Month: October 2020

  • Hava şəraitinin dəyişəcəyi ilə bağlı XƏBƏRDARLIQ

    Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, oktyabrın 24-ü gün ərzində Bakı və Abşeron yarımadasında cənub-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-18 m/s, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.

    Oktyabrın 24-də Azərbaycanın rayonlarında, əsasən dağlıq və dağətəyi rayonlarda cənub-qərb küləyinin əsəcəyi, küləyin sürətinin arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir.

  • Xankəndində ermənilər Azərbaycan Prezidentinin çıxışını belə izləyir

    ABŞ-ın nüfuzlu informasiya agentliyi Xankəndi ermənilərinin Azərbaycan Prezidenti İlham Əliyevin çıxışını izləyərkən şəklini çəkib.

    “Report” xəbər verir ki, şəkil “Associated Press”in (AP) saytında dərc olunub.

    “Ermənilər Xankəndindəki bomba sığınacağında Azərbaycan Prezidenti İlham Əliyevin televiziyada çıxışını izləyirlər”, – şəklin təsvirində qeyd olunub.

  • MN: Ermənistanın İranın Azərbaycan mövqelərini artilleriya atəşinə tutması barədə yaydığı məlumat yalandır

    Ermənistan tərəfinin guya İranın hava məkanına Azərbaycan Ordusuna məxsus kamikadze-dronun daxil olmasından sonra bu ölkənin Azərbaycanın mövqelərini artilleriya atəşinə tutması barədə yaydığı məlumat yalandır və düşmənin növbəti dezinformasiyasıdır.

    Müdafiə Nazirliyindən “Report”a verilən məlumata görə, İran-Azərbaycan dövlət sərhədinin tam nəzarətimizə götürülməsindən təşvişə düşən Ermənistan tərəfi bu cür yalan xəbərlər yaymaqla iki ölkə arasında olan yüksək səviyyəli münasibətlərə xələl gətirməyə cəhd göstərir.

    Azərbaycan ilə İran arasında mövcud olan və dərin tarixi köklərə malik siyasi, iqtisadi, dini, mədəni və digər sahələrdə əməkdaşlığımız uğurla inkişaf edir.

    Beynəlxalq ictimaiyyət tərəfindən lazımi dəstək ala bilməyən Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan-İran münasibətlərinin uğurlu inkişafından da ciddi narahatlıq keçirdiyi üçün çıxış yolunu yalan və böhtan xarakterli məlumatların yayılmasında görür.

  • Döyüşdə qələbə olmadan diplomatiyada uğur olmur

    Sentyabrın 27-də işğalçı Ermənistan “yeni ərazilər uğrunda yeni müharibə” kimi hərbi doktrinasına uyğun olaraq ölkəmizə qarşı növbəti hərbi təcavüzə cəhd etdi. Ordumuz düşmənin hücumunu dəf edib əks-hücum əməliyyatına başladı.

    Ali Baş Komandan, Prezident İlham Əliyev hərbi əməliyyatların uğurları barədə 30 ilə yaxındır ki, xalqımızın arzusunda olduğu ən sevindirici, ən şad xəbərləri verir. İşğaldan azad edilən kənd və qəsəbələrimizin, şəhər və rayonlarımızın, strateji yüksəkliklərin adlarını açıqlayır. Cənab Prezident tarixi adları da bərpa edir: Suqovuşan, Çinarlı. Belə adlar hələ çox olacaq, bir çox tarixi həqiqətlər Prezidentimiz tərəfindən bərpa ediləcək. Düşmənin məhv edilən hərbi texnikasının və canlı qüvvəsinin miqyası, Ermənistan ordusunda yaşanan təlaş və fərarilik, avantürist Paşinyanın vurnuxmaları, gah KTMT-yə, gah da NATO-ya üz tutması, telefon zəngləri ilə vasitəçi dövlət başçılarının zəhləsini tökməsi, alçaldıcı yalvar-yaxarı bundan xəbər verir.

    Hərbi uğurlarımızla yanaşı, cəmiyyətimizi indiki vəziyyətdə maraqlandıran həm də həmsədr dövlətlərin rəsmi siyasi mövqeyi və bəyanatlarıdır. Fransa dövlət başçısının səsləndirdiyi “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik” ilk siyasi bəyanatı tərəfsiz vasitəçiliyə və beynəlxalq hüquqa zidd idi. Prezident İlham Əliyev bəyanata sərt etirazını bildirdi və üzrhaqlıq tələb etdi. Bu, həm də xalqımızın yekdil iradəsinin və gözləntisinin ifadəsi idi. Oktyabrın 18-də Fransanın ölkəmizdəki səfiri Zakari Qrossun “Twitter” hesabında etdiyi “Gərginlik dövrü bitdi, o səhifə bağlandı” məzmunlu paylaşımı cənab Prezidentin etirazına anlaşıqlı və ehtiramlı münasibət, cavab deməkdir. Səfir öz dövlətinin və dövlət başçısının səlahiyyətli sözçüsüdür.

