Month: November 2020

  • Erməni general istefa verib

    Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin rəisi, general-polkovnik Movses Akopyan istefa ərizəsi yazıb.

    Bu barədə “Sputnik” Ermənistan məlumat yayıb.

    M. Akopyan mətbuata açıqlamasında istefa ərizəsini yazdığını təsdiqləyib, amma bunun səbəbləri barədə danışmaq istəmədiyini bildirib.

    Qeyd edək ki, M. Akopyan 2007-2015-ci illərdə separatçı quldur rejimin işğalçı qüvvələrinə başçılıq edib.

  • Dövlət büdcəsinin gəlir və xərcləri artıb

    2020-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artıb.

    Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, müvafiq dövrdə dövlət büdcəsinin gəlirləri 18 milyard 54,1 milyon manat olub.

    Dövlət büdcəsinin xərcləri isə 11,7 faiz artıb və 18 milyard 642,1 milyon manata çatıb. Büdcənin icrasında yaranmış 588 milyon manatlıq kəsir ümumi daxili məhsulun 1,1 faizinə bərabər olub.

    Daxilolmaların 20,2 faizi əlavə dəyər vergisi, 10,7 faizi hüquqi şəxslərin gəlir vergisi, 4,7 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 4,5 faizi fiziki şəxslərin gəlir vergisi, 3,7 faizi aksizlər, 1,3 faizi sadələşdirilmiş vergi, 1,8 faizi vergilərin digər növləri, 53 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

    Büdcə vəsaitlərinin 18,41 faizi iqtisadi fəaliyyətin, 16,3 faizi təhsil və səhiyyənin, 15 faizi ümumi dövlət xidmətlərinin, 14,7 faizi müdafiə və milli təhlükəsizliyin, 13,8 faizi sosial müdafiə və sosial təminatın, 21,7 faizi isə digər sahələrin maliyyələşməsinə xərclənib.

  • Zəngilan və Kəlbəcərdəki qızıl mədənlərində qazıntılarla bağlı müqavilələr imzalanıb

    Zəngilandakı Vejnəli və Kəlbəcərdəki Zod qızıl mədənlərində qazıntı işlərinin aparılması ilə bağlı artıq müqavilələrimiz mövcuddur.

    Bu sözləri Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı ilə keçirilən “Müharibədən sonra Qarabağın iqtisadiyyatı” adlı müzakirələr çərçivəsində millət vəkili Tahir Mirkişili deyib.

    O bildirib ki, artıq yeraltı qazıntların, faydalı filiz və ya qara metallurgiyanın istifadəsi ilə bağlı müqavilələrimiz var:

    “Həmin müqavilələr bağlandığı zaman torpaqlar işğal altında olsa da “AzerGold” QSC-nin xarici şirkətlə birgə təsis etdiyi konsorsium həmin ərazilərdə qazıntı işlərinin aparılması nəzərdə tutur. Bu ərazilər minalardan tamamilə təmizləndikdən sonra dərhal qazıntı işlərinə başlamağa hazırdırlar”.

  • Badamdarda qaz təchizatında problem yaranıb? – AÇIQLAMA

    Badamdar sahəsində qeydə alınan sürüşmə zamanı ərazidən keçən qaz kəməri deformasiyaya uğrasada, ərazi üzrə qaz təchizatında heç bir problem olmayıb.

    Bu sözləri Oxu.Az-a açıqlamasında “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov deyib.

    O bildirib ki, bu gün Səbail rayonu, Badamdar sahəsində baş verən sürüşmə nəticəsində yaranan problem aradan qaldırılıb:

    “Ərazidə qeydə alınan sürüşmə nəticəsində qaz kəməri deformasiyaya uğramışdı. Bununla bağlı yaranan problem aradan qaldırılıb. Ərazi üzrə qaz təchizatında heç bir fasilə olmayıb”.

  • Bakıda istiliyin verilməsi problemi ilə bağlı RƏSMİ AÇIQLAMA

    “Bakı şəhəri üzrə istiliyin verilməsi ilə bağlı məsələ öz həllini tapıb”.

    Bunu Oxu.Az-a açıqlamasında “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib.

    Onun sözlərinə görə, artıq qaz təchizatı ilə bağlı bütün məsələlər öz həllini tapıb:

    “Bildiyiniz kimi, noyabrın 15-də ölkə üzrə istilik mövsümü başlayıb. 160 qazanxana işləyirdi, digər qazanxanalarla bağlı bəzi məsələlər vardı. Bu gün günortadan sonra işləməyən qazanxanaların işə salınmasına başlanılıb”.

