Month: July 2020

  • Sumqayıta giriş-çıxış bağlanıb? – RƏSMİ AÇIQLAMA

    “Sumqayıtın giriş-çıxışlarında qurulan mobil postlar karantin qaydalarına nəzarəti həyata keçirir”.

    Bunu Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.

    Onun sözlərinə görə, burada qeyri-adi heç bir məqam yoxdur:

    “Bilirsiniz ki, ölkə ərazisində karantin rejimi davam edir. Mobil postlar isə şəhərin istənilən istiqamətində qurula bilər. Əməkdaşlar hərəkət iştirakçılarının icazələrinin olub-olmadığını yoxlayır. Hərəkətinə və fəaliyyətinə icazə verilən şəxslərin yerdəyişməsində heç bir məhdudiyyət yoxdur. Onlar sərbəst hərəkət edə bilirlər. Başqa heç bir məqam yoxdur”.

  • 1043 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib – RƏSMİ

    Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Samux, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 14 iyul 2020-ci il saat 00:00-dan 15 iyul 2020-ci il saat 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 894 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 147 nəfər həmin Məcəllənin 211.2-ci, eyni əməllərin il ərzində təkrar törədilməsinə görə isə Məcəllənin 211.3-cü maddəsi ilə iki nəfər olmaqla, ümumilikdə 1 043 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

    Bildirilib ki, qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 50-si rayon, 90-ı paytaxt istiqamətinə olmaqla 140, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 20-si rayon, 50-si paytaxt istiqamətinə olmaqla 70, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 85-i rayon, 50-si paytaxt istiqamətinə olmaqla 135 avtomobil geri qaytarılıb, ümumilikdə 345 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

  • Daha bir neçə ölkə və təşkilat cəbhədəki vəziyyətlə bağlı narahatdır – VİDEO

    Ermənistan silahlı qüvvələrinin Azərbaycan – Ermənistan dövlət sərhədində üç gündür törətdiyi təxribat artıq dünya dövlətlərinin və beynəlxalq təşkilatların reaksiyalarını bir-birinin ardınca düzür.

    ABŞ hərbi eksperti Lyuk Koffi Azərbaycanı dəstəkləyən statuslar yazıb:

    “Ermənistan və Azərbaycan arasındakı son döyüşlərə gəldikdə, bəzi vacib məqamları unutmamalıyıq: Hazırda Ermənistan Azərbaycanın, demək olar ki, 20 faiz torpaqlarını işğal edib. Rusiya Ermənistanın bunu etməsinə icazə verir və İran da bundan faydalanır”.

    Birləşmiş Krallıq da sərhəddə atəşkəs rejiminin pozulmasından narahatlığını bildirib:

    “Hər iki tərəfi təmkinli olmağa və gərginliyi daha da artıra biləcək ritorikadan çəkinməyə çağırırıq. ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş danışıqlar prosesinə dəstəyimizi bir daha bildiririk”.

    Belarus Xarici İşlər Nazirliyinin bəyanatında isə sözügedən hadisə ilə bağlı dərin narahatlıq ifadə olunub.

    Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) baş katibi Altınbek Mamayusupov mülki əhalinin də ölümü ilə nəticələnən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın sərhəd yaşayış məntəqələrinin atəşə tutulmasını şiddətlə qınayıb. Baş katib son hadisələr zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərinin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlı diləyib.

    İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini iriçaplı silahlardan atəşə tutması nəticəsində hərbçilərin həlak olması və yaralanmasına səbəb olan hərəkətlərini, eləcə də, sərhəd bölgəsində atəşkəs rejimini pozmasını sərt şəkildə pisləyib.

  • Zakir Həsənov şəhid generalla vida mərasimində iştirak edib

    Iyulun 14-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən şiddətli döyüşlər zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə vida mərasimi keçirilib.

    İkinci Fəxri Xiyabanda baş tutan vida mərasimində Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdir müavini general-leytenant Yaşar Əliyev, Prezident Administrasiyasının Silahlı Qüvvələrlə iş sektorunun müdiri general-leytenant Elşad Babayev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, ictimaiyyət nümayəndələri, mərhumların xidmət yoldaşları şəhidlərimizin ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər.

    Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

    Mərasimdə çıxış edən polkovnik Abdulla Qurbani general-mayor P.Həşimov və polkovnik İ.Mirzəyevin həyat və döyüş yolları barədə məlumat verib.

