2016-cı ildə Floridada vəfat edən bir soydaşımızın cənazəsini Azərbaycana göndərmək üçün qurulan bu fonda soydaşlarımızın köməyi ilə mütəmadi olaraq xeyli pul toplanır. Yığılan maddi vəsaitlə həm cənazəni yola salacağıq, həm də mərhumun ailəsinə yardım edəcəyik”.

  • 190 manat alan şəxsdən maraqlı addım – VİDEO

    190 manat alan şəxs sevincini tort bişərərək qeyd edib.

    İşsizlərə 190 manat müavinətin ayrılması haqda xəbər vermişdik. Bunun üçün isə e-sosial.az saytında qeydiyyatdan keçmək lazım idi.

    Qeydiyyatdan keçib 190 manatı alan xanım sevincini tortun üzərinə “190 manatın mübarək Aysel” yazdıraraq nümayiş etdirib.

    Sosial şəbəkədə yayılan həmin görüntüləri təqdim edirik: