Month: İyul 2020

  • ÜST: Dünyada koronavirusa rekord yoluxma qeydə alınıb

    Dünyada koronavirusa yoluxanların sayı 17,1 milyonu ötüb, virusdan 669 minə yaxın insan ölüb.

    Median.Az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

    Təşkilatın məlumatına görə, dünyada 17 106 007 insan koronavirusa yoluxub, 668 910 pasiyent ölüb.

    Son sutka ərzində dünyada koronavirusa rekord sayda – 292 527 yoluxma halı aşkarlanıb, 6 812 nəfər ölüb.

    Ən çox yoluxma ABŞ (4 388 566 nəfər) , Braziliya (2 552 265 nəfər) və Hindistanda (1 638 870 nəfər) qeydə alınıb.

  • Mingəçevirdə küçədə meyit aşkar olunub

    Mingəçevirdə küçədə kişi meyiti aşkarlanıb.

    APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə 2O Yanvar küçəsi 1O ünvanındakı binanın qarşısında qeydə alınıb.

    Təxminən 39-4O yaşlarında olan kişinin küçədə öldüyü bildirilir.

    Şəxsiyyəti hələ ki məlum olmayan kişinin ölümünün səbəbi araşdırılır.

  • 29-30 iyulda keçirilən buraxılış və qəbul imtahanlarında iştirak etməyənlərin sayı açıqlanıb

    29-30 iyulda keçirilən 9-cu sinif buraxılış (qəbul), 9 illik təhsil bazasında kolleclərə qəbul, 9 və 11 illik təhsil səviyyələri üzrə Azərbaycan dili və Hərbi Liseylərə qəbul imtahanlarının nəticələri elan olunub.

    Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, 9-cu sinif üzrə buraxılış (qəbul) imtahanlarında iştirakı nəzərdə tutulan 1020 nəfərdən 130 nəfər, kolleclərə qəbul imtahanlarında iştirakı nəzərdə tutulan 1491 nəfərdən 543 nəfər, Azərbaycan dili imtahanında iştirakı nəzərdə tutulan 4664 nəfərdən 459 nəfər, Hərbi Liseylərə qəbul imtahanında iştirakı nəzərdə tutulan 377 nəfərdən 35 nəfər imtahana gəlməyib.

    Xatırladaq ki, buraxılış imtahanlarında iştirak etməyən və ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verməyən şagirdlər üçün sentyabr ayında yenidən buraxılış imtahanları keçiriləcək. Həmin şəxslərin yekun qiymətləndirilməsi aparılaraq onlara attestat veriləcək.

  • FHN Siyəzəndə baş vermiş yanğınla bağlı məlumat yayıb – YENİLƏNİB

    Fövqəladə Hallar Nazirliyi (FHN) Siyəzən rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.

    APA FHN-ə istinadən xəbər verir ki, hadisə zamanı Sədan kənd bələdiyyəsinə məxsus dağlıq ərazidə 170 ha quru ot, kol-kos, vətəndaşa məxsus ümumi sahəsi 25 kv/m olan talvarın altına yığılmış ot bağlaması, ümumi sahəsi 28 kv/m olan anbarın içərisinə yığılmış buğda yanıb. Yaxınlıqdakı yaşayış evləri, köməkçi tikililər, neft buruqları və meşə zolağı yanğından mühafizə olunub. Yanğın söndürülüb.

    Yanğın ərazisinin kəşfiyyatı zamanı kənd sakini, 1955-ci il təvəllüdlü Qambayev Nizami Əli oğlunun yanmış meyiti aşkar olunub. Yanğın zamanı yanıq xəsarətləri almış, 1970-ci il təvəllüdlü Zeynalov Cahangir Əhmədşah oğlu Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib. C.Zeynalov yerləşdirildiyi xəstəxanada vəfat edib.

    Qeyd edək ki, yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin canlı qüvvəsi və texnikası, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri, həmçinin Siyəzən Rayon İcra Hakimiyyətinin müvafiq qüvvələri cəlb olunmuşdur.

