Month: July 2020

  • “İran Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir” – VİDEO

    “Müxtəlif gərginliklərdə başqa ölkələrin milli suverenliyi və ərazi bütövlüyünü dəstəkləmək İranın rəsmi mövqeyidir”. Bunu İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaizi Prezidentinin köməkçisi Hikmət Hacıyevlə telefonla danışığında bildirib.

    Baku TV-nin məlumatına görə M.Vaizi pandemiya dövründə Tehran-Bakı əlaqələrini ortaq maraqlar çərçivəsində inkişaf etdirmək üçün daha çox fəaliyyət göstərməyin vacib olduğunu vurğulayıb.

    O, İran və Azərbaycan arasındakı yaxşı münasibətlərin bölgədəki ölkələr üçün nümunə olduğunu da qeyd edib: “Qarşılıqlı əlaqələri inkişaf etdirmək üçün iki ölkədəki potensiallardan istifadə edilməsi vacibdir”

    Ötən gün Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu da Azərbaycanlı gənclərə təşəkkür edib. Buna səbəb isə Mövlud Çavuşoğludan gələn dəstəyə gənclərimiz tərəfindən çoxsaylı təşəkkürlər mesajlarının gəlməsi olub. O da öz növbəsində rəsmi səhifəsində paylaşım edərək “Can qardaşlarımıza canımız fəda” sözlərini yazıb.

  • İtaliya mətbuatı müxtəlif ölkələrdə ermənilərin azərbaycanlılara qarşı vəhşiliklərinə biganə qalmayıb

    Son günlər erməni diasporasının radikal qrupları tərəfindən müxtəlif ölkələrdə Azərbaycanın diplomatik missiyalarına və Azərbaycan icmasının üzvlərinə qarşı törətdiyi vəhşiliklər İtaliya mətbuatının diqqət mərkəzindədir.

    Bu barədə Azərbaycanın İtaliyadakı səfirliyindən məlumat verilib.

    Qeyd edilib ki, bu ölkənin “Kmetro0”, “Gironale Diplomatico”, “Agenzia Nova” kimi kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlarda son günlər erməni diasporasının radikal qruplarının beynəlxalq səviyyədə erməni terrorçu təşkilatı kimi tanınan ASALA-nın, eləcə də qatı ekstremist erməni Daşnaksutyun partiyasının bayraq və köynəkləri ilə Azərbaycanın Belçika, ABŞ, Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, Niderland və digər ölkələrdəki diplomatik nümayəndəliklərinə qarşı son dərəcə aqressiv hücumlar təşkil edərək, Azərbaycanının diplomatik missiyalarının binalarına, diplomatik heyətin və Azərbaycan icmasının üzvlərinə və onların mülklərinə qarşı vandalizm aktları həyata keçirdiyi və bu vandalizm aktlarını öz sosial şəbəkə hesablarında təşviq etdikləri bildirilib.

    Məlumatlarda vurğulanıb ki, ABŞ-ın Kaliforniya ştatında yaşayan erməni icmasının 3000-ə yaxın ekstremist üzvləri Los Anceles şəhərində Azərbaycanın Baş Konsulluğunun qarşısında etiraz aksiyası keçirərkən yerli polisin əmrlərinə məhəl qoymayaraq həmin ərazidə olan Azərbaycan icmasının 40 üzvünə bilərəkdən hücum ediblər. Nəticədə Azərbaycan icmasının biri qadın olmaqla yeddi üzvü ciddi xəsarət almış və onlardan dörd nəfəri xəstəxanaya yerləşdirilib.

    Habelə qeyd olunub ki, Azərbaycanın Belçika Krallığındakı Səfirliyinin qarşısında etiraz aksiyası keçirən ekstremist erməni qrupları Səfirliyin binasına və həyətinə, eləcə də Azərbaycan icmasının üzvlərinə daşlarla, kəsici iti alətlərlə və partlayıcı maddələrlə hücum etmiş, nəticədə Səfirliyin əməkdaşları, Azərbaycan icmasının üzvləri və Azərbaycanın “REAL TV” televiziyasının Avropa üzrə müxbiri Xatirə Sərdarqızı daxil olmaqla altı nəfər ağır xəsarət alıb.

    Bildirilib ki, Səfirliyin inzibati binası dağıntılara məruz qalıb, şüşələri sındırılıb, Azərbaycan icmasının nümayəndəsinin şəxsi avtomobili yarasız hala salınıb, diplomatların ailə üzvlərinin yaşadığı əraziyə hücum cəhdi olub.

    İtaliya mətbuatı bildirir ki, eyni vandalizm hərəkətləri Azərbaycanın Parisdəki Səfirliyinə qarşı da həyata keçirilib.

