Month: September 2020

  • Qızla dava edən kişi onu zibil qabına atdı – VİDEO

    Maşınların park yerində kişi qızla dava etdikdən sonra onu qucağına alaraq zibil qabına atıb.

    “Baza” “Telegram” kanalı hadisə ilə bağlı görüntüləri paylaşıb.

    Məlumata görə, video Rusiyanın Omsk vilayətindəndir. Kadrlardan görünür ki, kişi ilə qadın əvvəlcə söz davasına çıxırlar. Lakin sonra kişi sürətlə qadına yaxınlaşır, onu qucağına alaraq zibil qablarından birinə atır.

    Qadın birtəhər zibil qabından çıxdıqdan sonra yenidən kişiyə yaxınlaşır və dava etməyə davam edir. Buna dözməyən kişi isə onu qabağına qatır.

    Hadisənin nə ilə nəticələndiyi məlum deyil.

  • Türkiyə koronavirusun birinci dalğasının ikinci pikini yaşayır

    Türkiyədə koronavirusa yoluxanların və bu epidemiyadan ölənlərin sayı yenidən artmaqdadır. Ölkədə son sutka ərzində koronavirusdan 45 nəfər ölüb.

    Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca jurnalistlərə açıqlamasında bildirib. Nazir həmçinin Türkiyənin koronavirusun birinci dalğasının ikinci pikini yaşadığını da qeyd edib.

    Son 24 saatda ölkədə 107 927 şübhəli koronavirus testindən keçib, onlardan 1596-nın cavabı pozitiv olub.

    Türkiyədə indiyə qədər 273 301 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 246 876 nəfər sağalıb, 6462 nəfər ölüb.

  • Ermənilər neytral zonada yanğın törətdi

    Ermənilər Tovuzun Ağdam kəndi ilə sərhədin neytral zonasında yanğın törədib.

    “Report”un məlumatına görə, günorta saatlarında Ermənistan silahlı qüvvələri atəşkəsi pozub. Daha sonra Ermənistan ordusu tərəfindən Tovuz rayonunun Ağdam kəndi yaxınlığında olan neytral zonada yanğın törədilib.

    Hazırda həmin ərazidə yanğın davam edir.

  • I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb

    Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə 20-21 avqust 2020-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.

    DİM-dən verilən məlumata görə, bu mərhələdə I ixtisas qrupu üzrə 12 nəfər 400 bal toplamaqla ən yüksək nəticəni göstərib. Onlardan bir nəfər – Xırdalan şəhəri, 1 saylı orta məktəbin məzunu imtahanın I mərhələsində 300 bal toplamışdı və beləliklə, hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb. İkinci ən yüksək nəticəni 697 bal toplayan Bakı şəhəri, Binəqədi rayonu 297 saylı orta məktəbin məzunu göstərib (Həmin abituriyent imtahanın I mərhələsində 300 bal toplamışdı).

    IV ixtisas qrupu üzrə beş nəfər 400 bal toplamaqla ən yüksək nəticəni göstərib. Hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni isə 691.4 bal toplayan Bakı şəhəri, 178 saylı orta məktəbin məzunu göstərib. İkinci ən yüksək nəticəni 691.2 bal toplayan Bakı şəhəri, 114 saylı orta məktəbin məzunu göstərib.

  • Sabirabadda ər arvadını xəyanət etdiyinə görə amansızlıqla öldürüb – VİDEO

    Sabirabadda ər arvadını öldürüb. Polis bölməsinə könüllü təslim olan ər arvadının ona xəyanət etdiyini səbəb kimi göstərib.

    Baku TV xəbər verir ki, qətl hadisəsi Sabirabadın Hacıbəbir kəndində qeydə alınıb. Kənd sakini, 46 yaşlı Eyvaz Məmmədov qısqanclıq zəminində həyat yoldaşı, 41 yaşlı Təranə Məmmədovanı balta ilə vuraraq qətlə yetirib. Yoldaşı ilə xeyli mübahisə edən ər onu ot tayasının yanına apararaq elə oradaca baş nahiyəsindən üç balta zərbəsi endirərək öldürüb. Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.

    Bildirilir ki, xeyli müddət ailə başçısı Türkiyəyə işləməyə, ailəsi üçün pul qazanmağa gedibmiş. Pandemiya səbəbindən geri dönə bilməyən Eyvaz Məmmədov nəhayət avqustun 8-də evinə dönə bilib.

    Qətlə yetirilən Təranə Məmmədovanın yaxın qohumu bildirib ki, Şirvan mühafizə polisinin əməkdaşı olan polis nəfəri Güloğan Həsənovu avqustun 4-də qızla birlikdə tutub.

    Onların birgə nikahdan iki övladları (bir qız və bir oğlu) var.

    Faktla bağlı Sabirabad prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

  • Marketdən “Badamlı” aldı, içindən dezinfeksiya məhlulu çıxdı – FOTO

    Müştəri Bakıda fəaliyyət göstərən “Al Market”dən üzərində “Badamlı” etiketi olan qazsız su alsa da, içəndə onun spirt olduğunun fərqinə varıb.

    “Qafqazinfo” xəbər verir ki, bu iddia ilə Nərmin Adil adlı “Facebook” istifadəçisi sosial şəbəkədə paylaşım edib.