    Qeyd edək ki, Bakı üzrə bəzi ərazilərdə əhaliyə istiliyin verilməsində problem yaşanmışdı.

  • Şefik Caferoviç İlham Əliyevə zəng etdi

    Noyabrın 18-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

    Şefik Caferoviç Azərbaycanın Dağlıq Qarabağ bölgəsində sülhün bərpa edilməsi ilə bağlı bəyanatın imzalanmasını alqışlayıb.

    O qeyd edib ki, əxlaq, ədalət və beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanan bu bəyanatın imzalanması bütün regiona sabitlik gətirəcək və yeni perspektivlər açacaqdır. Şefik Caferoviç Bosniya və Herseqovinanın Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyən mövqeyini və bununla əlaqədar ölkəsinin Parlament Assambleyasının müvafiq qətnamə qəbul etdiyini də dövlətimizin başçısının diqqətinə çatdırıb.

    Telefon söhbəti zamanı Prezident İlham Əliyev imzalanmış bəyanatın bütün təfərrüatları və onun yerinə yetirilməsi, eləcə də bölgədə hazırkı vəziyyət barədə Şefik Caferoviçə məlumat verib. Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviçin, Bosniya və Herseqovinanın Azərbaycanın ərazi bütövlüyünə dəstək məsələsi ilə bağlı prinsipial mövqeyini yüksək qiymətləndirib.

    Telefon söhbəti zamanı iki ölkə arasında yüksək səviyyədə dostluq münasibətlərinin mövcudluğu qeyd edilib, iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük imkanların olduğu bildirilib.

    Eyni zamanda, tərəflər koronavirus pandemiyası ilə bağlı vəziyyət imkan verdiyi zaman ən yüksək səviyyədə qarşılıqlı rəsmi səfərlərin həyata keçirilməsi barədə razılığa gəliblər.

  • XİN-dən Putinin Qarabağ barədə müsahibəsi ilə bağlı AÇIQLAMA

    “Azərbaycan Rusiya tərəfinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün göstərdiyi səyləri yüksək qiymətləndirir. Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və ATƏT-in Minsk qrupunun üç həmsədr dövləti arasından bölgəmizə birbaşa həmsərhəd olan və onunla çoxillik tarixi əlaqələri olan yeganə ölkədir. Bu, Rusiyanın Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin və sülhün möhkəmləndirilməsində birbaşa marağını izah edir”.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin dünən Rusiya Federasiyası Prezidentinin verdiyi müsahibə ilə əlaqədar KİV-in sualına cavab olaraq bildirilib.

    Qeyd edilib ki, müsahibədə, Rusiya dövləti başçısının vasitəçiliyi ilə bu il 9 noyabr tarixli razılaşmanın əldə olunmasında oynadığı mühüm rol haqqında kifayət qədər ətraflı məlumat verilib. Rusiya Prezidentinin şəxsi rolu, bu il 9 noyabr tarixli üçtərəfli bəyanatı altındakı imzası onun sülh prosesinə son dərəcə əhəmiyyətli töhfəsini və bu prosesin geri dönməzliyinə bir zəmanətdir.

    Rusiya dövlətinin Prezidentinin üçtərəfli bəyanatın mühüm bir nailiyyəti kimi qan tökülməsinin dayandırılması olduğuna dair qiymətləndirməsini tamamilə bölüşürük. Azərbaycan tərəfi müharibənin ilk dəqiqələrindən bəri beynəlxalq birliyin atəşkəs çağırışlarını həmişə və tamamilə dəstəkləyib.

    Rusiya dövləti Prezidenti öz müsahibəsində həll prosesi tarixinə də toxunub.

    Rusiya Prezidentinin beynəlxalq hüquq nöqteyi-nəzərindən həm Dağlıq Qarabağın, həm də onun ətrafında olan bütün bölgələrin Azərbaycan ərazisinin ayrılmaz hissəsi olduğu barədə sözlər xüsusi əhəmiyyət kəsb edir. Rusiyanın bu mövqeyi BMT Təhlükəsizlik Şurasının qətnamələri, ATƏT-in və digər beynəlxalq təşkilatların qərarlarının möhkəm təməlinə söykənir.