    Qeyd olunur ki, radikal erməni qruplar Səfirliyin binasına daşlarla hücum edərək Səfirliyin şüşələrini sındırmışlar.

    Məlumatlarda deyilir ki, oxşar hadisələr, erməni ekstremistlərin Azərbaycan səfirliklərinin binasına daxil olmaq cəhdləri digər ölkələrdə də qeydə alınmışdır.

    Habelə, dərc olunmuş məlumatlarda qeyd olunur ki, sosial şəbəkələrdə ABŞ-da yaşayan ermənilərin azərbaycanlılara qarşı digər təxribatlar da hazırladıqları barədə məlumatlar yayılmış, “Instagram”da yaradılan və erməni əsilli şəxsə aid olan bir səhifə Kaliforniyada yaşayan Azərbaycan və türk əsilli şəxslərin yaşadıqları yer barədə məlumat toplamağı sorğu etmiş və səhifənin idarəçiləri anonimlik qorunmaqla məlumat verən şəxslərə 500 ABŞ dolları miqdarında pul mükafatı vəd etmişlər.

    Yazılarda bildirilir ki, ekstremist erməni qüvvələrinin bu vandalizmi nə Azərbaycan, nə də erməni terroru ilə üzləşən digər ölkələr üçün əslində yenilik deyil. Belə ki, 1970-1980-ci illərdə ASALA və digər erməni terror təşkilatları ümumilikdə 22 ölkədə 235-dən çox terror aktı törətmiş, 24 türk diplomatı olmaqla 70-dən çox insanı qətlə yetirmişdir. Əlavə olunur ki, 1991-ci ildə Ermənistan Respublikası müstəqilliyini bəyan etdikdən sonra Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək məqsədi ilə terroru dövlət siyasəti vasitəsinə çevirmiş və Azərbaycan ərazilərinin işğalı prosesində Azərbaycanın müxtəlif yerlərində terror vasitələrindən geniş istifadə etmişdir.

    Məlumatlarda, həmçinin vurğulanır ki, erməni ekstremist qrupların xaricdə yaşayan azərbaycanlılara qarşı real təhdid olduğunu nəzərə alaraq, Azərbaycan öz soydaşlarını maksimum diqqətli olmağa və radikal ermənilərin təxribatlarına uymamağa, təmkinlik və sakitlik nümayiş etdirməyə çağırır, eləcə də beynəlxalq ictimaiyyətə də erməni radikal qruplarının Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə, diplomatik həyətin və Azərbaycan icmasının üzvlərinə qarşı nifrət cinayətinin qəti şəkildə pislənməsi üçün müraciət edir.

    Dərc olunmuş məlumatlarla aşağıdakı keçidlər vasitəsilə tanış olmaq mümkündür:

    https://www.giornalediplomatico.it/Azerbaigian-rappresentanze-diplomatiche-allaestero-sotto-attacco-da-estremisti-armeni.htm

    https://kmetro0.it/2020/07/24/sedi-diplomatiche-dellazerbaigian-nel-mondo-sotto-attacco/

    https://www.agenzianova.com/a/5f1b00547f3630.27629627/3039826/2020-07-24/azerbaigian-armenia-rappresentanze-diplomatiche-di-baku-all-estero-sotto-attacco-di-estremisti-armeni/linked

  • Yeni Təhsil nazirinin uşaqlığı, təhsil aldığı məktəb və ailəsi – VİDEO

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Təhsil naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Emin Eldar oğlu Əmrullayev Azərbaycan Respublikasının Təhsil naziri təyin edilib.

    Tanınmış jurnalist Şakir Eminbəyli yeni Təhsil nazirinin ailəsi, təhsil aldığı məktəbdən, çalışdığı müəssisədən xüsusi reportaj hazırlayıb.

    Həmin reportajı edirik:

  • Baş nazirdən işsiz və işaxtaranlarla bağlı qərar

    Baş Nazir Əli Əsədov Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında işsiz və işaxtaran kimi qeydiyyata alınmış şəxslərin özünüməşğulluq istiqamətinin seçilməsi və özünüməşğulluğun təşkili məqsədilə həyata keçirilən təlimləri keçmədən müvafiq əmlakla təmin edilməsi barədə qərar qəbul edib.

