Month: December 2020

  • Azərbaycanda son sutkada koronavirusa 772 nəfər yoluxub, 39 nəfər vəfat edib – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 772 yeni yoluxma faktı qeydə alınıb, 3048 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 39 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 215 483 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 172 019 nəfər müalicə olunaraq sağalıb, 2 538 nəfər vəfat edib, aktiv xəstə sayı 40 926 nəfərdir.

  • Vətən müharibəsi şəhidlərinin ipoteka krediti üzrə öhdəlikləri tam bağlandı

    Vətən müharibəsi şəhidlərinin ipoteka krediti üzrə öhdəlikləri tam olaraq bağlanılıb.

    İpoteka və Kredit Zəmanət Fondundan verilən məlumatda bildirilir ki, Vətən müharibəsində Ermənistana məxsus hərbi qüvvələrin yaşayış məntəqələrimizi və hərbi mövqelərimizi atəşə tutması nəticəsində mülki şəxslər və hərbi qulluqçular arasında ölən və yaralananlar olub. Şəhid olanlar arasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka krediti alan vətəndaşlarımızın da adları var.

    Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təqdim etdiyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısına əsasən, 68 şəhidin qalıq məbləği 3,3 milyon manat olan 70 ipoteka krediti üzrə öhdəliyi olub.

    “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq, həmin kreditlər borcalanın ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından həyat sığortası şirkətləri tərəfindən sığortalanıb. Həmin kreditlərin hamısı üzrə kredit öhdəlikləri müvafiq sığortaçılar tərəfindən tam olaraq bağlanılıb.

  • Bakıda karantin postları: İtirilən vaxt can alır

    Pandemiyanın dünyanı cənginə aldığı dövrdə yaranmış vəziyyət özü ilə bərabər, ölkəmizdə digər problemlərin də yaranmasına səbəb olub.

    Əgər yayda ekspertlər ikinci dalğanın olacağı barədə xəbərdarlıq edir, insanlara virusdan qorunmaq üçün qoruyucu maska və sosial məsafəyə əməl etməyi məsləhət görürdülərsə, indi qorxulu vəziyyətlə üz-üzəyik.

    Vətəndaş məsuliyətsizliyi, digər səbəblərdən yoluxma sayının artımı təcili tibbi yardım işçilərinin, həkimlərin işi və məsuliyyətini daha da artırır və çətinləşdirir.

    Ölkə üzrə xüsusi karantin rejimi elan olunduqdan sonra şəhərin müəyyən yerlərində postlar quruldu. İnsanlar evi SMS icazə ilə tərk edirlər. Nəqliyyat vasitələri ilə hərəkət edən vətəndaşların polis əməkdaşları tərəfindən sənədlərinin yoxlanışdan keçirilməsi tıxacların yaranmasına gətirib çıxarır.

    Nəticədə, insanların SMS icazə ilə əldə etdiyi üç saatın da çoxu da tıxaclarda keçir və gedəcəkləri işləri həll edə bilmirlər.

    Postlarda maşınların gözləməsi, tıxacların yaranması, itirilən vaxt təcili tibbi yardım maşını ilə aparılan xəstənin həyatı üçün olduqca qiymətlidir. Yollarda bu cür tıxacların olması insanların həm əsəblərini, həm də canlarını alır, desək, yanılmarıq.

    Həmçinin, yollarda yaranan sıxlıq nəticəsində bütün müntəzəm və ekspress xətt avtobuslarının hərəkət intervalında gecikmələr yaranır.

  • Bakıda karantin postlarının yaratdığı tıxac – VİDEO

    Bakıda “Koroğlu” metrostansiyası yaxınlığında qurulan postlar tıxaca səbəb olub.

    Baku TV xəbər verir ki, yoxlanış postları maşınların hərəkətinə mane yaradıb.

    Tıxac operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin də hərəkətinə çətinliklər yaradıb.

    Ətraflı süjeti təqdim edirik:

  • Azərbaycanda xarici valyutalara maraq səviyyəsi: Dollar yenə zirvədədir

    2020-ci ilin yanvar-noyabr aylarının sonuna olan xarici valyutada nağd mübadilə əməliyyatlarının həcmi açıqlanıb.

    Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, göstəricilərdə ABŞ dolları, ingilis funt sterlinqi, avro və rus rublu üzrə mübadilə əməliyyatlarının həcmi təqdim edilib.

    Belə ki, 2020-ci ilin 11 ayı ərzində banklar tərəfindən 1 milyard 44,7 milyon ABŞ dollarının alışı həyata keçirilib. 3 milyard 145,5 milyon ABŞ dollarının isə satışı təmin edilib. 2019-cu ilin cari dövrünə nisbətən banklar tərəfindən dolların alışı 37,1 faiz azalıb, satışı isə 35,1 faiz çox olub.

