Month: July 2020

  • Koronavirusdan sağalanların sayı yeddi milyonu keçdi – STATİSTİKA

    Dünyada COVID-19 infeksiyasından sağalanların sayı 7 069 283 nəfərə çatıb.

    Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd edilir.

    Ümumilikdə, dünyada 12 170 570 nəfərdə koronavirus aşkarlanıb, 552 112 nəfər xəstəliyin qurbanı olub.

    Koronavirusun ən çox yayıldığı qitə Şimali Amerika (3 701 165 nəfər), ölkə isə ABŞ-dır (3 158 932).

    Azərbaycanın sərhəd qonşusu Rusiya yoluxma sayına görə dünya ölkələri arasında dördüncü sırada qərarlaşıb. RF-də koronavirusa yoluxan 700 792 nəfərin 10 667-si ölüb.

    Digər qonşularımızdan İranda 248 379, Türkiyədə 208 938, Ermənistanda 29,820, Gürcüstanda 963 yoluxma müşahidə edilir.

    Azərbaycanda koronavirus 21 916 nəfərdə aşkarlanıb. Virusa yoluxanlardan 274 nəfəri həyatını itirib, 13 100 xəstə sağalıb.

  • Ramiz Mehdiyev mətbuatda haqqında yazılanları şərh etdi

    “Azərbaycan mətbuatında Prezident Administrasiyasında işlədiyim dövrün bəzi hadisələri haqqında yazılan məlumatlar həqiqəti əks etdirmir. Əvvəla, həmin yazıların müəlliflərinin bir çoxu müxalif mövqedə olan, bəziləri isə müxtəlif səbəblərdən hakimiyyətdən uzaqlaşdırılmış və ya hakimiyyətdə yenidən mövqe qazanmaq istəyən şəxslərdir ki, Ramiz Mehdiyev mövzusu onlara bu və ya digər şəkildə niyyətlərinə çatmaq üçün əlverişli bir vasitədir. Yazılanların hamısı birtərəfli qaydada təhrif edilərək təqdim olunan, şəxsi məqsədlərə xidmət edən uydurma və böhtanlardan ibarətdir”.

    Bunu AMEA-nın prezidenti Ramin Mehdiyev mətbuatda barəsində yazılanları şərh edərkən deyib.

    R.Mehdiyev həmçinin qeyd edib:

    “Bildirmək istəyirəm ki, ölkəmizə uğurla rəhbərlik etmiş Ümummilli lider Heydər Əliyevin və yeni tarixi mərhələnin lideri İlham Əliyevin siyasətinə daim sədaqətlə xidmət etmişəm, ölkə rəhbərinin xalqımızı böyük çətinliklərdən qurtararaq bugünkü inkişaf mərhələsinə çıxaran müdrik və uzaqgörən idarəçilik fəlsəfəsinin həyata keçirilməsinə sidqi-ürəklə xidmət etmişəm.

    Müxtəlif dövrlərdə Vəzirovun, Mütəllibovun, Xalq Cəbhəsinin, haqsız iddialı və narazı qrupların təzyiqlərinə, təhqirlərinə, hədə-qorxularına baxmayaraq Heydər Əliyev – İlham Əliyev yoluna sadiq qalmışam, gənclik dövründən bu günə qədər heç vaxt öz əqidəmdən dönməmişəm. Fəaliyyətimin başlıca amalını həmişə Ümummilli liderin, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan müstəqillik və azərbaycançılıq siyasətinin məsuliyyətlə icrasına sərf etməkdə görmüşəm.

    Möhtərəm Prezident İlham Əliyevin “Ölkəmizin uğurlu və hərtərəfli inkişafında sizin çox böyük və danılmaz rolunuz var. Siz həmişə dövlətçiliyi hər şeydən üstün tutmusunuz” sözləri mənim üçün hər şeydən daha yüksəkdə dayanan bir qiymətdir. AMEA-nın prezidenti kimi də ölkəmizin rəhbəri İlham Əliyevin elmimiz qarşısında qoyduğu vəzifələri ləyaqətlə və məsuliyyətlə həyata keçirməyi, cənab Prezidentin məni təyin etdiyi bu vəzifədə dövlət başçısına həmişə olduğu kimi bütün sahələrdə köməklik göstərməyi özümə borc bilirəm”.

  • Çində dünyanı qorxudan yeni xəstəlik – insanı 24 saatda öldürür

    Ötən ilin sonlarından başlayan koronavirus pandemiyası başa çatmamış Çindən yeni xəstəlik yayılması qorxusu dünyanı bürüyüb.

    Median.Az “BakuPost”a istinadən bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatı da Çində müşahidə edilən və 24 saat ərzində insanı öldürən c haqqında açıqlama verib. ÜST hələlik yoluxma faktını nəzərə aldıqda xəstəliyin nəzarət altında olduğunu bildirib.