    Median.Az xəbər verir ki, yeni qərarda deyilir:

    “Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında işsiz və işaxtaran kimi qeydiyyata alınmış şəxslərin özünüməşğulluğunun təşkilini təmin etmək məqsədilə, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

    1. Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında (bundan sonra – yerli qurumlar) işsiz və işaxtaran (qanunvericiliyə uyğun olaraq hüququ olan) kimi qeydiyyata alınmış özünüməşğulluğa cəlb edilən şəxslər 2020-ci ildə bu məqsədlə təşkil olunan təlimlərə cəlb edilmədən, yerli qurumların köməkliyi ilə tərtib etdikləri biznes planlar əsasında seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakla təmin olunsunlar.

    2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

    2.1. xüsusi karantin rejimi bitdikdən və ya onlayn təlim proqramları istifadəyə verildikdən sonra bu Qərarın 1-ci hissəsində nəzərdə tutulmuş şəxslərin müvafiq proqramlar üzrə təlimlərə cəlb edilməsini təmin etsin;

    2.2. özünüməşğulluğun təşkili məqsədilə onlayn təlim proqramlarının hazırlanmasını sürətləndirsin;

    2.3. bu Qərardan irəli gələn digər məsələləri həll etsin.

  • İcazəsiz Qaxa gedən 7 nəfər cərimələndi

    Xüsusi karantin elan edilən rayonlardan icazələri olmadan Qaxa gələn 7 nəfər cərimələnib.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Keçirilən tədbirlərlə həftəsonu xüsusi karantin rejimi elan edilən şəhər və rayonlardan icazələri olmadan, qaydaları pozaraq rayona gələn şəxslər müəyyən edilib.

    Polis əməkdaşları tərəfindən 7 belə şəxs aşkar olunub. Onlara karantin rejiminin qayda və tələbləri izah olunub. Yeddi nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək, hər biri 200 manat məbləğində cərimələnib.

  • Bu il Azərbaycanda 6 uşaq övladlığa verilib

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən övladlığagötürmə sahəsində yeni idarəetmə modeli yaradılmaqla, bu sahədə xidmətlərin elektronlaşdırılması təmin edilib.

    Nazirlikdən verilən məlumata görə, bu ilin mart ayında “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi təqdim edilib, altsistemin müraciət interfeysi istifadəyə verilib.

    Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli Fərmanı ilə “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi Qaydası” təsdiq edilib.

    Övladlığagötürmə sahəsində xidmətlərin elektronlaşdırılması xüsusi karantin dövründə həmin sahədə xidmətlərin fiziki müraciətə ehtiyac qalmadan və ləngimələr olmadan, ardıcıl davam etdirilməsinə imkan verib.

    Yanvar-iyun aylarında qeyd edilən altsistem vasitəsilə 29 valideyn-namizəd müraciət edib.

    Bu dövrdə 6 uşaq övladlığa götürülüb. Uşaqlardan 2-si qız, 4-ü oğlandır. Onlardan 2 nəfəri 3 yaşa qədər, 1 nəfəri 4-6 yaşlarında, 2 nəfəri 7-11 yaşlarında, 1 nəfəri 12-18 yaşlarındadır.

    Ötən dövrdə övladlığa götürülmüş 1 410 uşaqla bağlı monitorinq, o cümlədən 1 331 uşaqla bağlı distant (1 057-si telefon, 274-ü videozəng vasitəsilə) monitorinq həyata keçirilib, onların övladlığa götürüldüyü ailələrdəki vəziyyəti, inkişaf səviyyəsi öyrənilib.

  • Siyəzəndə azyaşlı kanalda batıb

    Taxtakörpü-Ceyranbatan su kanalının Siyəzən rayonu, Beşdam kəndi ərazisindən keçən hissəsində 2014-cü il təvəllüdlü Muradova Mülayim Dövlət qızı batıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

    Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

    Əlavə məlumat veriləcək.

  • Koronavirusun yeni növü yayılmağa başlayıb

    Viyetnamın Da Nanq şəhərində və ətraf ərazilərində son günlər qeydə alınan koronavirusa dörd yoluxma halı xəstəliyin daha əvvəl rast gəlinməmiş yeni formasıdır.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hökumətdən bildiriblər.

    Belə ki, aparılan tədqiqatlara əsasən, virusun yeni növü daha fəaldır, daha sürətlə çoxalır, xəstələrin daha tez ağır vəziyyətə düşməsinə səbəb olur. Ölkənin Səhiyyə Nazirliyinə görə, yeni tipli virusun peyda olması qanunsuz miqrantlardan, yaxud xəstəxanalardan birində virusun mutasiyası ilə bağlı ola bilər.

    Son 99 gün ərzində ölkədə ilk daxili yoluxma halı şənbə günü mühüm istirahət mərkəzi olan Da Nanq şəhərində yaşayan və xaricə heç getməmiş 57 yaşlı şəxsdə aşkarlanıb. Bundan sonra baş nazir Nquyen Xuan Phuk şəhərdə kütləvi testlər keçirmək, azı 1 metr sosial məsafə qaydasına əməl etmək barədə göstəriş verib. Sabahdan etibarən kütləvi əyləncə, dini, mədəni tədbirlər dayandırılır, ictimai iaşə və gözəllik müəssisələri də bağlanır.

