Month: May 2020

  • Yağış yağanda tibbi maskalardan istifadə olunmalıdırmı?

    Rusiyada xüsusi təhlükəli infeksiyalar üzrə mütəxəssis Vladislav Jemçuqov yağış zamanı maska taxmağın özünəməxsus xüsusiyyətlərini izah edib.

    O, bununla bağlı “Sputnik Radio”ya müsahibə verib.

    Jemçuqov evdən çıxarkən özünüzə ehtiyat maska götürməyi məsləhət bilir:

    “Əgər maska islanırsa və ya çox istifadə edilibsə, başqasını taxmaq daha yaxşıdır. Öz viruslarınızla nəfəs almaq və yoluxmaq mənasızdır”.

    O qeyd edib ki, çöldə yağış yağanda maskanı tamamilə çıxara bilərsiniz.

    Eyni zamanda, mütəxəssis nəm, birdəfəlik maskaları qurutmamağı tövsiyə edir. Onun sözlərinə görə, belə maskaları tullamaq daha yaxşıdır. Evdə tibbi tənzifdən hazırlanmış, bir neçə dəfə qatlanmış maska yuyulmamalı, əksinə, buxarla ütülənməlidir.

  • Президент Ильхам Алиев сделал публикацию по случаю Дня Победы – ФОТО

    Президент Азербайджанской Республики Ильхам Алиев сделал публикацию в социальной сети по случаю 75-й годовщины Победы над фашизмом.

    Глава государства опубликовал картину, посвященную знаменательной дате – 9 мая.

  • İlham Əliyev Qələbə Günü münasibətilə paylaşım edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Faşizm üzərindəki qələbənin 75 illiyi münasibətilə sosial şəbəkədə paylaşım edib.

    Paylaşım 9 Mayla bağlı şəkildən ibarətdir.

  • Ramil Usubov Azərbaycanda təhlükəsizliklə bağlı vəziyyətdən danışdı

    “Möhtərəm Prezidentimiz İlham Əliyev artıq bir ölkənin, bölgənin lideri statusunu dəfələrlə üstələyən, qlobal miqyasda söz və nüfuz sahibi olan, dünyaya yeni baxış, ədalətli meyarlar təqdim edən şəxsiyyət kimi tanınır. Bu gün cənab Prezidentin timsalında Azərbaycan Respublikası dünyanın enerji xəritəsinin və yeni nəqliyyat-logistik meyarlarının müəyyənləşməsində mühüm rol oynayan, beynəlxalq təhlükəsizliyin təminində əsaslı töhfələr verən, sivilizasiyalararası əməkdaşlığı uğurla həyata keçirən qüdrətli ölkədir”.

    Bunu Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

    Onun sözlərinə görə, tam müstəqil siyasət yürüdən Prezident İlham Əliyevin qlobal liderliyi həm də Azərbaycanın davamlı artan beynəlxalq nüfuzunu şərtləndirir:

    “Son 17 il ərzində o qədər böyük nailiyyətlərə, genişmiqyaslı inkişaf dinamikasına nail olmuşuq ki, sözün düzü, onların hamısını qeyd etmək çox vaxt aparar. Bütün bu tarixi uğurları mən bir ifadədə birləşdirmək istərdim. Bu, tarixin ən qüdrətli Azərbaycanıdır.

    Tarix boyu həsrətində olduğumuz ən möhtəşəm, güclü, rifahlı Azərbaycan məhz müasir dövrün reallığıdır, ən əsası isə Heydər Əliyev ideyalarının, Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyətinin təntənəsidir.

    Müasir elmi-texniki inkişaf səviyyəsi milli təhlükəsizliyə qarşı yönələn potensial təhdidlərin sırasını genişləndirərək, ölkəmizin təhlükəsizlik sisteminin XXI əsrin çağırışlarına uyğun qurulmasını labüdləşdirir və çevik yanaşma tələb edir.

    Əminliklə demək olar ki, Prezident İlham Əliyev tərəfindən qurulmuş çoxşaxəli təhlükəsizlik sistemi ölkəmizə yönələn bütün qəsdlərin və təhdidlərin qarşısını almağa qadirdir. Hazırda bu sahədə əsaslı normativ baza yaradılıb, maddi-texniki təminat ən yüksək səviyyədədir, ciddi kadr potensialına malik sistem fəaliyyət göstərir”.

    “Son illər respublikamızda uğurla həyata keçirilən siyasət, ilk növbədə, ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsinə, Azərbaycanın demokratik və sosial-iqtisadi inkişafına yönəlib. Cənab Prezidentin haqlı olaraq bəyan etdiyi kimi, Azərbaycan bu gün dünyada sülh və sabitlik adası olaraq tanınır. Dövlətimiz bütün dünyada sülhə və sabitliyə töhfə verir. NATO-nun sülhyaratma missiyalarının tərkibində terrorçuluqla mübarizədə fəal iştirak edir.

