Month: January 2021

  • Qaynanmış su içməyin bizə faydası varmı?

    İnsanların əksəriyyəti suyun kirli olduğunu düşünərək onu qaynadıb içir. Aşağıda yazılanları oxusanız qaynayan zaman suda nələr baş verdiyini öyrənmiş olarsınız. Əminəm ki, bundan sonra siz bir də qaynanmış su qəbul etməzsiniz.

    1. Su qaynadıqda onun tərkibində olan kalsium, maqnezium, karbonat və digər minerallar çaydanın divarlarına yapışir. Yəni suyun tərkibi mineralsızlaşır.
    2. Su qaynadıqda onun tərkibindəki oksigen buxarlanır. Bu səbədən də su ağırlaşır. Su nə qədər çox qaynayarsa, o qədər də ağır olur. (Sənayedə ağır suyu əldə etmək üçün onu uzun müddət qaynadırlar.) Ağır su isə hüceyrələr tərəfindən pis sorulur. Yəni qaynanmamış su hüceyrələri daha yaxşı qidalandırır.
    3. Davamlı olaraq qaynadılmış su içən adamların dərilərinin rəngi solğun, saçları cansız olur.
    4. Suya qatılan xlor qaynadıldıqda başqa birləşməyə çevrilir ki, bu da orqanizm üçün zərərli sayılır.
    5. Aparılan araşdırmalar çiy su içənlərin fiziki aktivliyinin qaynamış su içənlərin fiziki aktivliyindən yüksək olduğunu müəyyən etmişdir.
    Çiy su içməkdən çəkinənlərə mütəxəssislər müxtəlif su filtirlərindən istifadə etməyi məsləhət bilir.

  • Avtobusun yük yerində Bakıya sərnişin daşıyan sürücü saxlanıldı – VİDEO

    Mingəçevir şəhər sakini Zamin Talıbova məxsus, Samux rayon sakini Ramiz Həsənovun idarə etdiyi “Mercedes” markalı iritutumlu avtobus Bakı istiqamətində hərəkətdə olan zaman yoxlama məqsədilə Bakı-Qazax yolunun 65-ci kilometrliyində quraşdırılmış xüsusi polis postunda saxlanılıb.

    Median.Az xəbər verir ki, xidmətdə olan polis əməkdaşları və DİN-in hərbi qulluqçuları avtobusa baxış keçirərkən təəccüblü faktla rastlaşıblar.

    Belə ki, avtobusun salonu boş olduğu halda onun baqaj yerində gizlədilmiş 7 nəfər aşkar edilib.

    İlkin araşdırmalarla məlum olub ki, avtobusun sahibi Z.Talıbov əvvəllər də müvafiq icazəsi olmayan şəxslərin qanunsuz yollarla karantin postlarından keçirməyə iki dəfə cəhd göstərdiyi üçün ifşa edilərək barəsində 1-ci dəfə inzibati cərimə, 2-ci dəfə isə inzibati həbs olunub.

    Bunlardan nəticə çıxarmayan avtobus sahibi və onun sürücüsü artıq 3-cü dəfə eyni inzibati xətanı törədiblər.//azmedia.az

  • Azərbaycanda metro bu tarixdən işləyəcək – RƏSMİ AÇIQLAMA

    Son bir neçə gündə Azərbaycanda yoluxanların sayı kəskin azalıb. Belə ki, yanvarın 6-da Azərbaycanda 799 nəfər koronavirusa yoluxub, 2 383-ü isə müalicə olunaraq sağalıb və evə buraxılıb.Son sutkada 26 nəfər COVID-19-dan vəfat edib. Yoluxanların sayının azalması yanvarın 18-də yumşalmaların olma ehtimalını artırır. Hətta yanvarın 18-də metronun da fəaliyyətə başlayacağı ilə bağlı iddialar da var.

    Median.Az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hələlik bununla bağlı bizə məlumat verilməyib:

    “Yanvarın 18-də metronun açılacağı ilə bağlı hər hansı məlumat bizə daxil olmayıb. Həmişə olduğu kimi biz öz işlərimizi davam etdiririk. İkinci qərar olmasa, yanvarın 31-i metro yenidən öz fəaliyyətinə başlayacaq”.//azmedia.az

  • Qarabağda yaralanan əsgər intihar etdi

    İkinci Qarabağ müharibəsində yaralanan əsgər Vüsal Musayev Bakıda müalicə aldığı hərbi hospitalda intihar edib.

