Month: June 2020

  • “Real” ev oyunlarını “Santyaqo Bernabeu”da keçirməkdən imtina etdi

    Madridin “Real” klubu 2019/20-ci il mövsümün qalan oyunlarını “Santyaqo Bernabeu” stadionunda keçirməyəcək.

    Goal.com xəbər verir ki, bu barədə “Real”ın prezidenti Florentino Peres açıqlama verib.

    “Son oyunlarımızı 2-ci komandaya məxsus olan “Alfredo Di Stefano” stadionunda keçirəcəyik. Bu qərar “Santyaqo Bernabeu” arenasında aparılan yenidənqurma işlərinin sürətini artıracaq”, – deyə, klub prezidenti qeyd edib.

    Xatırladaq ki, İspaniya La Liqasının iyunun 11-də bərpa olunacağı açıqlanıb.

  • İsveçrəli iş adamı Sumqayıt şəhərinə bir milyon tibbi maska göndərdi

    Sumqayıt şəhərində koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərə dəstək məqsədi ilə İsveçrədə yaşayan iş adamı Abdulla Şatila bir milyon tibbi maska göndərib.

    İsveçrəli iş adamı Abdulla Şatila tərəfindən Sumqayıt şəhərinə göndərilən tibbi maskalardan ibarət humanitar yardım Azərbaycan Hava Yollarının Karqo Terminalında qəbul olunub və dezinfeksiya olunduqdan sonra Sumqayıt şəhərinə gətirilib.

    Humanitar yardım Sumqayıt şəhər 1 saylı Xəstəxanada qəbul olunub və bu humanist addıma, nəcib təşəbbüsə görə sumqayıtlılar adından isveçrəli iş adamına minətdarlıq ifadə olunub.

  • Maska taxılmamasına görə cərimələr qüvvəyə mindi – MƏBLƏĞ

    Epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək.

    AZƏRTAC xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

    Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.

  • Nazirlik 191 obyektdə nöqsan aşkarladı

    İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə monitorinqləri davam etdirir.

    Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, iyunun 1-də keçirilmiş monitorinqlərdə Suraxanı rayonunda “Ballı market”də, “Adana dönər” ictimai iaşə obyektində, Binəqədi rayonunda “Senti” və Vaqif Hüseynova məxsus geyim mağazalarında, “X petrol” yanacaqdoldurma məntəqəsində, Sabunçu rayonunda “Döneretto” ictimai iaşə obyektində, Xəzər rayonunda “Yeni Bakı” kafesində, Xətai rayonunda “Hakara poliqrafiya” xidmət obyektində, Nizami rayonunda Şamil Cəlalzadəyə məxsus uşaq geyimləri mağazasında, Yasamal rayonunda “Köz dönər” və Zaur Xəlilova məxsus ictimai iaşə obyektlərində, Nəsimi rayonunda “Tana” MMC-yə məxsus uşaq geyimləri mağazasında, Abşeron rayonunda “Pizza Line” ictimai iaşə obyektində, Tahir Əliyev və Bəhruz Qasımova məxsus bərbərxanalarda, Qobustan rayonunda “Dokta” aptekində, Göygöl rayonunda “Helenendorf” otelində və “Oba market”də, Masallı rayonunda “44 Dönər Evi”ndə, “Hector” mağazasında, “Karal” oteldə, Zaqatala rayonunda “Kibel” parfümeriya mağazasında, “Meydan” kafesində, “Ekonom Univermaq”da, Ağdam rayonunda “Zeytun” aptekində, “İstanbul kafe”də, Siyəzən rayonunda “Sky Elektroniks”, “Al Market”, “Y.T Moda”, “Çıraq Qala un və un məmulatları” mağazalarında və s. ticarət və xidmət obyektlərində ümumilikdə, gün ərzində monitorinq aparılan 401 obyektin 191-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması halları müəyyən edilib.