    Dünyada sülh, sabitlik və təhlükəsizlik problemlərinin həllinə, eləcə də tolerant və multikultural ideyaların təbliğinə xidmət edən qlobal formatlı forumlar, konfranslar Bakı şəhərində keçirilir. Bu təşəbbüslər Azərbaycanın Şərqlə Qərbi təkcə əlverişli tranzit və enerji-kommunikasiya imkanları ilə deyil, həm də mədəni-mənəvi tellərlə bağlayan ölkə olduğunu bir daha göstərir.

    Belə tədbirlər sayəsində Azərbaycan hazırda dünyada demokratiya yolunda inamla irəliləyən, multikultural dəyərlərə sadiq olan, sürətlə inkişaf edən, təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə kimi tanınır. Azərbaycanda keçirilən beynəlxalq tədbirlər həm də Ermənistan rəhbərlərinin “Dağlıq Qarabağ ermənilərinin Azərbaycanda yaşaması üçün tolerant mühitin olmaması” kimi əsassız iddialara ən tutarlı cavabdır”, – deyə R.Usubov qeyd edib.

    Təhlükəsizlik Şurasının katibi əlavə edib ki, hər bir münaqişənin sonu sülhlə yekunlaşır:

    “Eləcə də Azərbaycanın irəli sürdüyü prinsiplər əsasında Dağlıq Qarabağ münaqişəsi də gec-tez nizamlanacaq. Ötən əsrin 70-80-ci illərində necə ki, Heydər Əliyev Dağlıq Qarabağda azərbaycanlı və erməni icmalarının mehribanlığına, həmrəyliyinə nail olmuşdusa, əminəm ki, Prezident İlham Əliyev də işğal olunmuş torpaqların azad edilməsini, oradakı hər iki xalqın təmsilçilərinin qüdrətli Azərbaycan bayrağı ətrafında birləşərək təhlükəsiz yaşamasını təmin edəcək.

    Çünki Prezidentimizin yürütdüyü siyasət nəticəsində artıq sadə erməni vətəndaşları, münaqişədən əvvəl Azərbaycanda yaşayan ermənilər anlayırlar ki, onların düşməni erməni şovinistləri, separatçılıq ideyalarıdır.

    Bu şovinizm dalğası erməni xalqını ötən əsrin 90-cı illərində susdurub, nəticədə də belə böyük faciələrə məruz qoyduğunu anlayırlar. Sadə ermənilər, o cümlədən Dağlıq Qarabağda yaşayan ermənilər bilirlər ki, onların təhlükəsizliyini, rifahını, gələcəyini təmin edəcək bir qüvvə var ki, o da Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycandır”.

  • Azərbaycanlı idmançıların iştirak edəcəyi atletika yarışı ləğv olundu

    2021-ci ildə Belarusun paytaxtı Minskdə keçirilməsi planlaşdırılan atletika üzrə Avropa və ABŞ yığmaları arasındakı qarşılaşma ləğv olunub.

    Qaynarinfo-nun məlumatına görə, bu barədə Avropa Atletika Assosiasiyasının Şurası qərar verib.

    Görüşün ləğv olunması Tokio Yay Olimpiya Oyunlarının 2021-ci ilə təxirə salınması ilə bağlıdır. Növbəti oyunun 2023-cü ildə ABŞ-da keçirilməsi planlaşdırılır.

    Qeyd edək ki, ABŞ və Avropa komandalarının ötən ilki görüşü də Minskdə olub.

    Üç təkanla tullanma yarışında Avropa çempionu Nazim Babayev Türkiyə yığmasının heyətində 200 metr məsafəyə qaçışda qitə və dünya çempionu Ramil Quliyevlə birgə Avropa komandasının heyətində yer alıb.

    Avropa – ABŞ matçında Quliyev 1-ci, Babayev 7-ci olub.

  • Bu şəhərimizdə postların sayı artırılır, karantin rejimi sərtləşdirilir

    Bu həftə karantin rejiminin yumşaldılmasından sonra Gəncə şəhərində koronavirusa yoluxma hallarının artdığı haqqında məlumatlar yayılıb.

    Bundan sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov koronavirusa qarşı mübarizə tədbirlərinin gücləndirilməsi haqqında tapşırıqlar verib.

    Bu gün isə icra başçısı Gəncədə yaradılmış Qərargahının üzvlərinin iştirakı ilə videokonfrans keçirib.