    Bu dövr ərzində 10 milyon 352,9 min dəyərdə ingilis funt sterlinqinin alışı həyata keçirilib. Eləcə də, banklar tərəfindən 18 milyon 358,9 min funt sterlinqi həcmində satış baş tutub. Cari valyuta vahidi üzrə alış ötən ilə nisbətən 20,1 faiz çox olub, satış isə 30,2 faiz azalıb.

    Yanvar-noyabr ayları ərzində banklar tərəfindən 70 milyon 633,1 min avro həcmində alış baş tutub. Bu dövr ərzində 219 milyon 484,3 min dəyərdə avro satışı təmin edilib. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə avronun alışı 64,9 faiz və ya 2,8 dəfə azalıb, cari valyuta üzrə satış həcmi də 58,6 faiz və ya 2,4 dəfə azalıb.

    İlin əvvəlindən noyabr ayının sonuna olan göstəriciyə əsasən, 12 milyard 665,1 milyon Rusiya rublunun alışı həyata keçirilib. Cari dövrdə 2 milyard 506,2 milyon rus rublunun satışı banklar tərəfindən təmin edilib. Rus rublunun alışı ötən ilə nisbətən 8,6 faiz azalıb. Həmçinin, rublun satışı da 2019-cu ilin 11 ayı ilə müqayisədə 23,3 faiz az olub.

  • Ombudsman Ermənistanı 10 noyabr tarixli birgə Bəyanata əməl etməyə çağırıb

    Ombudsman Səbinə Əliyeva Xocavənddə bir hərbi qulluqçumuzun şəhid olması, bir əsgərimizin isə yaralanması ilə bağlı müraciət yayıb.

    Ombudsman Aparatından verilən məlumata görə, müraciətdə bildirilir ki, qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət altı nəfərlik dəstə 27 dekabr 2020-ci il tarixində Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində Azərbaycan ordusunun bölmələrinə hücum edib, nəticədə bir hərbi qulluqçumuz şəhid olub, bir əsgərimiz isə yaralanıb:

    “İnsan hüquqlarına mühüm təhlükə yaradan bu hadisəni beynəlxalq hüququn norma və prinsiplərinin, beynəlxalq humanitar hüquq normalarının, o cümlədən Cenevrə Konvensiyalarının bir daha kobud şəkildə pozulması faktı kimi qiymətləndirir və sərt şəkildə pisləyirik.

    Eyni zamanda Ermənistan tərəfini Azərbaycan Respublikasının Prezidentinin, Ermənistan Respublikasının Baş nazirinin və Rusiya Federasiyasının Prezidentinin 2020-ci ilin 10 noyabr tarixində imzaladıqları birgə Bəyanata əməl etməyə və insan hüquqlarının pozulmasına səbəb olan belə qeyri-qanuni əməllərdən çəkinməyə çağırırıq”.

  • Koronavirus peyvəndi vurulan İsrail vətəndaşı öldü

    Yaşlı İsrail vətəndaşı koronavirusa qarşı “Pfizer” peyvəndi olunduqdan sonra infarkt keçirib.

    “RİA Novosti” bu barədə İsrail Səhiyyə Nazirliyinə istinadla xəbər yayıb.

    “Ölkənin şimalından, ürək xəstəliyindən və xərçəngdən əziyyət çəkən, əvvəllər bir neçə dəfə infarkt keçirən 75 yaşlı kişi bu gün səhər koronavirus əleyhinə peyvənd edildi və peyvənd olunduqdan bir müddət sonra evdə ölüb”, – deyə ölkənin Səhiyyə Nazirliyinin açıqlamasında qeyd olunur.

    Hadisəni araşdıran komissiyadan bildirilib ki, ölümün peyvəndlə hansısa əlaqəsi aşkar etməyib, peyvənd kampaniyası davam edir.

    Xatırladaq ki, İsraildə COVID-19-a qarşı əhalinin kütləvi peyvəndlənməsi 20 dekabrda başlayıb.

  • Şuşada Qarabağ vəkil bürosu yaradıldı

    “Qarşımızda Qarabağ bölgəsində yeni vəkil qurumlarının yaradılması kimi şərəfli vəzifə dayanır. Dədə-baba yurdlarına, doğma torpaqlarına qayıdan vətəndaşlarımıza keyfiyyətli hüquqi yardım göstərilməli, onların hüquqi yardıma çatımlılığı təmin edilməlidir. Vəkillik bu vəzifəni də ən qısa zamanda yerinə yetirəcək. Beləliklə, Vəkillər Kollegiyası illər boyu hüquqi yardıma çatımlılığın təmin olunmadığı ərazilərimizdə fəaliyyət göstərəcək. Artıq Qarabağ vəkil bürosu yaradılıb və o, Şuşada yerləşəcək. Biz çalışacağıq ki, həmin qurumun fəaliyyətinin təşkili üçün bütün lazımi səyləri göstərək”.