    Qeyd edək ki, mayın 22-dən iyunun 1-dək 2385 sahibkarlıq subyektində monitorinq keçirilib və 1141 obyektdə zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərin pozulması hallarına rast gəlinib.

  • Bakıda məşhur gözəllik salonunun əməkdaşları koronavirusa yoluxdu

    Bakıda “Orxideya” Beauty Studionun Xalqlar Dostluğu filialındakı üç əməkdaşı koronavirusa yoluxub.

    Median.Az “Unikal.org”a istinadən xəbər verir ki, gözəllik salonun hər üç əməkdaşı xəstəxanaya yerləşdirilib.

    Xəbəri “Orxideya” Beauty Studiodan təsdiqləyiblər.

  • Baş Prokurorluqdan 35 yaşlı kişinin özünü yandırması ilə bağlı AÇIQLAMA

    Baş Prokurorluq Bakıda 35 yaşlı kişinin intihara cəhd etməsi ilə bağlı xəbərlərə aydınlıq gətirib.

    Qurumun Mətbuat Xidmətindən verilən məlumata görə, 1985-ci il təvəllüdlü Hüseyn Nuriyevin özünü yandıraraq intihara cəhd etməsi faktı ilə bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intihara cəhdin səbəbləri istintaq yolu ilə araşdırılır.

    Qeyd edək ki, KİV-də yayılan məlumata görə, Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Hüseyn Nuriyev üzərinə benzin tökərək özünü yandırıb.

    Yaxınlıqdakı şəxslər tərəfindən alov ram edilib və yaralı Yanıq Mərkəzinə yerləşdirilib.

  • Azərbaycanda daha 273 nəfərin koronavirusa yoluxduğu aşkarlandı

    Azərbaycanda 273 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 5935 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3564 nəfər müalicə olunaraq sağalıb, 71 nəfər vəfat edib, 2300 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

    Həmin şəxslərdən 50 nəfərin vəziyyəti ağır, 73 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

    Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 309.901 test aparılıb.

  • Bakıda ekspress xətt avtobuslarının fəaliyyəti dayandırılır – RƏSMİ

    “Xüsusi karantin rejiminin gücləndirilməsi və “Bakı Metropoliteni” QSC-nin fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar təşkil olunmuş yeddi ekspress marşrut üzrə sərnişin daşımaları iyunun 4-dən dayandırılacaq.

    Bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

    “Bu xətlər üzrə istismarda olan avtobuslar müsabiqə nəticəsində “BakuBus” MMC-yə həvalə edilən xətlər üzrə sərnişindaşımalara cəlb ediləcək. Bununla da istismara müddətini başa vuran, texniki baxımdan yarasız avtobusların bir qismi sərnişindaşımalardan kənarlaşdırılacaq.

    Ekspress marşrutların fəaliyyət göstərdiyi ərazilərdə monitorinqlər keçirilərək əhalinin sərnişindaşımaya olan tələbatı təhlil edilib. Müntəzəm marşrutlar üzrə sərnişindaşıma xidməti göstərən avtobus sayının artırılması və “Bakı Metropoliteni”nin 9 May tarixindən etibarən fəaliyyətinin bərpa olunması ilə əlaqədar ekspress marşrutlara olan tələbatın kəskin (84%) azalması müşahidə edilib.

    Həmçinin, agentliyin tələb və tövsiyələrini əsasən daşıyıcı şirkətlər tərəfindən sərnişin tələbatını qarşılamaq məqsədilə müntəzəm marşrutlar üzrə sərnişindaşıma xidməti göstərən avtobusların sayı artırılıb.

    Xatırladaq ki, xüsusi karantin rejimi günlərində həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə çalışan vətəndaşların daşınmasını təmin etmək məqsədi ilə təşkil edilən yeddi sayda ekspress xətlər iki ay müddətində fəaliyyət göstərib. Bu müdddətdə ekspress xətlər üzrə ümumilikdə 1,5 milyona yaxın sərnişin daşınıb. Metronun fəaliyyətinin məhdudlaşdırıldığı müddətdə isə həm müntəzəm həm ekspress xətlər üzrə avtobuslarla 30 milyona yaxın sərnişin daşınıb.

