Month: July 2020

  • Hikmət Hacıyev: “Baş verənlər Ermənistan silahlı qüvvələrinin məqsədyönlü hərbi təxribatıdır” – VİDEO

    Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozması ilə bağlı 2020-ci il iyulun 13-də Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “TRT World” kanalına müsahibə verib.

    İyulun 12-də Ermənistan silahlı qüvvələrinin sərhəddə artilleriyadan istifadə etməklə növbəti təxribat törətdiyini bildirən H.Hacıyev Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələrinin hədəf alındığını, dörd azərbaycanlı zabit və əsgərin öldürüldüyünü və beş nəfərin yaralandığını diqqətə çatdırıb.

    Bunun Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilmiş təxribat olduğu və Ermənistan hökumətinin buna görə birbaşa məsuliyyət daşıdığı qeyd olunub.

    Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın təxribatının qarşısını almaq üçün əks tədbirlər görməyə məcbur olduğunu qeyd edən H.Hacıyev məlum hadisəni təcavüz, gücdən istifadə və Ermənistan silahlı qüvvələrinin məqsədyönlü hərbi təxribatı kimi xarakterizə edib.

    Danışıqlar prosesinə toxunan H.Hacıyev Ermənistanın cəzasızlığının onu növbəti hərbi avantüralara və təxribatlara şirnikləndirdiyini xüsusilə vurğulayıb.

    Beynəlxalq ictimaiyyətin, ələlxüsus ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərini daha da artırmalı olduğunu söyləyən H.Hacıyev Ermənistanın regionda iki ölkənin sərhədində daha bir münaqişə ocağı yaratmağa çalışdığını söyləyib və bunu artıq həssas olan regional sülhü və təhlükəsizliyi təhdid etmək istiqamətində Ermənistanın məsuliyyətsiz fəaliyyəti kimi qiymətləndirib.

    Azərbaycana qarşı təcavüzkar fəaliyyətə görə məsuliyyət daşıyan Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməkdən imtina etdiyi və azərbaycanlı məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıda bilmədikləri təəssüflə qeyd olunub.

    H.Hacıyev beynəlxalq ictimaiyyəti xüsusilə COVİD-19 dövründə Ermənistanın hərəkətlərini ciddi şəkildə qınamağa çağırıb. Habelə məlum təxribatı Ermənistan hökumətini daxili sosial-iqtisadi problemlərdən diqqəti yayındırmaq cəhdi kimi dəyərləndirib.

    ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin çıxışına toxunan H.Hacıyev həmsədrlərdən təkcə tərəflər arasında məlumat mübadiləsi aparmaqla məşğul olmamalarını bildirərək, onlardan danışıqlar prosesinin əsas fundamental əsaslarının icrasının gözlənildiyini bildirib.

    Eyni zamanda, H.Hacıyev münaqişənin həlli üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasının vacibliyini diqqətə çatdırıb.

    Görüş xatirinə görüşün keçirilməsinin qəbuledilməz olduğunu söyləyən H.Hacıyev bunun Ermənistan üçün işğalı davam etdirmək üçün görüntü olduğunu xüsusilə vurğulayıb. Habelə Azərbaycanın gözləntilərinin ilk növbədə həmsədr ölkələrin və beynəlxalq ictimaiyyətin tədbirlər görməli olduğu bildirilib.

    Müsahibə ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:

  • 28 yaşlı kişi keçmiş həyat yoldaşının boğazını şüşə ilə kəsdi

    Zaqatalada 28 yaşlı kişi keçmiş həyat yoldaşının boğazına xəsarət yetirib.

    APA-nın məlumatına görə, hadisə ötən gün axşam saatlarında Zaqatala şəhərinin ərazisində qeydə alınıb.

    Rayonun Aşağı Tala kənd sakini, 1992-ci il təvəllüdlü H.Həmzəyev şəxsi münasibətlər zəminində keçmiş həyat yoldaşı Q.B.-nın boğaz nahiyəsinə şüşə parçası ilə iki yerdən xəsarət yetirib.

    Q.B. Zaqatala Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-stabil olduğu bildirilir.

    Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

  • Ermənilər VİDEO yaydı

    Cəbhədə baş verən atışma ilə bağlı ermənilər sensasion video yayıblar.

    Həmin görüntülərdə ermənilərin hərbi texnikası yanır. Təşviş içində olan erməni hərbiçilər Paşinyan hökumətini tənqid ediblər.

