Month: June 2020

  • Evdə qalan koronavirus xəstələrindən yazılı iltizam alınacaq

    Azərbaycanda koronavirusa yoluxma faktı təsdiq edilmiş şəxslərə onların hüquq və vəzifələri, həmin şəxslərə göstəriləcək xidmətlərin dairəsi və təcridolunma müddəti barədə məlumat veriləcək.

    Median.Az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydalarının təsdiq edilməsi barədə” qərarına edilən dəyişiklikdə öz əksini tapıb.

    Sənədə görə, yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər xəstəliyi yüngül formada keçirdiyi hallarda və onların xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, onlar həkim rəyinə əsasən bu Qaydaların 4.5-ci bəndində göstərilənlərə riayət etməklə, yaşadıqları və ya olduqları yerdə təcrid olunurlar və onların üzərində bu Qaydaların 4.4-cü bəndinə uyğun olaraq tibbi müşahidə həyata keçirilir.

    Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərə onların hüquq və vəzifələri, həmin şəxslərə göstəriləcək xidmətlərin dairəsi və təcridolunma müddəti barədə məlumat verilir, bu Qaydaların 4.5-ci bəndinin tələblərinin pozulmasına görə qanunda nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti barədə, habelə təcrid müddətində mobil telefonu işlək vəziyyətdə saxlaması və onun söndürülməsinin yolverilməzliyi, eləcə də mobil tətbiq vasitəsilə yaşadığı və ya olduğu yerin müəyyən edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilir və onlardan bu barədə yazılı iltizam alınır.

    Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxs iltizamı imzalamaqdan imtina etdikdə, bu barədə (ona qanunda nəzərdə tutulmuş məsuliyyəti barədə xəbərdarlıq edildiyi göstərilməklə) 2 (iki) nüsxədə akt tərtib edilir. Aktın bir nüsxəsi yoluxucu xəstəliyə tutulma faktı təsdiq edilmiş şəxsə verilir, digər nüsxəsi tibb müəssisəsində qalır.

  • Azərbaycanda koronavirusu yüngül keçirən xəstələr evdə qalacaqlar – QƏRAR

    Baş Nazir Əli Əsədov “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydaları”nın təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli 161 nömrəli Qərarında dəyişiklik edib.

    Median.Az xəbər verir ki, sənədə əsasən, qərarın adı dəyişdirilir.

    Qərar “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları” adlandırılır.

    Qərara əsasən, sənəd yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərə şamil ediləcək.

    Sənədə görə, koronavirusa yoluxmuş xəstələrlə təmasda olan şəxslərin karantin nəzarətinə götürülməsi qaydası da dəyişdirilib. Belə ki, həmin şəxslər mənzili (evi) tərk etməməlidir.

    Bundan başqa, aparılmış laboratoriya müayinələri nəticəsində yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər yoluxucu xəstəliyin müalicəsi üçün ayrılmış xüsusi tibb müəssisəsinə yerləşdirilirlər. Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər xəstəliyi yüngül formada keçirdiyi hallarda və onların xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, onlar həkim rəyinə əsasən bu Qaydaların 4.5-ci bəndində göstərilənlərə riayət etməklə, yaşadıqları və ya olduqları yerdə təcrid olunurlar və onların üzərində bu Qaydaların 4.4-cü bəndinə uyğun olaraq tibbi müşahidə həyata keçirilir.

  • TƏBİB rəsmisi: “Vəziyyət nəzarətdən çıxa bilər”

    “Bəzi insanlar xəstəliyini gizlədərək, öz evlərində müalicə alırlar”.

    Oxu.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

    O qeyd edib ki, bu hallar yoluxmanın qarşısının alınması istiqamətində görülən tədbirlərin nəticələrinə də təsir edir:

    “İnsanlardan xahiş edirik ki, koronavirusa yoluxmalarını gizlətməsinlər. Hazırda vəziyyət nəzarət altındadır. Lakin qaydalara əməl olunmasa, vəziyyət nəzarətdən çıxa bilər. Bu isə arzuolunan hal deyil”.

  • Hərarəti olduğu üçün imtahana buraxılmayanlara yenidən şans verilə bilər – RƏSMİ

    “Dövlət İmtahan Mərkəzi tərəfindən son iki gündə keçirilən imtahanlar başa çatıb”.

    Bunu Dövlət İmtahan Mərkəzinin sədr müavini Bəhram Xəlilov “Yeni” TV-nin canlı yayımında bildirib.

    O qeyd edib ki, imtahanlarda iştirak üçün gələn və hərarəti olduğundan buraxılmayanlar üçün əlavə şans yaradılması ilə bağlı Təhsil Nazirliyi ilə müzakirələr aparılır.