    “İcra olunan daşımalar zamanı avtobusların iştirakı ilə yol nəqliyyat hadisəsi və digər xoşagəlməz hal yaşanmayıb. Bu işdə əməyi keçən hər kəsə, o cümlədən də daşıyıcılara və sürücülərə təşəkkür edirik”, – qurumdan bildirilib.

  • İllik qiymətlərindən narazı qalan şagirdlərin yenidən qiymətləndirilməsinin vaxtı açıqlandı

    “İllik qiymətlərindən narazı qalan şagirdlərin yenidən qiymətləndirilməsi 20-29 avqustda olacaq. Burada hüquqi bir zərurət var ki, iyun ayından avqustun 20-nə qədər müəllimlər məzuniyyətdə olurlar”.

    APA xəbər verir ki, bunu Təhsil Nazirliyinin şöbə müdirinin müavini, sektor müdiri Orxan Abbasov bildirib.

    O deyib ki, digər tərəfdən, şagird müraciətlərini məktəb tam toplamalı və bir plan hazırlamalıdır:

    “Elə məktəb ola bilər ki, heç kim müraciət etmir, eləsi də var ki, kifayət qədər müraciət olur. Planlaşdırma üçün ən yaxşı vaxt məhz 20-29 avqust nəzərdə tutulub”.

  • Bakı polisindən nazirlik qarşısında keçirilən aksiya ilə bağlı AÇIQLAMA

    “Xüsusi karantin rejimi, sanitariya-gigiyenanın həssas dönəmində toplantıların, aksiyaların keçirilməsinə məhdudiyyət tətbiq olunub”.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

    O bildirib ki, dünən və bu gün Təhsil Nazirliyinin qarşısında bir qrup şəxs tərəfindən mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan icazəsiz aksiyalara cəhdlər göstərilib:

    “Həmin aksiyaları işıqlandıran jurnalistlər, iştirakçılarla birgə xüsusi karantin rejimi qaydalarına zidd olaraq, COVID-19 infeksiyasının həssas dönəmində sanitar-epidemioloji normaların pozulmasına zəmin yaradıblar.

    Bununla ali məqsədi həqiqəti yaymaq, peşəkarlıq meyarı obyektivlik olan jurnalistlər tətbiq olunan xüsusi karantin rejim qaydalarına etinasızlıq nümayiş etdiriblər. Jurnalistlər əhalinin sağlamlığının effektiv qorunması naminə ictimai yerlərdə sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan hallardan çəkinməli, vətəndaşlıq mövqeyi nümayiş etdirərək mövcud qaydalara əməl etməlidir.

    Preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan hallara qarşı birgə mübarizənin və vəziyyətin həssaslığını nəzərə alaraq, jurnalistlərdən həmrəylik nümayiş etdirmələrini tövsiyə edirəm.

    Tərəfimizdən jurnalistlərin sərbəst peşə fəaliyyətinin həyata keçirilməsi üçün əvvəlki dövrlərdə heç bir məhdudiyyət yaradılmayıb. İndiki halda, COVID-19 pandemiyası ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlər nəzərə alınmalı, polisin qanunu tələblərinə əməl olunmalıdır.

    Jurnalist həmkarlarımdan xahiş edirəm ki, sosial məsuliyyətimizdən irəli gələrək, özümüzü, yaxınlarımızı və cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət edək.

    Bu ərəfədə hamını şəxsi gigiyena, eləcə də, tibbi-profilaktik qaydalara əməl etməyə, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə riayət etməyə çağırır, mövcud vəziyyətin həssaslığını nəzərə alaraq, xahişimin anlayışla qarşılanacağına ümid edirəm”.

    Xatırladaq ki, son iki gün ərzində Təhsil Nazirliyinin qarşısında bir qrup tələbə aksiya keçiriblər. Sosial şəbəkələrdə yayılan görüntülər müzakirələrə səbəb olub.