    ***

    Bu gün Siyəzən rayonunun Sədan kəndi ərazisində başlayan yanğın zamanı xəsarət alan iki nəfər ölüb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, ağır yanıq xəsarətləri alan kənd sakinləri 1970-ci il təvəllüdlü Zeynalov Cahangir Əhmədşad oğlu və 1956-cı il təvəllüdlü Qanbayev Nizami Əli oğlu paytaxtda yerləşən tibb müəssisələrindən birinə çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.

    C. Zeynalov rayon İcra Hakimiyyətinin Sədan kəndi üzrə icra nümayəndəsinin qardaşıdır.

  • Türkiyədə koronavirusa yoluxanların sayı 230 mini keçdi

    Bu gün Türkiyədə daha 17 nəfər koronavirusdan ölüb.

    Median.Az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

    Nazir qeyd edib ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 5 691 nəfərə çatıb.

    Fahrettin Kocanın sözlərinə görə, son sutkada koronavirusa 982 yoluxma qeydə alınıb. Beləliklə, Türkiyədə koronavirus xəstələrinin sayı 230 873 nəfərə yüksəlib.

    Son sutkada daha 996 pasiyent sağalıb. Hazırda ölkədə koronavirusdan sağalanların sayı 214 535 nəfərdir.

  • TƏBİB: 68 xəstə süni tənəffüs cihazına qoşulub

    İyulun 31-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7789 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 724 953-ə çatıb.

    Bu barədə “Report”a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

    Hazırda müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 5 548-ə bərabərdir. Xəstələrdən 266 nəfəri reanimasiyadadır ki, onlardan da 68-i süni tənəffüs cihazına qoşulub.

    Xatırladaq ki, iyulun 31-də Azərbaycanda koronavirus infeksiyasına daha 318 yoluxma faktı qeydə alınıb, 714 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış yeddi nəfər vəfat edib.

  • Abituriyentlər keçirilən imtahanlardan narazıdırlar – VİDEO

    Abituriyentlər imtahan prosesindən şikayətlənirlər.

    Onların sözlərinə görə, xüsusilə sonuncu imtahanlardakı suallar xeyli çətin idi. Bundan başqa şagirdlər xarici dil fənnindəki dinləmə tapşırıqlarını da yerinə yetirməkdə problemlə üzləşdiklərini bildiriblər.

    Səbəb isə dinləmə aparatının yaxşı işləməməsi olub.

    Təhsil Eksperti Kamran Əsədov da Baku TV-yə açıqlamasında şagirdlərin narazılıqlarına haqq verib. Onun sözlərinə görə, tətbiq edilən tele və virtual dərslərin effektivliyi ənənəvi dərslərlə eyni deyil. Məhz şagirdlər bu müddət ərzində zəruri bilik və bacarıqlara yiyələnə bilmədilər. Ona görə də keçiriləcək imtahanlarda bu meyarlar nəzərə alınmalı idi.

    Daha ətraflı süjetdə…

  • Bir neçə sahədə çalışan vergiödəyicisinin vergi öhdəliyi necə tənzimlənməlidir?

    Müvəqqəti vergi rejiminin tətbiqi ilə bağlı maraq doğuran suallardan biri də bir neçə sahədə çalışan vergiödəyicisinin vergi öhdəliyinin tənzimlənməsidir.

    Median.Az xəbər verir ki, bu aktual məsələyə aydınlıq gətirən iqtisadçı ekspert Anar Bayramov Vergi Məcəlləsinin 222.4-cü maddəsinə əsasən, XVIII fəslin (Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi) müddəalarının Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edildiyini bildirib. Vergi Məcəlləsinin 222.5-ci maddəsində isə göstərilir ki, bu fəslin müddəaları aşağıdakı fəaliyyəti həyata keçirən şəxslərə şamil edilir:

    – avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti;

    – yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlərin fəaliyyəti;

    – turoperator və turagent fəaliyyəti;

    – sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və ya çatdırılması fəaliyyəti;

    – ictimai iaşə fəaliyyəti;

    – sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti;