    Bu barədə Gəncə Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Konfransda çıxış edən icra başçısı bildirib ki, onun tapşırığına əsasən şəhərdə fəaliyyət göstərən kiçik həcmli ictimai nəqliyyat vasitələrinin böyük tutumlu avtobuslarla əvəzlənəcək:

    “Həyata keçirilən dezinfeksiya işlərinin, xəstəxanalarda aparılan monitorinqlərin, habelə əhalinin maarifləndirilməsi üçün çalışan mobil qrupların fəaliyyətinin genişləndirilməsi istiqamətində də müvafiq göstərişlər verilib. Gəncə Şəhər Baş Polis İdarəsinə şəhərin giriş-çıxışları və daxilində qurulan yoxlama-buraxılma postlarının sayının artırılması tövsiyyə olunub”.

    Saytımıza verilən məlumatda o da qeyd olunub ki, xüsusi karantin rejimi tələblərinin icrasını təmin etmək məqsədi ilə şəhərdə 800-dən çox polis və hərbçi çalışır. Bank, ATM, iri market və apteklərin qarşısında, o cümlədən əhalinin sıx olduğu ərazilərdə Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları vəziyyəti nəzarət altında saxlayırlar. Gəncənin giriş-çıxışlarında quraşdırılan yoxlama-buraxılma postlarına da nəzarət gücləndirilib. Xüsusi karantin rejiminin tələblərini pozan sakinlərə qarşı daha ciddi mübarizə aparılacaq.

    Həmçinin Gəncə Şəhər İcra Hakimiyyəti başçısının tapşırığına əsasən yaradılan monitorinq qrupları da öz fəaliyyətlərini davam etdirirlər. Tibb işçiləri və xidmət sahələrində çalışan şəxslərdən yaxma nümunələri götürülərək, COVID-19 testləri də aparılır. Həyata keçirilən tədbirlər nəticəsində mövcud vəziyyətin müsbətə doğru dəyişməsi müşahidə olunur.

  • Nazirlik tanınmış vayneri 190 manat almasına görə qınadı (FOTO)

    “Səbinə Kətanovanı hüququ yaranmasına baxmayaraq, ehtiyacı olmadan birdəfəlik ödəməni aldığına görə qınayırıq”.

    Qaynarinfo xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib.

    O, əlavə edib ki, müraciət edənlərin birdəfəlik ödəmə almaq hüququna baxılarkən, yalnız bu bazalardakı məlumatlara istinad edilib: “Bəzi sosial şəbəkə səhifələrində Bakı şəhər sakini Kətanova Səbinə Natiq qızının maddi cəhətdən imkanlı olması təəssüratını yaradan şəklini paylaşaraq 190 manat birdəfəlik ödəmənin ona da verildiyini bildirməsi barədə statuslar paylaşılır.

    Bununla əlaqədar bildirirəm ki, müraciətlərə baxılması müxtəlif dövlət orqanlarına məxsus e-informasiya sistemləri üzərindən həyata keçirilib. Müraciət edənlərin birdəfəlik ödəmə almaq hüququna baxılarkən, yalnız bu bazalardakı məlumatlara istinad edilib, onların maddi-məişət şəraitinin əyani müayinəsi aparılmayıb.

    Ödəmə alanların siyahısının nazirlik tərəfindən açıqlanması da elə ictimai aşkarlığa önəm verilməsinin göstəricisidir. Eyni zamanda, məqsəd əslində 190 manata ehtiyacı olmayan, lakin yaranmış hüququndan istifadə edərək bu ödəməni əldə edənlərin aşkarlanması və onları ictimai qınağa çəkməkdir.

    S.Kətanovanı da hüququ yaranmasına baxmayaraq, ehtiyacı olmadan birdəfəlik ödəməni aldığına görə qınayırıq”.

  • Bu ölkədə sosial məsafənin əməl olunmasına robot nəzarət edəcək

    Sinqapurda parkların birində insanlar arasında sosial məsafənin əməl olunmasına nəzarət edən robot işə salınıb.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı olaraq hökumət pilot layihəyə start verib.

    Layihə çərçivəsində “Spot” adlı dördayaqlı robot parkda 3 kilometrlik sahədə hərəkət edəcək. Bu müddət ərzində robotun üzərində sosial məsafəyə əməl olunmasının zəruriliyi barədə məlumat yayımlanacaq.

    Bundan başqa, robot kameralar vasitəsilə ziyarətçilərin sıxlığı barədə məlumatları da toplayacaq.

  • İftardan sonra bunu etmək infarkt riskini artırır – XƏBƏRDARLIQ

    Bir çoxları iftardan sonra dalbadal bir neçə siqaret çəkir.

