Month: June 2020

  • DİN-dən Yasamalda eyvanda mahnı oxumaq məsələsi ilə bağlı RƏSMİ AÇIQLAMA

    Daxili İşlər Nazirliyi Yasamalda binadan mahnı oxuyan və sonda polislərə gül atan şəxslər barədə yayılan videoya münasibət bildirib.

    DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, iki gün öncə xəbər saytlarında və sosial şəbəkələrdə bir qrup gənc müğənninin paytaxtın Yasamal rayonu ərazisindəki yaşayış binalarından birinin sakinləri ilə birlikdə mənzillərin eyvanlarına çıxaraq, “Yaşa, Azərbaycan” mahnısını ifa etmələri və sonda həmin ərazidə xidmətdə olan polis əməkdaşlarına gül dəstələri atmalarını əks etdirən videoçarx yayılıb:

    “Oxucu və izləyicilərin böyük əksəriyyətinin bəyənib, təqdir etdikləri bu vətənpərvərlik nümunəsi bəzi “virtual qəhrəman”ların ürəyincə olmadı. Onlar sosial şəbəkələrdə bu ifanın Daxili İşlər Nazirliyi tərəfindən təşkil olunduğunu iddia edərək, vətənpərvərlik nümunəsi göstərən gənc müğənnilərin ünvanına nəinki tənqidi fikirlər səsləndirdilər, hətta onları düşmənsayağı təhqir etməkdən belə çəkinmədilər.

    Apardığımız araşdırmalar zamanı məlum oldu ki, müxtəlif muğam müsabiqələrinin qalibləri olmuş bir qrup gənc müğənni heç kimin xahişi və təklifi olmadan öz təşəbbüsləri ilə videoçarx hazırlamaq qərarına gəliblər.

    Vətənpərvər gənclərimiz bu təşəbbüslərini onunla əsaslandırıblar ki, onların da ailə üzvləri və yaxınları arasında şəhid olan, Qarabağ müharibəsində iştirak edən polis əməkdaşları olub. Buna görə də, həm onların, həm də ümumilikdə polis əməkdaşlarının qarşıdan gələn peşə bayramlarını bu yolla təbrik ediblər.

    Gənc müğənnilər əvvəlcə Şəhidlər Xiyabanına gedərək orada uyuyan şəhid polis əməkdaşlarını ziyarət edib, məzarları üzərinə gül dəstələri düzüblər. Daha sonra videoda görünən binaya gedərək sakinlərə onlarla birlikdə “Yaşa, Azərbaycan” mahnısını ifa etmək niyyətlərini bildiriblər. Bina sakinləri də bu təşəbbüsü dəstəkləyərək mənzillərinin eyvanlarında mahnını ifa ediblər və sonda polis əməkdaşlarına gül dəstələri atıblar.

    Videoçarxın davamı olaraq gənc müğənnilər oradan Fəxri Xiyabana gedərək, ümummilli lider Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyaraq, onun əziz xatirəsini yad ediblər…”.

    “Görəsən, belə bir vətənpərvərlik nümunəsi sərgiləyən gənclərimizin hansı hərəkəti düşmən dəyirmanına su tökən və bizə məlum olan antimilli qrupun heysiyyatına toxunub? Əlbəttə ki, belələri heç vaxt istəməz ki, vətəndaşlarımız öz dövlətini bu qədər sevsin, onun inkişafı və tərəqqisi üçün əlindən gələni etsin.

    Biz isə heç bir təmənna güdmədən, öz ürəklərinin səsi ilə belə vətənpərvərlik nümunəsi göstərən gənc müğənnilərimizi dəstəkləyir və onların hər birinə təşəkkürümüzü bildiririk”, – deyə DİN rəsmisi qeyd edib.

  • COVID-19-un ikinci dalğasının yayılacağı 10 ölkənin adı açıqlandı

    Böyük Britaniyanın Oksford Universitetinin alimləri COVID-19-un ikinci dalğasının yayılacağı 10 ölkənin adını açıqlayıblar.

    “The Guardian” qəzetinin xəbərinə görə, araşdırma 45 ölkəni əhatə edib.

