Month: May 2020

  • Koronavirusdan ölənlərin sayı 350 mini keçdi

    Dünyada koronavirusdan ölənlərin sayı 352 227 nəfərə çatıb.

    Koronavirusdan sağalanlar isə 2 430 788 nəfər təşkil edir.

  • İki yaşdan kiçik uşaqlar maska taxmalıdır? – XƏBƏRDARLIQ

    İki yaşdan kiçik uşaqlar üçün tibbi maska taxmaq təhlükəli ola bilər, çünki boğulma riskinə gətirib çıxarmaq ehtimalı var.

    Bu barədə “RİA Novosti” Yaponiyanın Pediatrlar Assosiasiyasına istinadən məlumat yayıb.

    Alimlər sözügedən fikri uşaqların tənəffüs yollarının yetkin insanlara nisbətən dar olması ilə əlaqələndiriblər.

    Bununla yanaşı, sözügedən proses uşaqların ürəyində yüklənmə yarada bilər.

  • Alimlər koronavirusun mutasiyası ilə bağlı mifi məhv etdilər

    SARS-CoV-2-nin bu günə qədər müəyyən edilmiş mutasiyalarının heç biri virusun təhlükə dərəcəsini artırmayıb.

    Bu barədə “RİA Novosti” “biorxiv.org” portalında dərc olunmuş araşdırmaya istinadən məlumat yayıb.

    Alimlər araşdırma zamanı 15 000 xəstədən götürülmüş virus genomlarından istifadə ediblər.

    Elm adamları virusun təkamül şəcərəsi modelini yaradıblar və müəyyən mutasiyanın hər bir konkret budaqda daha tez-tez baş verib-verməməsinə diqqət yetiriblər.

    Tədqiq edilən mutasiyaların SARS-CoV-2-yə çoxalma üstünlüyü vermədiyi, yəni yayılma və yoluxma qabiliyyətini inkişaf etdirmədiyi ortaya çıxıb.

    Bununla yanaşı, bəzi mutasiyaların heç bir effektinin olmadığı, genomda baş verən bir çox dəyişikliklərin isə virusun özü üçün zərərli olduğu aşkar edilib.

  • Kürdəmirdə daha beş nəfər koronavirusa yoluxdu

    Kürdəmirdə koronavirus infeksiyasına yoluxanların sayı 72 nəfərə çatıb.

    Bu barədə Report-a Kürdəmir Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

    Bildirilib ki, sonuncu dəfə götürülən yaxma nümunələrin nəticələrinə əsasən, daha beş rayon sakinində koronavirus simptomları aşkar olunub:

    “Həmin şəxslər dərhal nəzarətə götürülərək aidiyyəti üzrə xəstəxanaya yerləşdiriliblər. Yeni yoluxanlardan dördü rayonun daha çox yoluxma halı qeydə alınan Sığırlı kənd sakinləridir. Bununla da Sığırlı kəndində virusa yoluxanların ümumi sayı 25 nəfərə çatıb. Kürdəmir Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi, Rayon Gigiyena və Epidemiologiya Mərkəzi və Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları mövcud vəziyyəti tam nəzarətə götürüblər. Kənddə fəaliyyət göstərən çayxanalar, kafelər, eləcə də insanların sıx toplaşdığı ərazilər müvəqqəti olaraq bağlanıb. Kənddə virusun aşkar olduğu ocaqlarda yaşayan və həmin əraziyə gedib-gələnlərdən yaxma nümunələri götürülüb”.

    “Rayon ərazisində infeksiyaya yoluxan 72 nəfərdən 31-i müalicəsini başa vurub və sağalaraq evə buraxılıb. Onlardan bir neçəsi tibb işçiləri olub. Qalan 41 nəfər isə hazırda müxtəlif xəstəxanalarda müalicə alır. Bu günə kimi rayonda virusa yoluxanlar arasında ölüm faktı qeydə alınmayıb”, – Kürdəmir RMX-dan bildirilib.

  • Xətai rayonunda su olmayacaq – RƏSMİ

    Xətai rayonunun bir hissəsində su olmayacaq.