    Hərbi məğlubiyyətlə üzləşən Paşinyanın ciddi-cəhdlə çalışdığı avantüralarından biri də üzv olduğu KTMT-ni, ilk növbədə Rusiyanı münaqişəyə öz tərəfində açıq hərbi iştiraka təhrik etmək idi. Mülki əhalimizin Ermənistan ərazisindən raket və artilleriya atəşinə məruz qoyulması da bu məqsədi güdürdü. Paşinyanın avantürası baş tutmadı. Çünki Ali Baş Komandanımızın tutduğu siyasi mövqe buna imkan vermədi. Elə bu səbəbdən, oktyabrın 7-də “Rossiya-1” telekanalına müsahibəsində Rusiya Prezidenti Vladimir Putinin Paşinyana cavabı belə oldu: “KTMT razılaşması çərçivəsində Ermənistan qarşısında müəyyən öhdəliklərimiz var.Döyüşlər bu günə qədər davam edir. Ancaq bunlar Ermənistan ərazisində aparılmır”.

    KTMT kimi hərbi blokun üzvü olan Ermənistan prezidenti Armen Sarkisyanın Brüsseldə,NATO qərargahında görüşlərindən sonra NATO-nun baş katibi Yens Stoltenberqin açıqlaması belə oldu ki, “Dağlıq Qarabağdakı döyüşlərdə tərəf deyilik”.

    Növbəti açıqlama oktyabrın 22-də həmsədrlərdən biri olan ABŞ-ın NATO-dakı səfiri Key Beyli Hatçisondan gəldi. Səfir münaqişənin “sərhədlər və suverenlik daxilində həll edilməli” olduğunu bəyan etdi.

    Elə həmin gün Rusiya Prezidenti Vladimir Putin də sükutu pozdu, “Valday” müzakirə klubunun iclasında çıxışı zamanı bildirdi ki, “Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz”. Rusiya dövlət başçısının Paşinyanın Türkiyə ilə bağlı təhlükəli avantürası və siyasi şantajına cavabı isə belə oldu: “Bu cür tərəfdaşla çalışmaq yalnız xoş deyil, eyni zamanda etibarlıdır”. Ermənistan-Azərbaycan münaqişəsini dünya birliyinə xristian və müsəlman savaşı kimi sırımağa çalışan erməni lobbisinə, Paşinyan kimi avantürist siyasətçilərə də Rusiya Prezidentinin cavabı ölkəiçi reallığın nəzərə alınması ilə şərtləndi. O, bildirdi ki, əhalisinin 15 faizi müsəlmanlardan ibarətdir. Cənab Vladimir Putinin münaqişənin etnik zəminlə bağlı olması bəyanatına gəldikdə isə, tarixi gerçəklik belədir ki, etnik qarşıdurma Qarabağdakı erməni separatizminin nəticəsidir. 1988-ci ildə başlayan bu separatçılığın məqsədi Dağlıq Qarabağın Azərbaycandan ayrılması və onun müstəqilliyinin tanıtdırılması ilə bağlı idi. Bu qanunsuz və təhlükəli, qan-qada vəd edən hərəkata rəvac verən isə Sovet İttifaqının o zamankı rəhbəri Mixail Qorbaçovdur. Qorbaçovu Azərbaycan xalqına qarşı xəyanətə təhrik edən həm də onun erməni kökənli köməkçiləri Aqanbekyan, Sitaryan və yaxın siyasi ətrafında olan başqa etnik ermənilər idi. Bu xəyanətin arxasında hələ də gizli qalan başqa tarixi gercəkliklər də var. Təəssüf ki, həmin tarixi gerçəkliklərin doğurduğu bir çox sualların cavabı hələ də açıq qalır. Gizli qalmayan isə odur ki, Dağlıq Qarabağda başlayan erməni separatizminin arxasında ”dənizdən-dənizə” kimi erməni xülyası dayanırdı. Etnik münaqişə səbəb yox, nəticə idi.