    İkinci dalğanın baş verəcəyi ölkələr Almaniya, Ukrayna, ABŞ, İsveçrə, Banqladeş, Fransa, İsveç, İran, İndoneziya, Səudiyyə Ərəbistanıdır.

    Adı qeyd edilən ölkələrdə karantin qaydalarının may ayından yumşaldılmağa başladığı bildirilir.

    Türkiyə, Belçika, Kanada, Polşa, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Belarus, İtaliya, İspaniya, Sinqapur və Niderlandda yumşaldılmaya baxmayaraq, yoluxma sayının azaldığı və ya olmadığı qeyd olunur.

    Bununla yanaşı, həmin ölkələrdə də yoluxma sayının artımına diqqət edilməsi, onların izlənilməsi və nəzarətdə saxlanılması tövsiyə olunur.

  • Bakıda tapılan və anasının koronavirusdan öldüyünü deyən yeniyetmə ilə bağlı AÇIQLAMA – FOTO

    Sosial şəbəkədə küçədə tapılan 16 yaşlı oğlanın gedəcək yeri olmadığına dair məlumat paylaşılıb.

    Paylaşımı paytaxtın Yasamal rayonu Zahid Xəlilov küçəsində yaşayan uşağın küçədə tək başına ağladığını görərək, ona yardım etmək istəyən vətəndaş edib:

    “Uşağı dünən Fatimə adlı xanım anası ilə küçədən keçərkən ağlayarkən görüb. Uşaq deyib ki, anası dünən payaxtın klinikalarından birində koronavirusdan ölüb. Atası da vəfat edib.

    Onlar anası ilə tək kirayədə yaşayırmış. Dünən bir qohumugilə gediblər, qapını yaşlı bir qadın açıb və deyib ki, onlar uşağı götürə bilməzlər. Səbəb kimi gəlinin o uşağı himayəyə götürməsini istəmədiyi göstərilib. Ayın sonu da uşağı kirayədə yaşadığı birotaqlı evdən çıxaracaqlar. Evin kirayə pulu üçün 300 manat lazımdır. Oğlanın 16 yaşı var. Mobil telefonu, heç bir əlaqə nömrəsi yoxdur, təkcə kirayə qaldığı evin ünvanı bəllidir”.

    Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, məsələdən xəbərdardırlar.

    O bildirib ki, 16 yaşlı uşağın anası koronavirusdan ölməyib:

    “Sosial şəbəkələrdə dəqiqləşdirilməmiş məlumat yayıblar.

    Araşdırdıq, məlumat öz təsdiqini tapmadı. Qruplarda yığılan pullarınızı da geri tələb edin.

    Uşaq yalan danışıb, barı “sizlər” bundan sui-istifadə etməyin. Uşağı görən zaman dərhal polis və ya təcili tibbi yardıma məlumat vermək lazım idi. Nəyə görə pul yığmağa üstünlük verdiniz? Bu işlərdən əl çəkin! Onsuz da insanlar bu dönəmlərdə psixoloji gərginlik keçirir.

    Məkrinizi bir kənara qoyun, “mən tapmışam, mən də həll edəcəm” deməklə pul mənimsəməyə çalışmayın!”

  • Bakıda 10-dan çox qadın fahişəliyə cəlb edildi — Əxlaqsızlıq yuvasında ƏMƏLİYYAT

    Bakıda əxlaqsız yuvası təşkil etməkdə, yüngül həyat tərzi keçirən qadınları kişi müştərilərlə görüşdürməkdə şübhəli bilinən şəxs həbs edilib.

    Demokrat.az-ın əldə etdiyi məlumata görə, əməliyyat paytaxtın Nərimanov rayonunda keçirilib.

    Əməliyyat zamanı Gülməmmədova Cəmilə Vidadi qızı həbs edilib.

    Məlum olub ki, o, rayon ərazisində əxlaqsız yuvası təşkil edib, qadınları pul müqabilinə kişi müştərilərlə görüşdürüb və bunun nəticəsində maddi gəlir əldə edib.

    Bundan başqa, o, 10-dan çox qadını fahişəliyə cəlb edib.

    Cəmilə Gülməmmədova adətən maddi cəhətdən çətinlik çəkən qadınları bu yola salmağa məcbur edib.

