Month: September 2020

  • Azərbaycanda dəhşətli hadisə: qardaş bacısını su kanalına atıb öldürdü

    Avqustun 31-də gecə saatlarında Şabran rayon sakini 1987-ci il təvəllüdlü Leyla Müseyibovanın Samur-Abşeron kanalının Şabran rayonunun Ağbaş kəndi ərazisindən keçən hissəsində suda boğularaq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Bu barədə Şabran Rayon Prokurorluğundan məlumat verilib.

    Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib

    Araşdırmalarla hadisənin zərərçəkmişin qardaşı, 1990-cı il təvəllüdlü Elşən Abdulov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Leyla Müseyibovanın qəsdən suya atılması nəticəsində boğularaq ölməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Şabran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    Elşən Abdulov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

    Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

  • Baş infeksionistdən toylarla bağlı mühüm AÇIQLAMA

    Sentyabrın 1-dən ölkəmizin bəzi rayon və şəhərlərində sərt karantin rejimi ləğv edildi. Yalnız Bakı, Sumqayıt, Abşeron ərazisində karantin rejimi ayın 30-dək uzadılıb.

    Bir müddət bundan əvvəl karantin qaydaları qorunmaqla açıq məkanda fəaliyyət göstərən kafe və restoranların da açılmasına icazə verilib. Bu məkanlarda sosial məsafənin saxlanılması və qaydalara əməl olunmasına aidiyyətli qurumlar tərəfindən daim nəzarət olunur. Tələb olunan qaydalara əməl olunmadıqda isə cərimələr tətbiq edilir.

    Beləliklə, restoran və kafelərin açıq məkan şəraitində fəaliyyət göstərməsinə icazə verildikdən sonra əksəriyyət toy-nişan məclislərinin də yaxın vaxtlarda icazə veriləcəyinə ümid edirdi. Bu məsələni böyük ümidlə gözləyənlər arasında şou-biznes əhli də çoxluq təşkil edir. Lakin Nazirlər Kabineti yanında Operativ Qərargah hələlik toy və nişanların keçirilməsinin riskli olduğunu qeyd edir. Bəzi ekspertlər bildirir ki, kafe və restoranların açıq məkanlarda fəaliyyətinə icazə verildiyi üçün toy və nişan tədbirlərinin də açıq məkanlarda keçirilməsinə icazə vermək olar və bununla bağlı Türkiyə təcrübəsini əsas gətirirlər.

    Qeyd edək ki, hələ iyul ayından qonşu Türkiyə dövlətində toy və nişan məclislərinin keçirilməsinə başlanılıb. Lakin son günlər ölkədə koronavirusa yoluxanların sayında sürətli artım olduğu üçün hökumət bu sahədə də məhdudiyyətlər qoymaq məcburiyyətində qalıb. Belə ki, ötən həftə çıxarılan qərara əsasən, ölkənin 14 vilayətində sünnət, nişan və xınayaxdı mərasimlərinin keçirilməsi qadağan olunub. Toy mərasimləri isə yalnız 1 saat müddətində keçirilə bilər. Həmçinin gəlin və bəyin birinci və ikinci nəsildən olan doğmaları istisna olunmaqla, 65 yaşdan yuxarı və 15 yaşdan aşağı təbəqənin təmsilçilərinin toyda iştirakı qadağandır.

    Azərbaycana gəldikdə isə artıq 6 aydan çoxdur ki, ölkədə toyların keçirilməsi qadağandır. Ekspertlər qeyd edir ki, bu qadağa uzandıqca gələcəkdə bir çox problemlər ortaya çıxa bilər. Bu səbəbdən bəzi rəsmilər də toylara müəyyən şərtlər daxilində icazə verilməsinin tərəfdarı olduğunu qeyd edirlər.

    Məsələ ilə bağlı ölkənin baş infeksionisti Cəlal İsayev sputnik.az saytına açıqlamasında bildirib ki, koronavirus əsasən hava-damcı yolu ilə yayıldığından, bu virusun insanların sıx toplaşdığı, ara məsafəsi saxlanılmadığı, eləcə də tibbi maskadan istifadə etmədiyi yerlərdə yayılma riski yüksəkdir: “Toy mərasimləri elə bir adətlərimizdəndir ki, orada insanlar sıx toplaşır, şənlənir, yemək yeyirlər. Toylarda maskadan istifadə mümkün deyil. İnsanlar rəqs edir, bir-biriləri ilə görüşür, gözaydınlığı verirlər. Belə bir mühitdə virusun yayılmasına şərait yaranır”.