    Bu barədə gununsesi.info-ya onun yaxınları bildirib.

    Məlumata görə, Vüsal Musayev hospitalın hamamında özünü asıb.

    Doğmalarının sözlərinə görə, 12 gün düşmən mühasirəsində qalan Vüsal Musayev ciddi sarsıntılar keçirib:
    “Onun intihar edəcəyi ilə bağlı narahatlıq var idi. Bunu hospital rəisinə və həkimlərə demişdik. Bildirmişdilər ki, özünə qəsd etməsi üçün imkan yoxdur. Yaralı olmaqla yanaşı, həm də əsəb pozğunluğu yaranmışdı. Deyirdi ki, yaşamaq istəmir”.

    Qeyd edək ki, Vüsal Musayev Prezident tərəfindən “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

  • Sarkisyandan sonra Paşinyan da evə qapandı – VİDEO

    Daxili vəziyyəti gərgin və böhran içində olan Ermənistan indi də baş nazirsiz qalıb.

    Belə ki, prezident Armen Sarkisyanın koronavirusa yoluxmasından sonra Baş nazir Nikol Paşinyan da evə qapanaraq, özünü təcrid edib.

    Hər iki rəsmi şəxs bu gün dini mərasimdə iştirak etməyiblər.

    Ətraflı Baku TV-nin süjetində:

  • “Nizami Gəncəvi ili” çərçivəsində ilk tədbir keçirilib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi ili” elan edilməsi bütün xalqımız kimi, Azərbaycan Ordusunun şəxsi heyətinin də böyük ruh yüksəkliyinə səbəb olub. Prezidentin bu Sərəncamı birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində şəxsi heyətin nəzərinə çatdırılıb. Sərəncamın dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ərəfəsində bəşəri əhəmiyyət kəsb etdiyi vurğulanıb.

    Yanvarın 6-da Müdafiə Nazirliyinin təşkilatçılığı ilə dünya şöhrətli şairin yaşayıb yaratdığı doğma şəhəri Gəncədə bir qrup hərbi qulluqçu Nizami Gəncəvinin məqbərəsini ziyarət edərək xatirəsini ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri düzüblər.

    Gəncə Tarix və Mədəniyyət Qoruğunun Nizami filialının müdiri Gülnarə İsmayılova ziyarətçilərə Nizami ziyarətgahı ilə bağlı ətraflı məlumat verib, əsgərlərə bukletlər təqdim edib.

    Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən “dəyirmi masa”dan əvvəl əbədiyaşar şairin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani çıxış edərək bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan mədəniyyətinin, milli-mənəvi dəyərlərimizin təbliğinə və inkişafına həmişə xüsusi önəm verərək bu istiqamətdə nəinki respublikamızda, eləcə də beynəlxalq səviyyədə möhtəşəm layihələrin reallaşması üçün böyük səylər göstərib. Heydər Əliyev illər əvvəl deyib: “Milli dəyərlərimizi, ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu sadəcə orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik”.

    Polkovnik A.Qurbani Ulu Öndərin daha bir ibrətamiz fikrini də hərbi qulluqçuların diqqətinə çatdırıb: “Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilməz… Azərbaycan ədəbiyyatını, ana dilini bilməyən gənc Nizamini oxuya bilməz, Füzulini oxuya bilməz, Sabiri oxuya bilməz, Cəlil Məmmədquluzadəni oxuya bilməz… Əgər onları oxuya bilməsə, bizim mədəniyyətimizi bilməyəcək, mədəni köklərimizi bilməyəcək, milli-mədəni ənənələrimizi bilməyəcək. Onları bilməsə, vətənpərvər olmayacaq, onda milli vətənpərvərlik duyğuları, hissiyyatı olmayacaqdır”.

