Month: İyul 2020

  • Bu il dünya çempionatı keçirilə bilər

    Bu gün Dünya Güləş Birliyinin (UWW) Atletlər Komissiyasının ikinci onlayn konfransı keçirilib.

    Onlayn konfransda pandemiyanın Cənubi Amerikada geniş yayılması ilə əlaqədar zona üzrə qitə birinciliklərinin bu il keçirilmə ehtimalının az olduğu vurğulanıb.

    Digər tərəfdən, iyulun sonlarında Finlandiyada 5-6 ölkənin komandasının iştirakıyla təlim-məşq toplanışına start verilməsinin planlaşdırıldığı qeyd olunub. Müzakirələr zamanı bəzi yarışlarla bağlı da fikir mübadiləsi aparılıb.

    Yeniyetmələr, gənclər və 23 yaşadək gənclər arasında qitə birinciliklərinin sentyabr-oktyabr aylarında keçirilməsi nəzərdə tutulub. Norveçin paytaxtı Osloda təşkili nəzərdə tutulan böyüklərin dünya çempionatının gələn il oktyabrın 2-dən 10-dək reallaşacağı gözlənilir.

    Ancaq pandemiya ilə bağlı vəziyyət müsbətə doğru dəyişsə, bu il noyabrın sonları – dekabrın əvvəllərində də dünya çempionatı keçirilə bilər. Bu il Yunanıstan və Rumıniyada çimərlik güləşi üzrə iki beynəlxalq turnir də təqvimdə yer alıb.

  • Azərbaycanda Həcc ziyarəti ilə bağlı ödənişlərin bir hissəsi artq qaytarılıb

    Bu il koronavirus səbəbindən Həcc ziyarəti ləğv olunduğuna görə Həcc ziyarəti üçün ödəniş edənlərin bir hissəsinin vəsaiti artıq özünə qaytarılıb.

    Bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

    Bildirilib ki, artıq 20 nəfərə yaxın insan öz vəsaitini geri götürüb. Digər şəxslərin də vəsaitlərinin qaytarılması prosesi davam etdirilir və bütün vəsaitlər tam olaraq geri ödəniləcək.

    Bu il Həcc ziyarətinin ləğv olunması ilə bağlı Səudiyyə Ərəbistanından rəsmi bildiriş gəlib. Bu səbəbdən Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu da ləğv edilib.

    Bu il 250-ə qədər şəxs Həcc ziyarətinə getmək üçün müraciət etmişdi və onlardan 150 nəfərə qədəri ödənişi etmişdi.

    Qeyd edək ki, martın 24-dən Həcc ziyarətinə sənəd qəbul edilmir.

    Ümumilikdə isə Həcc ziyarətinə sənəd qəbulu yanvarın 27-dən martın 24-ə qədər davam edib.

    Ziyarətin qiyməti 4 490 dollardır. Ötən il isə bu məbləğ 4 285 dollar olub. Builki qiymət artımı hotel xidmətlərinin bahalaşması və viza rüsumunun tətbiq edilməsi ilə bağlı idi.

  • Karantin tətbiq edilməyən bölgələrdə vəziyyət necədir? – Operativ Qərargah AÇIQLADI

    Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın geniştərkibli Respublika videomüşavirəsi keçirilib.

    Nazirlər Kabinetindən verilən məlumata görə, müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Zeynal Nağdəliyev, Daxili İşlər naziri Vilayət Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Baş Prokuror Kamran Əliyev və 77 şəhər və rayonların İcra hakimiyyəti başçıları, prokurorları, daxili işlər və dövlət təhlükəsizliyi şöbələrinin rəisləri iştirak ediblər.

    Müşavirə zamanı sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilməyən bölgələrdəki epidemioloji vəziyyət müzakirə olunub, karantin qaydalarının icra vəziyyəti qiymətləndirilib. Əhali tərəfindən sanitariya-epidemioloji qaydalara riayət edilməsi üçün nəzarətin gücləndirilməsinə ehtiyac olduğu bildirilmişdir.

    Baş Nazir karantin rejiminin yumşaldılması nəticəsində bir sıra şəhər və rayonlarda pozuntuların artmasının müşahidə olunduğunu qeyd edib.