    Bu barədə Oxu.Az-a “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib:

    “Yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar bu gün Xətai rayonunun bir hissəsində – Xocalı prospekti, M.Mehdizadə, A.Cəlilov, S.Orucov, N.Əliyev, N.Rəfiyev, A.İsmayılov, R.Əliyev küçələrində içməli suyun verilişi dayandırılacaq”.

  • “Azərişıq” əməkdaşlarının güllələnməsi ilə bağlı cinayət işi başlanıldı – RƏSMİ

    Masallı rayonunda “Azərişıq” ASC-nin əməkdaşlarının güllələnməsi hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən rayonun Yeddioymaq kənd sakini, 1969-cu il təvəllüdlü Mansur Şahmuradov müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adamöldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib. Cinayətin aləti olan ov tüfəngi maddi sübut kimi götürülüb.

    Hazırda istintaq tədbirləri davam etdirilir.

    Qeyd edək ki, hadisə mayın 26-da Masallı rayonunda baş verib.

    Belə ki, rayonun Yeddioymaq kənd sakini, 1969-cu il təvəllüdlü M.Şahmuradov həyətinə gələrək, ondan enerji borcunu ödəməsini istəyən elektrik şəbəkəsi işçiləri ilə mübahisə edib. Borcunun olmadığını iddia edən abonent M.Şahmuradov evindəki ov silahı ilə “Azərişıq” ASC-nin əməkdaşlarına atəş açıb.

    Nəticədə, üç nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İki nəfərin xəsarətləri yüngül olduğundan ambulator yardım edilib. “Azərişıq” ASC-nin digər əməkdaşı, Masallı şəhərində yaşayan 1983-cü il təvəllüdlü Ramal Sudef oğlu Bağırova isə sol körpücük nahiyəni dəlib-keçən güllə yarası diaqnozu qoyulub.

  • Azərbaycan nefti bahalaşdı

    Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb.

    “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,91 ABŞ dolları artaraq, 36 dollara çatıb.

    Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

  • Bakıda iki avtomobil toqquşdu, 46 yaşlı qadın yaralandı

    Bu gecə paytaxt Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

    “Report”un məlumatına görə, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.

    Belə ki, iki nəqliyyat vasitəsinin toqquşması nəticəsində 1974-cü il təvəllüdlü Mirzəyevə Leyla Əfras qızı xəsarət alıb.

    Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, ilkin müayinə zamanı ona baş beynin silkələnməsi diaqnozu qoyulub.

    Baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.

  • Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı evini təmir etdirdi – VİDEO

    Heydər Əliyev Fondunun təşəbbüsü ilə azərbaycanlı milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ev muzeyi təmir olunub.

    Bu barədə İTV-də yayımlanan “Yaddaş” verilişində məlumat verilib.

    Bildirilib ki, evin təmiri son mərhələdədir.

    1893-1895-ci illərdə memar Yuzef Qoslavski tərəfindən inşa olunan bağ evi xeyriyyəçinin xüsusi önəm verdiyi mülklərindən biri olub.

    Qeyd edək ki, Hacı Zeynalabdin Tağıyevin vəfatından sonra sözügedən ev xəstəxana, daha sonralar isə məcburi köçkünlərin yerləşdirildiyi sığınacaq kimi fəaliyyət göstərib.

  • Karantindən sonra xaricə gedib-qayıdanlar karantinə alınacaq?

    Azərbaycan Turizm Agentlikləri Assosiasiyası ölkədə karantin rejimi başa çatdıqdan sonra səfərə gedib-qayıdan Azərbaycan vətəndaşlarının 14 gün müddətinə karantinə yerləşdiriləcəyi ilə bağlı yayılmış söz-söhbətə münasibət bildirib.

    Median.Az xəbər verir ki, qurumun İdarə Heyətinin sədri Rüfət Hacıyev “Report”a açıqlamasında bildirib ki, bu məlumat həqiqəti əks etdirmir.

    “Düşünürəm ki, bu fikir şəxsi mövqedən irəli gələrək səsləndirilib. Qeyd olunan məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmi qərarı yoxdur. Vətəndaşlarımıza məsləhət görərdim ki, yalnız rəsmi məlumata inansınlar”, – deyə R.Hacıyev bildirib.