    A.Qurbani əlavə edib ki, məhz bu nöqteyi-nəzərdən Azərbaycan Prezidenti 2021-ci ili “Nizami Gəncəvi ili” elan etməsi tarixi bir hadisədir. Bu gün hər bir Azərbaycan vətəndaşı vətənpərvərlik hissi ilə yaşamalı, vətənin hər bir çağırışına hər an hazır olmalıdır.

    “Dəyirmi masa”da qeyd olunub ki, Heydər Əliyevlə başlanan ənənələr Ulu Öndərimizin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. 2021-ci ilin “Nizami Gəncəvi ili”, işğaldan azad olunmuş Şuşanın isə Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi və dövlətimizin başçısının çıxışlarında milli-mənəvi dəyərlərimizə xüsusi diqqət yetirməsi Heydər Əliyev siyasətinin uğurlu davamının göstəricisidir.

    Prezident İlham Əliyevə görə Azərbaycanın zəngin və təkrarolunmaz mədəniyyəti bizim qürur mənbəyimizdir. Biz öz mədəniyyətimizi, mədəni irsimizi qorumalıyıq. Əsrlər boyu xalqımız öz mədəniyyətini qoruyub və bu imkan verib ki, biz xalq kimi, millət kimi milli-mənəvi dəyərlərimizi, milli mədəniyyətimizi qoruya bilək.

    Respublikanın Xalq artisti Alim Məmmədovun Nizami Gəncəvinin qiyafəsində salona daxil olması və qalib vətən əsgərlərini salamlaması, o cümlədən “Xəmsə”dən parçaların, vətənpərvərlikdən yoğurulan misraların səslənməsi tədbir iştirakçılarının böyük marağına səbəb olub.

    Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri, Əməkdar mədəniyyət işçisi, şair-dramaturq Xəzangül Hüseynova çıxış edərək əsgərləri 44 günlük Vətən müharibəsində qazandıqları möhtəşəm qələbə münasibətilə təbrik edərək deyib: “Siz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı şəhər və kəndlərimizi azad etməklə yanaşı, həm də Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşanı, mənəvi-maddi abidələrimizi də düşmən əsarətindən xilas etdiniz. Tezliklə Şuşada “Xarı bülbül” festivalı, Vaqif poeziya günləri də xalqımızın sevincinə səbəb olacaq”.

    X.Hüseynova böyük fərəh hissi ilə vurğulayıb ki, 30 ilə yaxın bir müddətdə düşmən tapdağında olan tarixi əzəli torpaqlarımızda Azərbaycan əsgərinin nəfəsi duyuldu, qəhrəman döyüşçülərimizin ana dilində nərə çəkərək hücuma keçməsi ilə dağların, dərələrin, meşələrin, yurd yerlərinin həsrətinə son qoyuldu. Pənahəli xanın, ölməz sənətkarlarımız Xan qızı Natəvanın, Üzeyir bəyin, Bülbülün, Nəvvabın və neçə-neçə ulularımızın, şəhidlərimizin də ruhları şad oldu. Bütün bunlara görə Müzəffər Ali Baş Komandanımıza və rəşadətli ordumuza minnətdarıq.

    Gəncə Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Əli Qasımov öz çıxışına Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kəlamlarla başlayıb: “Əsrlər boyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir, Azərbaycan dilidir… Azərbaycan dilinin qorunması hamımızın vəzifəsidir… Biz əsrlər boyu dilimizi qorumuşuq, bundan sonra da qorumalıyıq”.
    Ə.Qasımov teatrın xətti ilə “Nizami Gəncəvi ili” çərçivəsində Azərbaycan ədəbiyyatının, ana dilimizin, ümumiyyətlə, mədəniyyətimizin, ədəbiyyat və incəsənətimizin təbliği ilə bağlı hərbi hissələrdə silsilə tədbirlərin keçiriləcəyini vəd edib.

    Polkovnik-leytenant Samir Səfərov bildirib ki, “Dəmir yumruq” əməliyyatı ilə başlanan Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, hücum diplomatiyası, ordu ilə xalqın sarsılmaz birliyi, həmçinin Azərbaycan Ordusunun gücü və döyüş ruhu, vətənpərvərliyi qələbə çaldı. Milli-mənəvi dəyərlərə malik olmayan ordu döyüşdə heç vaxt qələbə çala bilməz. Odur ki, hər bir əsgər və zabitin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, onun mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun yüksəldilməsində “Nizami Gəncəvi ili” çərçivəsində həyata keçirəcəyimiz tədbirlərin də mühüm rolu olacaq.

    Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşı Turac Yusifova “Nizami Gəncəvi ili” çərçivəsində xidmət etdiyi mədəniyyət ocağında ilk tədbirin keçirilməsindən qürur duyduğunu və bu kimi tədbirlərin davamlı olacağına əminliyini bildirib.

    “Dəyirmi masa” Nizami Gəncəvinin şeirlərinin qiraəti ilə başa çatıb.

  • Son 3 ildə Azərbaycana avtomobil idxalı iki dəfəyə yaxın artıb

    Son illərdə Azərbaycana avtomobil idxalı əhəmiyyətli dərəcədə artıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, 2018-ci ildə ölkəmizə 28.876, 2019-cu ildə 47.710, 2020-ci ilin 11 ayında isə 47.841 avtomobil idxal edilib.

    İdxalın artmasına paralel olaraq, benzinə və dizelə tələbat da yüksəlib.

    Qeyd edək ki, hazırda pandemiya səbəbindən Azərbaycanda avtomobil bazarnda durğunluq müşahidə olunur. Lakin buna baxmayaraq, avtomobillərin qiymətində ciddi dəyişikliklər baş verməyib. Pandemiya ilə bağlı vəziyyət yumşaldıqdan sonra avtomobil bazarında da aktivliyin artacağı gözlənilir.

  • “Mançester Siti”də virusa yoluxanların sayı 10-a çatdı

    “Mançester Siti”nin daha üç üzvündə koronavirus aşkarlanıb.

    Median.Az qol.az-a istinadən xəbər verir ki, qapıçı Skott Karson, yarımmüdafiəçi Koul Palmer və klubun bir işçisinin testi müsbət olub. Hər üç şəxs karantinə alınıb.

    Qeyd edək ki, bir neçə gün əvvəl “Mançester Siti”də 7 nəfərin koronavirusa yoluxduğu açıqlanmışdı.

  • ABŞ-da son 24 saatda koronavirusa 229 min yoluxma

    ABŞ-da son 24 saatda koronavirusa 229 055 yeni yoluxma qeydə alınıb.

    Bu barədə Cons Hopkins Universiteti məlumat yayıb.

    Son sutka ərzində ölkədə 3775 nəfər koronavirusdan ölüb.

  • DİN nümayəndələri Bakıdakı insidentə görə şəhid ailələri ilə görüşdü

    Daxili İşlər Nazirliyinin nümayəndələri dünən Səbail rayonunda toplaşan və həmin zaman polislərlə onlar arasında insident yaşanan şəhid ailələri ilə görüşüblər.

    “Qafqazinfo”nun verdiyi xəbərə görə, bu gün DİN-in yüksək rütbəli əməkdaşları və müvafiq rayon icra hakimiyyətinin başçısı həmin beş şəhid ailəsi ilə təklikdə görüşərək onların problemləri ilə maraqlanıblar.

    Onlar bildiriblər ki, hazırda heç bir problemləri və narazılıqları yoxdur, dövlət onlara lazım olan bütün köməkliyi və qayğı göstərir.

    Həmin ailələlərin nəzərinə çatdırılıb ki, toplaşma zamanı istəmədən kobud ifadə işlədən polis əməkdaşı özü də Ağdam rayonundan məcburi köçkün və şəhid oğludur. Həmin polis əməkdaşının atası da Birinci Qarabağ Müharibəsində şəhid olub. Onun atasının dəfn edildiyi ərazi isə ermənilər tərəfindən işğal edilib və qəbiristanlıq dağıdıldığı üçün hazırda həmin polis əməkdaşının atasının məzarı yoxdur.
    Şəhid ailələri göstərilən diqqətə görə DİN rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

    Qeyd edək ki, toplaşma zamanı şəhid anası övladının Qaradağ rayonunda kənar bir qəbiristanlıqda dəfn edilməsinə etiraz edib.