    Baş Nazir rayonlardakı vəziyyətlə bağlı dəqiq statistikanın aparılmasının, yoluxmanın daha çox qeydə alındığı yerlərə nəzarətin, dezinfeksiya və koronavirus xəstələri üçün ayrılmış xəstəxanalarda utilizasiya işlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

    Baş Nazir rayon və şəhər rəhbərləri qarşısında tapşırıqların vaxtında və qüsursuz icra olunması tələbini qoymuşdur. 

  • Ordu üçün toplanan vəsaitin məbləği açıqlandı

    Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb.

    Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, cari il iyulun 1-dək 111 milyon 958 min 386 manat 11 qəpik, 213 milyon 577 min 88 ABŞ dolları, 17 min 566 avro və 5000 rubl vəsait daxil olub.

    Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli fərmanı ilə yaradılıb.

  • Bu gün Azərbaycanda 346 nəfər koronavirusdan müalicə olunaraq sağalıb

    Azərbaycanda 346 nəfər yeni növ koronavirusdan müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

    Hazırkı dövrədək ölkədə 18 112 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 10 061 nəfər müalicə olunaraq sağalıb.

  • Bu gün Azərbaycanda 588 nəfər koronavirusa yoluxub, yeddi nəfər ölüb

    Azərbaycanda 588 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

    COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış yeddi nəfər vəfat edib.

    Hazırkı dövrədək ölkədə 18 112 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 220 nəfər vəfat edib.

  • İdxal olunan benzinin qiymətinin artması ölkənin yanacaq balansına təsir etməyəcək – TƏHLİL

    Bu ilin mart ayında dünyada neft qiymətlərinin aşağı düşməsi, həmçinin koronavirus pandemiyası şəraitində tətbiq olunan fərdi nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmaq tədbirləri bir sıra ölkələrdə pərakəndə benzin qiymətlərinin görünməmiş dərəcədə ucuzlaşmasına səbəb oldu. Bu proseslər Azərbaycanın yanacaq bazarına da təsir etdi; idxal olunan yüksək oktanlı benzinin qiymətləri mart və may aylarında ucuzlaşdı. Lakin iyun ayının sonunda bazar konyunkturasında dəyişiklik dünya miqyasında yanacaq qiymətlərinin artmasına səbəb oldu, bu da təbii olaraq Azərbaycana idxal olunan “Premium Euro-95”in pərakəndə satış qiymətlərinə təsir etdi.

    Anlamaq lazımdır ki, son illərdə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu (BNEZ) yalnız bir markalı avtomobil benzini – “AI-92” istehsal edir. Bu növ yanacağın qiymətləri Azərbaycan Nazirlər Kabineti yanında Tarif Şurasının qərarları ilə tənzimlənir və bazar tələbindən, yaxud qlobal trendlərin dəyişməsindən asılı olmayaraq, ölkənin bütün yanacaqdoldurma məntəqələrində dəyişməz olaraq qalır.

    Ölkədə istehlak edilən bütün növ avtomobil yanacağının 97 faizini “AI-92” markasının təşkil etdiyini və hökumətin tarif siyasətinin iqtisadi dəstək mülahizələrinə və yanacaq balansının məharətli korrektəsinə əsaslandığını nəzərə alsaq, benzin qiymətlərinin dövlət tənzimlənməsi özünü doğruldur.

    Əvvəllər BNEZ “AI-80” və “AI-93” markalı benzin istehsal edirdi. Ancaq sonradan istehsal proseslərini optimallaşdırmaq məqsədiylə onun istehsalı dayandırıldı. Altı il əvvəl hökumət yüksək oktanlı yanacaq bazarında qiymətləndirmənin liberallaşdırılmasına qərar verdi və 2014-cü il aprelin 1-dən Azərbaycana “Premium Euro-95” və “Super Euro-98” markalı benzin idxal edildi. Bu seqmentdə qiymətləndirmə bazarla diktə edilir və yanacaqdoldurma məntəqələrində pərakəndə satış qiymətləri dünyada mövcud bazar qiymətlərindən asılı olaraq vaxtaşırı dəyişir.

    Bu yaxınlara qədər Azərbaycanda “95” və “98” markalı benzinin bir litrinin qiyməti müvafiq olaraq 1,5 və 1,6 manat səviyyəsində saxlanılırdı. Ancaq mart ayında dünya birjalarında neft qiymətlərinin görünməmiş şəkildə çökməsindən və avtomobil yanacağının alış qiymətlərinin kəskin azalmasından sonra Azərbaycanın idxal şirkətləri də qiymətləri aşağı saldılar. Belə ki, mart ayında “Super Avro-98”nun bir litri 1,4 manata, “Premium Euro-95”-nun qiymətləri isə iki dəfə – martın 13-də 1,2 manata, mayın 1-də 1,1 manata düşdü.

