Month: July 2020

  • Bakı-London-Bakı marşrutu üzrə xüsusi reyslərə aviabilet satışına başlanıldı

    Azərbaycanın milli aviadaşıyıcısı iyulun 16-dan avqustun 27-dək həftədə bir dəfə (cümə axşamı) Bakı-London-Bakı marşrutu üzrə xüsusi reyslər yerinə yetirəcək.

    Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib. 

    Həmin marşrut üzrə aviabilet satışı xüsusi şərtlərə riayət edilməklə həyata keçiriləcək.

    Bakı-London reysi ilə Böyük Britaniyaya giriş hüququ olan sərnişinlər daşınacaq. Bundan əlavə, həmin ölkənin yeni qaydalarına əsasən uçuşdan 48 saat əvvəl https://www.gov.uk/provide-journey-contact-details-before-travel-uk saytında onlayn qaydada anket doldurulması tələb olunur. Qeyd edilən müddətdə anket doldurulmadığı halda Londonun “Hitrou” hava limanının miqrasiya orqanının əməkdaşları sərnişini 100 funt sterlinq məbləğində cərimə edə bilər.

    London-Bakı reysinə Azərbaycan vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayış üçün icazəsi olan digər dövlətlərin vətəndaşları buraxılacaq.

    Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında əldə etmək olar.

    Xarici ölkələrdə təhsil alan Azərbaycanlı tələbələr aviabilet alışı zamanı 30% həcmində güzəştdən yararlana biləcəklər. Güzəştli aviabiletin rəsmiləşdirilməsi proseduru üzrə videotəlimatla, İstanbul-Bakı reysi ilə eyni qaydada, burada tanış ola bilərsiniz: https://youtu.be/HylsY0m9cEM .
    Xatırladırıq ki, uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçən sərnişinlər buraxılacaq. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş, həkim göndərişi olmadan sərnişinlərin COVID-19 üçün yoxlamadan keçə biləcəyi laboratoriyaların siyahısını təqdim edirik:

    – Referans kliniki laboratoriya mərkəzi;
    – Leyla klinikası;
    – Memorial klinikası
    – Bona Dea xəstəxanası; 
    – İnci laboratoriyası;
    – Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi (XTİNM);
    – Kaspian Hospital;
    – UltraLab.

    Böyük Britaniyada COVID-19 testini sərnişin olduğu şəhərin özəl klinika, xəstəxana və apteklərində, yaxud Londonun aşağıdakı klinika və apteklərindən birində verə bilər:

    – Sherlock Holmes Pharmacy – https://www.nhs.uk/Services/pharmacies/MapsAndDirections/DefaultView.aspx?id=11075
    – Walkin Clinic – https://walkin-clinic.co.uk/blood-tests/covid19-testing
    – London Doctors Clinic – https://www.londondoctorsclinic.co.uk/services/private-coronavirus-test/
    – Private Harley Street Clinic – https://privateharleystreetclinic.com/products/covid-19-test

    Hər iki halda COVID-19 üçün testin neqativ nəticəsi barədə arayışı sərnişin uçuşdan 48 saat əvvəl almalıdır.

    Daha əvvəl məlumat verildiyi kimi, COVID-19 pandemiyası dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanlarında, həm də təyyarədə xüsusi qaydalar tətbiq olunacaq. “Azərbaycan Hava Yolları” tərəfindən hazırlanmış videotəlimatı buradan izləyə bilərsiniz: https://youtu.be/-s-0s4o1L2M

  • Koronavirusu ciddi hesab etməyən Braziliya prezidenti də yoluxdu

    Braziliya Prezidenti Jair Bolsonarunun koronavirusa yoluxduğu məlum olub.

    Bu barədə TASS məlumat yayıb.

    Qeyd edək ki, 65 yaşlı prezident bu infeksiyanı o qədər də ciddi hesab etmir, onu adi qriplə müqayisə edirdi. Bu səbəbdən də Braziliya lideri xeyli tənqid olunurdu.

    J.Bolsonaru ilk dəfə olaraq jurnalistlərin qarşısına tibbi maskada çıxıb və analiz cavabının pozitiv olduğunu bildirib.

  • Yaxın illərdə yeni koronavirus yayılacaq – XƏBƏRDARLIQ

    Növbəti on il ərzində heyvandan insana ötürüləcək yeni koronavirus ştammı meydana çıxacaq.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Sinqapurdan olan alimlər xəbərdarlıq ediblər.

    Yoluxucu xəstəliyin dəqiq baş verəcəyi vaxt və bunun nə qədər ciddi olacağı barədə dəqiq bir söz deyilməyib.

    Alimlər Sars-CoV-2-nin insanlardan heyvanlara ötürülə biləcəyindən və bir müddət sonra mutasiya edərək, geri qayıdacağından ciddi narahatlıqlarını da ifadə ediblər.