    “Report” xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov açıqlama verib.

    Prezident İlham Əliyevin 2019-cu il 25 dekabr tarixli Sərəncamına əsasən, dekabrın 28-nin Azərbaycanda Vəkil Günü elan edildiyini vurğulayan A.Bağırov bildirib ki, bu il vəkillər üçün xüsusi əhəmiyyət kəsb edir:

    “Vətən müharibəsindəki Qələbə ilində peşə bayramını qeyd etmək qürurvericidir. Bu gün Fəxri xiyabanı ziyarət edərək ulu öndər Heydər ƏIiyevin əziz xatirəsini yad etmək, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş qəhrəmanların xatirəsini Şəhidlər xiyabanında anmağı özümüzə borc bilirik. İyirmi bir il əvvəl – 1999-cu il dekabrın 28-də xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun qəbul olundu. Beləliklə, ölkədə demokratik, müstəqil, qeyri-dövlət və bütün vəkilləri birləşdirən hüquqi təsisat kimi Vəkillər Kollegiyası fəaliyyətə başladı”.

    Sədr deyib ki, hazırda Vəkillər Kollegiyası dinamik inkişaf edir. Son illərdə ölkədə vəkillərin sayı xeyli artıb. Pandemiyaya baxmayaraq, onlayn imtahanlar davam edib. Eləcə də 100-dən çox namizəd vəkilliyə qəbul olunub. Bu il ölkədə vəkillərin sayı 1 844-ə çatıb. Eyni zamanda ölkədə vəkil qurumların sayı da artaraq 100-ə çatıb. Beləliklə, demək olar ki, respublikanın bütün şəhər və rayonlarında vəkil qurumları fəaliyyət göstərir.

    “Vəkillər Kollegiyası 44 günlük Vətən müharibəsi zamanı ölkəmizin haqq işinə dəstək vermək üçün var gücü ilə çalışıb. Müstəqil təşkilat olan Vəkillər Kollegiyası hüquqi və faktoloji əsaslar toplayaraq bütün beynəlxalq təşkilatlara hesabat xarakterli müraciətlər göndərib. Eyni zamanda şəhidlərin ailə üzvləri, qazilər, ümumiyyətlə, hərbi əməliyyatlarda iştirak edən əsgər və zabitlərin ailələri vəkillər tərəfindən keyfiyyətli pulsuz hüquqi yardım alırlar. Fərəh hissi ilə qeyd etməliyəm ki, yeddi vəkil hərbi əməliyyatlarda iştirak edib. Onlardan bir neçəsi dövlətimizin başçısının müvafiq Sərəncamları ilə təltif olunub və hər biri bu əməliyyatlarda həm vəkilliyi təmsil edib, həm də vətənpərvər vətəndaşlar kimi igidlik göstəriblər.

    Bu gün həmçinin Vəkillər Kollegiyasında onlayn konfrans keçiriləcək. Orada ölkədə fəaliyyət göstərən bütün vəkil qurumları təmsil olunacaq və fərdi vəkillər də iştirak edəcəklər. Konfrans Vətən müharibəsindəki böyük Qələbəyə həsr olunacaq”, – deyə A.Bağırov qeyd edib.

  • Düşmənin talan etdiyi daha bir yurd yerimizin ürəkdağlayan görüntüləri – VİDEO

    Müdafiə Nazirliyi Cəbrayıl rayonunun İsaqlı kəndindən videogörüntülər yayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • ÜST-dən COVID-19-dan sağalanlara TÖVSİYƏ

    Koronavirusdan sağalan insanlar maska taxmaq, əl yumaq və fiziki məsafəni qorumaq da daxil olmaqla antiviral tədbirlərə riayət olunmasına davam etməlidirlər.

    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Maria van Kerkhove “Twitter-“də yayımladığı video müsahibəsində bu barədə danışıb.

    Onun sözlərinə görə, hazırda immunitetin xəstəlikdən sonra nə qədər qaldığı məlum deyil.

    Mütəxəssis qeyd edib ki, COVID-19-dan sağalan insanlarda infeksiyadan bir neçə həftə sonra anticism yaranır:

    “Anticismlərin xəstəliyi ağır, yüngül və ya asemptomatik keçirən şəxslərdə yarandığı məlumdur.

    Hazırda bu immun reaksiyanın nə qədər güclü olduğunu və bu anticismlərin nə qədər qorunduğunu öyrənmək üçün araşdırmalar davam etdirilir”.

    Ekspertin fikrincə, mütəxəssislər bu məsələ ilə bağlı hələ tam bir təsəvvürə sahib deyillər. Bəzi araşdırmalar göstərir ki, anticmlərin orqanizmdə qorunması altı ay, bəzilərinə görə daha uzun davam edir.

    Digər koronaviruslarla bağlı aparılan araşdırmalara görə immunitet ömür boyu qalmır.