    C.İsayev açıq havada restoranların fəaliyyətinə icazənin verilməsi ilə açıq havada toyların təşkilini eyniləşdirməyin düzgün olmadığını söyləyir. O bildirir ki, toylar üçün yeni mexanizmlər hazırlanarsa, bu haqda danışmaq olar: “Azərbaycanda toylar təkcə ailə üzvlərinin iştirakı ilə keçirilmir. Toya qohum-əqrəba, dost-tanış dəvət olunur. Dəvət edilən qonaqların sayı az olarsa, açıq havada toyların keçirilməsini müzakirə etmək olar”.

    Tibb elmləri doktoru, professor Adil Qeybulla isə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, karantin qaydalarına ciddi əməl olunmaqla bütün qadağalar aradan qaldırılmalı, o cümlədən də toylarla bağlı məsələ tənzimlənməlidir:

    “Artıq 6 aydır ki, insanlar gözləyir. Toyların bu şəkildə qadağan olunması bir neçə ildən sonra əhalinin demoqrafik göstəricilərində ciddi problemlər yaradacaq. Hava şəraitinin imkan verdiyi müddətdə açıq hava məkanlarında müəyyən edilmiş normativlər çərçivəsində toyların təşkili mümkündür. Sonrakı mərhələdə yaxın qohumların iştirakı (50-100 nəfər) və karantin qaydalarına ciddi əməl etməklə toyların keçirilməsi üçün qapalı məkanlar üçün normativlər müəyyən edilməlidir.

    Toyların, ad günlərinin və digər kütləvi tədbirlərin müəyyən edilmiş formatda və konkret təlimatlarla keçirilməsi təmin olunmalıdır. Bu məqsədlə toyların keçirilməsi üçün qapalı məkanlar üçün normativlər müəyyən edilməlidir. Məsələn, qapalı məkanın tutumu 300 nəfərlikdirsə, 3 dəfə azaldılır, masalararası məsafə ən azı 2 metr, üzbəüz əyləşənlərarası məsafə ən azı 2 metr olmalıdır. Dəhlizdə söhbət edənlər maska taxmalı və fiziki məsafəni gözləməlidir. 12 yaşadək uşaqların toyda iştirakı qadağan edilməlidir”.

    Sosioloq Əhməd Qəşəmoğlu isə bunları bildirib: “Təbii ki, bir çoxları toylara icazə verilməsini istəyir, arzulayır ki, əvvəlki toylar yenidən geri dönsün. Artıq həmin dövr bitdi, o cür toylar artıq olmayacaq. Bütün şou-biznes əhli bunu qəbul etməlidir. Ən əsası isə koronavirus pandemiyası başlayandan hər zaman qeyd etmişəm ki, əhali ilə bu məsələ ətrafında işləmək lazımdır. Elə etmək lazımdır ki, əhali arasında müasir tələblərə uyğun maariflənmə işləri aparılsın, ictimai qınaq olsun. Lakin təəssüf ki, bu istiqamətdə işlər aparılmır.

    Elə bilirik ki, bu virusa deyiləcək ki, ”sən bizim əhaliyə dəymə”, o da dəyməyəcək. Amma belə deyil axı, biz sərt problemlə üz-üzə qalmışıq. Artıq virusla birlikdə yaşamaq tərzini öyrənməliyik. Necə ki, cəngəllikdə insanlar vəhşi heyvanlarla birgə yaşayır, eləcə də kənd yerlərində insanların ilanlarla birgə yaşamaq vərdişi var. Məsələn, kənd yerlərində hamı bilir ki, həyətdə ilan ola bilər və ondan necə qorunmaq olar”.

    Əhməd Qəşəmoğlu qeyd etdi ki, hazırda da əksəriyyət insanlar karantin qaydalarına əməl etməkdən yayınır: “Küçəyə çıxanda görürük ki, insanlar bir-biriləri ilə yenə də qucaqlaşır, öpüşür. Məgər bunu etmək vacibdir? Hətta bəzən bununla fəxr də edirlər ki, ”biz virusu, karantin qaydalarını saymırıq”. Və yaxud avtobus dayanacaqlarında durub, müşahidə etsəniz, görərsiniz ki, əksər avtobuslarda sərnişinlər maska taxmır və yaxud maskanı çənənin altında saxlayırlar. Bu cür vəziyyətdə toylara icazə verilməsi mümkün deyil.