    İstintaq orqanı tərəfindən Cəmilə Gülməmmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) və 244.2.1-ci (təkrar əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə ittiham elan edilib.

  • Alimlər koronavirusu 25 saniyəyə məhv etməyin yolunu tapdılar

    Ultrabənövşəyi şüalar COVİD 19-u zərərsizləşdirir.

    Boston universitetinin alimləri bu nəticəyə gəlib.

    “Rossiyskaya qazeta” araşdırmaya istinadən yazır ki, Boston Universitetinin Milli Yoluxucu Xəstəliklər Laboratoriyasının (NIEDL) alimləri “Signify” şirkəti ilə birlikdə koronavirusu 25 saniyəyə məhv etmək üsulunu aşkarlayıblar.

    Xüsusi lampaların ultrabənövşəyi şüaları “SARS-CoV-2”-ni zərərsizləşdirir. Eksperiment zamanı mütəxəssislər viruslu materialı lampalardan müxtəlif dozalarda gələn ultrabənövşəyi radiasiyaya məruz qoyublar.

    Məlum olub ki, 1 kvadrat santimetrə 5 meqacoul dozada koronavirusun yayılması altı saniyədə 99 faiz azalır, 1 kvadrat santimetrə 22 meqacoul dozada isə, virus 25 saniyədə tamamilə məhv olur.
    //Baku.ws

  • “Toy eləmirdik, telefondan mahnılar qoşmuşduq” – Zərdabdakı məclisin sahibləri

    Xəbər verdiyimiz kimi karantin rejimi ilə bağlı məhdudiyyətlər tətbiq edilməsinə baxmayaraq, Zərdab rayonun Alıcanlı kəndində 25 nəfərə yaxın şəxs toplaşaraq toy məclisi təşkil edilib.

    Məsələ ilə bağlı toyu olan Cavid adlı bəyin yeznəsi Zaur Talıbov “ölkə.az”a danışıb. O, bildirib ki, məclis ailə arasında bir neçə nəfərin iştirakı ilə baş tutub.

    “Məsələni bir az şişirdiblər, biz məclis keçirməmişik. Sadəcə, kimlərsə bunu nəyinsə qarşısını almaq, özünü göstərmək üçün şişirdiblər. Mən bu işlərə qarışmaq istəmirəm. Qohum qadınlar 10-15 nəfər yığılıb, bir az musiqi səslənib. Bizim məclis keçirmək niyyətimiz olmayıb. Heç burada yemək süfrəsi də açılmayıb. Toy eləmirdik, telefondan mahnılar qoşmuşub oynamışıq. Planlı heç nə etməmişik. Video çəkən də qonşu idi, sadəcə kamerası olduğu üçün dedik gəl, maşından düşəndə bəylə-gəlini çəkərsən. Burada heç bir qanunun pozuntusundan söz gedə bilməz, çünki məclis ailə arasında bir-neçə nəfərin iştirakı ilə baş tutub. Biz böyük bir məclis təşkil etməmişik, sadəcə 10-12 nəfər yığılaraq bunu qeyd etmişik.

    Qeyd edək ki, məclisdə iştirak edən 14 nəfər Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokollar tərtib edilərək məhkəmənin qərarı ilə 100 manat miqdarında cərimə ediliblər.

  • Bakıda məşhur klinikada ölən qızın meyiti ailəsinə verilmir? – VİDEO

    Bakıda gənc qız xərçəng xəstəliyindən vəfat edib.

    Dünən Təbəssüm Məmmədova paytaxtda yerləşən “Bona Dea International Hospital”da ölüb.

    Onun anası Elnurə Əsgərova videogörüntü yayaraq, iddia edib ki, xəstəxanaya vəsait ödəyə bilmədiyi üçün övladının nəşi ona vermir:

    “Qızımın nəşini aparmaq üçün səkkiz min borcum qaldığı üçün onu vermirlər. Hər şeyimi satıb, borc almışam, qızımın meyitini 10 gün də orda saxlasalar, səkkiz mini tapıb gətirə bilməyəcəm”.