    Videodan bəlli olur ki, Azərbaycan Ordusunun zərbəsi nəticəsində düşmənin avtomobil parkı alışıb.

    Videodan da görünür ki, düşmən ordusu tamamilə nəzarətsizdir. O qədər nəzarətsizdir ki, hərbi sirr hesab edilən bu kimi videoları belə çəkib, yayırlar.
    //anews.az

  • “Sosial şəbəkə istifadəçilərimiz düşmənin informasiya tələsinə düşməməlidir”

    “Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhəddin Tovuz rayonu istiqamətində törətdiyi təxribat zamanı istər hərbi texnika istərsə də canlı qüvvə baxımından ciddi itkilər verərək geri oturduldu . Bundan sonra işğalçı Ermənistan müxtəlif istiqamətlərdə yeni siyasi-diplomatik və informativ təxribatlara əl atmağa başladı. İlk növbədə müxtəlif regional və beynəlxalq təşkilatlara yalan informasiyalar ötürməklə Azərbaycanı ittiham etdi. Lakin heç bir dövlət və beynəlxalq təşkilatdan arzu etdiyi münasibəti görə bilmədi. Hətta ən çox ümid etdiyi və elə ən çox da münaqişəyə tərəf kimi cəlb etmək istədiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı belə Ermənistanın çağırışı ilə heç formal toplantı belə keçirmədi”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib.

    Onun sözlərinə görə, indi isə Ermənistan informasiya təxribatı etməklə Azərbaycanın informasiya məkanına müdaxilə etməyə çalışır, ölkəmizdə olan ictimai həmrəyliyi pozmağa cəhd gösərir: “Müxtəlif vasitələrlə sosial media platformasına guya Azərbaycanın öz itkilərini gizlətdiyi ilə bağlı dezinformasiyalar ötürür. Bu düşmənin informasiya təxribatıdır. Əsla və əsla bu təxribata inanmaq, onu ciddiyə almaq olmaz. Əslində itkiləri gizlədən Ermənistandır və işğalçı ölkənin sosial mediası bu cür xəbərlərlə doludur. Sosial media iştirakçıları çoxsaylı erməni hərbiçilərinin şanlı ordumuz tərəfindən öldürülməsilə bağlı arqumentləşdirilmiş xəbərlər yaysa da işğalçı ölkənin rəsmi qrumları hələ də bunu etiraf etmək istəmirlər. Ancaq operativ əməliyyatla bağlı Azərbaycanın rəsmi qrumlarının yaydığı videogörüntülərdən də aydın olur ki , düşmən canlı qüvvə baxımından da çoxsaylı itiki verib”.

    H.Babaoğlu vurğulayıb ki, hazırda Erməni tərəfi bu görüntülərin işğalçı ölkədə də izlənildiyini bilir və bunu ört-basdır etmək üçün kimi vəziyyəti bir növ balanslaşdırmaq istəyir: “Ona görə də bizim sosial məkanımıza yalan informasiyalar ötürməklə öz etdiyini, yəni itkiləri gizlətdiyini guya Azərbaycan edirmiş kimi bir rəy formalaşdırmağa çalışır. Bu reallığı əks etdirmir və sosial şəbəkə istifadəçilərimizin heç biri düşmənin bu informasiya təxribatı tələsinə düşməməlidir. Erməni təxribatı başlayandan bəri Müdafiə Nazirliyinin müvafiq qurumları heç bir halda hadisəylə bağlı informasiya qıtlığının yaranmasına yol vermədilər və real informasiyanı Azərbaycan mediası və ictimaiyyətiylə bölüşdülər. Biz buna inanmalıyıq və əsla düşmən təxribatının media məkanımızı və nəticə etibarilə ictimai rəyimizi manipuliyasiya etməsinə izin verməməliyik”.

  • Hikmət Hacıyev: “Artilleriya qurğularından istifadə etməklə hücum gözlənilirdi”

    Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində baş verən hadisələr barədə Rusiyanın Lenta.ru saytının suallarını cavablandırıb.

    Jurnalistin silahlı toqquşmaların Dağlıq Qarabağ bölgəsində deyil, Tovuz rayonunda başlaması ilə bağlı sualını cavablandıran Hikmət Hacıyev qeyd edib ki, əvvəla, gerçək faktlara baxmaq lazımdır:

    “İlk olaraq qeyd edək ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın Tovuz istiqamətində təxribat törədərək, atəşkəs rejimini kobud şəkildə pozublar. Qarşı tərəf artilleriyadan istifadə etdi. Bütün bu hadisələr məsuliyyətinin məhz Ermənistan tərəfinin üzərinə düşdüyünü əyani şəkildə göstərir”.