    Bəli, toyların keçirilməsinə ehtiyac var. Amma axı bizim xalq hələ buna hazır deyil. Bəziləri qeyd edir ki, açıq məkanlarda toyların keçirilməsi mümkündür. Bunun üçün insanlar yoluxma riski ilə bağlı qaydaları bilməlidirlər. Bu, adi qrip deyil. Bu yaxınlarda bir hadisə haqqında oxudum. Xarici ölkələrin birində koronavirusa yoluxmuş bir şəxs kafedə 2 saat oturmaqla 56 nəfəri bu virusa yoluxdurmuşdu. Beləliklə, koronavirus ciddi məsələdir. Yəni bu dəhşətli virusdur. Hətta bəzi ekspertlər qeyd edir ki, bu virus bitəndən sonra başqa virus ortaya çıxacaq. Bunun üçün biz virusdan qorunmaq, onunla yaşamaq vərdişlərinə yiyələnməliyik”.

  • Ramzan Kadırov 21 yaşlı qızını yüksək vəzifəyə təyin etdi

    Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov 21 yaşlı qızı Ayşat Kadırovanı Mədəniyyət nazirinin birinci müavini təyin edib.

    Bu barədə Kadırov “Teleqram” kanalında məlumat verib:

    “Ayşatın yeni vəzifəyə təyin olunması qəti verilmiş qərardır. Bilirəm ki, o, çeçen dəyərlərini canlandırmaq yolunun bariz tərəfdarıdır və yeni vəzifəsinə məsuliyyətlə yanaşacaq.

    Əminəm ki, Ayşad qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gələcək. Onun Çeçenistan Dövlət Filarmoniyasının inkişafındakı xüsusi xidmətlərini də unutmaq olmaz. Bu yolda ona uğurlar arzulayıram”, – deyə R.Kadırov vurğulayıb.

    Qeyd edək ki, Ayşat Kadırova “Firdaw” moda evinin sahibidir. 21 yaşlı Ayşat Kadırova həm də dindardı. O, Qurani-Kərim hafizidir.

  • Abituriyentlərin müraciətlərinə baxılması üçün ərizə qəbulu aparılır

    Avqustun 14-ü və 21-də keçirilmiş qəbul imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün elektron ərizə qəbulu aparılır.

    Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, Apelyasiya komissiyasına müraciət etməzdən əvvəl abituriyentlər DİM-in saytında imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apelyasiya üçün ərizə yazanların təqribən 30%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər: “Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq”.

    14 və 21 avqust tarixlərində keçirilən imtahanlarda iştirak edən və Apelyasiya komissiyasına müraciət etmək istəyənlər sentyabrın 3-dək apelyasiya.dim.gov.az saytında elektron ərizə formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər.

    Abituriyentlər iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən istifadə etməklə sistemə daxil olurlar. Burada “Ev telefonu”, “Mobil telefon”, “E-mail” bölmələrində müvafiq məlumatlar qeyd edilir. “Apelyasiyanın nəticələrinin izahını necə əldə etmək istəyirəm” hissəsində təklif olunan variantlardan biri seçilir. Şagirdin imtahanla bağlı hər hansı xüsusi bir qeydi varsa, “ümumi qeyd” hissəsinə yaza bilər.

    Daha sonra tapşırığın nömrəsini və müraciətin məzmununu (yazılı cavabın səhvən başqa tapşırıq üçün ayrılmış yerə yazılması, yazı işinin yenidən qiymətləndirilməsi, cavabın səhv kodlaşdırılması, sual kitabçasına baxılması, tapşırığın şərtinin izah edilməsi) seçməklə istəyinizi aydın şəkildə müvafiq sahələrə daxil edib qarşısındakı “Yadda saxla” şəkil–düyməsinə basmaq lazımdır: “Digər tapşırıqlara verdiyiniz cavabların da qiymətlərdirilməsi ilə bağlı iradlarınız varsa, əməliyyatı təkrar edin. Müraciətlərinizi tam formalaşdırandan sonra (müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apelyasiya təşkil olunmur) fotoşəklinizin altındakı “Qeydiyyata al” düyməsinə basmaq lazımdır. Verilən məlumatı diqqətlə oxuduqdan sonra “Təsdiq et” düyməsini basmaqla müraciətinizi yekunlaşdırmış olursunuz. Müraciətinizlə bağlı araşdırma başa çatdıqdan sonra ərizədə qeyd etdiyiniz elektron poçt ünvanına və ya telefon nömrəsinə sizinlə bağlantının vaxtı barədə məlumat göndəriləcək.