    “Bona Dea International Hospital”dan saytımıza bildirilib ki, məsələ barədə ictimaiyyətə məlumat veriləcək.

    //oxu.az

  • Azərbaycanda rüşvətə görə həbs olunan məmurla bağlı daha bir AÇIQLAMA

    Dövlət Gömrük Komitəsi və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının birgə gerçəkləşdirdikləri növbəti uğurlu əməliyyat tədbiri nəticəsində daha bir gömrük əməkdaşının qanunsuz əməli ifşa olunub.

    Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, DGK Əməliyyat və İstintaq Baş İdarəsinə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Tranzit şöbəsinin rəisi vəzifəsində çalışan Ceyhun Babayevin qanunsuz hərəkətləri barədə əməliyyat məlumatı daxil olub və bununla əlaqədar olaraq sözügedən hüquqazidd əməlin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlərin görülməsi təmin edilib.

    Belə ki, qüvvədə olan cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq hazırlanan cinayət haqqında məlumat gömrük orqanları tərəfindən istintaq aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

    Nəticədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və DGK Əməliyyat və İstintaq Baş İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılıb. Birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ceyhun Babayev daşıma fəaliyyəti ilə məşğul olan “Gate Est Group” MMC və “İnterlogistics” MMC-nin səlahiyyətli nümayəndəsindən MMC-lərə məxsus malların tranzit gömrük rəsmləşdirilməsinin tezləşdirilməsi müqabilində rüşvət kimi tələb etdiyi hər avtomaşına görə 50 ABŞ (85 manat) dolları olmaqla, ümumilikdə isə 15 avtomaşına görə 750 ABŞ dolları (1275 manat) məbləğində pulu 23 iyun 2020-ci il tarixdə alarkən cinayət başında prokurorluq və gömrük orqanlarının əməkdaşları tərəfindən yaxalanıb.

    Faktla bağlı cinayət işi başlanılaraq Ceyhun Babayeva Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsində nəzərdə tutulmuş ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, gömrük sistemində şəffaflığın təmin olunması, korrupsiya hallarının tam aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər mütəmadi xarakter daşıyır və aşkar edilən bütün hüquqazidd əməllər barədə ictimaiyyət məlumatlandırılacaq.

  • Diplom ala bilməyən tələbələrə güzəşt ediləcək? – VİDEO

    Son günlər bir sıra tələbələrin yaranmış imtahan probleminə əvvəlki semestrlərdən qalma kəsirləri də əlavə olunub. Ancaq mövcud vəziyyətlə əlaqədar, əvvəlki illərdən fərqli olaraq, bu il yay məktəbi və alt qrupların ləğvi tələbələri çıxılmaz vəziyyətə salıb.

    Ekspertlər bildirir ki, mövcud vəziyyətdə əsas məqsəd təhsilin əlçatanlığının təmin olunmasıdır və bu mövzuda universitetlər də tələbələrə yardım etməlidirlər.

    Məsələ ilə bağlı ARB TV-nin “Günə doğru” proqramı süjet hazırlayıb:

  • Koronavirus peyvəndi vurulan könüllülər danışdı: “İynə yerində yalnız iz qalıb” – VİDEO

    Rusiyada eksperimental koronavirus peyvəndi vurulan könüllü hərbçilər özlərini necə hiss etdikləri barədə danışıblar.

    Bu barədə RT xəbər yayıb.

    “Çiyinə vurulan adi iynədir. Heç bir simptom yoxdur: temperatur normaldır – 36,6. Hətta başım da ağrımır. Demişdilər ki, iştaham olmayacaq – əvvəlkindən də çox yeyirik. İynə yerində yalnız iz qalıb, ağrı yoxdur. Səhər idman edirik, heç bir narahatlıq hiss etmirik”, – deyə Sergey adlı könüllü bildirib.

    Həkimlər də Burdenko xəstəxanasının mütəxəssislərinin nəzarəti altında peyvənd edilmiş könüllülərin birinci və ikinci qruplarının sağlamlıq vəziyyətlərini yaxşı qiymətləndirirlər. Onların sözlərinə görə, koronavirus peyvəndi tətbiq olunduqdan sonra heç bir fəsad və ya mənfi reaksiya görünməyib.