Month: January 2021

  • Lənkəranda birmərtəbəli ev yandı

    Lənkəran şəhərinin Yuxarı Nüvədi kəndində ümumi sahəsi 112 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 92 m² sahədə yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Mehriban Əliyeva Rəmişlə bağlı göstəriş verdi

    Xalq artisti Rafiq Hüseynov (Rəmiş) Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə xəstəxanaya yerləşdirilib.

    Bu barədə “Qafqazinfo”ya gitara ifaçısının həyat yoldaşı Güllü Hüseynova məlumat verib.

    Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən Rəmiş, hazırda həkim nəzarətindədir.

    Xanımın sözlərinə görə, Rəmişin müalicəsi Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülüb.

    Güllü Hüseynova Rafiq Hüseynova göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

  • Qazaxıstandan Azərbaycana gətirilən 650 ton soğanın istehlak üçün yararsız olduğu aşkarlandı

    Qazaxıstan Respublikasında fəaliyyət göstərən “TİMUR” fərdi sahibkar tərəfindən istehsal olunan və Azərbaycan Respublikasına “TechnicAz” MMC tərəfindən idxal olunan 650 ton soğan məhsuluna AQTA müfəttişləri tərəfindən baxış keçirilib.

    Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Bildirilib ki, baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

    Müayinələr nəticəsində məlum olub ki, məhsullarda nitratın qalıq miqdarı qüvvədə olan texniki normativ aktlarda müəyyən edilən həddən xeyli yüksəkdir və istehlak üçün yararsızdır.

    Agentlik tərəfindən məhsulların istehlak üçün yararsız olması ilə bağlı qərar qəbul edilib və həmin məhsul partiyasının satışına icazə verilməyib. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.

  • Beyləqanda ağır qəza, bir nəfər öldü

    Beyləqan rayonunun Bolsulu kəndində VAZ markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

    Qeyd olunub ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1993-cü il təvəllüdlü İsmayılov Nicat Polad oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

  • Millimizin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bilindi

    21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında 2023-cü ildə Rumıniya və Gürcüstanda təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.

    Azərbaycan yığmasının da rəqibləri müəyyənləşib.

    Milan Obradoviçin başçılıq etdiyi komanda Xorvatiya, Avstriya, Norveç, Finlandiya və Estoniya seçmələri ilə birlikdə A qrupunda mübarizə aparacaq.

    Qeyd edək ki, seçmə mərhələnin oyunları bu ilin martında başlayacaq və 2022-ci ilin iyununda başa çatacaq.

  • Xəzərdə zəlzələ oldu

    Xəzər dənizində zəlzələ olub.

    Bununla bağlı Respublika Seysmologiya İdarəsi məlumat yayıb.

    Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 21:06-da Xəzər dənizində qeydə alınıb.

    Maqnitudası 4.5 bal olan zəlzələnin ocağı 60 kilometr dərinlikdə olub.

    Zəlzələ sahilyanı rayonlarda 3 bala qədər hiss olunub.

  • Ağdaşda karantin qaydalarını pozan çayxana aşkar edildi

    Ağdaş rayonu ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən çayxana aşkar edilib.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Ləki qəsəbəsində icarədar Cavid Məcnunovun qanunsuz olaraq çayxana işlətdiyi məlum olub.

    Obyektə baxış zamanı orada olan 20 müştərinin də xüsusi karantin qaydalarını pozduqları müəyyən edilib. C.Məcnunov və müştərilər Polis Şöbəsinə gətirilib.

    Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin də qərarı ilə onlar cərimələniblər.

  • AQTA: Yerli pomidorlarda qonur qırışıqlıq virusu aşkar olunmayıb

    Azərbaycan Respublikasından Qazaxıstan Respublikasına ixrac olunan pomidor məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.

    Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Bildirilib ki, məlum olduğu kimi, ölkəmizdən Qazaxıstan Respublikasına ixrac olunan pomidor məhsulunda qonur qırışıqlıq virusunun aşkarlanması iddiası ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə 08-15 yanvar 2021-ci il tarixlərində ümumilikdə 17 bildiriş daxil olub və 16 yanvar 2021-ci il tarixindən etibarən respublikamızdan bu ölkəyə pomidor məhsullarının ixracına müvəqqəti məhdudiyyət tətbiq edilib.