    Qeyd edək ki, adətən gəmiricilərdə yaşayan bir bakteriyanın səbəb olduğu bu vəba dərhal müalicə edilmədikdə 24 saat ərzində ölümə səbəb olur. Çin rəhbərliyi isə hazırda insanlar arasında bubonik vəbanın yayaılma riski olduğunu bildirib və ehtiyatlı olmağa çağırıb.

    Bakteriyaların bədənə daxil olduğu ən yaxın bölgələrdə limfa vəzləri şişir, ağrı və iltihablanma müşahidə edilir. .

  • Türkiyə parlamentinə sədr seçkisinin nəticəsi məlum oldu

    Bu gün Türkiyə parlamentinə sədr seçkiləri olub.

    İHA-nın verdiyi məlumata görə, Böyük Millət Məclisinə yenidən Ədalət və İnkişaf Partiyasının namizədi Mustafa Şəntop spikerlik edəcək.

    M.Şəntop üçüncü turda 328 səslə seçkinin qalibi olub. Ondan başqa daha dörd namizəd olub.

  • “Fairmont” müştərilərdən üzr istədi, hovuzu bağladı

    “Faitmont Baku” hoteli açıq hava hovuzunun fəaliyyətini dayandırıb.

    Bu barədə hotelin yaydığı məlumatda bildirilir:

    “COVID-19-un yayılmasına qarşı mübarizəni dəstəkləmək məqsədilə, “Fairmont Bakı” ərazisində yerləşən açıq hava hovuzunun fəaliyyətini dayandırır.

    Bütün təhlükəsizlik tədbirlərinə uyğun olaraq, hotel fəaliyyət göstərməyə və qonaqları qəbul etməyə davam edəcək. “Fairmont Bakı”da yüksək sanitariya standartlarına bütün sahələrdə riayət olunur və bura sağlamlıq və təhlükəsizlik tələbləri daxildir. COVID-19-un yayılmasına qarşı mübarizə tədbirləri kimi tətbiq olunan standartlar TƏBİB tərəfindən hazırlanmış tövsiyələrə tam uyğundur”.

    “Bizim üçün əsas məsələ qonaqlarımızın sağlamlığı və rifahıdır. Buna görə də, biz, Azərbaycanda karantin məhdudiyyətləri aradan qaldırılana qədər, hotelimizin açıq hava hovuzunun fəaliyyətini dayandırmaq qərarına gəldik. Biz bu yaxınlarda hoteldə qalarkən xoş olmayan vəziyyətlə üzləşən qonaqlarımızdan üzr istəyirik”, – deyə Fairmont Bakı Alov Qüllələrinin Baş meneceri Metyu Qreppo bildirib.

  • BNA: Gündəlik avtobus sayı nəzarətdə saxlanılır

    Xüsusi karantin rejiminin sərtləşdirilməsindən sonra müntəzəm marşrut xətləri üzrə daşınan sərnişin sayında ümumilikdə 60-70 faiz azalma müşahidə olunur.

    Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, buna baxmayaraq gündəlik reysə çıxan avtobusların sayı azaldılmayıb. Daşıyıcılara da avtobus sayı və intervalın mövcud epidemik vəziyyət nəzərə alınmaqla tənzimlənməsi ilə bağlı tapşırıq verilib. Tapşırığın icrasına nəzarət məqsədi ilə hər gün səhər qarajlarda monitorinqlər keçirilir.

    Hazrda gündəlik 153 müntəzəm marşrut xətti üzrə sərnişindaşımalara 1650-dən artıq avtobus cəlb edilir. Yalnız metrostansiyaları əlaqələndirən 7 ekspres marşrut xətti üzrə isə 80-dən artıq gündəlik avtobus xətdə çıxarılır. Sərnişin tələbatının vaxtında qarşılanması üçün 70-dan artıq avtobus isə ehtiyyat olaraq ekspres xətlərə cəlb edilir.

    Ümumilikdə həm müntəzəm, həm ekspres xətlər üzrə gündəlik xəttə çıxan avtobus sayı 1800-dən artıqdır. Metronun fəaliyyət göstərdiyi vaxtla müqayisədə gündəlik xəttə 160-dan artıq avtobus çıxarılır. Adi rejimlə (yay mövsümi) müqayisədə isə hazırda xətlərə 15-20% artıq avtobus cəlb edilir.

  • Azərbaycanda onlarla ana və uşağı koronavirusa yoluxub

    “Əgər bir körpə koronavirusa yoluxubsa, uşaqlar üçün ayrılan xəstəxanada ananın müşahidəsi ilə müalicə aparılır. Əksi baş verərsə və ya ana ilə övladı eyni anda yoluxubsa hər ikisinin müalicəsi digər tibb müəssisəsində bir palatada həyata keçirilir”.

