Month: November 2020

  • Cəbhəyanı ərazilərdə onlarla tank və piyada əleyhinə mina, bombacıqlar aşkarlandı – FOTO

    Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

    ANAMA-dan verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

    Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

    Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

  • İstisu çeşməsinin mənbələrindən hər il 3 milyard 963 milyon litr su çıxır

    Bəzi mənbələrdə Kəlbəcəri “çay üstündə qala” adlandırırlar və bu, onun ölkəmizdə ən yüksək dağ rayonlarından biri olması ilə əlaqədardır. Rayonun yerləşdiyi ərazidə çoxlu şəfalı bulaqlar var. Onlardan biri də füsunkar görkəmi və faydası ilə dünyanın ən faydalı müalicə mərkəzinə çevrilən İstisu bulağıdır. İstisu bulağı zəlzələ nəticəsində yaranıb və çox böyük şəfa ocağı sayılır.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, İstisu bulağından çıxan suyun tərkibində orqanizm üçün çox faydalı olan elektrolitlər və minerallar sayılan litium, sink, maqnezium var. Bu suyun müalicəvi əhəmiyyətini artıran onun temperaturunun 58 dərəcəyə qədər və hər litrində 7 qrama qədər digər lazımlı minerallar və elektrolitlərlə zəngin olmasıdır. İstisu mənbələrindən hər il çıxan 3 milyard 963 milyon litr suyun yalnız 2 milyon litrindən istifadə olunur və qalan hissəsi çaylara axır.

    Bir çox xəstəliklərin müalicəsində mühüm rol oynayan İstisu 12 çeşmədən ibarətdir. Maqnezium tərkibinə görə dünyanın ən məşhur su mənbələrindən olan Sloveniyada Roqaşka, Çexiyada Karlovı Varı və Rusiyada Mineralnıye Vodı ərazisində olan mineral sularla müqayisə etmək olar və tərkibinə görə daha zəngindir.

  • İranın XİN başçısı Ceyhun Bayramovu Kəlbəcərin işğaldan azad olunması münasibətilə təbrik edib

    Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xarici işləri naziri Məhəmməd Cavad Zərif arasında videokonfrans formatında görüş keçirilib.

    Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov qarşı tərəfi salamlayaraq, ölkəmizin İranla faydalı əməkdaşlığını məmnunluqla qeyd edib. Nazir bu görüşün Azərbaycan Ordusunun bölmələrinin Kəlbəcərə daxil olduğu əlamətdar bir gündə keçirildiyini vurğulayıb. O, Azərbaycan tarixinin xüsusi dövründə ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə verdiyi dəstəyə və səsləndirilən bəyanatlara görə İran tərəfinə təşəkkürünü ifadə edib.

    Ceyhun Bayramov Azərbaycan-İran sərhədinin tam bərpa edildiyini həmsöhbətinin diqqətinə çatdırıb. Nazir Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad olunmasının qonşu və dost İran İslam Respublikası ilə daha da geniş əməkdaşlıq üçün yeni fürsətlər və perspektivlər yaratdığını bildirib.

    İran xarici işləri naziri Məhəmməd Cavad Zərif işğal altında olan ərazilərimizin azad edilməsi, eləcə də bu gün Azərbaycan Ordusunun bölmələrinin Kəlbəcərə daxil olması münasibəti ilə öz təbriklərini çatdırıb. Nazir münaqişənin həlli ilə bağlı irəliləyişin əldə edilməsi üçün yardımçı olmağa ölkəsinin hər zaman hazır olduğunu qeyd edib.

    Tərəflər əməkdaşlığın Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyası çərçivəsində davam etdirməsinin vacibliyini vurğulayıblar. Həmçinin Azərbaycan və İran arasında ikitərəfli qaydada olduğu kimi, çoxtərəfli regional formatlarda da əməkdaşlığın davam etdirməyin zəruruliyini qeyd ediblər.