    Qeyd edək ki, 2020-ci il ərzində Azərbaycan Respublikasından Qazaxıstan Respublikasına 1363,46 ton pomidor ixrac olunub. 2020-ci il ərzində və cari ilin əvvəlində Qazaxıstanla yanaşı, ölkəmizdən Niderland, Polşa, Estoniya, Moldova, Qətər, Rusiya, BƏƏ, Belarus, Gürcüstan kimi dünyanın bir çox ölkələrinə pomidor məhsulu ixrac olunub, lakin qeyd edilən virusun aşkar olunması ilə bağlı idxalçı ölkələr tərəfindən heç bir fakt qeydə alınmayıb.

    Daxil olan məlumatların araşdırılması məqsədilə ixrac olunan pomidor məhsullarında qonur qırışıqlıq virusunun aşkarlandığı iddia olunan təsərrüfatlardan, geri qayıdan yük partiyalarından, həmçinin daxili bazarlarda satışa çıxarılan pomidor məhsullarından nümunələr götürülərək qonur qırışıqlıq virusu və digər viruslar üzrə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Mərkəzi Fitosanitar Laboratoriyasında və Türkiyə Cumhuriyyətinin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Ankara şəhərində yerləşən Zirayi Mücadilə Mərkəzi Araşdırma İnstitutunun beynəlxalq akkreditasiyalı laboratoriyasında müayinə olunub. Bildirilir ki, bugünədək aparılan müayinələr zamanı müxtəlif təsərrüfatlardan, geri qayıdan yük partiyalarından və daxili bazarlarda satışa çıxarılan pomidor məhsullarından götürülən nümunələrdə qonur qırışıqlıq virusu və digər viruslar aşkar olunmayıb. Hazırda bu sahədə fəaliyyət göstərən mütəxəssislər tərəfindən pomidor məhsulunda iddia olunan qonur qırışıqlıq virusunun tədqiqi işləri davam etdirilir, aparılan tədqiqat işləri ilə bağlı mütəmadi olaraq məlumat veriləcəkdir.

    Bütün bunlarla yanaşı, əldə olunmuş razılığa əsasən aparılan araşdırmaların nəticələri və qeyd olunan virusun aşkar olunmadığını sübut edən müayinələrin nəticələri ilə bağlı sənədlər toplusu Qazaxıstan Respublikasının səlahiyyətli orqanına göndərilib.

    Hazırda aidiyyəti qurumlarla birgə Qazaxıstan Respublikasının müvafiq qurumu ilə bu istiqamətdə danışıqlar davam etdirilir və nəticələrlə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

  • Azərbaycan və Ermənistan arasında növbəti əsir mübadiləsi

    Azərbaycan və Ermənistan arasında Rusiya sülhməramlılarının vasitəçiliyi ilə növbəti dəfə hərbi əsirlərin mübadiləsi həyata keçirilib.

    “İnterfaks”ın yaydığı xəbər görə, bu barədə Rusiya sülhməramlı qüvvələrinin rəhbəri general-leytenant Rüstəm Muradov məlumat verib.

    Rusiya Hərbi Kosmik Qüvvələrinin təyyarəsi ilə Bakıya bir nəfər hərbi əsir gətirilib, İrəvana isə beş nəfər qaytarılıb.

    Qeyd edək ki, Rusiya sülhməramlılarının vasitəçiliyilə 2020-ci ilin dekabrın 14 və 28-də də əsirlərin mübadiləsi baş tutub.

  • Bakıda magistral su kəmərində qəza: Bəzi ərazilərə su verilişi dayandırılıb

    Bakıda magistral su kəmərində qəza baş verib.
    Bu barədə “Azərsu” ASC-nin Mətbuat xidmətindən məlumat verilib.
    Qeyd edilib ki, magistral kəmərdə baş vermiş qəza ilə əlaqədar Hövsan qəsəbəsinin Kənd Hövsan adlanan hissəsinə suyun verilişi dayandırılıb.
    Qəzanın aradan qaldırılması üçün işlərə başlanılıb.