    Bunu Yeni Klinika Tibb Müəssisəsinin direktoru Pərviz Abbasov Real TV-yə müsahibəsində deyib.
    O bildirib ki, bu gün ölkədə belə xəstələrin sayı 10-larladır: “Söhbət 16 yaşa qədər olan yeniyetmələrdən söhbət gedir”.

    P.Abbasov qeyd edib ki, hazırda klinikada 50 yaşın üzərində olan xəstələr üstünlük təşkil edir: “Bu da xəstələrin 70%-i deməkdir. Yaşından asılı olaraq müalicə protokolları dəyişir. Gedişat da xəstəliyin mərhələsindən asılıdır. Ümumi protokol isə eynidir. Ağırlaşmaya görə müalicə həkimin rəyindən asılıdır. Fərqlilik reanimasiya şəraitində olan xəstələrə görədir”.

  • Bakıdakı üfunət iyinin səbəbi müəyyən oldu

    Dünən paytatxın bir sıra rayonlarında kəskin , xoşagəlməz iy-qoxu hiss olundu. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bununla bağlı daxil olan məlumat operativ araşdırıldı və ilkin olaraq həmin iy-qoxunun mənbəyinin Böyükşor gölü olduğu müəyyən edildi. Nazirliyin müvafiq qurumları tərəfindən həm gölün suyundan, həm də atmosferdən nümunələr götürülərək bioloji və kimyəvi analiz aparıldı. Analizlərin bir qisminin nəticəsi əldə olunsa da, bəzilərinə bir az zaman lazımdır. İlkin nəticələrə görə, Böyükşor gölündə ionun və bəzi maddələrin miqdarı normadan artıqdır.

    Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekolojin Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

    Nazirliyin rəsmisi bildirib ki, Böyükşor gölü müəyyən ekoloji problemləri olan su hövzəsidir: “Ətrafda yerləşən bəzi məntəqələrin, istehsalat müəssisələrinin, yaşayış evlərinin tullantıları, çirkab suları vahid mərkəzləşmiş kanalizasiya sistemi olmadığına görə, həmin gölə axıdılır. Bu səbəbdən orada az da olsa iy-qoxu müşahidə edilirdi. Lakin dünənki kəskin qoxunun səbəbi həm analizlərdən, həm də digər istiqamətlər üzrə apardığımız təhlillərdən sonra müəyyənləşəcək. İlkin ehtimallardan biri iki gün öncə “Sobsan” boya fabrikində olan güclü yanğının söndürülməsi zamanı kimyəvi maddələrlə qarışan onlarla ton suyun birbaşa Böyükşor gölünə axıdılmasıdır. Hazırda “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə birgə həmin məsələni də araşdırırıq. Aparılan araşdırmaların və kimyəvi-bioloji analizlərin nəticəsi məlum olduqdan sonra yekun rəy ictimaiyyətə açıqlanacaq”.

    H.Əlizadə son illərdə Böyükşor gölünün təmizlənməsi istiqamətində dövlət tərəfindən kifayət qədər böyük tədbirlərin həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, bununla bağlı proqramların icrası davam etdirilir: “Təqribən 10 il əvvəl bu göl ekoloji fəlakət zonası elan edilmişdi. Son illər keçirilən tədbirlər gölün ekologiyasına müsbət təsir edib. Boya fabrikində baş verən yanğının söndürülməsi zamanı gölün suyuna kimyəvi maddələrin qarışdığı sübut olunarsa, onun təmizlənməsi üçün tədbirlər görüləcək. Həmçinin burada müəyyən məsuliyyət məsələsi də ortaya çıxacaq”.

  • Sumqayıtda həkim-rentgenoloq koronavirusdan öldü

    Sumqayıtda daha bir həkim koronavirusdan vəfat edib.

    Median.Az medicina.az-a istinadən bildirir ki, bir müddət əvvəl COVID-19-a yoluxan həkim-rentgenoloq Fəxrəddin Əliş oğlu Məmmədov müalicə aldığı pandemiya xəstəxanasında həyatını itirib.

    O, Sumqayıt şəhər 5 saylı uşaq poliklinikasında çalışıb.

    5 saylı uşaq poliklinikasının baş həkimi Mehbarə Cavadova Oxu.Az-a açıqlamasında faktı təsdiq edib:

    “Həkim-rentgenoloq Fəxrəddin Məmmədov ayın 29-u mənimlə telefon əlaqəsi saxlayıb və özünü yaxşı hiss etmədiyini, müayinəyə getdiyini deyib. Ayın 30-u isə xəbərimiz oldu ki, KT nəticələrində həkimin ağciyərlərində buzlu şüşə sindromu aşkarlanıb.