    Rusiya Prezidentinin verdiyi müsahibədə səsləndirilən ölkəmizin işğal olunmuş ərazilərinin Ermənistanın nəzarəti altında olması barədə açıqlaması son dərəcə mühüm xarakter daşıyır. Bu açıqlama erməni tərəfinin dünya ictimaiyyətini aldatmaqla Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın yaratdığı qanunsuz rejimini ön plana gətirmək cəhdlərinin tamamilə uğursuz olduğunu təsdiq edir.

    Eyni şəkildə, Ermənistan rəhbərliyinin münaqişə çərçivəsinin genişləndirilməsi və münaqişəyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını cəlb etmək cəhdləri əsassız oldu. Rusiya Prezidenti müsahibəsində bir daha açıq və aydın şəkildə heç kimin Ermənistan ərazisinə təcavüz etmədiyini bəyan etdi.

    Beləliklə, bütün döyüş əməliyyatlarının 1990-cı illərdə Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuş yalnız ölkəmizin ərazisində baş verdiyi barədə Azərbaycanın mövqeyi təsdiqləndi.

    Xüsusilə qeyd olunmalıdır ki, Rusiya Prezidenti Ermənistan tərəfinin cari ilin 9 noyabr tarixli razılaşmaların şərtlərinin yerinə yetirməkdən ehtimal edilən imtinanı “böyük səhv” və hətta “intihar” kimi xarakterizə etdi.

    Bu qiymətləndirməyə tamamilə şərik oluruq. Rusiya Prezidentinin müdrikcəsinə qeyd etdiyi kimi, Rusiyanın fəal dəstəyi ilə əldə olunan üçtərəfli bəyanat münasibətlərinin uzun müddətə normallaşdırılması üçün yaxşı zəmin yaradır”.

  • Qlobal xəbər kanalı “Azerspace-1” peykində yayıma başlayıb

    Türkiyənin beynəlxalq xəbər yayımında aparıcı xəbər kanallarından olan “TRT World” kanalı “Azerspace-1” peykində də yayıma başlayıb.

    Azərkosmosdan Oxu.Az-a verilən məlumata əsasən, ingilis dilli xəbər kanalı “Azerspace-1” peyki üzərindən 11095/H/30000 tezliyi ilə yayımlanmağa başlayır.

    “Azerspace” kommersiya qrupunun rəhbəri Yolçu Həsənov qeyd edib ki, son aylar ərzində “TRT World” kanalı ilə birgə iş təcrübəsi gələcək əməkdaşlığın təməlini qoyub.

    Bununla yanaşı, əməkdaşlığın potensial yeni müştərilərin cəlb edilməsinə və xidmət coğrafiyasının daha da genişləndirilməsinə imkan yaratdığı vurğulanıb.

  • Azərbaycanda yol qəzasında ölənlərin sayı açıqlandı

    2020-ci ilin yanvar-sentyabr aylarında ölkədə 1145 və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə, 10,1 faiz az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 12,0 faiz azalaraq, 1527 nəfər olub.

    Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

    Onlardan 504-ü həlak olub, 1023-ü isə yaralanıb. Hadisələrin 41,7 faizi gündüz, 38,3 faizi gecə, 20,0 faizi isə toran vaxtı baş verib, 29,8 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

    Yol-nəqliyyat hadisələrinin 89,3 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində ötən ilin müvafiq dövrünə nisbətən həlak olanların sayı 1,5 faiz azalaraq, 393 nəfər, yaralananların sayı 16,2 faiz azalaraq 951 nəfər olub.

    Bütün yol-nəqliyyat hadisələrinin 41,6 faizi nəqliyyat vasitələrinin və piyadaların, 34,1 faizi bir neçə nəqliyyat vasitəsinin, 24,3 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

    Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 81,3 faizini, yaralananların isə 75,3 faizini kişilər təşkil edib.

    Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 17 hadisə baş verib, nəticədə, 10 nəfər həlak olub, 14 nəfər yaralanıb. Hadisələrin 82,4 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

  • Paşinyan məğlubiyyətin məsuliyyətini üzərində olduğunu bildirib

    Ermənistan Baş naziri Nikol Paşinyan yaxın zamanda görüləcək işlərlə bağlı 15 maddəlik “yol xəritəsi” təqdim edib və hökumətin tərkibində dəyişikliklərə təşəbbüs göstərəcəyini bildirib.

    TASS-ın məlumatına görə, bu barədə o, özünün “Facebook” səhifəsində xəbər verib.

    Çıxışında mövcud acınacaqlı vəziyyətə görə məsuliyyətin öz üzərində olduğunu qeyd edən Paşinyan, istefası barədə söz açmayıb.