Month: May 2020

  • Türkiyədə koronavirusdan daha 28 nəfər öldü, 1141 yeni yoluxma

    Türkiyədə yeni növ koronavirusdan (COVID-19) ölənlərin sayı artıb.

    Bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca açıqlama verib.

    O bildirib ki, bu gün daha 28 nəfər ölüb.

    Sosial şəbəkə hesabından məlumat paylaşan nazir qeyd edib ki, son 24 saatda 36155 şübhəli koronavirus testindən keçib, onlardan 1141-nin cavabı pozitiv çıxıb.

    Türkiyədə yeni növ koronavirusdan indiyədək 4489 nəfər ölüb, 162120 nəfər bu infeksiyaya yoluxub, 125963 nəfəri isə müalicə olunub.

    Bu gün 1594 xəstə evə buraxılıb.

  • Qonşusunun evindən qızıl oğurlayıb əyləncəyə xərcləyən şəxs saxlanıldı

    Zaqatala Rayon Polis Şöbəsinə rayonun Əliabad qəsəbəsində yerləşən evlərin birindən qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, zərərçəkmişin qonşusu Əli Rəsulov saxlanılıb.

    Araşdırma zamanı məlum olub ki, o, oğurladığı qızılları rayonda yerləşən qızıl-zinət mağazasına satıb və əldə etdiyi pulu öz əyləncəsi üçün xərcləyib.

    Faktla bağlı RPŞ-də araşdırma aparılır.

  • Külək güclənəcək, intensiv yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

    Mayın 30-u gündüzdən 31-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, mayın 30-da yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcək.

    Milli Hidrometeoroloji Xidmətdən verilən xəbərə görə, mayın 30-31-də Azərbaycanın dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir.

    Qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək.

    Havanın temperaturu ötən günlərlə müqayisədə 2-4 dərəcə aşağı enəcək.

    Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından daşqın və sel keçəcəyi ehtimalı var.

  • Koronavirusa yoluxanlar üçün açılacaq xəstəxanaların yerləri bilindi – RƏSMİ

    “Ölkədə koronavirusa yoluxanların müalicəsi üçün 5000-dən çox çarpayı ayrılıb. 2000 çarpayı isə modul tipli xəstəxanalarda olacaq”.

    Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

    O qeyd edib ki, gələn həftədən modul tipli xəstəxanalara xəstə yerləşdirilməsinə başlanılacaq:

    “Sumqayıt, Bakı, Gəncə şəhərlərində və Saray qəsəbəsində modul tipli xəstəxanaların açılışı olacaq”.

    Sədr əlavə edib ki, ümumilikdə, çarpayı sayı yeddi mindən artıq olacaq:

    “Bugünkü xəstə sayına baxdıqda, xəstəxana doluluğu faizi yetərlidir”.

  • Şənbə və bazar günləri məhdudiyyətlər tətbiq olunacaq? – AÇIQLAMA

    “Şənbə və bazar günləri məhdudiyyətlərin tətbiqi gündəmdədir”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

    Sədr qeyd edib ki, bayram günləri məhdudiyyətlərin tətbiq olunmasına ehtiyac duyulmayıb:

    “Artıq bunun üçün xüsusi alqoritm hazırlanıb. Buna uyğun olaraq, irəlidəki günlərdə artım olarsa, həftəsonları və iyun ayında qısamüddətli qapanışlara gedə bilərik”.

    O bildirib ki, karantin rejiminin sərtləşdirilməsi ilə bağlı respublikanın ərazisində lokal epidemik göstəricilərdən asılı olaraq addımlar atıla bilər.

  • Yas yerlərində koronavirusa kütləvi yoluxmalarla bağlı RƏSMİ AÇIQLAMA

    “Təəssüflə qeyd edirəm ki, yas yerlərində kütləvi yoluxmalar baş verir”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

    Sədr qeyd edib ki, ölkədə yas mərasimləri qadağan olunsa da, xüsusən rayonlarda bu qadağalara əməl olunmur:

    “Yoluxma baş verdikdən sonra analizlər aparılır. Analizlər göstərir ki, yoluxmaların əksəriyyəti yas yerlərində baş verir”.

  • Azərbaycanda daxili uçuşların bərpa olunacağı vaxt bilindi – RƏSMİ + VİDEO

    “Gəncə və Naxçıvan şəhərlərinə daxili aviauçuşların həyata keçirilməsi iyunun 8-dən sonraya planlaşdırılır”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

    Onun sözlərinə görə, istər daxili, istərsə də gələcəkdə beynəlxalq uçuşlarda Ümumdünya Səhiyyə Təşkilatının və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının, Beynəlxalq Mülki Aviasiya Təşkilatının qaydaları əsas götürülüb:

    “Bütün uçuşlar müəyyən edilən xüsusi qaydalar tətbiq edilməklə həyata keçiriləcək. İstər daxili, istərsə də beynəlxalq uçuşlarda reyslərin sayı azaldıla bilər. Təyyarələrdə sərnişinlərin sayı da məhdudlaşdırılacaq”.

    “Təyyarə daxilində məsafənin qorunması hava gəmisinin ekipajının təhlükəsizliyi baxımından tətbiq olunan beynəlxalq qaydadır”, – deyə, sədr qeyd edib.

  • 190 manatlıq birdəfəlik ödəmə yenidən veriləcək? – RƏSMİ

    “Artıq aprel və may ayları üçün 190 manat birdəfəlik ödəmələr verilib”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

    O qeyd edib ki, karantin rejimi daha yarım ay uzadıldığı üçün bu məsələ operativ qərargahda müzakirə oluna bilər:

    “Bütün arqumentlər nəzərə alınaraq, yəqin ki, qərar veriləcək”.

  • “Sədərək” ticarət mərkəzinin fəaliyyətinin bərpası ilə bağlı VACİB AÇIQLAMA

    “Qaydaları pozan müəssisələr, hüquqi şəxslər barədə müvafiq inzibati tədbirlərin görülməsi müzakirədədir və yaxın günlərdə açıqlanacaq”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

    Onun sözlərinə görə, iri ticarət mərkəzlərinin daxilində fərdi mağaza sahibləri, fərdi sahibkarlıq subyektləri sosial məsafəyə və maskalardan istifadə edilməsinə ciddi diqqət etməlidir.

    “Qaydalara riayət etməyənləri inzibati məsuliyyət gözləyir. “Sədərək” ticarət mərkəzində fəaliyyətin bərpası da bizi narahat edir. Orada çalışanlar, vətəndaşlar qaydalar çərçivəsində hərəkət etməlidir”.

  • Kafe-restoranlarda maska hansı hallarda çıxarıla bilər?

    “Restoran və kafelərdə yalnız masa arxasında olarkən qoruyucu tibbi maska çıxarıla bilər”.

    “Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

    O bildirib ki, açıq bufelərdən yemək götürmək qadağandır: “Çölə çıxıb qayıdarkən əllər yenidən yuyulmalıdır”.