Month: July 2020

  • İlham Əliyev Ərdoğana məktub ünvanladı

    Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb.

    AZƏRTAC-da dərc olunan məktubda deyilir:

    “Hörmətli cənab Prezident,

    Əziz Qardaşım,

    Sizi səmimiyyətlə salamlayıram.

    Bu gün Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdinin növbəti ildönümüdür. Bu çevriliş cəhdi Türkiyə dövlətinə qarşı yönəlmiş xain plan idi. Sizin qəhrəmanlığınız və Türkiyə xalqının Sizə olan sevgisi sayəsində qardaş ölkəniz bu çətin sınaqdan daha da güclü çıxmışdır. “Demokratiya və Milli Birlik Günü” xalqınızın öz dövlətçiliyinə və demokratik ənənələrinə sadiqliyinin bariz nümunəsidir.

    Mən dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda canlarını verən şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirəm.

    Türkiyə dövlətinə və xalqına qarşı olan bu xəyanətkar dövlət çevrilişi cəhdini ilk dəqiqələrdən ən qəti şəkildə pisləyən ölkə Azərbaycan olmuşdur. Bununla Azərbaycan xalqı və dövləti qardaş Türkiyənin yanında olduğunu göstərmişdir.

    Azərbaycan və Türkiyə “Bir millət, iki dövlət” şüarı əsasında həm sevincli, həm də kədərli günlərdə daim bir-birinə dayaqdırlar.

    Biz də bütün məsələlərdə Türkiyənin güclü dəstəyini hiss edirik. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Türkiyə hər zaman Azərbaycanla həmrəy olmuş, bütün beynəlxalq təşkilatlarda ölkəmizin haqlı mövqeyini müdafiə etmişdir.

    İyulun 12-də Ermənistan Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində hərbi təxribat törətmişdir. Bu, Ermənistanın Azərbaycana qarşı növbəti xəyanətkar aqressiya aktıdır və bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir. Bu qəfil və xain hücum nəticəsində Azərbaycan Ordusunun hərbçiləri, eyni zamanda, mülki şəxslər həlak olmuş və yaralanmışdır.

    Azərbaycan Ordusu bu təxribata layiqli cavab vermişdir. Şəhidlərimizin qisası alınmışdır. Onların qanı yerdə qalmamışdır, bundan sonra da qalmayacaqdır. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq öz ərazi bütövlüyünü təmin edəcəkdir.

    Bu hadisə adi sərhəd toqquşması deyil, Ermənistanın işğalçı siyasətinin davamıdır. Hər zaman olduğu kimi, bu gün də Ermənistan rəhbərliyi öz ikiüzlü və riyakar siyasətinə sadiq qalaraq həm öz ictimaiyyətini, həm də dünya birliyini aldatmağa çalışır. Ölkələrində hökm sürən sosial-iqtisadi problemlərin fonunda Azərbaycanla münaqişəni alovlandırmaqla müəyyən məqsədlərə çatmaq istəyirlər.

    Ermənistanın Azərbaycana qarşı hərbi hücumuna ilk reaksiyanı qardaş Türkiyə Respublikası vermişdir. Dünənki çıxışınızda Ermənistanın təxribatları ilə bağlı Türkiyənin qəti mövqeyini bir daha ifadə etdiniz. Azərbaycana göstərdiyiniz dəstəyi xalqımız yüksək qiymətləndirir.

    Azərbaycan-Türkiyə strateji müttəfiqliyi regionda sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edən, əməkdaşlığın inkişafına töhfə verən mühüm amildir. Əminəm ki, birliyimiz və həmrəyliyimiz bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq möhkəmlənəcək və genişlənəcəkdir.

    Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

  • Под председательством Президента Ильхама Алиева состоялось заседание Кабмина – ФОТО

    Под председательством Президента Азербайджана Ильхама Алиева 15 июля состоялось заседание Кабинета министров, посвященное итогам социально-экономического развития страны в первом полугодии 2020 года и предстоящим задачам.

    Как сообщает АЗЕРТАДЖ, глава государства выступил на заседании с речью.

  • İlham Əliyev Nazirlər Kabinetini topladı – FOTO

    İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı iclasda nitq söyləyib.

  • Уничтожен полевой пункт управления подразделения вооруженных сил Армении – ВИДЕО

    В результате мер, принятых против врага, точным огнем азербайджанских военнослужащих уничтожен полевой пункт управления одного из подразделений вооруженных сил Армении.

    Об этом сообщает пресс-служба Минобороны Азербайджана.

  • Düşmən bölmələrindən birinin səhra idarəetmə məntəqəsi məhv edildi – VİDEO

    Düşmənə qarşı görülən cəza tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələrindən birinin səhra idarəetmə məntəqəsi bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.

    Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

  • Erməni ordusunun Qazax sakinlərinə vurduğu maddi zərərlə bağlı cinayət işinə başlanılıb – RƏSMİ

    2020-ci il iyulun 12-dən başlayaraq Ermənistanın silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqeləri ələ keçirmək məqsədilə atəşkəs rejimini kobud şəkildə pozaraq, müxtəlif növ artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.

    Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mətbuat xidməti məlumat yayıb.

    Ermənistan terrorçu və təcavüzkar siyasətini növbəti dəfə nümayiş etdirməklə özünün silahlı aqressiyası nəticəsində mülki əhalının sıx yaşadığı əraziləri atəşə tutmaqla dinc əhaliyə qarşı müxtəlif cinayətlər törədib.

