Month: İyul 2020

  • İyunun 10-11-də keçirilmiş imtahanların nəticələri ilə bağlı 826 müraciət olub

    10-11 iyun 2020-ci il tarixlərində keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanlarının nəticələri ilə bağlı yaradılmış Apelyasiya Komissiyasına 826 nəfər şagird (bütün imtahan verənlərin 3,95%-i) qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib.

    Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bu ərizələrdə ümumilikdə 1644 (bütün yazı işlərinin 0,65%-i) yazı işi (tapşırıq) üzrə qiymətlərin araşdırılması üçün müraciət olunub.

    Edilən bütün müraciətlər araşdırılıb və şagirdlərin apelyasiya ərizələrindəki istəklərinə uyğun olaraq 360 nəfərlə video görüntü (“Zoom” proqramından istifadə etməklə) vasitəsilə, 466 nəfərlə telefon vasitəsilə əlaqə saxlanılaraq iş üzrə birlikdə müzakirə aparılmışdır. Apelyasiyaya müraciət edənlərdən 97 şagirdin (bütün imtahan verənlərin 0,46%-i) cəmi 107 tapşırıq (bütün tapşırıqların 0,04%-i) üzrə qiymətində dəyişiklik edilmiş, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib. 8 işdə edilmiş düzəlişlər imtahan verənin tapşırığın həllini (və ya cavabını) başqa tapşırıq üçün ayrılmış yerdə yazması ilə bağlı meydana gələn hallara aiddir.

    Təxminən 10 şagird ərizə ilə müraciət etmələrinə baxmayaraq, apelyasiya prosesinə qoşulmayıb. Bununla belə, onların da ərizələri araşdırılmış və qiymətləndirmə meyarlarına uyğun qərarlar verilmişdir. Həmçinin Apelyasiya Komissiyasının qərarı ilə 10 iyun 2020-ci il tarixində keçirilmiş imtahanın ingilis dili fənnindən bir tapşırığının (A variantında 29 nömrəli, B variantında 30 nömrəli, C variantında 28 nömrəli, D variantında 30 nömrəli) qiymətləndirmə meyarının 0.5 ballıq şkalasına “a better land” və “good farmland” ifadələri də daxil edilmiş və həmin tapşırığı bu şəkildə cavablandıran 140 şagirdin nəticəsində müvafiq dəyişiklik edilib.

    Qeyd olunub ki, dəyişikliklər bu gündən etibarən abituriyentlərin imtahan nəticələri ilə əlaqədar yaradılmış səhifələrində öz əksini tapıb.

    Xatırladaq ki, bu imtahanlarda 21000-ə yaxın şagird iştirak edib və bu şagirdlərin ümumilikdə 251000-ə qədər tapşırıq üzrə yazı işi yoxlanılıb. Həmçinin, həm apelyasiya prosesinə ərizə qəbulu, həm də apelyasiya prosesi “online” formada həyata keçirilib.

  • Elm və təhsil xərcləri azaldılır

    Azərbaycanın 2020-ci il dövlət büdcəsində elm və təhsillə bağlı xərclərin həcmində dəyişiklik edilməsi nəzərdə tutulur.

    Oxu.Az-ın xəbərinə görə, bununla bağlı “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsində yazılıb.

    Bu ilin dövlət büdcəsində elm xərcləri 193 milyon 662 min 887 manat məbləğində təsdiqlənib. Təhsil xərclərinin həcmi isə 3 milyard 155 milyon 797 min 681 manat məbləğində müəyyənləşib.

    Dəyişiklik layihəsində isə bildirilir ki, elm xərcləri 187 milyon 317 min 72 manat, təhsil xərcləri isə 3 milyard 34 milyon 767 min 819 manat həcmində təsdiqlənsin.

    Layihə Milli Məclisin avqustun 4-dən etibarən başlayacaq növbədənkənar sessiyası müddətində müzakirəyə çıxarılacaq.

  • Yol kənarında meyiti tapılan qadının kimliyi müəyyən edilib

    İyulun 30-da saat 10 radələrində Hacıqabul rayonu ərazisindən keçən Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil magistral yolunun kənarında üzərində 1 ədəd kəsilmiş-deşilmiş xəsarəti olan naməlum qadın meyitin aşkar olunması barədə məlumat daxil olub.

    Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

    Faktla bağlı Hacıqabul rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
    İstintaqla meyitin 1968-ci il təvəllüdlü Gülxara Qubadlıya məxsus olması müəyyən edilib.
    Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin tutularaq istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

  • Əhaliyə rəsmi xəbərdarlıq! – 1 avqust gecə 00:00-dan etibarən…

    Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 1 avqust gecə 00:00-dan 3 avqust səhər saat 06:00-dək müntəzəm və ekspress xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq.

    Median.Az bildirir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

    Bildirilib ki, 3 avqust tarixində isə müntəzəm və ekspress xətlər üzrə avtobuslar adi rejimdə fəaliyyət göstərəcək.

  • Büdcə ilə bağlı YENİLİK: 2022-ci ilin yanvarın 1-dək təxirə salınır

    Dövlət büdcəsinin layihəsinin tərtibi prosesinin təxirə salınması gözlənilir.

    Bununla bağlı “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanununa dəyişiklik layihəsində bildirilir.

    “Büdcə sistemi haqqında” qanunun 11.1-ci maddəsinə əsasən, dövlət büdcəsi layihəsinin tərtibi prosesi növbəti büdcə ilinə 11 ay qalmış başlanır və büdcə layihəsinin Milli Məclisə təqdim edildiyi günədək olan dövrü əhatə edir.

    Layihədə isə yazılır ki, “Büdcə sistemi haqqında” qanunun 11.1-ci maddəsində nəzərdə tutulan büdcə qaydasının tətbiqi 2022-ci ilin yanvarın 1-dək dayandırılır.

    Layihə Milli Məclisin növbədənkənar sessiyalarında müzakirə ediləcək.

  • Dörd mindən çox rus hərbçisi Ermənistan, Rostov və Volqoqradda təlimlərə başladı

    Rusiya Cənub Hərbi Dairəsinin dörd mindən çox hərbçisi Ermənistan, Rostov və Volqoqrad bölgələrində batalyon taktiki təlimlərinə başlayıb.

    Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

    Qeyd olunub ki, kəşfiyyat və atəş komplekslərinin tərkibindəki tank bölmələri dağlıq ərazilərin arxasındakı dörd min metrədək məsafədə yerləşən hədəflərə canlı atəş açıblar.

    Taktiki batalyon qrupları tam hazır vəziyyətdə təchiz olunaraq Rostov bölgəsində Volqoqrad və Kuzminski yaxınlığındakı Prudboy poliqonunda birləşmiş silah hazırlıqlarına cəlb olunublar.

    Bölmələrin manevrli müdafiəsi şəraitində mühəndislik bölmələri döyüş əsnasında zirehli maşınlar üçün sığınacaqların yaradılması və atəş əleyhinə manevrlərin edilməsini təmin edən “Suriya səddi” taktikasından istifadə edib.

    Qeyd edək ki, daha əvvəl Şimali və Cənubi Qafqazın beş bölgəsində eyni vaxtda beş mindən çox hərbçinin və 800-ə yaxın silah və hərbi texnikanın cəlb olunduğu batalyon taktiki təlimlərinin keçirildiyi bildirilmişdi.

    Bu, qoşunların “Qafqaz-2020” strateji komanda-qərargah təlimlərinə daha yaxşı hazırlaşmasına və Cənub Hərbi Dairəsinin canlı qüvvə və hərbi vasitələrini xarici hərbi müdaxilələrə dərhal və effektiv cavab verməyə hazır vəziyyətə gətirməsinə imkan verəcək.

  • Azərbaycan və İran prezidentləri arasında telefon danışığı olub

    İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə telefonla zəng edib.

    AZƏRTAC xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

    Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidentini və qardaş İran xalqını müqəddəs Qurban bayramı ilə əlaqədar təbrik edib, firavanlıq arzulayıb.

    Həsən Ruhani göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib və öz növbəsində Azərbaycan Prezidentinə və xalqına bayram münasibətilə ən xoş arzularını çatdırıb.

    Prezident İlham Əliyev və Prezident Həsən Ruhani ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildiriblər.