    Oktyabrın 19-da BMT Təhlükəsizlik Şurasında (TŞ) Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı TŞ-nin sədri adından hazırlanan və ölkəmizin maraqlarına zidd olan bəyanat layihəsinin geri götürülməsi də Prezident İlham Əliyevin sədrlik etdiyi Qoşulmama Hərakatına üzv dövlətlərin israrlı təkidi nəticəsində baş tutdu.

    Oktyabrın 23-də isə, Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Vaşinqtonda ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşü baş tutub. Xalqımız haqq edir ki, ABŞ rəsmilərinin bu görüşdən sonra verəcəkləri bəyanat tarixi ədalətə və beynəlxalq hüquqa xidmət etsin.

    Şübhəsiz ki, bütün bunlar nə qədər əhəmiyyətli olsa da, siyasi ritorikadır, böyük diplomatiyanın təzahürləridir. Arxasında dayanan əsl niyyətləri dərhal görməmək də mümkündür. Bununla belə, bəyan olunanlardan sonradan bütövlükdə imtina edilməsi də inandırıcı görünmür. Cəmiyyətimiz arzuladığı tarixi günləri yaşayır: bir tərəfdən Ordumuzun uğurlu hərbi əməliyyatları, işğaldan azad edilən ərazilərimiz, digər tərəfdən tarixi ədalətin bərpasına xidmət edə biləcək son siyasi bəyanatların doğurduğu ümidlər.

    Müasir müstəqil dövlətçilik tariximizdə dəyər verib unutmalı olmadığımız həqiqət isə budur ki, bütün bunların arxasında xalqımızın tarixi ədalətə olan inamı, bu inamın gerçəkləşməsi üçün Prezident İlham Əliyevin ortaya qoyduğu qətiyyətli siyasi iradə və bu illər ərzində güclü ordu quruculuğuna sərf edilən gözəgörünməz zəhmət dayanır. Buna ən haqlı və dəqiq qiyməti Birinci vitse-prezident Mehriban xanım Əliyeva Trend informasiya agentliyinə müsahibəsində verib: “Mübaliğəsiz demək olar ki, bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır. Bizim birgə qələbələrimizin tarixini!”.

    Prezident İlham Əliyevin bugünlərdə verdiyi iki bəyanatın həm müasir tariximiz, həm də gələcək nəsillər üçün əhəmiyyəti xüsusilə önəmlidir. Onlardan biri dövlət başçımızın “RİA Novosti”yə müsahibəsində dediyi bu fikirdir: “Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə heç bir şərtlə razılıq verməyəcək”. İkincisi isə, cənab Prezidentin Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində açıq şəkildə bildirdiyi bu bəyanatdır: “Dağlıq Qarabağda heç bir referendum olmayacaq. Biz bununla heç vaxt razılaşmayacağıq”.

    Bu tarixi bəyanatlar 30 il boyunca Ermənistanın davam etdirdiyi status-kvo vəziyyətinin darmadağın edilməsi deməkdir. Bu, həm də ordu quruculuğu və diplomatiya sahəsində Azərbaycan dövlətinin əldə etdiyi uğurların vəhdətinin bəhrəsidir. Bütün bunlar yalnız ona xidmət edir ki, tarixi ədalət və beynəlxalq hüququn tələbi sonadak bərpa olunsun: Azərbaycan əsgəri Azərbaycan bayrağını yenidən Şuşada və Xanın kəndində ucaldıb dalğalandırsın. Bu günə artıq çox az qalıb.

    Müasir dünyamızda, təəssüf ki, döyüşdə qələbə olmadan, diplomatiya sahəsində qələbə olmur. Reallıq budur.

    Allah Prezidentimizə, Ordumuza, Xalqımıza yar olsun, Azərbaycana xidmət edənləri və onu sevənləri qorusun!

    Milli Məclisin deputatı

  • Xankəndində ermənilər Azərbaycan Prezidentinin çıxışını belə izləyir

    ABŞ-ın nüfuzlu informasiya agentliyi Xankəndi ermənilərinin Azərbaycan Prezidenti İlham Əliyevin çıxışını izləyərkən şəklini çəkib.

    “Report” xəbər verir ki, şəkil “Associated Press”in (AP) saytında dərc olunub.

    “Ermənilər Xankəndindəki bomba sığınacağında Azərbaycan Prezidenti İlham Əliyevin televiziyada çıxışını izləyirlər”, – şəklin təsvirində qeyd olunub.