    Belə ki, iyulun 14-də saat 15 radələrində Qazax rayonu, Bala Cəfərli kəndi ilə üzbəüz mövqedə yerləşən Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus reaktiv qurğudan buraxılmış mərminin atılaraq partlaması səbəbindən həmin mərminin müxtəlif hissələri Xanlıqlar kənd sakinləri Səlminə Əliyeva, Məhbub Orucova, Əziz Şirinov, İlham Mehtiyev, Razim Musayev və Kamil Cahanova məxsus evlərin dam örtüklərinə, həmçinin həyətyanı sahələrinə səpələnib və nəticədə, zərərçəkmiş şəxslərin əmlakları qəsdən zədələnməklə sonunculara xeyli miqdarda ziyan vurulub.

    Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerlərinə baxış keçirilməklə maddi sübutlar toplanılıb, dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədi ilə mütəxəssislər cəlb olunub və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

    Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 186.2.2-ci (yandırmaqla, partlatmaqla, və ya başqa ümumi təhlükəli üsulla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurulmaqla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

    Hazırda iş üzrə zəruri və intensiv istintaq tədbirləri davam etdirilir.

  • Həkim Bəhram Bağırzadənin vəziyyətindən danışdı

    “Bəhram Bağırzadə son iki gündə süni tənəffüs aparatından tamamilə ayrılmış vəziyyətdədir. Bu gün üçün ümumi vəziyyəti qənaətbəxşdir”.

    Bunu Oxu.Az-a açıqlamasında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi Rəşad Mahmudov deyib.

    Onun sözlərinə görə, Bəhram Bağırzadə ağır və çətin günləri yavaş-yavaş da olsa, geridə qoyub:

    “Heç kəsin ümidi olmadığı halda, müalicə davam etdirildi. Müəyyən müddət ECMO cihazına qoşulu vəziyyətdə qaldı. İki gündür ki, süni tənəffüs aparatından da ayrılmış vəziyyətdə müalicəsinə davam edir.

    Bəhram Bağırzadə realibitasiya prosesini keçir. Tibbi nöqteyi-nəzərdən zəruri olan göstəricilər tamamilə stabilləşdikdən sonra qısa müddətdə normal palataya köçürülməsi gözlənilir.

    Analizlərin nəticələri əsasında deyə bilərəm ki, orqanizmin ümumi göstəriciləri norma çərçivəsindədir. O, artıq danışa bilir. Tam ayılandan sonra istədiyi kimi daha da rahat danışacaq. Lakin uzun müddət reanimasiyada, dərin koma vəziyyətində qaldığı üçün orqanizmin fiziki olaraq özünü bərpa etməsinə zaman tələb olunur. Ümid edirik ki, Bəhram Bağırzadə problemsiz şəkildə yaxın günlərdə sevdikləri ilə görüşə biləcək”.

    Xatırladaq ki, əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci ildə Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Əməkdar artist B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

  • Düşmənin hərbi nəqliyyat vasitəsi bölmələrimizin sərrast atışı ilə məhv edildi – VİDEO

    Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin cəbhənin Tovuz rayonu istiqamətindəki mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutduqdan sonra Naxçıvan Muxtar Respublikasının sərhədyanı bölgələrində düşmənin aktivləşməsi və ara-sıra atəşkəs rejiminin pozulması halları müşahidə olunur.

    Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

    Belə ki, düşmən bölmələri iyulun 14-ü saat 22:15-dən saat 23:55-dək və 15-i saat 01:20-dən başlayaraq səhər saatlarınadək müxtəlif iriçaplı silahlardan istifadə etməklə Şərur, Babək və Ordubad rayonları istiqamətində atəşkəs rejimini pozub. Düşmən cavab atəşi ilə susdurulub.

    Ermənistan Silahlı Qüvvələrinin bölmələrini Naxçıvan istiqamətində atəşləri dayandırmasına vadar etmək və cəza tədbirləri məqsədilə komanda müşahidə məntəqəsinə hərəkət edən hərbi nəqliyyat vasitəsi bölmələrimizin sərrast atışı ilə məhv edilib.

    Əməliyyat şəraiti qoşunlarımızın tam nəzarətindədir.

  • Dünən gecədən sonra Milli Məclis – FOTOREPORTAJ

    Xəbər verdiyimiz kimi, ötən gün axşam Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərə dəstək məqsədilə keçirilən yürüşdə Şəhidlər Xiyabanı və Azərbaycan Respublikasının Milli Məclisi qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq Parlamentin inzibati binasına daxil olub.

    Qanunsuz olaraq Milli Məclisin inzibati binasına daxil olan şəxslər bir sıra dağıntılar törədiblər.

    Daha sonra polis onlara binanı tərk etmək üçün çağırış edib və binadan çıxarılıblar.

    Median.Az Milli Məclisdə törədilən dağıntılarla bağlı fotoları təqdim edirik:








  • Gənc oğlan Milli Məclisin binasının qarşısında özünü bıçaqladı – VİDEO

    İyulun 15-də Oxu.Az-ın redaksiyasına Milli Məclisin binasının önündə intihara cəhd barədə videoçarx daxil olub.

    Kadrlar şahidlər tərəfindən bu gün çəkilib. Görüntülərdə 25-30 yaşlarında bir kişinin özünə bıçaq zərbələri vurduğu və polis əməkdaşlarının onunla danışaraq, intihar etməsinin qarşısını almağa çalışdıqları görünür.

    Sonradan məlum olub ki, polis əməkdaşları həmin şəxsi saxlayıb və vəziyyəti araşdırmaq üçün polis bölməsinə aparıblar.

    Qeyd edək ki, hadisə Səbail rayonu 9-cu Polis Bölməsi ərazisində baş verib. Müxbirimiz baş verənlərə aydınlıq gətirmək üçün Bakı şəhər Baş Polis İdarəsinə müraciət edib.

    Baş verənlərlə əlaqədar əlavə məlumat yaxın vaxtlarda veriləcək.