    Görüşdə nazirlər Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi, Araz çayı üzərində bir sıra birgə layihələr və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

  • Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb

    Yeni Zelandiyada özlərini sahilə atan 100-dən çox qara delfin və afalin delfini tələf olub.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, insident Yeni Zelandiyanın 680 kilometr cənub-şərqində yerləşən Çatem arxipelaqında qeydə alınıb.

    Hadisə yerinə gələn reyncerlər 97 qara delfinin və 3 afalin delfininin ölüsünü aşkarlayıblar. Daha 26 delfin sağ tapılıb. Lakin onlar uzun müddət quruda qaldığı və dənizə dönə bilmədiyi üçün iynə vurularaq yatızdırılıb.

    Qeyd edək ki, 2018-ci ilin sentyabr ayında Çatem arxipelaqı sahillərində qara delfinlərin kütləvi intiharı qeydə alınmışdı. Noyabrın 30-da 50-dən çox delfin özünü sahilə atmış, bir həftə öncə isə Yeni Zelandiyanın cənubunda yerləşən Stüart adasında 150 heyvanın analoji ölümü baş vermişdi.

  • Ukraynaya texniki məğlubiyyət verildi: Komanda B divizionuna düşdü

    UEFA Millətlər Liqasında Ukrayna və İsveçrə milli komandaları arasında Ukraynanın heyətində koronavirusa yoluxma səbəbindən baş tutmayan oyunun nəticəsinə dair qərarını açıqlayıb.

    Bu barədə Sports.ru məlumat yayıb.

    Qarşılaşma noyabrın 17-də keçirilməli idi, ancaq ləğv edilib. UEFA qarşılaşmanın keçirilməməsində komandanın özünün məsuliyyət daşıması səbəbilə Ukrayna millisinə 0:3 hesabı ilə texniki məğlubiyyət verib.

    Beləliklə, İsveçrə A4 qrupunda 6 xal toplayıb və turnirin yüksək divizionunda yerini qoruyub saxlayıb. Ukrayna isə B qrupuna geriləyib. Lakin ölkənin futbol federasiyası UEFA-dan CAS-a şikayət edə bilər.

  • Biləsuvarın icra başçısına yeni müavin təyin edilib

    Biləsuvar Rayon İcra Hakimiyyətində yeni müavin təyinatı olub.

    “Report”un Muğan bürosunun məlumatına görə, bununla bağlı müvafiq sərəncam imzalanıb. Sərəncamla bu vəzifəyə Vəlahəddin Yusif oğlu Yunsurov təyin olunub. O, icra hakimiyyətinin başçısının müavini – Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsini icra edəcək.

    V. Yunsurov bu vəzifəyə qədər 4 saylı Ərazi Vergilər İdarəsində Mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsinin rəisi vəzifəsində çalışıb.

  • Şuşa həbsxanasının indiki vəziyyəti – VİDEO

    Şuşa həbsxanasının görüntüləri yayılıb.

    Sosial şəbəkələrdə paylaşılan görüntülərdə hərbçilərimizin həbsxananın kameralarının qapılarını açdığı, oradakı dağınıqlıq yer alıb.

    Həmin görüntüləri təqdim edirik:

  • ABŞ İrana dəstəyə görə Rusiya və Çinə sanksiya tətbiq edəcək

    ABŞ Rusiya və Çinin dörd təşkilatına qarşı İranın nüvə proqramına yardımı ittihamı ilə sanksiya tətbiq edəcək.

    Bu barədə “Reuters” məlumat yayıb.

    ABŞ-ın İran və Venesuela üzrə xüsusi nümayəndəsi Eliot Abramsın sözlərinə görə, sanksiyalarla bağlı müvafiq qərar noyabrın 25-də qəbul ediləcək. E.Abrams qeyd edib ki, Vaşinqton İrana təzyiq göstərməyə davam edəcək.

    E.Abrams həmçinin dekabr və yanvar aylarında Tehrana qarşı sanksiyaların genişləndiriləcəyini bildirib.