    Söhbət zamanı “Şimal-Cənub” nəqliyyat dəhlizinin icrası ilə bağlı məsələlər də müzakirə edilib. Hər iki tərəf bu layihənin strateji əhəmiyyətə malik olduğunu vurğulayaraq bu sahədə həyata keçirilən tədbirlərə yüksək qiymət verib, görüləcək işlər barədə fikir mübadiləsi aparıblar.

    Prezidentlər pandemiya ilə bağlı vəziyyəti də müzakirə edərək bu istiqamətdə səylərin birləşdirilməsinin önəmini vurğulayıblar və bununla bağlı hər iki ölkənin yüksək vəzifəli rəsmiləri arasında videokonfransların təşkil olunmasını qərara alıblar.

  • “Sosial Bağlar” layihəsi çərçivəsində bu il daha 250 aztəminatlı ailəyə bağ təsərrüfatları salınacaq

    16 rayonu əhatə edən “Sosial Bağlar” layihəsində həm sahibkar kəndli, həm də dövlət yararlanır. Əsas odur ki, əkilməyən torpaq qalmasın.

    Baku TV xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birgə həyata keçirdiyi “Sosial Bağlar” layihəsi bu il də davam edəcək.

    Özünüməşğulluq proqramına dəstək məqsədilə icra olunan layihə bağçılıq üçün əlverişli şəraiti olan 16 rayonu (Astara, Balakən, İsmayıllı, Lənkəran, Oğuz, Qəbələ, Quba, Qusar, Şabran, Şamaxı, Şəki, Şəmkir, Siyəzən, Xaçmaz, Yevlax, Zaqatala) əhatə edir.

    Həmin rayonlarda mülkiyyətində kənd təsərrüfatına yararlı pay torpağı olub digər məşğulluğu olmayan şəxslər qeydiyyatdan keçmək üçün müvafiq ərazi məşğulluq mərkəzinə müraciət etməlidir.

    Şəki rayonu Cəfərabad kənd sakini Əlövsət müəllim keçən il bu layihədən yararlananlardan biridir. Qəhrəmanımız deyir ki, onun pay torpağında dövlət tərəfindən 250 ədəd qoz tingi əkilib və intensiv bağ salınıb.

    Bağda müasir damla suvarma sistemi quraşdırılıb ki, bu da məhsuldarlığa müsbət təsir göstərən amildir. Bu il də layihəyə cəlb edilən namizədlərin qiymətləndirilməsi zamanı onların aztəminatlılıq meyarlarına uyğunluğu və torpağın bağçılıq üçün yararlı olması əsas götürüləcək.

    Daxil olan müraciətlər əsasında 250 aztəminatlı ailə seçilərək ilk növbədə onlara məxsus torpaq sahələrində monitorinqlər aparılacaq. Ehtiyaclar müəyyən edildikdən sonra həmin sahələrdə intensiv bağ təsərrüfatları salınacaq.

    Məlumat üçün deyək ki, layihəyə son müraciət tarixi 1 sentyabrdır.

  • COVİD-19 təslim olmur: İngiltərə karantin tədbirlərinə qayıtdı

    İngiltərənin Baş naziri Boris Conson davam edən koronavirus hücumu üzündən antivirus tədbirlərini yumşaltmaqdan imtina edib.
     
    Qaynarinfo xəbər verir ki, bu barədə BBC News məlumat yayıb.

    Buna qədər güman edilirdi ki, avqustun 1-dən ölkədə kinoteatrlar, idman və gözəllik salonları açılacaq. Ancaq bunun təxirə salınmasına qərar verilib. Rəsmi statistikaya görə, krallıqdakı COVID-19 hadisələrinin sayı may ayından bəri ilk dəfə artmağa başlayıb.

    “Mən dəfələrlə xəbərdarlıq etmişəm ki, koronavirus qayıda bilər”, – deyə hökumət başçısı qərarını əsaslandırıb.

    Virus nəzarət altına alınarsa, iki həftədən sonra yumşalmalar tətbiq olunacaq.

  • İlin sonuna kimi təmir olunmuş 102 məktəb binası şagirdlərin istifadəsinə veriləcək

    2020-ci ilin sonuna kimi Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış 102 məktəb binası şagirdlərin istifadəsinə veriləcək.

    Median.Az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən Trend-ə məlumat verilib.

    Bu məktəb binalarından 29-u yeni tikilən, 13-ü əsaslı təmir olunan, 60-ı isə modul tipli məktəb olacaq.