  • Ermənistan İranın Azərbaycan mövqelərini artilleriya atəşinə tutması barədə yaydığı məlumat yalandır – RƏSMİ

    Ermənistan tərəfinin guya İranın hava məkanına Azərbaycan Ordusuna məxsus kamikadze-dronun daxil olmasından sonra bu ölkənin Azərbaycanın mövqelərini artilleriya atəşinə tutması barədə yaydığı məlumat yalandır və düşmənin növbəti dezinformasiyasıdır.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, İran-Azərbaycan dövlət sərhədinin tam nəzarətimizə götürülməsindən təşvişə düşən Ermənistan tərəfi bu cür yalan xəbərlər yaymaqla iki ölkə arasında olan yüksək səviyyəli münasibətlərə xələl gətirməyə cəhd göstərir.

    Azərbaycan ilə İran arasında mövcud olan və dərin tarixi köklərə malik siyasi, iqtisadi, dini, mədəni və digər sahələrdə əməkdaşlığımız uğurla inkişaf edir.

    Beynəlxalq ictimaiyyət tərəfindən lazımi dəstək ala bilməyən Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan-İran münasibətlərinin uğurlu inkişafından da ciddi narahatlıq keçirdiyi üçün çıxış yolunu yalan və böhtan xarakterli məlumatların yayılmasında görür.

  • XİN Ceyhun Bayramovun ABŞ Dövlət katibi ilə görüşünə dair məlumat yaydı

    ABŞ-a işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşüb.

    Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, nazir Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsində son vəziyyətlə bağlı müzakirə aparıb, Ermənistan tərəfinin destruktriv siyasəti, Azərbaycanlı dinc əhalinin məqsədyönlü şəkildə atəşə tutulması, xaricdən muzdluların və terrorçuların kütləvi cəlb olunması və sair məsələlər barədə ətraflı məlumat verib.

    Nazir Ceyhun Bayramov vurğulayıb ki, Azərbaycanın haqlı mövqeyi BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinə və digər beynəlxalq təşkilatların müvafiq sənədlərinə əsaslanır.

    Söhbət zamanı, həmçinin Azərbaycan-ABŞ ikitərəfli əlaqələrinə dair məsələlər üzrə fikir mübadiləsi aparılıb.

  • Litvalı jurnalist: “Ermənistan mülki obyektlərin içərisində raket qurğuları yerləşdirib”

    Məşhur “delfi.ru” saytının litvalı fotojurnalisti Vidmantas Balkunas Dağlıq Qarabağ münaqişə zonasından hazırladığı reportajlar silsiləsində Ermənistanın bir sıra yalanlarını ifşa edib.

    Trend-in məlumatına görə, jurnalist Xankəndidə və Şuşada yaşayış yerlərində, eləcə də digər mülki obyektlərin içərisində və ya yaxınlığında raket qurğularının yerləşdirildiyini yazıb.

    Jurnalist bildirib ki, Xankəndidə çoxmənzilli binaların birinin zirzəmisində dinc sakinlərin sığındığı vaxtda, digər bölmədə hərbi formalı şəxslər danışıqlar aparır. Həmçinin, yaşayış bölgələrində raket qurğuları gizlədilib:

    “Belə olan halda oyunun bütün qaydalarını qəbul etmək lazımdır. Əgər sizin raket qurğularınız şəhər parkında yerləşirsə və düşmən atəşi ilə məhv edilirsə, o zaman dinc sakinlər həlak olur deyə şikayət etmək lazım deyil. Ya da Şuşada hərbi sursatların gizlədildiyi mədəniyyət evinə zərbə endirdiyi üçün düşməni necə ittiham etmək olar? Şəhərkənarı qəsəbədə S-300 qurğusunun yerləşdirilməsini necə izah etmək olar?”

  • Ceyhun Bayramov Azərbaycanın ABŞ-dakı səfirliyini ziyarət edib


    Xarici İşlər naziri Ceyhun Bayramov ABŞ-a səfəri çərçivəsində Azərbaycanın Vaşinqtondakı səfirliyini ziyarət edib.

    “Report”un xüsusi müxbiri xəbər verir, naziri Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov qarşılayıb.

    C.Bayramov səfirliyin inzibati binasında ucaldılmış ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub.

  • Müdafiə Nazirliyi: “Düşmənin vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdləri iflasa uğrayıb”

    Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bu gün keçirilər brifinqdə ötən sutka ərzində cəbhədə baş verənləri şərh edib:

    “Düşmənin vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdləri iflasa uğrayıb”.

    Prezident İlham Əliyevin ”Tvitter” səhifəsində yazdığı kimi, daha 13 kəndin işğaldan azad olunduğunu bildirən A.Eyvazov deyib ki, hazırda bütün istiqamətlərdə döyüşlər davam edir:

    “Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir. Qələbə bizimlədir!”.