    Median.Az-in ATV-yə istinadən məlumatına görə, kardioloq bildirir ki, oruc tutan zaman siqaret aludəçisi olan şəxsin orqanizmində nikotin əksikliyi yarandığından, iftardan sonra bir neçə siqaret çəkməli olur. Amma bu, çox təhlükəlidir.

    Çünki orqanizm yüksək miqdarda nikotin təsirinə məruz qalır, bu, təzyiqin yüksəlməsinə, ürəkbulanmasına, baş gicəllənməsinə, mədədə turşuluğun artmasına səbəb olur. Ən qorxulusu isə odur ki, bu, infarkt və beyin qanamasına da gətirib çıxara bilir.

    Oqtay Musayev – kardioloq: “Siqaret orqanizmin balansını poza bilər. Ən çox qorxduğumuz isə damarlarda spazm verə bilər. Damarlarda spazm verərsə, bu spazm nəticəsində infarkt təhlükəsi qısa müddətdə özünü göstərə bilər. Ani infarktlar yarada bilər. Təbii ki, bu da ani ölümlər, çox ciddi ağırlaşmalara səbəb olur. Siqaretin çoxlu miqdarda çəkilməsi qanın qatılığını daha da artırır, tromblaşmalara səbəb ola bilər”.

    Həm iftarda, həm də sonrakı saatlarda çox yemək və maye qəbul etmək də orqanizm üçün zərərlidir.

    Oqtay Musayev – kardioloq: “Birdən-birə çoxlu miqdarda yemək qəbulu da ani təzyiq qalxmalarına səbəb ola bilər. Xüsusən də ürək problemi olan insanlarda ürək-damar problemlərinin birdən-birə kəskinləşməsinə səbəb ola bilər.

    Ona görə də düzgün qidalanma və sağlam qidalanmaya riayət etmək lazımdır”.

    Həkim həmçinin məsləhət gördü ki, iftarı açandan sonra sulu yeməklər və bol meyvə-tərəvəz qəbul etmək məsləhətdir.

  • Piyada gəzməyin faydası

    Oturaq həyat tərzi müasir dövrdə sağlamlıq üçün ən böyük təhlükə yaradan səbəblərdən biri sayılır. Təəssüflər olsun ki, indi qısa məsafəni də avtomobil və ya ictimai nəqliyyatla getməyi üstün tutanlar var. Piyada gəzməyin insan orqanizmi üçün çox böyük faydalıdır. Xüsusilə idmanla məşğul olmağa vaxtı və həvəsi olmayanlar üçün piyada gəzmək daha çox vacibdir.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-terapevt Solmaz Musayeva deyib: “Sürətli və cəld yeriş əzələləri möhkəmləndirir, bədən quruluşunu normal saxlayır, artıq çəkinin yığılmasına imkan vermir. Piyada gəzmək ürək-damar sistemi üçün daha çox faydalıdır. Gəzinti zamanı qan dövranı yaxşılaşır, beyin və digər orqanlar oksigenlə daha yaxşı qidalanır. Əhvalın xoş olması, stressin və gərginliyin aradan qaldırılması üçün də gəzinti ən yaxşı vasitədir.

    Piyada gəzinti orqanizmdə tənəffüs və qan-damar sisteminin işini yaxşılaşdırır, qanda xolesterinin və şəkərin səviyyəsinin azalmasına səbəb olur. Şəkərli diabet xəstələrinin profilaktikası və müalicəsində çox müstəsna əhəmiyyət daşıyır. Sümük-dayaq sistemi və oynaqların funksiyasını yaxşılaşdırır”.

    Həkim-terapevt qeyd edib ki, gəzinti zamanı addımların sayına fikir vermək lazımdır. Yaşa, cinsə və sağlamlıq vəziyyətinə görə addımların sayını azaltmaq və artırmaq olar: “Gəzinti dörd sürətlə aparılır. Dəqiqədə 60-70 addım yavaş, 70-90 addım orta, 90-110 addım yüksək, 110-130 addım atmaqla olan gəzinti çox yüksək sürətli hesab olunur. Gəzinti zamanı tənəffüsün normal olmasına fikir vermək lazımdır. Çalışmaq lazımdır ki, gəzinti təngnəfəsliyə və ağrıya səbəb olmasın”.

    Axşam gəzintisi sağlam və dərin yuxuya da yaxşı kömək edir. Yaradıcı insanlar üçün də bu, xüsusilə vacibdir. Çünki gəzinti zamanı daha dərindən düşünmək mümkündür. Müntəzəm olaraq gün ərzində 30-40 dəqiqə piyada gəzməklə orqanizmdə baş verən müsbət dəyişikliklərin şahidi olmaq mümkündür.