    Azərbaycan rəsmisi bildirib ki, bu cür hərbi avantüra ilə Ermənistan münaqişəyə hərbi-siyasi təşkilatları cəlb etməyə və Azərbaycana qarşı yürütdüyü işğal və təcavüz siyasətinə görə məsuliyyətdən yayınmağa çalışır:

    “Amma Yerevanın hərəkətləri üzvü olduğu beynəlxalq təşkilatların hüquqi sənədlərinə belə ziddir. Bundan əlavə, mənə elə gəlir ki, Ermənistan uzun müddətdir davam edən hərbi münaqişəni öz sosial-iqtisadi problemlərinin kəskinləşməsi fonunda gücləndirməyə çalışır.

    COVID-19 infeksiyasının Ermənistanda geniş yayılması da ölkə rəhbərliyinin destruktiv siyasətinin nəticəsidir. Sərhəddəki gərginlik cəmiyyətin fikrini ölkənin daxili problemlərindən yayındırmağa xidmət edir. Azərbaycan sərhəddə gərginliyin yaranmasının əleyhinədir. Təxribatların qarşısını almaq üçün sərhəd xidmətləri və silahlı qüvvələrimiz gücləndirilib”.

    H.Hacıyev qeyd edib ki, Azərbaycan tərəfi 12 iyul, bazar günü, Ermənistan ordusunun zirehli texnikasının və canlı qüvvələrin yerdəyişmə həyata keçirdiyini müşahidə edib:

    “Biz bunu hücumun əvvəlcədən hazırlandığının sübutu kimi qəbul edirik”.

    Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb ki, Bakı hər zaman Ermənistan-Azərbaycan sərhədində gərginliyin yaranmasına səbəb ola biləcək təxribatların qarşısını almağa və bu kimi hadisələri aradan qaldırmağa hazırdır:

    “Qazax və Tovuz bölgələri boyunca sərhəddə Azərbaycanın Dövlət Sərhəd Xidməti bölmələri yerləşdirilib. Ermənistan tərəfi, əksinə, iki ölkə arasındakı dövlət sərhədini sistematik şəkildə hərbiləşdirməkdə və mülki şəxslərə qəsdən atəş etməkdə davam edir”.

    Rusiyalı jurnalistin “Bu vəziyyət böyük silahlı qarşıdurmaya çevrilə bilərmi?” sualını cavablandıran H.Hacıyev söyləyib:

    “Bildiyiniz kimi, Azərbaycanla Ermənistan arasında ciddi qarşıdurma Ermənistanın Dağlıq Qarabağı və daha yeddi rayonu işğal etdiyi müddətdən bəri 30 ildir ki, davam edir. Silahlı qüvvələrimiz indi də orada üz-üzə dayanır.

    Bu, Birinci və İkinci Dünya müharibələrinin 100 min əsgərin üzbəüz dayandıqları ssenarilərə bənzəyir. İstənilən vaxt qarşıdurma gözlənilir. Hələ də təxribat gözlənilirmi – Ermənistan tərəfindən soruşmalıyıq, çünki məhz onlar Azərbaycan torpaqlarını işğal ediblər”.

    Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri münaqişənin həllində Rusiyanın roluna toxunub:

    “Rusiya Federasiyasının rəhbərliyi və şəxsən Prezident Vladimir Putin lazım olan addımlar atıblar, bunu çox yüksək qiymətləndiririk. Ancaq təəssüf ki, Ermənistanın işğalyönlü və təxribatçı addımları məsələnin sülh yolu ilə həllinə imkan vermir.

    Bütün beynəlxalq ictimaiyyəti Ermənistandan hesabat tələb etməyə çağırırıq. Ermənistan məsələnin sülh yolu ilə həllində maraqlı olmadığını sübut edir”.

  • Barıt qoxulu Tovuzdan FOTOREPORTAJ

    Azərbaycan – Ermənistan sərhədinin Tovuz istiqamətində döyüşlər davam edir.

    Median.Az xəbər verir ki, Oxu.Az-ın əməkdaşları cəbhədəki vəziyyətlə tanış olmaq üçün Tovuza ezam olunublar.

