Month: July 2020

  • Azərbaycanda dəhşətli qətl: İki qardaş əmilərini baltaladı

    Ucar sakini öldürülüb.

    APA-nın xəbərinə görə, hadisə rayonun Bərgüşad kəndində qeydə alınıb.

    Kənd sakini, 1969-cu il təvəllüdlü Bayram Ata oğlu Abbasov baş nahiyəsindən aldığı ağır xəsarətlə (balta və ya küt alətlə yetirilməyə xarakterik xəsarət) Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

    Həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

    İlkin məlumata görə, B.Abbasov qohumları tərəfindən öldürülüb.

    Faktla bağlı mərhumun qardaşının övladları Asif və Vasif Abbasovlar şübhəli şəxs qismində saxlanılıblar.

    Araşdırma aparılır.

  • DİN-dən rəis müavininin din xadimindən pul istəməsi haqqında AÇIQLAMA

    Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Tovuz Rayon Polis Şöbəsinin rəis müavini İslam Əhmədovun rayonda yas mərsasiminin keçirilməsi üçün pul tələb etməsi iddialarına münasibət bildirib.

    DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

    “Əfsuslar olsun ki, bəzi sosial şəbəkələrdə və xəbər saytlarında bu gün Tovuz Rayon Polis Şöbəsinin rəhbərliyinin adına həqiqəti əks etdirməyən, böhtan xarakterli yazı dərc edilib. Bildirmək istəyirəm ki, Tovuz rayonunda hər hansı bir şəxs vəfat etdikdə dərhal Tovuz Rayon Polis Şöbəsinin rəhbərliyi həmin şəxsin ailə üzvləri ilə əlaqə saxlayır, onunla profilaktik söhbət aparır, karantin rejimin tələbləri bir daha onun nəzərinə çatdırılır və karantin rejimi pozulduqda məsuliyyət daşıyacaqlarını qeyd edir. Hər hansı bir yas yerindən pul istənilməsi tamamilə cəfəngiyyatdır, həqiqətə uyğun olmayan məlumatdır”.

    Qeyd edək ki, sosial şəbəkələrdə Tovuz Rayon Polis Şöbəsinin rəis müavini İslam Əhmədovun mollaya zəng edərək “üç” və “yeddi” mərasimləri üçün 500 manat pul istəməsi ilə bağlı məlumatlar yayılıb.

  • Türkiyədə koronavirusdan daha 23 nəfər ölüb

    Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 23 nəfər ölüb.

    Bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.

    Nazir bildirib ki, son 24 saatda 48 787 şübhəli koronavirus testindən keçib, onlardan 1003-nün cavabı pozitiv çıxıb. Bu gün daha 1493 xəstə sağalıb.

    Türkiyədə indiyədək 210 963 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5323 nəfər ölüb, 191 883 nəfər müalicə olunaraq evə buraxılıb.

  • Vilayət Eyvazov generalı təqaüdə göndərdi

    Daxili İşlər Nazirliyinin (DİN) Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyev vəzifəsindən azad olunub.

    “Report” xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə əsasən, S.Mirzəyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

    DİN-in Mətbuat Xidmətindən “Report”a faktı təsdiqləyib.

  • Ağstafa Rayon İcra Hakimiyyəti başçısının iki müavini işdən çıxarıldı

    Ağstafa Rayon İcra Hakimiyyətində kadr islahatları həyata keçirilib.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırması şöbəsinin müdiri Aydın Hacıyev tutduğu vəzifədən azad edilib.

    Həmçinin, informasiya təminatı və təhlili işləri sektorunun müdiri Leyla İsayeva da tutduğu vəzifədən azad edilib. Hər iki vəzifəyə yeni təyinat həyata keçirilməyib.

    Qeyd edək ki, keçmiş Ağstafa Rayon İcra Başçısının birinci müavininin də yerinə hələ ki, yeni təyinat olmayıb.

  • Bu yollarda xətlənmə işləri aparılacaq

    Bu gün axşam saat 22:00-dan səhər saat 06:00-dək Şıxəli Qurbanov küçəsi və Tiblisi prospektinin hər iki istiqamətində üfüqi nişanlanma xətlərinin yenilənməsi işləri aparılacaq.

    Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, bu səbəbdən sürücülərdən qeyd olunan saatlarda sözügedən istiqamətdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

  • Prezidentin köməkçisi sözünün üstündə durdu: Avtobus kartını göstərdi – FOTO

    Prezidentin köməkçisi Hikmət Hacıyev metro kartını göstərib.

    Hikmət Hacıyev bugünkü brifinqdə ictimai nəqliyyatdan istifadə etdiyini demişdi.

    Ona sual verən jurnalistə “Əgər ehtiyac varsa, brifinqdən sonra avtobus kartını göstərə bilərəm” demişdi.

    O sözünün üstündə durub və brifinqdən sonra avtobus kartını jurnalistə göstərib.

    Jurnalist Gülşən Raufqızı həmin fotonu sosial şəbəkədə paylaşıb.

    Həmin fotonu təqdim edirik:

  • Ədliyyə Nazirliyindən açıqlama – 3 cəzaçəkmə müəssisəsində test nəticələri pozitiv çıxıb

    “Bu günədək ədliyyə sistemində çalışan şəxslərdən və məhkumlardan 13 minədək test nümunələri götürülüb. Aparılmış kütləvi test müayinələri nəticəsində cəmi 18 nəfərdə, o cümlədən 4, 12 və 14 saylı cəzaçəkmə müəssisələrində saxlanan məhkumlarda virusun göstəriciləri pozitiv çıxıb”.

    Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, həmin şəxslər dərhal izolyasiya olunub və xüsusi müalicə müəssisəsinə yerləşdirilib.

    “Bu tibb ocağı zəruri avadanlıq və dərman vasitələri, habelə xüsusi havalandırma sistemi ilə təchiz olunub. Hazırda virusa yoluxmuş məhkumların sağlamlıq durumu kafidir, ağır vəziyyətdə olan yoxdur. Onların müalicəsi üçün müvafiq tədbirlər görülür və səhhətləri daim həkim nəzarətində saxlanır. Virusa yoluxmuş məhkumlardan vaxtı çatmış 2 nəfər şərti azad olunaraq izolyasiya və müalicə üçün TƏBİB-ə təhvil verilib”, – deyə, nazirliyin məlumatında qeyd edilir.

    Nazirlik bildirir ki, hazırda vəziyyət tam nəzarətdədir və narahatlığa əsas yoxdur.

    Penitensiar müəssisələrdə pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər davam etdirilir.

  • Bakıda IDEA-nın abadlaşdırdığı həyətdə qanunsuz tikilmiş obyekt kimindir? – VİDEO

    Nizami rayonundakı qanunsuz tikili sakinlərin rahatlığını pozur.

    IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə abadlaşdırılmış həyətdə sonradan peyda olmuş obyekt kimindir?

    Nizami Rayon İcra Hakimiyyətinin rəsmilərinin bu qanunsuz tikilidən xəbəri yoxdur?

    Məsələ ilə bağlı Azərbaycan Televiziyasının hazırladığı süjeti təqdim edirik:

  • “Neftçi” bir futbolçu ilə vidalaşıb digərini komandaya qaytardı

    “Neftçi” futbolçularından biri ilə yolunu ayırıb, bir oyunçu isə komandaya geri qaytarılıb.

    Klubdan verilən xəbərdə qeyd edilib ki, müqavilə müddəti başa çatan yarımmüdafiəçi Dario Federiko ilə qarşılıqlı razılaşma əsasında yollar ayırılıb.

    Dario “Neftçi”nin heyətində keçirdiyi iki mövsüm ərzində 40 oyunda meydana çıxıb, beş qol vurub.

    Bundan başqa Fəhmin Muradbəyli komandaya qaytarılıb. 24 yaşlı yarımmüdafiəçinin “Səbail” klubu ilə icarə müqaviləsinə xitam verilib.

    Qeyd edək ki, növbəti mövsümün hazırlığını komandanın düşərgəsində keçirəcək Muradbəyli 2013-2017-ci illər ərzində “Neftçi”nin heyətində 73 oyuna çıxıb, altı qol vurub.