    Apelyasiya müzakirəsində abituriyentin iştirakı vacibdir. Abituriyentlə yanaşı valideynlərindən biri də müzakirədə iştirak edə bilər. Bir nəfərin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır”.

  • Prezident “Daşkəsən Filizsaflaşdırma” ASC-ni ləğv etdi

    “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyəti ləğv edilib.

    Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Dağ-mədən və metallurgiya sənayesində iqtisadi islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2015-ci il 11 fevral tarixli 1047 nömrəli, “Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” 2016-cı il 13 iyul tarixli 2198 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Sərəncama əsasən, Nazirlər Kabinetinə tapşırılıb ki, “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi ilə əlaqədar iki ay müddətində zəruri tədbirlər görsün, Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

  • 9 və 11-ci sinif şagirdlər üçün buraxılış imtahanları keçiriləcək

    Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyun-iyul aylarında keçirilən yekun qiymətləndirmə (attestasiya) imtahanlarda iştirak etməyən 9-cu və 11-ci sinif şagirdləri üçün 10 sentyabr 2020-ci il tarixində buraxılış imtahanları keçiriləcək.

    Mərkəzdən bildirilib ki, imtahanlar Bakı, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Yevlax, Şəki, Ağcabədi, Kürdəmir, Sabirabad, Lənkəran, Cəlilabad, Masallı, Xaçmazda təşkil olunacaq.

    İmtahan nəticələri şagirdlərin yekun qiymətləndirmə sənədinə yazılacaq və onlara attestat veriləcək.

    İmtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni aşağıdakı linklər vasitəsilə DİM-in saytından çap edib götürə bilərlər:

    Ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı;

    Azərbaycan dili (dövlət dili kimi) imtahanı.

    Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxışa məhdudiyyət qoyulduğu üçün imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək. İmtahan iştirakçısına “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə onu müşayiət edəcək 1 nəfər üçün arayış da çap etmək imkanı yaradılıb. Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imza ilə təsdiqlənməlidir. Arayış yoxlama zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilir və imtahan iştirakçısının özü iştirak etdikdə (imtahan binasının yaxınlığında gözləmək istisna olmaqla) və onun müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi) təqdim edildikdə etibarlıdır.

    Diqqət! Bir imtahan iştirakçısını birdən artıq şəxs müşayiət edə bilməz.

    İmtahanlarda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 18277, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 1789 şagird iştirak edəcək. 369 şagird isə yalnız Azərbaycan dili fənni üzrə imtahan verəcək.

  • BNA vahid taksi qiymətləri ilə bağlı məsələyə aydınlıq gətirdi

    Bakıda fəaliyyət göstərən taksilərdə vahid qiymət müəyyən edilməlidir.

    Median.Az Trend-ə istinadən bildirir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) Hüquq şöbəsinin müdiri Hikmət Babayev deyib.

    Onun sözlərinə görə, yeni konsepiyaya əsasən, taksilərdə pərakəndə qiymətin olmaması müzakirə edilir: “Bakı Nəqliyyat Agentliyi taksi fəaliyyəti ilə məşğul olmaq niyyətində deyil. Qurum yalnız taksilərin fəaliyyətinə nəzarət edəcək. Taksilərdə kilometrə görə qiyməti aidiyyəti dövlət qurumu həyata keçirməlidir. Həmin qurumlar kilometrə görə qiymət müəyyən edəcək və bütün taksilər eyni qiymətlə fəaliyyət göstərəcək. Bəzi xarici şirkətlər Bakıda qeydiyyatdan keçmədən taksi fəaliyyəti ilə məşğul olur və digər taksilərdən ucuz qiymət tətbiq edir. Bu da digər taksi şirkətlərinin işinə mane törədir. Bu, əslində rəqabət deyil, digər sahibkarın hüququnu pozmaqdır. Bütün bu məsələlər tənzimlənməli və vahid qiymət müəyyən edilməlidir. Əgər belə olarsa, taksi şirkətləri də normal fəaliyyət göstərə biləcəklər”.

