Month: July 2020

  • Səhiyyə Nazirliyi evlərə bu dərmanları çatdırır – Foto

    Məlum olduğu kimi, Səhiyyə Nazirliyi tərəfindən evdə müalicə olunan koronaviruslu xəstələrə dərmanların çatdırılmasına başlanılıb.

    Bu barədə Operativ Qərargahın sonuncu brifinqində Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov da məlumat vermişdi. Artıq preparatları əldə etmiş şəxslər sosial şəbəkə hesablarında bununla bağlı paylaşımlar edirlər.

    Ailəsi üçün dərmanları evinə çatdırılmış vətəndaşlardan biri, adının açıqlanmasını istəməyən xanım “Qafqazinfo”ya bildirib ki, Səhiyyə Nazirliyi onları apteklərdə tapılmayan dərmanlarla təchiz edib: “Anamda nəticə pozitiv çıxan kimi TƏBİB-dən zəng etdilər. Dedilər ki, sahə həkimi bizimlə əlaqə saxlayacaq. Sonra 1-2 günə tibb bacısı dərmanları gətirib bloka qoydu, biz də oradan götürdük”.

    Qeyd edək ki, Səhiyyə Nazirliyinin İşçi qrupunun rəsmisi Səbinə Babazadə də çıxışında yüngül gedişatlı xəstələrə birinci mərhələ üçün nəzərdə tutulan preparatlar olan vitamin C, E, D3, maqnezium, selen, parasetamolun verildiyini bildirib. O, xüsusilə qeyd edib ki, dərmanlar yalnız həkimin təyinatı ilə verilməlidir.

  • Növbəti dəfə 190 manatın verilməsinə başlanıldı

    Ölkədə sərt karantin rejimi tətbiq edilən ərazilərdə işsizlərə və pandemiya dövründə işini işini itirən vətəndaşlara növbəti dəfə 190 manatlıq birdəfəlik maddi yardımın verilməsinə başlanılıb.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kommunikasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Fazil Talıbov deyib.

    Onun sözlərinə görə, artıq sərt karantin elan olunan Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda olan sakinlərə həmin müavinətin verilməsinə başlanılıb:

    “İlk olaraq bu rayonlardan başlanıb. daha sonra isə bu həftə ərzində sonradan karantin elan olunan Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında olan vətəndaşlara həmin müavinətlər veriləcək. Bu həftənin sonuna kimi bütün karantin elan olunan ərazilərdəki vətəndaşlara 190 manatın verilməsi prosesi başa çatacaq. Karantin elan olunan ərazilərdə yaşayan, aprel və may aylarında 190 manat müavinət alan şəxslərə artıq banklar tərəfindən smslə bildiriş göndərilib. Həmin şəxslər sms icazə ilə evlərini tərk edərək həmin vəsaitləri ala bilərlər”.

    F. Talıbov qeyd edib ki, əvvəlki ayları alan vətəndaş pul köçürüləcək kartını itiribsə, həmin şəxs müavinət kartını aldığı banka müraciət etməklə iyun ayının müavinətini də ala bilərlər”.

  • İlham Əliyev Yaponiyanın İmperatoruna başsağlığı verdi

    Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın İmperatoru Əlahəzrət Naruhitoya başsağlığı məktubu göndərib.

    AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

    “Ölkənizin cənubunda baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

    Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

  • Bakıda YPX əməkdaşları ilə icazəsi ləğv edilən taksi sürücüsü arasında mübahisə – VİDEO

    Bakıda Yol-Patrul Xidmətinin (YPX) əməkdaşları ilə taksi sürücü arasında mübahisə baş verib.

    Bununla bağlı video sosial şəbəkədə yayımlanıb.

    Videonu çəkən şəxs iddia edir ki, taksi sürücüsünün icazə.e-gov.az portalında icazəsi ləğv edilib və onun bundan xəbəri olmayıb.

    Yol polisi əməkdaşları Heydər Əliyev prospektində avtomobili saxlayıb və yoxlama zamanı həmin şəxsin portalda icazəsinin olmadığını müəyyən ediblər.

    Sürücü buna qarşı sərt reaksiya verib. Mübahisənin sonunda YPX əməkdaşları sürücünü xidməti maşına əyləşdiriblər.