    Lakin son bir ayda neft qiymətlərinin müşahidə olunan sabitləşməsi, ən əsası isə Avropa, MDB ölkələri və dünyanın bir sıra digər bölgələrində nəqliyyat vasitələrinin hərəkətinə karantin məhdudiyyətlərinin aradan qaldırılması qlobal yanacaq bazarının dinamikasına müsbət təsir göstərib. Benzin istehlakının artması birja kotirovkalarına təsirsiz ötüşməyib, müvafiq olaraq, Azərbaycana yüksək oktanlı yanacaq tədarük edən təchizatçı kontragentlərin qiymətləri artıb. Bu proseslər son günlər qonşu ölkələrdə, xüsusən Rusiyada çox açıq şəkildə özünü göstərir, hansı ki, burada “AI-95” markalı benzinin qiyməti ardıcıl üçüncü gündür birja ticarətində rekordu təzələyir. Rusiya bazarındakı qiymət səviyyəsi ölkəmiz üçün çox kritikdir, çünki yüksək oktanlı yanacağın əsas payı məhz Rusiya Federasiyasından gəlir. Belə ki, 2020-ci ilin yanvar-aprel aylarında Azərbaycana gətirilən 22 min ton “Premium Euro-95” markalı benzinin 97,6 faizi Rusiyanın neft emalı zavodlarının payına düşür.

    Beləliklə, bazar şəraitindəki dəyişiklik “Aİ-95” premium markalı benzinin qiymətində qaçılmaz artım yaratdı və iyulun 1-dən etibarən bu növ yanacağın litri 1,2 AZN-ə satılır. “Super Euro-98” markalı yanacağın qiymətində isə dəyişiklik olmayıb. Bununla belə, “Aİ-95” markalı benzinin pərakəndə satış qiymətlərində bir qədər artım olsa da, Azərbaycandakı pərakəndə satış tarifləri Ukrayna, Türkiyə, Şərqi və Qərbi Avropanın əksər ölkələrinə nisbətən nəzərəçarpacaq dərəcədə aşağıdır.

    Yanacaq balansında yüksək oktanlı növlərin əhəmiyyətsiz payını nəzərə alaraq, idxal edilən benzinin qiymətlərinin artması, Azərbaycanda yanacağın ümumi qiymət səviyyəsinə təsir göstərməyəcək.

    Bu fakt da çox önəmlidir ki, idxal edilən yüksək oktanlı benzin növləri istisnasız olaraq avtomobil sahibləri tərəfindən istifadə olunur. Öz növbəsində, ictimai nəqliyyat, taksi, marketlərə qida məhsullarını daşıyan ekspeditorların yük maşınları, kommunal xidmət və sair avtomobillər, qiyməti təxminən beş ildir ki, dəyişməz qalan və bir litri 0,9 manat təşkil edən “Aİ-92” markalı benzindən istifadə edirlər. Bu, son dərəcə vacib məqam olaraq sübut edir ki, idxal olunan yanacağın istehlak qiyməti inflyasiyaya təsir etmir.

    Burada onu da qeyd etmək lazımdır ki, yanacağın qiymətində qlobal eniş olsa da, Azərbaycanın “Aİ-92” markalı benzini postsovet məkanında ən ucuzlardan biri olaraq qalır. Müqayisə üçün qeyd edək ki, 1 iyuldakı məlumatlara görə, ABŞ dolları baxımından “Aİ-92” markalı benzinin bir litrinin qiyməti Azərbaycanda 0,53 dollar, Rusiyada 0.61, Ukraynada 0.90, Gürcüstanda 0.60 dollar təşkil edir.

    Azərbaycanda müəyyən növ yanacaq idxalından asılılıq isə 2024-cü ilin sonu – 2025-ci ilin əvvəlində – SOCAR-ın H.Əliyev adına BNEZ-də rekonstruksiya və modernləşdirmə işlərini tamamlamasından sonra aradan qaldırılacaq. Nəticədə emal zavodunun illik gücü səkkiz milyon tona qədər artacaq və yüksək oktanlı yanacaq ölkədə lazımi həcmdə istehsal ediləcək.