    O bildirib ki, ötən gün axşam saatlarında “Al Market”in Əhmədli filialında vitrindən “Badamlı” markalı sadə qazsız su götürüb:

    “Telefonla danışa-danışa gəlib həyətimizdə açdım və başıma çəkdim. Bir saniyə sonra anladım ki, bu, su deyil, spirt kimi bir dadı var, ağzımı, boğazımı, mədəmi yandırdı. Qonşular su verdilər.

    Getdim marketə, dedilər ki, yanlış düşüb, firma dezinfeksiya məhlulu göndərib, onu da satıcılar yanlışlıqla su bilib vitrinə düzüblər. Durumu elə də ciddiyə almadılar. Evə gələndən bir saat sonra artıq gözlərim iki görürdü, nəfəs darlığı başladı. Təcili tibbi yardım və polis çağırdıq. “Semaşko”nun Toksikologiya şöbəsinə gətirildim. Dünəndən vəziyyətim ağırdır, ekspertiza və qan analizi nəticəsində qanımda metil spirti aşkarlandı.

    Baş verənlərə görə, “Al Market” şəbəkəsi tərəfindən mənə nə bir zəng edilib, nə də üzrxahlıq bildirilib. Hazırda gözlərimdə və sinir sistemimdə bu kimyəvi məhlula görə problem yaranıb”.


  • Azərbaycanın Əməkdar artisti xadimə işi axtarır – FOTO

    Gəncə Dövlət Teatrının aparıcı aktrisası, əməkdar artist Kəmalə Məmmədovanın səhhətində problem yaranıb. Aktrisanın kirayə qaldığı evdə halı qəfildən pisləşib. O, dərhal təcili tibbi yardıma müraciət edib.

    Ölkə.Az-ın məlumatına görə, buna səbəb aktrisanın Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Sənan Hacıyevlə yaşadığı münaqişə olub.

    Kəmalə Məmmədova açıqlamasında koronavirus pandemiyası ilə əlaqədər işsiz qaldığını, buna görə də ikinci bir işdə çalışmaq üçün Sənan Hacıyevə dəfələrlə müraciət etdiyini bildirib:

    “Pandemiya dövründə teatrlar bağlandığı üçün bir çox aktrisa kimi mən də işsiz qalmışam. Bu zaman ərzində əlavə gəlir yerim olmadığı üçün bir çox çətinliklərlə üzləşdim, adicə evimin kirayə pulunu ödəyə bilmirəm. Son dörd ayda mən dəfələrlə bu idarəyə işlə təmin olunmağım üçün müraciət etmişəm. Hətta müraciətlərimdə xadimə işi olsa belə, çalışa biləcəyimi bildirməyimə baxmayaraq, bu insan məni dörd aydır aldadır. Hər dəfə tezliklə işlə təmin olunacağımı deyərək mənə yalandan vədlər verib.

    İki həftə bundan əvvəl isə pandemiya dövründə hər yerdə işə qəbulun dayandırılmasını arqument gətirərək, məndən sentyabrın 1-nə qədər gözləməyimi xahiş etdi. Lakin bu dəfə də Sənan Hacıyev verdiyi sözün üzərində durmayaraq, məni aldatdı”,- deyə o, qeyd edib.

    Aktrisa məsələ ilə bağlı Gəncə İcra başçısı Niyaz Bayramovun qəbulunda olduğunu da bildirib:

    “Məsələ ilə bağlı bu gün icra başçısının qəbulunda oldum. Onlar mənə tezliklə ikinci bir işlə təmin olunacağımı söz verdilər”.

  • Əli Əsədov kənd təsərrüfatı ilə bağlı üç qərar imzaladı

    Nazirlər Kabineti sabiq Baş Nazir Artur Rasi-zadənin imzaladığı üç qərarı ləğv edib.

    Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

    Qərara əsasən, Nazirlər Kabinetinin “Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2016-cı il 3 noyabr tarixli 439 nömrəli, “Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına görə verilən subsidiyanın məbləğinin müəyyən edilməsi və “Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına görə subsidiyanın verilmə Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 10 mart tarixli 85 nömrəli və “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 18 sentyabr tarixli 400 nömrəli qərarları ləğv edilib.

  • “Alov qüllələri”nin yanında avtomobil piyadanı vurub – FOTO

    Bakıda yol qəzası baş verib.

    “Report”un xəbərinə görə, hadisə “Alov qüllələri”nin yanında qeydə alınıb.

    Belə ki, avtomobil yolu keçmək istəyən 30-35 yaşlı kişini vurub. Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • “Uşaqpulu” bərpa olunmayacaq – YENİLƏNİB

    Bu gün bəzi kütləvi informasiya vasitələrində Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimliyə istinadən parlamentin payız sessiyasında “uşaqpulu” məsələsinin müzakirəyə çıxarılacağına dair məlumatlar yayımlanıb.

    Bu barədə Oxu.Az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

    “Qeyd olunur ki, guya bir müddət öncə Milli Məclisin sədri Sahibə Qafarova “uşaqpulu”nun bərpasının müzakirəsi üçün parlamentdə işçi qrupun yaradılması barədə göstəriş verib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi olaraq bildiririk ki, ictimaiyyətə təqdim edilən bu məlumat həqiqətə uyğun deyil və heç bir əsası yoxdur”,-deyə məlumatda qeyd olunub.