    Bu gün hökumət Da Nanq şəhərindən 80 min turistin dörd gün ərzində təxliyə olunması barədə qərar verib.

    Qeyd edək ki, 96 milyon əhalisi olan Viyetnam indiyədək cəmi 420 yoluxma halı və 0 ölüm halı ilə koronavirusa qarşı mübarizə sahəsində dünya miqyasında böyük nailiyyət əldə edib. Bu nailiyyətin, ilk növbədə, çox çevik və sərt qabaqlayıcı tədbirlər sahəsində əldə edildiyi bildirilən ölkə mart ayında sərhədlərini əcnəbilərin üzünə tam bağlamışdı.

  • DİM imtahan nəticələrini açıqladı

    Əvvəlki illərin məzunlar üçün iyulun 10-da keçirilən qəbul (o cümlədən cari ilin məzunları üçün buraxılış (qəbul) və əlavə xarici dil imtahanı) imtahanlarının nəticələri elan olunub.

    İmtahanda iştirak edənlər iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər.

    Abituriyentlər (şagirdlər) imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

    Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi respublikada keçirilən sosial izolyasiya tədbirlərinə uyğun olaraq onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində “seeding” prosesinin (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.

    Yazı işlərinin onlayn (evdən) yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

    Qeyd edək ki, buraxılış (qəbul) imtahanında şagirdlərə (abituriyentlərə) ana dili fənnindən 4 açıq və 26 qapalı, riyaziyyat fənnindən 4 açıq, 8 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 4 açıq və 26 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır. Balların hesablanması qaydası ilə buradan tanış ola bilərsiniz.

    Bu imtahanlarında iştirakı nəzərdə tutulan 8331 nəfərdən 1024 nəfər imtahana gəlməyib. Qaydaları pozduğu üçün 5 nəfər imtahandan xaric olunub və nəticələri ləğv edilib.

    İmtahan iştirakçıları arasında ən yüksək nəticəni 266.2 bal toplayan Yardımlı rayonu, Alçabulaq kənd tam orta məktəbinin cari il məzunu göstərib. İkinci ən yüksək nəticəni 260.6 bal toplayan Quba rayonu, II Nügədi kənd 1 saylı tam orta məktəbin əvvəlki illərinin məzunu göstərib. Növbəti ən yüksək nəticəni isə 258.5 balla Sabirabad rayonu, 5 saylı şəhər tam orta məktəbin əvvəlki illərinin məzunu göstərib.

    İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 5 avqust 2020-ci il tarixindən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apelyasiya prosesi təşkil ediləcək. Apelyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apelyasiya üçün ərizə yazanların təqribən 30%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

    Apelyasiya komissiyasına müraciət etmək istəyənlər 29-31 iyul tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apelyasiya təşkil olunmur. Apelyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

  • Bakıda yaşayış olan 15 mərtəbəli binanın üstündə daha iki mərtəbə tikilir – AÇIQLAMA

    Bakının Suraxanı rayonunda qeyri-qanuni tikinti işləri aparılıb.

    Bu barədə Oxu.Az-a sakinlər tərəfindən məlumat verilib. Söhbət rayonun Yeni Günəşli qəsəbəsi, “V” massivi, 13M ünvanında yerləşən 15 mərtəbəli binadan gedir.

    Bildirilib ki, yaşayış olan binada daha iki mərtəbənin tikintisinə başlanılıb. Sakinlərin etirazına baxmayaraq, bina sahibi bir mərtəbəni, demək olar ki, tikib. İkinci mərtəbənin isə tikintisini aparır.

    Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin Rayon təsərrüfatı şöbəsinin müdiri Mehman Hüseynov Oxu.Az-a açıqlamasında əraziyə baxış keçirildiyini və qeyri-qanuni tikintinin dayandırılması barədə təlimat verildiyini deyib:

    “Məsələ ilə bağlı əraziyə baxış keçirilib. Bu barədə İcra Hakimiyyətinə məlumat verilməyib və tərəfimizdən belə bir tikintiyə razılıq da verilməyib. Aidiyyəti üzrə tikintinin dərhal dayandırılması istiqamətində təlimatlar verilib. Eyni zamanda, bu məsələ barədə digər aidiyyəti qurumlara da məlumat verilib. Hazırda binada əlavə mərtəbələrin tikintisi dayandırılıb”.