  • “Bu, karantin rejiminin daha da sərtləşdirilməsi deməkdir” – DİN-dən AÇIQLAMA

    Sabahdan Bakı küçə və prospektlərində karantin postlarının yığışdırılması ilə bağlı əhaliyə xəbərdarlıq edib.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bununla bağlı açıqlamasında bildirib ki, bu qərar karantin rejiminin yumşaldılması yox, daha da sərtləşdirilməsi deməkdir:

    “Vətəndaşlar elə baş düşməsinlər ki, sabahdan nəzarət zəifləyəcək. Əksinə, sabahdan bütün qapalı məkanlar, ictimai nəqliyyat, şəhərin hər küçəsində, məhəllələrdə və məhəlləarası yollarda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları ilə birlikdə piyada naryadları daha da gücləndirilmiş rejimdə xidmət aparacaq. Vətəndaşların tibbi maskalardan istifadə etməsi və sosial məsafəni qorunmasına ciddi nəzarət olunacaq. Karantin rejiminin tətbiqinə nəzarət edən polis əməkdaşları qeyd edilən bütün yerlərdə sutkalıq fasiləsiz xidmət aparacaqlar.

    Nəqliyyat vasitələrini idarə edən şəxslərin icazəsinin olub-olmadığı isə müşahidə kameraları vasitəsilə müəyyən olunacaq. Artıq “SMS icazə” sistemi ilə inteqrasiya nəticəsində həmin sürücünün icazəsinin olub-olmadığı məlum olacaq. Əgər icazəsi yoxdursa, yaxud icazənin vaxtı bitirsə, həmin sürücü haqqında elektron protokol tərtib olunacaq. Paytaxtın küçə və prospektlərində quraşdırılmış postlarda xidmət aparan əməkdaşlar isə piyada naryadlarına cəlb olunacaq. Bununla da həmçinin, nəqliyyatın intensiv axını təmin olunacaq.

    Vətəndaşlara müraciət edirik ki, evdən çıxarkən mütləq tibbi maskadan istifadə etsin, sosial məsafəni qorusunlar. Sabahdan etibarən yoxlamalar daha da gücləndirilmiş vəziyyətdə aparılacaq. Artıq cərimələrin məbləğinin də artırıldığını bir daha vətəndaşlarımızın diqqətinə çatdırıram”.

  • Bakıda polis postlarının götürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

    Ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla küçə və prospektlərdə quraşdırılmış xüsusi polis postları iyul ayının 2-dən ləğv ediləcək. Buna səbəb şəhərdaxili yollarda avtonəqliyyatın hərəkətinin intensivliyini təmin etmək, sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarətə daha çox əməkdaşın cəlb edilməsidir.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda belə deyilir.

    Bildirilir ki, bundan sonra şəhərdəki bütün qapalı məkanlarda vətəndaşlarımızın karantin rejimindən irəli gələn tələblərə, xüsusilə tibbi maskadan istifadə və sosial məsafənin gözlənilməsinə mütləq qaydada riayət etmələrinə nəzarət daha da gücləndiriləcək:

    “Küçə və prospektlərdə, eləcə də şəhərdaxili məhəllələrdə piyada patrul naryadlarının sayı artırılacaq, nəqliyyat vasitələrinin hərəkətinə müvafiq icazənin olub-olmaması isə videomüşahidə kameraları ilə müəyyən ediləcək.

    Həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Ona görə də vətəndaşlarımızdan xüsusi karantin rejimindən irəli gələn tələblərə mütləq riayət etmələri tələb olunur”.

  • “Formula 1″in keçmiş sahibi 89 yaşında ata oldu

    Formula 1″in keçmiş sahibi Berni Ekklstounun oğlu dünyaya gəlib.

    Median.Az-ın “Blick” nəşrinə istinadən məlumatına görə, 89 yaşlı iş adamı övladına Eys adı verib. Britaniyalı milyarderin Petra (31 yaş), Tamara (36 yaş) və Debora (65 yaş) adlı 3 qızı da var.

    Qeyd edək ki, Berni Ekklstoun 2017-ci ildə “Formula 1″i “Lyberty Media”ya satıb. Onun fəxri prezidentlik müddəti isə 2020-ci ilin yanvarında başa çatıb.