  • Təhsil naziri avtobus sürən direktora töhmət verdi

    Təhsil naziri Emin Əmrullayev məktəb direktoruna töhmət verib.

    Median.Az xəbər verir ki, bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Təhsil Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, “Müəllimlərin etik davranış Qaydaları”nı pozduğuna görə, Saatlı rayonu Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayevə Təhsil nazirinin müvafiq əmri ilə töhmət verilib.

    Qeyd edək ki, sözügedən şəxsin avtobus sürücüsü işləməsilə bağlı sosial şəbəkələrdə məlumat yayılmışdı.

  • İlham Əliyev Vyetnam Prezidentini təbrik etdi

    Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Nquyen Fu Çonqa məktub ünvanlayıb.

    Məktubda deyilir:

    “Vyetnam Sosialist Respublikasının müstəqilliyinin 75-ci ildönümü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

    Azərbaycan ilə Vyetnam arasındakı əlaqələr zəngin tarixə və xoş ənənələrə malikdir. Genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz, qarşılıqlı faydalı əməkdaşlığımız ikitərəfli münasibətlərimizin dinamik inkişafını şərtləndirən amillərdəndir.

    İnanıram ki, dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi bütün sahələrdə əməkdaşlığımızın daha da dərinləşdirilməsi üçün möhkəm zəmin olacaqdır.

    Bu xoş gündə Sizə cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Vyetnam xalqına daim firavanlıq və rifah diləyirəm”.

  • Bakıda kürəkəni tərəfindən qətlə yetirilən şəxs bir müddət əvvəl DİN-dən kömək istəyib

    Bakı sakini, 1967-ci il təvəllüdlü Xalıq Bağırovun qətlə yetirilməsinin təfərrüatı məlum olub.

    X.Bağırovun ailə üzvlərinin Report-a verdiyi məlumata görə, hadisədən üç ay əvvəl 1998-ci il təvəllüdlü Ayxan Hüseynəliyev öz həyat yoldaşını Sumqayıt şəhərində yandıraraq öldürmək istəyib.

    Bildirilib ki, həmin vaxt qadın hadisə yerindən qaçıb və itkin düşüb:

    “Sonra qız tapılıb ata evinə gətirildi. Biz də Ayxan Hüseynəliyevin əməlindən polisə məlumat verdik. Ayxanın atası Asif isə polisə müraciət etdiyimiz üçün bizi təhdid etməyə başladı.

    Həmçinin də Ayxan özü bizi təhdid edirdi. Onların təhdidlərindən sonra Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə müraciət etdik, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsində isə mərhum Xalid Bağırov izahat verib. Ayxan Hüseynəliyevin təhdidləri barədə müraciət edən zaman DİN-dən təhlükəsizliyimizin təmin olunmasını istədik. Bir qədər sonra bizə təhlükəsizliyimizin təmin olunacağı barədə məktub gəldi. Lakin ailənin təhlükəsizliyi təmin olunmadı”.

    Qeyd edilib ki, avqustun 31-i saat 10 radələrində Ayxan Hüseynəliyev Xalıq Bağırovu qətlə yetirib:

    “Ayxan həmişə zəng edib, bütün ailə üzvlərimizi öldürəcəyini bildirirdi. Hadisə günü də o, Binəqədi rayonu, Biləcəri qəsəbəsinə gəlib, evin yaxınlığında gözləyib. Ayxan Xalıq Bağırovun evdən çıxmasını gözləyib. Çünki onun məqsədi ailənin hamısını öldürmək olub. Xalıq Bağırovla Ayxan Hüseynəliyev qapının qarşısında üz-üzə gəlib. O, içəri girməyə çalışıb. Bu zaman Xalıq Bağırov onun qarşısını kəsib. Ayxan da onu bıçaqlayıb. Ayxan əvvəl qaynatasının boğazını kəsib, ümumilikdə isə 14 bıçaq zərbəsi vurub. Qonşunun hadisə yerinə gəldiyini görən Ayxan hadisə yerindən qaçıb”.

    Xatırladaq ki, rəsmi məlumata əsasən, hadisə avqustun 31-i saat 10 radələrində paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb. A.Hüseynəliyev qayınatası X.Bağırovu şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı çoxsaylı bıçaq xəsarətləri yetirərək öldürüb.

    Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    A.Hüseynəliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

    Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.