    “Hələlik heç bir qərar qəbul olunmayıb. Yekun bir şey olsa, dəqiq məlumat veriləcək. Odur ki, indidən məlumat demək mümkün deyil”, – deyə sədr müavini qeyd edib.

  • Kursların fəaliyyəti bərpa olunacaq? – AÇIQLAMA

    “Kursların fəaliyyətinin bərpası ilə bağlı yoluxma sayından asılı olaraq qərar veriləcək”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

    O bildirib ki, bu şərtlər altında kursların fəaliyyətinin bərpası müzakirə mövzusu deyil:

    “Amma hər şey situasiyadan asılı olacaq. Koronavirusa yoluxma azalarsa, bu istiqamətdə operativ qərargah tərəfindən hər hansı qərar verilə bilər”.

  • Операция СГБ: Задержан человек, подозреваемый в государственной измене

    В Азербайджане арестован человек, обвиняемый в государственной измене.

    Как сообщает Demokrat.az, Абубекиров Джамамед Мамедага оглу был арестован сотрудниками Службы государственной безопасности.

    Ему предъявлено обвинение по статье 274 (государственная измена) УК Азербайджана.

    Ведется следствие.

  • DTX-dən əməliyyat: Dövlətə xəyanətdə şübhəli bilinən şəxs saxlanıldı

    Azərbaycanda dövlətə xəyanətdə ittiham olunan şəxs həbs edilib.

    Demokrat.az-ın əldə etdiyi məlumata görə, Abubəkirov Caməmməd Məmmədağa oğlu Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.

    Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.

    İstintaq gedir.

  • Sabiq icra başçısının həbs müddəti uzadıldı – YENİLƏNİB

    Bu gün Səbail Rayon Məhkəməsində Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev və onunla birgə həbs olunan digər vəzifəli şəxslər barəsində istintaq orqanı tərəfindən verilmiş təqdimata baxılıb.

    APA-nın məlumatına görə, keçirilən prosesdə təqdimat təmin edilib.

    İ.Vəliyev və digərləri barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti daha üç ay uzadılıb.

    * * * * *

    Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və digər vəzifəli şəxslər barələrində seçilmiş qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatı ilə əlaqədar Səbail Rayon Məhkəməsinə gətiriliblər.

    Bu barədə Report məlumat verib.

    Qeyd edək ki, İ.Vəliyev və digərləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılıb.

    Onlara qarşı rüşvət, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və b. əməlləri ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.

    Həmçinin, rayonun digər vəzifəli şəxsləri – icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov da bu cinayət işi üzrə təqsirləndirilirlər.

  • DİM 2500-dən çox abituriyentə xəbərdarlıq “SMS”ləri göndərdi

    Dövlət İmtahan Mərkəzi (DİM) ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu müddətində öz elektron ərizəsinə daxil olub hər hansı qeyd aparan və müraciətini özü təsdiq etmək imkanına malik olan abituriyentlərə bu gün saat 18:00-dək bu işləri tamamlamaq imkanı yaradıb.

    Mərkəzdən verilən məlumata görə, 10-11 iyun tarixlərində yuxarıda qeyd olunan kateqoriyaya aid 2500-dən çox abituriyentə ərizələrini təsdiq etmək imkanları ilə bağlı xəbərdarlıq “SMS”ləri göndərilib.

    Edilən xəbərdarlıqdan sonra yalnız 224 nəfər ərizəsini təsdiq edib. Digər şəxslər isə bunu hələ də edə bilərlər.

    Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqədə yalnız “Abituriyentin elektron ərizə” formasını təsdiq etmiş şəxslər iştirak edə bilərlər.

    Qeyd: Elektron ərizəsi olmayan, həmçinin ərizənin təsdiqi üçün DİM-in məlumat bazasında yetərli məlumatları olmayan şəxslər üçün ərizə qəbulu başa çatıb.

  • Rayonlara getmək istəyənlərin DİQQƏTİNƏ – RƏSMİ AÇIQLAMA

    Fəaliyyətinə icazə verilən şəxslər sərt karantin elan olunan ərazilərdən öz maşınları ilə keçə biləcəklər.

    Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

    Onun sözlərinə görə, lakin fəaliyyətinə icazə verilməyən şəxslər gizli yollarla da keçməyə cəhd edərsə məsuliyyətə cəlb olunacaq: “Sərt karantin rejimi tətbiq olunan rayonların kəndlərinə də giriş qadağandır. İsmayıllı rayonundan keçən magistral yollarda hərəkət olacaq. Başqa rayona gedən şəxslər bu yollardan keçə bilər. Lakin həmin ərazidə saxlamaq qadağandır. Onsuz da həmin rayonların ərazisində heç bir obyekt işləməyəcək”.

    Qeyd edək ki, sərt karantin rejimi Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında tətbiq ediləcək.