    Dərhal xəstəxanaya yerləşdirildi. Vəziyyətindən xəbərdar olmaq üçün hər gün əlaqə saxlayırdıq. Təəssüf ki, ötən gün Fəxrəddin Məmmədov müalicə aldığı Sumqayıt şəhər 1 saylı xəstəxanada koronavirusdan vəfat edib”.

    M.Cavadova 5 saylı uşaq poliklinikasında çalışan daha dörd tibb işçisinin koronavirusa yoluxduğunu qeyd edib:

    “Əməkdaşlarımız arasında daha dörd nəfərdə COVID-19 aşkarlanıb. Onların müalicəsi hələ də davam etdirilir. Lakin qeyd edim ki, o əməkdaşlar F.Məmmədovla yaxın ünsiyyətdə olmayıb. Şöbələr tamamilə ayrıdır.

    Ümumiyyətlə, yoluxmaların heç biri tibb müəssisəsi daxilində qeydə alınmayıb. Tibb işçilərimiz virusa poliklinikadan kənarda, müxtəlif ictimai yerlərdə yoluxub. Poliklinikamızda həkimlər növbəli iş qrafiki ilə çalışır, yoluxma hallarının qarşısını almaq məqsədilə hər gün işçilərin hərarəti ölçülür. Müəssisə mütəmadi olaraq dezinfeksiya edilir”.

    Qeyd edək ki, 1958-ci il təvəllüdlü F.Məmmədov bir müddət hərbi həkim kimi çalışıb.

  • İnternetsiz oynaya biləcəyiniz 5 ən yaxşı oyun – SİYAHI

    Bəzən müxtəlif səbəblərdən internet olmayan yerlərdə uzun vaxt keçirməyimiz lazım gəlir. Bu vaxtı daha əyləncəli hala gətirməyin yollarından biri də oyun oynamaqdır.

    Median.Az ted.az-a istinadən internetə ehtiyac duyulmadan oynanılacaq 5 mobil oyunu təqdim edir:

    Sonic Dash

    İstehsalçı: SEGA
    Ölçü: 102 MB
    Qiymətləndirmə: 4,6/5
    Klassik qaçış oyunlarını 3D qrafiklər və sonsuz rejim ilə birləşdirən Sonic Dash müxtəlif səviyyələri və Sonic kainatından fərqli obrazlarla qarşımıza çıxır.

    Eternium

    İstehsalçı: Making Fun, Inc.
    Ölçü: 108 MB
    Qiymətləndirmə: 4,8/5
    Əgər Diablo oyunlarını sevir və hələ oynayırsınızsa, Eternium-u çox bəyənilən Diablo oyunlarının bir növ mobil versiyası kimi düşünə bilərsiniz. Üç fərqli dünyaya və bu dünyalar içərisində çoxsaylı tapşırığa sahi Eternium vaxtınızı əyləncəli keçirməyə kömək olacaq.

    Monument Valley 2

    İstehsalçı: ustwo games
    Ölçü: 252 MB
    Qiymətləndirmə: 4,8/5
    Bir çox oyun tənqidçisi tərəfindən tərif yağışına tutulan və müxtəlif mükafatlar alan Monument Valley 2 Journey kimi qrafik və atmosferilə olduqca uğurlu oyundur. Memarlıq və geometriyanın sehirli qarmaşıqlığına dayanan olan Monument Valley 2 bir platforma/tapmaca oyunu kimi dəyərləndirilə bilər.

    Plague Inc.

    İstehsalçı: Miniclip.com
    Ölçü: 52 MB
    Qiymətləndirmə: 4,3/5
    Son aylarda dünyada vüsət alan koronavirus pandemiyasından dolayı Plague Inc. oyunun adını eşitməyən yoxdur. Yeni bir virüs yaradıb bütün dünyaya yaymağa çalışdığımız bu oyunda fərqli oyun səviyyələrinə görə bəzi maneələr qarşımıza çıxır. Yaratdığımız virusu sağ tutumağa çalışdığımız bir vaxtda dünya ölkələri də müxtəlif vaksin və karantin tətbiqinə əl atırlar. Zamanın necə keçdiyini anlayamayacağınız oyun uzaq səyahət və uzun növbələr üçün əvəzedilməzdir.

    Smash Hit

    İstehsalçı: Mediocre
    Ölçü: 58 MB
    Qiymətləndirmə: 4,5/5

    Digər oyunlara nisbətən daha köhnə olan Smash Hit ilk çıxdığı illərdə çox məşhur idi. Mobil oyunların bugünkü qədər yayğın və çeşidli olmadığı günlərdə fərqli qrafika və atmosferilə oyunçuların qəlbinə yol tapan Smash Hit hazırda da kifayər qədər heyran kütləsinə sahibdir. Səviyyə və bölmə olmayan bu oyunda önümüzə çıxan şüa maneələri topla qıraraq irəliləyir öldükdə isə əvvəldən başlayırsınız.