    – idman-sağlamlıq obyektlərinin fəaliyyəti;
    – hazırlıq (tədris) və ixtisasartırma kurslarının, məktəbdənkənar təhsil müəssisələrinin, psixoloji mərkəzlərinin fəaliyyəti;
    – koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları istisna olmaqla).
    İqtisadçı, həmçinin qeyd edib ki, mikro sahibkarlıq subyekti olmayan və tədris kursları fəaliyyəti ilə məşğul olan vergiödəyicisi tərcümə xidmətini də həyata keçirir. Bu halda, Vergi Məcəlləsində nəzərdə tutulan əmlak, mənfəət və icarə haqqından ödəmə mənbəyində vergi üzrə güzəştlər vergiödəyicisinin yalnız kursla bağlı fəaliyyətinə şamil olunacaq. Tərcümə xidməti üzrə vergi öhdəlikləri isə güzəşt tətbiq olunmadan, yəni ümumi qaydada yerinə yetiriləcək. Bu səbəbdən də vergiödəyicisi hər fəaliyyət üzrə uçotu ayrıca aparmalıdır.

  • İkinci əl geyim mağazalarının pandemiyadan sonrakı vəziyyəti necə olacaq?

    Pandemiyadan sonra ikinci əl geyimləri satan iri veb saytlar çiçəklənsə də, kiçik mağazalarda vəziyyət fərqlidir. Pandemiyadan əvvəl Los Ancelesdə yaşayan Lori Sigelman adlı bloger üçün belə yerlərdə gəzinti bir növ gündəlik ritual idi.

    Median.Az xəbər verir ki, bloger pandemiyadan dolayı ikinci əl geyim mağazalarında durğunluq yaşandığını bildirib. Bir çoxları gigiyena ilə bağlı narahatdır, amma Lori öz araşdırmasında bu qənaətə gəlib ki, virus səthdə uzun müddət qalmır, odur ki, bu cür alış-veriş müəyyən yoluxma riski daşımır. Dünyada bu cür alıcılar çoxdur: koronavirus qorxusu onları sərfəli təklif, ikinci əl geyim və aksessuarlardan imtina etməyə məcbur etməyəcək.

    Venesiyada yaşayan Mişel Plantin isə karantin zamanı bir neçə vintaj məhsulu onlayn sifariş edib. O əmindir ki, bu cür alış-veriş mağazaya getməklə müqayisə oluna bilməz. “Mağazaları gəzib paltar axtarmaq sehrli anlardır. Xüsusilə vintaj məhsullardan söhbət gedirsə, parça və keyfiyyəti yoxlamaq çox vacibdir və bu onlayn mümkün deyil”, – o, açıqlamasında qeyd edib.

    Bununla birlikdə markalar illər boyu sistemlərini dəyişdirdikcə ölçü ilə bağlı problemlər yarana bilər.

    Sirr deyil ki, pandemiya hətta dünyanın ən böyük markalarına ziyan vurub, kiçik müəssisələrin itkisi haqqında danışmağa ümumiyyətlə dəyməz. Bütün dünyada satışlar çox aşağı düşüb, lakin vintaj butiklərin sahibləri normal satışlara qayıtmaq ümidini itirmir, amma artıq yeni reallıqda. (publika.az)

  • Beş aylıq fasilədən sonra aviabiletlərin satışı başlayır – VİDEO

    Mövcud koronavirus pandemiyası ilə əlaqədar sərhədlər bağlanaraq beynəlxalq uçuşlar ləğv olunmuşdu.

    Həmçinin turizm şirkətlərinə biletlərin satışı da dayandırılmışdı. Mart-iyul ayları ərzində uçuşlar ancaq təxliyyə məqsədli həyata keçirilirdi.

    Baku TV xəbər verir ki, artıq beş aylıq fasilədən sonra bütün turizm şirkətləri bilet satışını pandemiyadan öncəki qaydada, normal formada həyata keçirməyə başlayacaq.

    Artıq tərkibində bilet olan turpaketlər də hazırlanır. Azərbaycan Turizm Agentlyi Asossasiyası tərəfindən təklif verilib ki, testin nəticəsi neqativ olan bütün şəxslər xarici ölkələrə səyahət edə bilsinlər.

    Türkiyənin Antalya və Bodrum şəhərlərinə də birbaşa uçuşlar bərpa oluna bilər.

    Onu da deyək ki, avqustun 1-dən etibarən həm də London və Berlin şəhərlərinə həftədə bir dəfə olmaqla aviareyslərə icazə veriləcək. Bundan başqa, Dubay və Minskə uçuşların bərpası da istisna edilmir.