    Elm adamları koronavirusa yoluxanların sayının rəsmi məlumatlardan on dəfə çox ola biləcəyini də vurğulayıblar. Onların sözlərinə görə, yoluxmuşların real sayını öyrənməyin yeganə yolu anticisimlərlə bağlı analizlərin aparılmasıdır.

  • Karantini pozan taksi sürücüsü saxlanılıb

    Paytaxtın Nizami rayonunda xüsusi karantin qaydalarını pozaraq, polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyən taksi sürücüsü saxlanılaraq barəsində müvafiq tədbirlər görülüb.

    Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, 1973-cü il təvəllüdlü Bakir Behbudov barəsində Nizami RPİ 23-PB-də toplanmış matereallar rayon məhkəməsinə göndərilib.

    Məhkəminin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535 və 211-ci maddəsi ilə 15 gün həbs inzibati tənbeh növü tətbiq edilib.

  • Azərbaycanda baş həkim və beş tibb bacısı COVID-19-a yoluxub

    Azərbaycanda daha bir həkim COVID-19-a yoluxub.

    APA-nın məlumatına görə, Beyləqan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Əli Məmmədovun koronavirus testinin nəticəsi müsbət çıxıb.

    O, müalicə üçün Bakıdakı Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

    Vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

    Əli Məmmədov açıqlamasında bildirib ki, bir həftə əvvəl onda COVİD-19 virusu aşkarlandıqdan sonra paytaxta aparılıb. O, müalicənin nəticələrinin kafi hesab olunduğunu deyib:

    “Nəfəs almaqda bəzən çətinlik olur. Belə olduqda oksigen verirlər. Bəzən hərarətim olur, ancaq vəziyyətim stabildir. Ailə üzvlərimdən heç kimdə COVİD-19 aşkarlanmayıb. Lakin Beyləqan Mərkəzi Rayon Xəstəxanasından 5 tibb bacısının analizlərinin cavabı da pozitiv çıxıb. Onlar başqa xəstəxanalara yerləşdirilib”.

  • Внесена ясность в работу службы “103” в Баку

    В работе Службы скорой и неотложной медицинской помощи “103” в Баку нет никаких изменений по вызовам, не связанным с COVİD-19.

    Как передает Median.Az, об этом сказал Trend член Рабочей группы, созданной Минздравом для оказания помощи TƏBİB по устранению проблем, возникающих в борьбе с пандемией Набиль Сеидов.

    По его словам, граждане, как и прежде могут обращаться на станцию скорой помощи с вызовами: “Служба “103” работает по тем же протоколам и правилам. Никаких изменений нет. В настоящее время поликлиники Баку проводят тестирование на COVID-19. В других регионах обращения о сдаче тестов осуществляются только посредством Службы “103” или “горячей линии – 1542″ Госагентства по обязательному медицинскому страхованию”.

  • Bu gün Azərbaycanda 453 nəfər COVID-19-dan sağalıb

    Bu gün Azərbaycanda 453 nəfər yeni növ koronavirusdan (COVID-19) sağalaraq evə buraxılıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda belə deyilir.

    Bununla da ölkədə indiyə qədər sağalanların sayı 12 635-ə çatıb.

  • Bakıda hərbi qulluqçuya rişxənd edən şəxs həbs olundu – RƏSMİ

    Qaradağ rayonu Lökbatan qəsəbəsində xidmət aparan hərbi qulluqçunun qanuni tələblərinə rişxəndlə yanaşaraq, hörmətsizlik nümayiş etdirən və bu hərəkətlərini mobil telefon vasitəsilə qeydə alaraq sosial şəbəkələrdə yayan şəxs həbs edilib.

    Bakı şəhər Baş Polis İdarəsi tərəfindən Oxu.Az-a verilən məlumatda belə deyilir.

    Bildirilir ki, həmin şəxs – 1986-cı il təvəllüdlü Orucəli Zərbəliyev Qaradağ rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası alıb.

  • Azərbaycanda daha 537 nəfər koronavirusa yoluxdu, yeddi nəfər vəfat etdi

    Bu gün Azərbaycanda daha 537 nəfərdə yeni növ koronavirusa (COVID-19) yoluxma faktı aşkarlanıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda deyilir.

    Həmçinin yeddi nəfər COVID-19-dan vəfat edib.

    Bununla da ölkə ərazisində ümumi yoluxanların sayı 21 374-ə, vəfat edənlərin sayı isə 265-ə çatıb.

  • AQTA 95 müəssisədə qayda pozuntusu aşkarladı – SİYAHI

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakıda, eləcə də, regionlarda fəaliyyət göstərən 51-i ictimai iaşə obyekti, 110-u ərzaq satışı mağazası olmaqla, ümumilikdə 161 müəssisədə reyd keçirib.

    AQTA-dan verilən məlumata görə, sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

    Reyd keçirilən obyektlərdən 95-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb.

    Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır:

    Bakı şəhəri üzrə:

    “Cavid”, “Oba”, “Neptun” (Tbilisi prospekti), “Neptun” (C.Məmmədquluzadə küçəsi), “Sweet home”, “Ucuz”, “Ailə”, “Dadaş”, “Elnur”, “Möcüzə”, “Qarabağ” marketləri, Novruzov Adil Ağabala oğluna, Aslanova Fatimat Əhməd qızına, Hüseynova Xuraman Güloğlan qızına, Quliyeva İradə Kamal qızına, Əliyeva Şəfəq Hüseynağa qızına, Eyyubov Rüstəm Nüsrət oğluna, Kazımova Humay Fəttah qızına, İmanov Fikrət Şahbala oğluna, Əliyeva Sənubər Tanrıverdi qızına, Vəliyev Sənan Məhiyəddin oğluna məxsus ərzaq mağazaları, “İnkişaf-İnvest İstehsalat Kommersiya” firmasına məxsus 28 May bazarı, “Sabunçu-Bazar” ASC-yə məxsus 5 saylı Kolxoz bazarı, “Çamaşırxana kombinatı” ASC-yə məxsus Kəndli Yarmarkası, “Əlincə A” MMC-yə məxsus Biləcəri bazarı, “Təbriz” kiçik müəssisəsinə məxsus Keşlə bazarı, “Ticarət mərkəzi-6” ASC-yə məxsus 6 saylı bazar, Paşayev Adil Süleyman oğluna məxsus 15 saylı bazar, “Sahil Ticarət” MMC-yə məxsus Sahil bazarı, “Qaya M LTD” MMC-yə məxsus Yaşıl bazar, “Şamxal” kiçik müəssisəsinə məxsus Binə bazarı, “Xəyal” Ticarət mərkəzində fiziki şəxs Rəcəbli Xəyal Fikrət oğluna məxsus Maştağa bazarı, “Nəzrin-E” MMC-yə məxsus bazar, “Kəngərli” firmasına məxsus bazar, “Suraxanı-Bazarı” ASC-yə məxsus Suraxanı bazarı, “Vüqar-2” firmasına məxsus bazar;

    Digər şəhər və rayonlar üzrə:

    Sumqayıt şəhərində “Araz Supermarket”, “Bakı” və “Stop” ərzaq mağazaları;

    Quba rayonunda Rzayeva Gülüstan Mirsaleh qızına məxsus market, Əfruz Rövşən Sevda Murtuz qızına məxsus şirniyyat mağazası, Məmmədov Zöhrab Əhmədağa oğluna və Səfərəliyev Nazim Kazım oğluna məxsus kafelər;

    Salyan rayonunda “Səma”, “Bərəkət” və “Mini” marketləri, İsmayılova Sevindik Əvəzağa qızına məxsus kafe;

    İsmayıllı rayonunda “Qoşa bulaq”, “434”, “Azad”, “Final” marketləri, Adıgözəlov Murad İlham oğluna məxsus ət satışı mağazası, “Kəndimiz” və Ağayev Elşən Məhəbbət oğluna məxsus kafelər;

    Göyçay rayonunda “Bolluq”, “Ruzi” marketləri, Qasımov Rəşad Çingiz oğluna, İsmayılov Ağababa Məhəmməd oğluna məxsus ərzaq mağazaları, Nəzərov Şahsuvar Eldəniz oğluna məxsus kafe, İbadov Babək Abdulla oğluna məxsus şirniyyat mağazası;

    Ağsu rayonunda Həsənov Rəşad Tahir oğluna məxsus kafe;

    Kürdəmir rayonunda “Ehtiram”, “Nasir” və “İbrahim” ərzaq mağazaları;

    Masallı rayonunda Cavadova Zərifə Mehrab qızına məxsus “Yağmur” marketi;

    Bərdə rayonunda “Bolmart” və “Oba” marketləri;

    Balakən rayonunda Qasımova Adilə Ramiz qızına məxsus ərzaq mağazası;

    Oğuz rayonunda Əzizov Fərid Natiq oğluna məxsus ərzaq mağazası;

    Şəki şəhərində Məmmədov Xəqani Qurban oğluna, Alxasov İsgəndər Elman oğluna, Qaragözov Akif Əli oğluna məxsus ərzaq mağazaları;

    Naftalan şəhərində Bayramov Cavid Xaləddin oğluna və Quliyev Rasim Allahverdi oğluna məxsus marketlər;

    Gəncə şəhərində “Meqa Store” ərzaq mağazası;

    Tovuz rayonunda “Mehdi”, “Qardaşlar”, “Samirə”, “Azad”, “Əli”, “Qarabala”, “Bahar” və “Yunis” ərzaq mağazaları, “Tovuz”, “Yeni Həyat”, “Nuş olsun”, “Ocaq” kafeləri;

    Ucar rayonunda “Real”, “Nur”, “Mega”, “Mini” marketləri və Cəfərov Seymur Məhəmməd oğluna məxsus ərzaq mağazası, “Tonqal”, “4 yol” və Abdullayev Yusif Cəmil oğluna məxsus kafelər.

    Qeyd edək ki, AQTA Bakıda, eləcə də, regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.