    Oxu.Az-ın fotoqrafı qızğın döyüşlərin getdiyi, dörd şəhid verdiyimiz Tovuzda əhalinin savaş əhvalını kamerasının yaddaşına köçürüb.

    Mərmi qoxulu cəbhə xəttində xalqın mübarizə əzmini heç bir düşmən təxribatı qıra bilmir. Əhali maşınlarla və ya piyada şəkildə ön xəttə doğru irəliləyir.

    Qeyd edək ki, iyulun 12-dən etibarən Ermənistan Azərbaycanla sərhəddə təxribatlara ara vermir. Ən son rəsmi məlumatlara görə, təxribat zamanı Azərbaycan Ordusunun dörd əsgəri şəhid olub.

    Bu gün səhər saatlarından etibarən düşmən Tovuzun kəndlərini yenidən atəşə tutub.














  • В результате вражеского артобстрела в Товузском районе погиб мирный житель

    В результате провокации Армении на участке государственной границы с Азербайджаном есть погибший среди мирного населения.

    Это житель села Агдам Товузского района Азиз Азизов, передаёт Median.Az со ссылкой на oxu.az.

    Вражеский снаряд попал в его дом. Ему было больше 70 лет.

  • Ermənistan sərhəddə təxribat törətdi: Mülki şəxs vəfat etdi

    Ermənistanın Azərbaycanla sərhəddə Tovuz rayonu istiqamətində törətdiyi təxribat nəticəsində mülki şəxs həlak olub.

    Ermənistanın artilleriya atəşləri nəticəsində Tovuzun Ağdam kəndinin sakini Əziz Əzizov vəfat edib.

    Mərmi onun yaşadığı evin həyətinə düşüb.

    Onun 70-dən yuxarı yaşı var idi.
    //oxu.az

  • Sel sularına görə bağlanan Quba-Xınalıq yolunda hərəkət bərpa olundu – VİDEO

    İyulun 13-də axşam saatlarından Qubaya yağan güclü leysan Quba-Xınalıq avtomobil yolunda fəsadlar törədib.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

    O bildirib ki, sözügedən yolun 50-56-cı kilometrliyində dağlardan qopan torpaq kütləsinin və daş parçalarının yolun hərəkət hissəsinə tökülməsinə səbəb olan sel suları nəticəsində hərəkət çətinləşib:

    “Avtomobillərin hərəkətinin bərpası üçün dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumunun texnikası əraziyə cəlb olunub. Axşam və gecə boyu fəsadların aradan qaldırılması istiqamətində aparılan işlər nəticəsində yaranan problem səhər saatlarında aradan qaldırılıb.

    Belə ki, bu gün səhər saat 9-dan etibarən Quba-Xınalıq yolunda hərəkət bərpa olunub. Hazırda qeyd edilən yolda heç bir hərəkət məhdudiyyəti yoxdur”.

  • DİM qəbul imtahanları ilə bağlı məlumat yaydı

    İmtahanlarla əlaqədar tədbirlər planı iyulun 14-də keçiriləcək DİM Direktorlar Şurasının iclasında müzakirə olunacaq və Nazirlər Kabineti yanında operativ qərargaha təqdim olunacaq.

    Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, bir aydır ölkə ərazisində buraxılış (qəbul) imtahanları keçirilir. Belə ki, xüsusi karantin rejimi tətbiq olunduqdan sonra Dövlət İmtahan Mərkəzi tərəfindən 1 iyun tarixində Nazirlər Kabineti yanında operativ qərargaha pandemiya şəraitində imtahanların keçirilməsi ilə əlaqədar tədbirlər planı təqdim olunub və operativ qərargah tərəfindən iyunun 10-dan etibarən imtahanların keçirilməsinə icazə verilib.

    Bundan sonra Mərkəz tərəfindən 10, 11, 18, 19 iyun tarixlərində bir sıra şəhər və rayonlarda 9 və 11-ci siniflər üzrə buraxılış imtahanları, 9-cu sinif təhsili bazasında kolleclərə qəbul imtahanları, 9 və 11-ci sinif şagirdləri üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanları keçirilib. Qeyd olunan tarixlərdə keçirilən imtahanlarda 86 385 nəfər iştirak edib.