    Hərbi Okestrin ifa etdiyi Azərbaycan Respublikasının Dövlət Himninin sədaları ilə şəhidlərimiz əsgəri ənənələrə uyğun olaraq yayılım atəşləri altında son mənzilə yola salınıb.
    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanıİlham Əliyev mərasim zamanı telefon vasitəsilə şəhid hərbi qulluqçularımızın ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.

    Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərimizin ailə üzvlərini və bütün mərasim iştirakçılarına şəhidlərimizin qanının yerdə qalmadığını və bundan sonra da qalmayacağını bildirib.
    Müdafiə naziri şəhidlərimizin tabutu üzərindəki üçrəngli Azərbaycan Bayrağını əbədi xatirə qalması üçün onların ailələrinə təqdim edib.

    General-mayor P.Həşimovun qardaşı İlham Həşimov və polkovnik İ.Mirzəyevin oğlu Elvin Mirzəyev Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə vida mərasiminin yüksək səviyyədə təşkil olunduğuna görə dərin minnətdarlıqlarını bildiriblər.

    E.Mirzəyev atasının yolunu davam etdirərək zabit kimi Azərbaycan Ordusu sıralarına qatılacağına, atasının və bütün şəhidlərimizin qisasını alacağına söz verib.

  • BDU-nun müəllimi vəfat etdi

    Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının baş müəllimi, hüquq üzrə elmlər doktoru Mövsüm Mövsümov 65 yaşında vəfat edib.

    Bu barədə “Report”a ali məktəbin Hüquq fakültəsinin dekanı Əmir Əliyev məlumat verib.

    Onun sözlərinə görə, M.Mövsümov bir neçə gün əvvəl onkoloji xəstəlikdən əməliyyat olunubmuş.

    “Yaxınlarının bildirdiyinə görə, əməliyyatdan bir neçə gün sonra Mövsüm müəllimin vəziyyəti ağırlaşıb və dünyasını dəyişib”, – Ə.Əliyev bildirib.

    Qeyd edək ki, hüquq üzrə elmlər doktoru M.Mövsümov 1955-cı ildə Füzuli rayonunda anadan olub.

    1987-ci ildən Bakı Dövlət Universitetində müəllim işləyib.

  • Sabah yağış yağacaq, dolu düşəcək

    Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyulun 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir.

    Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 31-35, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

    Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.

    Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 20-25, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 16-da Abşeron yarımadasında temperaturun iqlim normasına yaxın olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • Госслужба по мобилизации и призыву обратилась к гражданам Азербайджана

    Государственная служба Азербайджана по мобилизации и призыву на военную службу еще раз благодарит граждан за проявленный патриотизм.

    Об этом говорится в заявлении ведомства.

    Отмечается, что в связи с совершенной вооруженными силами Армении на товузском направлении азербайджано-армянской госграницы провокацией в аппарат, отделы и подразделения госслужбы поступают многочисленные обращения от граждан, желающих добровольно отправиться на фронт.

    “В настоящее время Вооруженные силы Азербайджана укомплектованы в соответствии с требованиями законодательства. Армия обеспечивает защиту территориальной целостности нашей страны. Поэтому сообщаем, что в случае необходимости находящиеся в запасе военнослужащие могут быть призваны в местные структурные подразделения госслужбы и привлечены к соответствующим мероприятиям в целях обеспечения обороны и безопасности государства. Однако сегодня необходимости в этом нет”, – говорится в заявлении.

  • Zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər müvafiq tədbirlərə cəlb edilə bilərlər – RƏSMİ

    “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə, özünə mənəvi borc bilən vətəndaşlarımıza göstərdikləri yüksək vətənpərvərliyə görə bir daha təşəkkürünü bildirir”.

    Dövlət Xidmətinin məlumatında bildirilir ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla əlaqədar Xidmətin aparatına, yerli idarə, şöbə və bölmələrinə könüllü olaraq cəbhə bölgəsinə gedərək döyüşmək və lazımi kömək göstərmək istəyən vətəndaşlarımız tərəfindən çoxsaylı müraciətlər daxil olmaqdadır:

    “Xatırladaq ki, vətəndaşların hərbi xidmətə çağırılması müvafiq normativ hüquqi aktlara əsasən həyata keçirilir.

    Hazırda Azərbaycan Silahlı Qüvvələri qanunvericiliyin tələblərinə uyğun olaraq komplektləşdirilib. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi Azərbaycan Ordusu tərəfindən təmin edilir.

    Bu səbəbdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bildirir ki, zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər. Lakin bu gün belə bir zərurət üçün heç bir əsas yoxdur”.