    Həmin görüntüləri təqdim edirik:

    //oxu.az

  • Poliklinika həkimi evdə xəstəyə iynə vura bilərmi? – AÇIQLAMA

    “İnsanlar özlərində xəstəliyin simptomlarını hiss edirlərsə, ərazi üzrə sahə poliklinikalara müraciət edirlər. Qeydiyyata düşdükdən sonra sahə həkimi həmin şəxslərlə telefon vasitəsilə əlaqə yaradaraq vəziyyətlərinə nəzarət edir”.

    Bu sözləri jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin İşçi qrupunun rəsmisi Səbinə Babazadə deyib.

    S.Babazadə bildirib ki, əgər həkim şəxsin vəziyyətində COVID-19 şübhəsi hiss edirsə, bu barədə məntəqəyə məlumat verir:

    “Məntəqədə çalışan tibb bacısı və ya laborant həmin şəxsin evinə gedərək, ondan yaxma götürür. Bununla da biz vətəndaşlara mümkün qədər evdə xidmət göstərməyə çalışırıq ki, onların poliklinikalara gəlişini azaldaq”.

    S.Babazadə xəstəliyin yüngül gedişatı müşahidə edilən şəxslərin müalicəsi üçün dərman preparatlarının dövlət tərəfindən təmin edildiyini də bildirib:

    “Əgər xəstəlik yüngül simptomlu keçirsə, dövlət tərəfindən yalnız xəstəliyin birinci mərhələsi üçün nəzərdə tutulan dərman preparatları pulsuz verilir. Buraya Vitamin C, E, D3, maqnezium, selen, “Parasetamol”dur. İnsanlar bu dərmanları qəbul etdikdə, heç bir fəsad olmadan sağalır. Lakin vəziyyətdə ağırlaşma olursa, “103”ə müraciət olunur və onlar xəstəxanaya yerləşdirilirlər.

    Çox insan zənn edir ki, poliklinika həkimləri evə gələrək həmin xəstələrə iynə vura bilər. Bu səbəbdən poliklinikalara çoxsaylı müraciətlər daxil olur. Ancaq bu, qəti qadağandır. Epidemioloji nəzarət qaydalarına uyğun deyil. Evdə yalnız yüngül xəstəliklər müalicə edilə bilər”, – deyə S.Babazadə qeyd edib.
    //oxu.az

  • İranda koronavirusdan ölüm faktlarının sayında yeni anti-rekord

    İranda koronavirus infeksiyasından bir sutkada rekord sayda ölüm faktı qeydə alınıb.

    Bu barədə “RİA Novosti” məlumat yayıb.

    Son sutka ərzində ölkədə koronavirusdan 200 ölüm halı müəyyən edilib.

    Ölkədə sutka ərzində yeni 2 637 yeni yoluxma qeydə alınıb.

  • Koronavirusun daha bir simptomu açıqlandı

    Stomatoloqlar koronavirusun xəstələrin ağız boşluğunda bir sıra iltihabi proseslərə səbəb ola biləcək fərqli xüsusiyyətini aşkar ediblər.

    Bu barədə “İzvestiya” qəzeti yazıb.

    Braziliyalı həkimlər COVID-19-a yoluxduqdan sonra xəstəxanaya yerləşdirilən bəzi xəstələrin dilində xoralar və ləkələrin, həmçinin çatların əmələ gəldiyi barədə müşahidələrini bölüşüblər. Həkimlər bunların koronavirus infeksiyası səbəbindən səhhətin sistematik pisləşməsi nəticəsində meydana gələn ikinci dərəcəli zədələnmə olduğunu bildiriblər.

    Koronavirusun oral əlamətləri və simptomları arasında dadbilmə pozğunluğu, qanaxma, kandidoz, travmatik xoralar və dilin, selikli qişanın digər müxtəlif zədələnmələri də göstərilib.

    Daha öncə bildirilirdi ki, koronavirusa yoluxmuş və şəkərli diabetdən əziyyət çəkən pasiyentlər ağızlarının tez-tez qurumasından şikayətlənirlər. Bu simptomun infeksiyanı müalicə etmək üçün istifadə olunan dərmanların yan təsiri ola biləcəyi istisna edilmir.

  • Azərbaycanda daha bir həkim koronavirusdan öldü

    Azərbaycanda daha bir həkim koronavirusun qurbanı olub.