  • XİN: Senatın qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur

    Öncə qeyd etmək istərdik ki, Fransa Senatında qəbul edilmiş “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnamə təklifi bir qrup qatı ermənipərəst senator tərəfindən irəli sürülüb. Azərbaycan Respublikasının Fransadakı Səfiri qətnamənin səsverməsindən bir gün öncə Senatın dinləmə proseduralarına uyğun olaraq Senat üzvləri qarşısında çıxış edib və qətnamə təklifi ilə bağlı, burada əks olunan birtərəfli və həqiqətə uyğun olmayan məqamlarla bağlı ətraflı məlumat təqdim edib. Buna rəğmən Senat tərəfindən tamamilə qərəzli qətnamənin qəbul edilməsi, yalnız təxribat kimi qiymətləndirilə bilər. Görünür, Fransa erməniləri münaqişə mövzusundan seçki məqsədləri üçün geniş şəkildə istifadə edirlər.

    Bu fikirlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin şərhində yer alıb.

    Vurğulamaq istərdik ki, Senatın qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur. Lakin qətnamənin siyasi məna kəsb etdiyini nəzərə alaraq, vasitəçi mandatı daşıyan bir ölkənin belə bir qətnamə ilə çıxış etməsi ölkənin bitərəfliliyini ciddi şübhə altına alır. Bu, həmçinin Azərbaycan ictimaiyyətində Fransanın ədalətli vasitəçi nüfuzuna xələl gətirir.

    Əlbəttə, onun da qeyd etməliyik ki, Fransa Respublikasının münaqişənin həlli ilə bağlı rəsmi mövqeyi dövlətin yüksək səviyyəli rəsmiləri, o cümlədən ölkə Prezidenti və xarici işlər naziri tərəfindən səsləndirilib. Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu mövqe istər ikitərəfli çərçivədə, istərsə də Avropa İttifaqı ilə imzalanan sənədlərdə öz əksini tapıb. Fransanın Avropa və Xarici İşlər üzrə Nazirliyinin Senatda keçirilən müzakirələrdə çıxış edən dövlət katibi də rəsmi mövqeyi çıxışında ifadə etdi.

    Fransa Senatının qərəzli qətnamələr qəbul etmək əvəzinə bölgədə sülh, sabitlik və tərəqqiyə xidmət edən fəaliyyətlə məşğul olması həm Fransanın maraqlarına cavab verər, həm də bölgənin dayanıqlı inkişafına yardımçı olardı.

  • Ümumtəhsil məktəbi ibtidai, ümumi orta və tam orta məktəb formasında ayrı-ayrılıqda da təşkil oluna bilər

    Azərbaycan Respublikasında ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

    Bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən “Təhsil haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

    Qanuna əsasən, Ümumtəhsil məktəbi ibtidai, ümumi orta və tam orta məktəb formasında ayrı-ayrılıqda da təşkil oluna bilər.

    Həmçinin, qanunda göstərilib ki, İbtidai təhsilin məqsədi təhsilalanlara oxu, yazı və hesablama bacarıqları, vətənpərvərlik və Azərbaycan xalqının dəyərlərinə, dövlət rəmzlərinə hörmət hissi aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin biliklər, şəxsiyyətin formalaşdırılmasına yönəlmiş həyati bacarıqlar, sadə əmək vərdişləri, məntiqi təfəkkür elementləri, bədii-estetik keyfiyyətlər və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir.

    Eyni zamanda, ümumi orta təhsilin məqsədi təhsilalanlarda nitq, yazı və ünsiyyət mədəniyyətinin, sağlam həyat tərzinin formalaşdırılmasını, onların dövlətə və dövlətçiliyə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasını, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmasını, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, müvafiq təhsil proqramı üzrə əldə etdiyi bilikləri tətbiq etmək, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək, cəmiyyətdə baş verən hadisələri dəyərləndirmək, öz gələcək həyat yolunu və fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, müstəqil öyrənmə və qərar qəbuletmə bacarığını, peşə seçiminə və əmək fəaliyyətinə hazırlığını təmin etməkdən ibarətdir.