  • Parlament rəsmisi: “Milli Məclisin inzibati binasında dağıntılar törədilib”

    Milli Məclis dünənki hadisə ilə bağlı məsələyə münasibət bildirib.

    Jurnalistlərə açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Ceyhun Əli bildirib ki, dünən gecə Azərbaycan – Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərə dəstək olaraq yürüş keçirilib:

    “Yürüşün keçirildiyi ərazidə və Şəhidlər Xiyabanı, Milli Məclis ərazisində vətəndaşlar toplaşmışdı. Həmin yürüşü edən vətəndaşların bir qismi qanunsuz olaraq Milli Məclisin inzibati binasına daxil olublar və bir sıra dağıntılar törədiblər.

    Daha sonra polis onlara binanı tərk etmək üçün çağırış edib və binadan çıxarılıblar. Yürüş təşkil edən qrup binadan çıxarılandan sonra Milli Məclisin spikeri Sahibə Qafarova vəziyyətlə yerindəcə tanış olub. Fəsadların aradan qaldırılması üçün tapşırıq verilib”.

    O qeyd edib ki, Milli Məclisin mülkiyyətinə vurulan ziyan hesablanacaq və məlumat veriləcək:

    “Bu, qanunsuz olaraq binaya daxil olma cəhdidir. Bunun qarşısı polislər tərəfindən alınıb. Təxribat törədən qüvvələrlə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır”.

  • Ötən gecə baş verən təxribatla bağlı cinayət işinə başlanıldı

    Məlum olduğu kimi, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribat törədib, iriçaplı pulemyotlardan, snayper tüfənglərindən, artilleriya qurğularından istifadə etməklə mövqelərimizi, eləcə də dinc əhalini və mülki obyektləri atəşə tutublar.

    Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumatda qeyd olunub.

    Azərbaycan Ordusunun qəhrəman zabit və əsgərləri bu təxribatın qarşısını qətiyyətlə alıb, cavab atəşi ilə düşmənin dayaq məntəqələri, atəş nöqtələri, müdafiəsinin dərinliyindəki ehtiyatlar, çox sayda döyüş texnikası və canlı qüvvəsi məhv edilib. Hazırda döyüşlərin baş verdiyi ərazidə əməliyyat şəraiti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır.

    Ermənistanın bu hərbi təxribatı qarşısında Azərbaycan xalqı öz birliyini, qəti iradəsini və düşmənə qarşı barışmaz mövqeyini bir daha göstərib, qəhrəman şəhidlərimiz böyük izdihamla dəfn edilib, ölkəmizin müxtəlif şəhər və rayonlarında Azərbaycan Silahlı Qüvvələrinə dəstək yürüşləri keçirilib.

    İyul ayının 14-ü Bakı şəhərində keçirilmiş yürüş və toplantı Azərbaycan xalqının öz Dövlətinə, Ordusuna və Ali Baş Komandanına bir daha tam dəstəyini nümayiş etdirib. Təcavüzkar Ermənistan anlamalıdır ki, Azərbaycan xalqının səbri sonsuz deyil və o, heç zaman ərazilərinin işğalı ilə barışmayacaq. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin bildirdiyi kimi, həlak olan hərbçilərimizin qanı yerdə qalmayıb və qalmayacaq.

    Təəssüflər olsun ki, dinc və vətənpərvər ruhda keçən bu aksiya zamanı bir qrup təxribatçı ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verib, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərib və zor tətbiq edib, nəticədə, bir neçə polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, xidməti avtomobillərə ciddi ziyan vurulub.

    Polis əməkdaşları tərəfindən dəfələrlə edilmiş xəbərdarlıqlara məhəl qoyulmadığından, eləcə də vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün görülmüş operativ tədbirlərlə ictimai asayiş bərpa edilib.

    Fakt üzrə cinayət işi başlanaraq, istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

    Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi düşmənlə təmas xəttində ağır döyüşlərin getdiyi mövcud həssas dönəmdə ölkədə ictimai qaydanın və asayişin pozulması hallarının yolverilməzliyini xüsusi olaraq qeyd edir. Eyni zamanda, hazırda COVİD-19 pandemiyası ilə mübarizənin getdiyi bir vaxtda şəhər və rayonlarda kütləvi toplantıların keçirilməsinin ağır nəticələrə səbəb ola biləcəyini xatırladaraq, vətəndaşları təmkinli olmağa, şəhidlərimizin əziz xatirəsini mövcud karantin qaydalarının tələblərini nəzərə alaraq yad etməyə çağırır.