    İyunun 19-da isə Nazirlər Kabineti tərəfindən müəyyən şəhər və rayonlarda xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar qəbul olunduğu və imtahanların keçirilməsinə icazə verilmədiyi üçün Mərkəz tərəfindən sərtləşdirilmiş rejim tətbiq olunmayan şəhər və rayonların ərazisində imtahanların keçirilməsi üçün yenidən operativ qərargaha müraciət olunub və 24-25 iyun və 2‑3 iyul tarixlərində növbəti buraxılış (qəbul) imtahanlarının keçirilməsi üçün razılıq əldə olunub. İyulun 10-da isə sərtləşdirilmiş rejim tətbiq olunmayan 41 şəhər və rayonda əvvəlki illərin məzunları üçün qəbul imtahanları keçirilib. Beləliklə, bir ay ərzində bu imtahanlarda ümumilikdə 142 mindən artıq şagird (abituriyent) iştirak edib. İlk iki həftə ərzində keçirilmiş imtahanlarda iştirak edən bütün şəxslərin (86 385 nəfər) nəticələri artıq elan olunub. Bundan əlavə, 24-25 iyun və 2-3 iyul tarixlərində keçirilən 9-cu sinif buraxılış (qəbul), 9 illik təhsil bazasında kolleclərə qəbul, 9 və 11 illik təhsil səviyyələri üzrə Azərbaycan dili imtahanları iştirakçılarının (29 426 nəfər) da nəticələri elan olunub. Qeyd olunan tarixlərdə keçirilən imtahanlarda iştirak edən 11-ci sinif şagirdləri və 10 iyulda keçirilən imtahan iştirakçılarının nəticələri də elan edilmiş qrafikə uyğun DİM-in saytına yerləşdiriləcək.

    Qeyd olunub ki, keçirilən imtahanlarda ehtiyat tədbirləri çərçivəsində görülən işlərə əlavə olaraq, iyunun 24-dən etibarən sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda yaşayan və DİM tərəfindən imtahanların idarə edilməsinə cəlb olunan hər bir əməkdaş COVID‑19 testindən keçirilib. Bildirilir ki, görülən qabaqlayıcı tədbirlərin sayəsində indiyə qədər keçirilən imtahanlarda iştirakçılar və imtahan heyəti arasında koronavirusa yoluxma faktı qeydə alınmayıb.

    Dövlət İmtahan Mərkəzi tərəfindən sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda buraxılış və qəbul imtahanlarının keçirilməsi üçün də tədbirlər planı hazırlanıb və aidiyyəti qurumlarla razılaşdırılır. Belə ki, bu bölgələrdən olan şagirdlərin (abiturieyntlərin) sayı 47 000 nəfər təşkil edir. Tədbirlər planı iyulun 14-də keçiriləcək DİM Direktorlar Şurasının iclasında müzakirə olunacaq və Nazirlər Kabineti yanında operativ qərargaha təqdim olunacaq. Qərargah tərəfindən icazə veriləcəyi təqdirdə iyulun 20-dən sonra növbəti iki həftə ərzində və hər həftə iki dəfə olmaqla, hazırda sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayon və şəhərlərdə buraxılış (qəbul) imtahanlarının keçirilməsi nəzərdə tutulur. Qeyd olunmalıdır ki, bu imtahanlarda iştirakçıların kütləviliyinin azaldılması məqsədilə kolleclərə (və ya hərbi liseylərə) ərizə verməyən 9-cu sinif şagirdləri iştirak etməyəcəklər. Həmin şagirdlər üçün buraxılış imtahanı sentyabr ayında keçiriləcək. Həmçinin ali məktəblərə (kolleclərə) sənəd verməyən və buraxılış imtahanlarında iştirak etməyən 11-ci sinif məzunları üçün də sentyabr ayında buraxılış imtahanları keçiriləcək.

    İyul ayında keçiriləcək imtahanların dəqiq tarixləri, onların keçiriləcəyi şəhər və rayonlar, eləcə də imtahanlarda iştirak edəcək kontingent haqqında məlumat imtahandan bir həftə əvvəl DİM-in saytında yerləşdiriləcək.

    Daha sonrakı həftələrdə isə sanitar-epidemioloji vəziyyətin əlverişli olacağı və operativ qərargah tərəfindən icazə veriləcəyi təqdirdə ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsinin (blok imtahanları) keçirilməsi nəzərdə tutulur. Bu imtahanlarda 73 000 abituriyentin iştirakı nəzərdə tutulur.