    Həkim-pediatr Gülnarə Xəlilova ötən gün vəfat edib.

    Mərhum “Xəzər” televiziyasının aparıcısı Yusif Kərimlinin bibisidir.

    O bildirib ki, bibisi Gülnarə Xəlilova ötən gün Mərkəzi Neftçilər Xəstəxanasına vəfat edib:

    “Dünən yazıq bibim bizə söz verdi ki, 10 gün dözə bilsə, virusa qalib gələcək. Amma bir gün də olsa, dözə bilmədi. Lənətə gəlmiş şəkər imkan vermədi. Özü neçə xəstə uşağı sağaltdı. Amma bu gün dünyaya gözünü yumdu”.

    Qeyd edək ki, həkim-pediatr şəkər xəstəliyindən də əziyyət çəkirmiş.

  • Azərbaycanda baş həkimin oğlu iki qadının ölümünə səbəb oldu

    Sabirabad rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    APA-nın məlumatına görə, “Mercedes” markalı avtomobil iki piyada qadını vurub. Hər iki qadın hadisə yerində ölüb.

    “Mercedes” markalı avtomobilin sürücüsü Kamran Nəsirlidir.

    Faktla bağlı araşdırma aparılır.

    Qeyd edək ki, K.Nəsirli Sabirabad rayon Vərəm Dispanserinin baş həkimi Rasim Nəsirovun oğludur.

  • Azərbaycanda 16 milyonluq korrupsiya faktı: Vəzifəli şəxs həbs edildi – RƏSMİ

    Ölkəmizdə həyata keçirilən davamlı iqtisadi inkişafın mühüm şərtlərindən biri kimi şəffaflığın və maliyyə intizamının təmin edilməsi, aparılan iqtisadi islahatların korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsi prokurorluq orqanları tərəfindən daim diqqət mərkəzində saxlanılmaqla korrupsiya hüquqpozmalarına qarşı kəsərli mübarizə tədbirləri davam etdirilir.

    Baş Prokurorluqdan verilən məlumata görə, həmin tədbirlərin davamı olaraq, “Zaminbank” ASC-nin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri nəticəsində özgə əmlakını külli miqdarda ələ keçirmələri və digər faktlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

    Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə hazırda ləğv edilmiş “Zaminbank” ASC-nin Müşahidə şurasının sabiq sədri Nadir İsmayılovun işlədiyi dövr ərzində müxtəlif korrupsiya sxemlərindən istifadə etməklə fiziki və hüquqi şəxslərin adına ayrılmış 16 milyon manatdan artıq məbləğdə ASC-yə məxsus kredit vəsaitini bankın digər vəzifəli şəxslərin köməkçiliyi ilə külli miqdarda ziyan vurub mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

    İstintaqla, həmçinin, Nadir İsmayılovun bilə-bilə hüquq verən saxta rəsmi sənəddən istifadə edərək bankın Bakı filialının müdiri vəzifəsində işləmiş Şirinov Elşən Nizami oğluna məxsus 145 min manat məbləğində pul vəsaitini ələ keçirərək, ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

    Qeyd olunan qanunsuz əməllərə görə, Nadir İsmayılova Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.3.2 (külli miqdarda mənimsəmə), 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan olunaraq barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Qeyd edilən qanunsuz əməllər nəticəsində dövlətə və vətəndaşlara vurulan mühüm ziyanın ödənilməsini təmin etmək məqsədi ilə Nadir İsmayılova məxsus əmlakların aşkar edilməsi istiqamətində, habelə göstərilən cinayətdə iştirak etmiş digər şəxslərin dairəsinin müəyyən edilməsindən ötrü intensiv və zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

    Bununla yanaşı, məlumat üçün qeyd edilməlidir ki, bu günə kimi “Zaminbank” ASC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ümumilikdə 11 şəxs barəsində yeddi cinayət işi üzrə istintaq aparılmaqla 18 milyon manatdan artıq ziyanın ödənilməsi təmin edilib. Həmin cinayət işləri müxtəlif vaxtlarda baxılması üçün məhkəmələrə göndərilib və məhkəmələrin qanuni qüvvəyə minmiş hökmləri ilə elan edilmiş ittihamlar üzrə təqsirli bilinərək müxtəlif cəzalara məhkum ediliblər.